Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4997/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MTK cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının 1-ci bəndindəki “icarə əsasında” sözü hissəsində etibarsız sayılması, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında bağlanmış 1362 saylı, xx.xx.2017-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsinin İddiaçı MTK-nın adına daimi istifadə hüququ ilə rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, 3160cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ünvanda yerləşən torpaq sahəsi hündürmərtəbəli yaşayış evlərinin tikintisi məqsədilə İddiaçı MTKnın icarə əsasında istifadəsinə ayrılmış, xx.xx.2017-ci il tarixli, 13277 saylı inşaat pasportu tərtib edilmiş, 17/87 saylı, xx.xx.2017-ci il tarixli ayrıc aktı verilmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında 1362 saylı, xx.xx.2017-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi kooperativə daimi istifadə hüququ ilə ayrılmalı olduğundan torpaq icarə müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığından etibarsız sayılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4815/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı MTK apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2566/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4815/2021 saylı 12 iyul 2021-ci il tarixl qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati iş təkrarən Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı MTK (bundan sonra - İddiaçı) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (bundan sonra - Cavabdeh) iddia ərizəsi ilə müraciət etmiş və Cavabdehin xx.xx.2017-ci il tarixli 262 nömrəli sərəncamının 1-ci bəndindəki “icarə əsasında” sözü hissəsində etibarsız sayılması, Cavabdehlə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1362 nömrəli torpaq icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsinin İddiaçının adına daimi istifadə hüququ ilə rəsmiləşdirilməsi öhdəliyinin Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 262 nömrəli sərəncamının (bundan sonra - “İnzibati Akt”) 1-ci bəndinə əsasən icarə əsasında Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. X1 əsasında xx.xx.2017-ci il tarixli 1362 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır və müqaviləyə əsasən icarə müddəti 49 il müəyyən edilmişdir. Halbuki, Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpağının hüquqi şəxsin (İddiaçı MTK-nın) istifadəsinə verilməsi icarə əsasında deyil, daimi istifadə əsasında verilə bilərdi. Eyni zamanda, formalaşmış məhkəmə təcrübəsinə görə də dövlət torpaqları çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin mənzil-tikinti kooperativinin icarəsinə deyil, daimi istifadəsinə verilir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(81)-4562/2017 nömrəli qərarı əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 67 nömrəli sərəncamı ilə dövlət torpağının İddiaçı MTK-nın icarəsinə verilməsi məhz Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə zidd olduğuna görə qanunsuz hesab edilmişdir. Ona görə də hazırkı iş üzrə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Yekunda iddiaçı tələbi dəqiqləşdirərək Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.20174-ci il tarixli 262 nömrəli sərəncamının 1-ci bəndinə Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev , X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə İddiaçı MTK-ya daimi istifadə hüququ əsasında icazə verilməsi məzmununda dəyişiklik edilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017ci il tarixli, 262 saylı sərəncamına əsasən İddiaçı Mənzil-Tikinti Kooperativinin xx.xx.2017ci il tarixli, 27 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. xx.xx.2017-ci il tarixli, 1362 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 262 saylı sərəncamı, 13277 saylı, xx.xx.2017-ci il tarixli inşaat pasportu və 17/87 saylı, xx.xx.2017-ci il tarixli ayrıc aktına əsasən, Bakı şəhəri, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair 49 il müddətinə icarə müqaviləsi bağlanmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə hesab edir ki, iddiaçının dəqiqləşdirdiyi iddia tələbi öz növünə görə mübahisələndirmə haqqında iddiaya uyğundur. Belə ki, hazırkı iş üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 262 saylı sərəncamının 1-ci bəndinin məzmununa dəyişiklik edilməsini xahiş edir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbində də inzibati aktın dəyişdirilməsi mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə iddiaçının qaldırdığı mübahisələndirmə haqqında iddia növü üzrə müddətə dair xüsusi mümkünlük şərti ödənilmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən sərəncam iddiaçıya yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında inzibati akt olmaqla xx.xx.2017-ci il tarixlidir. Həmin sərəncam əsasında iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 1362 nömrəli icarə müqaviləsi də bağlanmışdır. İcarə müqaviləsinə əsasən icarə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ünvanda yerləşən torpaq sahəsi 49 il müddətinə iddiaçının istifadəsinə verilmiş, iddiaçı isə cavabdehə hər il icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan aktın verildiyi vaxtdan, ən geci həmin akt əsasında icarə müqaviləsi bağladığı xx.xx.2017-ci il tarixdən məlumatlıdır. Hazırkı iş üzrə iddiaçı birinci dəfə sözügedən sərəncamın etibarsız sayılması ilə bağlı (İPM-in 36-cı maddəsinə uyğun) iddiasını xx.xx.2021-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirmiş, inzibati iş təkrar inzibati məhkəmə icraatına qaytarıldıqdan sonra isə xx.xx.2022-ci il tarixdə sərəncamın dəyişdirilməsi iddiasını vermişdir. Başqa sözlə, iddiaçı sərəncamdan məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə iddia tələbi üzrə müddətin ötürülməsindən 1 ildən çox keçdiyini nəzərə alaraq iddiaçıya iddia müddətinin bərpasına dair ərizə verilməsinin təklif edilməsinə hüquqi zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4997/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4997/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver