Məhkəmə qərarları › İş №2-1(112)-4996/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4996/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4996/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3, X9, X10 və X7) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3, X9, X10, X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən ev 24, 60 saylı mənzildə pasport qeydiyyatında olan şəxslərin: 02.01.1987-ci il təvəllüdlü X1, onun həyat yoldaşı 21.01.1991-ci il təvəllüdlü X5, övladları 02 yanvar 2012-ci il təvəllüdlü X6 və 11 avqust 2013-cü il təvəllüdlü X4 həmin mənzildə heç bir zaman yaşamadığını və istifadə hüququnun olmamasını nəzərə alaraq pasport qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, X3, onun həyat yoldaşı X9, övladları X10 və X7 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən ev 24, 60 saylı mənzildə pasport qeydiyyatına alınmışlar. Üçüncü şəxslər onun mənzilinə qeydiyyata alınmış, lakin həmin mənzildə heç bir zaman yaşamamış və onların mənzilə dair heç bir istifadə hüququ yoxdur. Həmçinin mənzilin saxlanılmasında və kommunal xərclərin ödənilməsində üçüncü şəxslər bu günə kimi iştirak etməmişlər. X3 hərbiçi kimi notarial qaydada bağlanmış mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə əsasən ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. ünvan 1ənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli arayışa əsasən üçüncü şəxslər ona məxsus mənzildə pasport qeydiyyatına alınmış, lakin heç bir zaman həmin mənzildə yaşamamışlar. O, cavabdehə üçüncü şəxslərin qeyd olunan mənzilə pasport qeydiyyatının ləğv edilməsinə dair ərizə ünvanlansa da, müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi qeyd edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Üçüncü şəxslərin onun mənzilində qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs X3 izahatında bildirdi ki, o, həyat yoldaşı və uşaqları ilə birlikdə ünvan 2 ünvanında yaşamır, onun həmin mənzilə heç bir istifadə hüququ yoxdur, iddia tələbini qəbul edir. Onun, həyat yoldaşının və uşaqlarının qeyd olunan mənzildə pasport qeydiyyatından çıxarılmalarına etiraz etmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 23.12.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Nərimanov Rayon Polis İdarəsinə ünvanladığınız ərizəniz icraatımıza daxil olmuşdur. Ərizənizə cavab olaraq bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.02.2022-ci il tarixli məktublarda qeyd edilir: İddiaçı ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə müraciəti Nərimanov Rayon Polis İdarəsinə daxil olmuşdur. Tərəfimizdən ərizəçiyə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda şəxsin qeydiyyatdan çıxarılmasının tərəfimizdən mümkün olmadığı və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xuluflu küçəsi, 24 saylı evin 60 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28.07.1993-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh yaşayış yeri üzrə qeydiyyat haqqında 24.12.2021ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, X7 (11.08.2013-cü il təvəllüdlü), X10 (02.01.2012-ci il təvəllüdlü), X9 (21.01.1991-ci il təvəllüdlü), X3 (02.01.1987-ci il təvəllüdlü) ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi 134 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 22.12.2021-ci il tarixli 413 nömrəli və 11.04.2022-ci il tarixli 61 nömrəli arayışlardan görünür ki, İddiaçı F.Yusifov küçəsi, 24 saylı evin 60 saylı mənzilin sahibidir və ailə tərkibi aşağıdakı kimidir: X3 – oğlu, X9 – gəlini, X10 – nəvəsi, X7 – nəvəsi. Həqiqətən iki ildən artıqdır ki, göstərilən ünvanda yaşamırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03.03.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 24, 60 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X3, X5 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 24, 60 saylı mənzilə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı Nikah evi tərəfindən 31.10.2010-cu il tarixdə verilmiş AZ- İ seriyalı, 620611 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 və X11 31.10.2010-cu il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin (notarial qaydada təsdiqlənmiş) və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X10 02.01.2012-ci il tarixdə Bakı şəhərində, X7 11.08.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşlar və anaları X9, ataları isə X2r. İş materiallarında olan X3 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, o, həyat yoldaşı və uşaqları ilə birlikdə ünvan 2-da yaşamır, həmin evə heç bir hüququ yoxdur, iddia tələbini qəbul edir, onun və uşaqlarının həmin ünvana pasport qeydiyyatının ləğv edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 24 saylı evin 60 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda üçüncü şəxslər həmin mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Mənzildə qeydiyyatda olan üçüncü şəxslər yaşayış yerini dəyişmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar, hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Həmçinin üçüncü şəxslərin mübahisələndirilən ünvana istifadə hüquqları qeydiyyata alınmamışdır. Eyni zamanda üçüncü şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək onun həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına razı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından X3, X9, X10 və X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar