Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4997/2023 19.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 20 oktyabr 2011-ci il tarixli, 763 nömrəli qərarı əsasında iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqillliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 20 oktyabr 2011-ci il tarixli, 763 nömrəli qərarı əsasında iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqillliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən xx.xx.1984-cü ildə hərbi xidmətə çağırılmışdır. 01 noyabr 1992-ci il tarixdən 20 oktyabr 1993-cu il tarixə qədər N saylı hərbi hissədə baş leytenant vəzifəsində xidmətdə olmuşdur.Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 763 saylı qərarına əsasən Bakı şəhəri Xətai RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Başın yumşaq toxumasının qəlpə yaralanması» (Xətai RHK-nın xx.xx.2011-ci il tarixli, 145 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli, 148 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.1998- ci il tarixli, 26/2-463 saylı məktubu, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” bəndində öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı haqqında “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsi və davranış pozuntuları. Kəskin ifadə olunmuş astenonevrotik sindrom. Xüsusi epileptik sindromlar. Tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Əlavə olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 xx.xx.2022-ci il tarixli, 1/525 saylı rəyinə əsasən iddiaçı haqqında yüngül dərəcəli diffuz residual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin olunmalı idi. Lakin cavabdeh Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqanın imtina qərarı kifayət qədər əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə 26 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “ümumi xəstəlik;xəstəliklərin beynəlxalq təsnifatı:Vİ sinif – sinir sistemi xəstəlikləri => G40-G47 – epizodik və paroksizmal pozğunluqlar => G40 – epilepsiya => G40/3 generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; diaqnozun mətni: generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə); meyar 2.3 Üçüncü dərəcə əlillik =>2.3.4.epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.Vətəndaşın müraciəti əsasında Agentliyin TSEK-də əyani müayinə aparılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyası tərəfindən verilən qərarda qeyd olunan diaqnoz üçün travmanın səbəb əlaqəsi “Hərbi travmadır.Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.Qeyd olunan diaqnoz anamnestik məlumatlar və obyektiv müayinələrdə araşdırılmışdır.Hərbi qərarda baş travması qeyd olunmadığından hazırki sağlamlıq vəziyyətinin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir.Nəticədə ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul olunmuşdur.İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 6.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və xx.xx.2022-ci il tarixli məktubla ona “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik səbəbi ilə təyinatın aparılmasından imtina edilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
8.İddaçı tərəfindən məhkəməyə cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, hərbi bilet əvəzi arayış, N №li Hərbi hissənin xx.xx.1999-cu il tarixli tibbi arayışı, N №li hərbi hissənin xx.xx.1993-cü il tarixli arayışı, Müdafiə Nazirliyinin xx.xx.1997-ci il tarixli arxiv arayışı, Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli qərarı, ambulator kartdan çıxarışlar, baş-beynin KT müayinəsi haqqında arayış, elektroensefaloqrafiya, həkim-psixiatr komissiyasının rəyi,Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli əlillik haqqında arayışı,xx.xx.2002-ci il tarixli müayinə haqqında sənəd təqdim edilmişdir. 9.Cavabdehin imtina məktubuna əsasən iddiaçının hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı kəllə-beyin sinirlərində yaşa uyğun dəyişikliklər, burun-dodaq bucağı assimetrik, ətraflarda reflekslər canlı çağırılmış, əzələ gücü hər iki ətrafda normal, emosional-labil, iflic parez qeyd olunmamışdır, müayinə zamanı digər xəstəlik – diaqnoz: generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qılcolma tutmaları ilə aşkar edilmişdir, iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 10.N №li hərbi hissənin N №li arayışına əsasən iddiaçı 26 yanvar 1993-cü ildə başın yumşaq toxumalarının qəlpə yarası diaqnozu ilə qəbulda olmuşdur. 11.Azərbaycan Respubikasıın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 763 №li, xx.xx.2011-ci il tarixli qərarına əsasən Xətai RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: ”Başın yumşaq toxumasının qəlpə yaralanması” (Xətai RHK-nın xx.xx.2011-ci il tarixli, 145 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli, 148 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.1998-ci il tarixli, 26/2-463 saylı məktubu, MN MHHK-nın həkim mütəxəssis-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. 12.Ambulator kitabçadan çıxarışlara əsasən iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədərxx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər 15 saylı BŞX-da və 18 saylı BŞX-da müalicə olunmuşdur.
13. 2 nömrəli X1 599 nömrəli, xx.xx.2022-ci il tarixli həkim-psixiatr komissiyasının rəyinə əsasən iddiaçıda baş beynin üzvi xəstəliyi aşkar edilmişdir. 14.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli rəyinə əsasən iddiaçıya ikinci dərəcəli əlillik verilmişdir, səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik göstərilmişdir, TSEK-in diaqnozu “kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kəskin ifadə olunmuş astenonevrotik sindrom, xüsusi epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları” olmuşdur.
15. xx.xx.2022-ci ildə aparılmış müayinənin nəticələrinə görə iddiaçıda əlilliyin səbəbi ümumi xəstəlik, əlillik qrupu üçüncü dərəcə əlillik, diaqnoz “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə)” müəyyən edilmişdir. 16.Cavabdeh iddiaya etirazını təsdiq edən sübut qismində məhkəməyə TSEK müayinələrinin nəticələrini, TSEK qərarını təqdim etmişdir. 17.İddiaçının TSEK müayinələrinin nəticələrinə əsasən xx.xx.2014-cü ildə, xx.xx.2015-ci ildə, xx.xx.2016-cı ildə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir, sonuncu xx.xx.2022-ci ildə isə iddiaçıya ümumi xəstəliklə bağlı üçüncü dərəcə əlillik təyin edilmişdir. 18.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********4 №li qərarına əsasən iddiaçıya diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə əlillik təyinatından imtina edildiyi üçün iddiaçının müraciəti əsasında əlavə əyani müayinə aparılmış və ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. 19.Məhkəmənin 2-1(112)-4997/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı sualar qoyulmuşdur:- xx.xx.1955-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? - İddiaçı olan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? - Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir? Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ-nin T262/2023 nömrəli ekspert rəyində göstərilmişdir: “İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbacan Respublikası Nazrlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü maddəsində olan xəstəliklərin əhatə dairəsinə düşdüyündən ümumi xəstəliklə əlaqədar Meyarların 2.3.4-cü bəndinə uyğun olaraq üçüncü dərəcə əlillik təyinatı verilmişdir.İddiaçı Nazirlər Kabinetinin 187 saylı qərarı ilə “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin və müddəti”nin qiymətləndirilməsi üçün tibb müəssisəsindən Yeni Forma 88 rəsmiləşdirildikdən sonra dəyərləndirilə bilər”.
İV. Məhkəmənin mövqeyi
20.Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
21. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 22.”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cu maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 24.İşin faktiki hallarından göründüyü kimi iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə yaralanmış və ona “Başın yumşaq toxumasının qəlpə yaralanması” diaqnozu qoyulmuş, həmin yaralanmanın hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması müəyyən edilmişdir, xx.xx.2016-cı ildə iddiaçıya ikinci dərəcəli əlillik verilmişdir, səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik göstərilmişdir, TSEK-in diaqnozu “kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kəskin ifadə olunmuş astenonevrotik sindrom, xüsusi epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları” olmuşdur. Cavabdeh iddiaçının əlillik səbəbini dəyişsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 3.1-ci bəndində göstərilən əsaslardan hər hansı birinin mövcud olması hal-hazırda müəyyən edilmir, belə ki, iddiaçının xəstəliyinin hərbi travma ilə əlaqəli olması işdə olan sənədlərlə - N №li hərbi hissənin N №li arayışı, Azərbaycan Respubikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 763 №li, xx.xx.2011ci il tarixli qərarı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli rəyi ilə təsdiqlənir, həmin sənədlərin qanunsuz və əsassız olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məlumatlar məhkəməyə bildirilməmişdir. 25.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
26. Cavabdeh inzibati orqan iddiaçının əlilliyinin müharibə ilə əlaqəli olması barədə sənədlərin mötəbər olmasına və şübhə doğurmamasına, səlahiyyətli inzibati orqanlar tərəfindən iddiaçınnın xəsarətlərinin, xəstəliyinin, əlilliyinin müharibə səbəbi ilə olması barədə qərarlarını nəzərə almadan, iddiaçının xeyrinə olan halları araşdırmadan iddiaçının əlilliyinin səbəbini əsassız dəyişdirmiş və bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini pozmuşdur. 27.Məhkəmə iş üzrə təqdim edilmiş məhkəmə-tibb ekspertizasının nəticəsinə dair ekspert rəyinə tənqidi yanaşaraq onu iş üzrə hər hansı bir halı təsdiq edən sübut qismində qəbul etməyi mümkün hesab etmir, belə ki, ekspert onun qarşısında qoyulmuş sualların heş birinə mahiyyəti üzrə dəqiq cavab verməmiş, ümumi sözlərlə kifayətlənmişdir. 28.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 29.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 20 oktyabr 2011-ci il tarixli, 763 nömrəli qərarı əsasında İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. 30.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 31.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 20 oktyabr 2011-ci il tarixli, 763 nömrəli qərarı əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova