Məhkəmə qərarları › İş №2-1(112)-4998/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4998/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4998/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin müvafiq qurumdan alınaraq iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə DMX tərəfindən verilmiş arayış əsasında onun 15.09.1976-cı ildə Ukrayna SSR-nin Çernivtsi vilayətinin Storojinetskiy rayonunun Nijnipetrovçı kənd nümayəndəliyi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsinin Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 15.09.1976-cı ildə Ukrayna SSR-nin Çernivtsi vilayətinin Storojinetskiy rayonunun Nijnipetrovçı kəndində anadan olmuşdur. Elə həmin ildə də Ukrayna SSR-nin Çernivtsi vilayətinin Storojinetskiy rayonunun Nijnipetrovçı kənd nümayəndəliyi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1982-1989-cu illərdə Verxniy Petrovçı kənd orta məktəbində oxumuşdur, lakin buna dair heç bir sənədi yoxdur. 1991-ci ilin yanvar (yaxud fevral) ayında azərbaycanlı tanışı İsmayılov Telman adlı şəxslə birlikdə daimi yaşamaq üçün Azərbaycana gəlib. 1-2 il onunla birgə yaşayıb, sonra o vəfat edib (vəfat etdiyi tarix yadında qalmayıb). Azərbaycana gəldiyi vaxtdan daimi olaraq Azərbaycanda yaşayır. Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayaraq ev təmizliyi və qab yumaq işləri ilə məşğul olmuşdur. X2 Ukrayna vətəndaşı olub, 5 (yaxud 6) aprel 2019-cu il tarixdə Odessada vəfat edib. Atasının doğum tarixi yadında qalmayıb. X1 Vasilovna 1953-cü ildə Ukrayna SSR-də anadan olub, Ukrayna vətəndaşı olub və Ukraynada vəfat edib. Anasının vəfat etdiyi tarixi bilmir. 18.03.2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 5 il sonra Azərbaycan Respublikası Prezidentinin 24.05.2018-ci il tarixli 137 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad olunmuşdur. Cəzaçəkmə müəssisəsində olduğu zaman 14.09.2015-ci il tarixdə 18 nömrəli Bakı Peşə Məktəbinə daxil olmuşdur. 01.07.2016-cı il tarixdə təhsilini başa vuraraq 3-cü dərəcəli “Tikiş avadanlıqlarının operatoru, tikişçi" ixtisasına yiyələnmişdir. O, heç vaxt pasportla təmin edilməmişdir. Çünki SSRİ vətəndaşı olan şəxslərə pasport həmin şəxslər 16 yaşına çaldıqdan sonra verilirdi. O isə Ukraynanı 15 yaşında tərk etmişdir. O, Azərbaycana gələndə 15 yaşı var idi, ancaq gəldiyi zaman doğum haqqında şəhadətnaməni özüylə gətirməmişdi. Hazırda onun şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir və BMT QAK tərəfindən Himayə Sənədi ilə təmin edilmişdir. Dövlət Miqrasiya Xidməti də həmin Himayə Sənədi əsasında onu Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almışdır. Onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün Ukraynanın Azərbaycandakı Səfirliyindən Ukrayna vətəndaşının pasportunu ala bilmir. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnaməni əldə etməyi zərurəti yaranmışdır. O, hazırda Bakı şəhəri, ünvan 2 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Buna görə də o, 05.02.2021-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 1976-cı ildə Ukrayna SSR-nin Çernivtsi vilayətinin Storojinetskiy rayonunun Nijnipetrovçı kənd nümayəndəliyi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini təmin etmələrini xahiş edib. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi 23.02.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təminindən imtina etmişdir. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinin cavabı tamamilə əsassızdır. Belə ki, o, heç vaxt pasportla təmin edilməmişdir, Azərbaycana gələndə isə doğum haqqında şəhadətnaməsini özü ilə gətirməmişdir. Uzun müddətdir Azərbaycanda yaşamağına baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmişdir, Ukrayna Respublikasının vətəndaşlığını təsdiq edən sənədi isə yoxdur. Ümumiyyətlə, hazırda onun hər hansı bir ölkəyə vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi olmadığı üçün iddiaçı vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir və BMT QAK tərəfindən Himayə Sənədi ilə təmin edilmişdir. Bu səbəbdən də ərizəsinə şəxsiyyət vəsiqəsi əvəzinə Himayə Sənədini və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağına dair Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən verilmiş arayışı əlavə etmişdir. Onun şəxsiyyəti, yəni kim olmağı artıq dövlət qurumları tərəfindən tanınıb. Belə ki, BMT QAK-ın verdiyi Himayə Sənədi əsasında o, DMX tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının şəxsiyyəti BMT QAK-ın verdiyi Himayə Sənədindən müəyyən edilir. Belə ki, DMX onun şəxsiyyətini BMT QAK tərəfindən verilmiş Himayə Sənədi əsasında müəyyən edib, əks təqdirdə iddiaçını həmin sənəd əsasında Azərbaycan Respublikasının ərasizində olduğu yer üzrə qeydiyyata almazdı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın 02.04.2021-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onların Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxlərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin qeyd edilir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir və həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi doğum haqqında şəhadətnaməsi və sairə sənədlər əsasında verilir. İddiaçı şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq doğum haqqında təkrar şəhadətnaməni məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı 21.05.2021-ci il tarixli və 09.06.2021-ci il tarixli məktublarında məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən 25.08.2020-ci il tarixdə verilmiş ***-*******6 nömrəli Himayə Sənədindən görünür ki, sənəd 15.09.1976-cı il tarixdə anadan olmuş İddiaçı verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş etdiyi və sənədin surətinin Daxili işlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsinin 19.02.2021-ci il tarixli, 15/10 nömrəli arayışının surətindən görünür ki, 15.09.1976-cı il təvəllüdlü, BMT QAK-ın himayəsində olan İddiaçı (Himayə Sənədi № ***- *******6) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 26 avqust 2020-ci il tarixindən 31 may 2021-ci il tarixinədək Bakı şəhəri, ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə müəssisəsinin AZ-İ seriyalı, “Forma B”, 25.05.2018-ci il tarixli, 59 saylı məhkum olunmuş şəxsin şəkli əks olunmuş arayışının təsdiq edilmiş surətindən görünür ki, arayış verilib vətəndaş - İddiaçı; doğulduğu il və yer - 15.09.1976-cı il, Ukrayna Respublkası, Çernovitski vilayəti, Storojinetski rayonu; ailə vəziyyəti - subay; əvvəlki məhkumluğu məhkum olunmamış; məhkumluğu - 18.03.2013-cü il tarixli, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hal-hazırda o, 07.04.2012-ci ildən 25.05.2018-ci ilədək cəza çəkib və Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə müəssisəsindən Azərbaycan Respublikası Prezidentinin 24.05.2018-ci il tarixli 137 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad olunub. Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsilli Müəssisəsinin verdiyi 08.07.2016-cı il tarixli ilk peşə-ixtisas təhsili haqqında diplomun 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 14.09.2015-ci il tarixdə 18 №-li Bakı Peşə Məktəbinə daxil olmuş və 01.07.2016-cı il tarixdə “Tikiş avadanlıqlarının operatoru, tikişçi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət Attestasiya Komissiyasının 01.07.2016-cı il tarixli 79 AT tarixli qərarı ilə İddiaçı 3-cü dərəcəli “Tikiş avadanlıqlarının operatoru, tikişçi” ixtisası üzrə ilk peşə dərəcəsi verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 20.05.2021ci il tarixli, 05/2753 nömrəli məktubunda göstərilmişdir ki, 15.09.1976-cı il təvəllüdlü İddiaçı sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı 15.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Məhkəmə sorğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə müəssisəsinə müraciət edərək İddiaçı adına verilmiş 25.05.2018-ci il tarixli, 59 saylı arayışın verilməsinə əsas olan sənədlərin (şəxsi işində saxlanılan şəkilli arayışın kötüyü və s.) təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmənin qeyd edilən sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə müəssisəsinin 14.06.2021-ci il tarixli, 17/19-1131 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkum İddiaçı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.03.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.3-cü maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzanın əvvəli: 07.04.2012-ci il, cəzanın sonu: 07.04.2020-ci il. Azərbaycan Respublikası Prezidentinin 24.05.2018-ci il tarixli, 137 nömrəli Əfv Sərəncamına əsasən, məhkum İddiaçı, cəzasının çəkilməmiş hissəsindən azad olunub, 25.05.2018-ci il tarixində müəssisədən azad olunub. 4 saylı Cəzaçəkmə müəssisəsinin yuxarıda göstərilən məktubuna əlavə edilmiş Forma B 5379 saylı şəxsi iş, 59 saylı arayışın surətindən görünür ki, verilib vətəndaş İddiaçı; doğulduğu il və yer - 15.09.1976-cı il, Ukrayna Respublikasının Çernovitski vilayəti; milliyəti - ukraynalı; məhkumluğu - 18.03.2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hal-hazırda o, ƏN PX-nin 4 saylı Cəzaçəkmə müəssisəsində 07.04.2012-ci ildən 25.05.2018-ci ilədək cəza çəkib və Azərbaycan Respublikası Prezidentinin 24.05.2018-ci il tarixli, 137 nömrəli əfv sərəncamına əsasən azad olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin alınması ilə bağlı iddiaçının müraciətinə cavab olaraq verilmiş 23.02.2021-ci il tarixli, 05/Q-169/15 nömrəli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında“ Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir və həmin Qanunun 4cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sairə sənədlər əsasında verilir. Hal-hazırda şəxsiyyət vəsiqənizin olmamasını nəzərə alaraq doğum haqqında təkrar şəhadətnamənizin alınmasına köməklik göstərilməsi imkanımız xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. Belə ki, iddia tələbindən və iş materiallarından müəyyən olunur ki, İddiaçı 15.09.1976-cı il təvəllüdlü olmaqla Ukraynanın Çernivtsi vilayətinin Storojinetskiy rayonunun Nijnipetrovçı kəndində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Respublikasına gəlmiş, həmin vaxt 16 yaşı olmadığından onun SSRİ pasportu olmamış, doğum haqqında şəhadətnaməni isə özüylə gətirməmişdir. 18.03.2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24.05.2018-ci il tarixli 137 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad olunmuşdur. Hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin verdiyi Himayə Sənədinə əsasən vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-nın mandatı altında olan şəxsdir. Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanı üzrə qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün Ukraynanın Azərbaycandakı Səfirliyindən Ukrayna vətəndaşının pasportunu ala bilmədiyindən doğum haqqında şəhadətnaməni əldə etmək zərurəti yaranmışdır. Bununla əlaqədar cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının şəxsiyyət vəsiqəsini təqdim etmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: -3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. -21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). -21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. -74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. -74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 4-cü maddəsinə əsasən razılığa gələn Tərəflərin ədliyyə müəssisələri mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı bu Konvensiyanın müddəalarına uyğun olaraq göstərirlər. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, bu maddənin 1-ci bəndində göstərilən işlər üzrə hüquqi yardımı Razılığa gələn Tərəflərin digər müəssisələrinə də göstərirlər. Hüquqi yardım, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərdiyi tapşırıqlar və bu Konvensiyada nəzərdə tutulan digər müraciətlər əsasında həyata keçirilir. Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Konvensiyanın 6-cı maddəsinə görə razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrindən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Sadalanan normaların tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə iddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. İddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımi sənədləri əldə edə bilmir. Məhkəmə bu halda hesab edir ki, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 15.09.1976-cı ildə Ukrayna SSR-nin Çernivtsi vilayətinin Storojinetskiy rayonunun Nijnipetrovçı kənd nümayəndəliyi tərəfindən doğum faktının qeydiyyata alınmağını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 15.09.1976-cı ildə Ukrayna SSR-nin Çernivtsi vilayətinin Storojinetskiy rayonunun Nijnipetrovçı kənd nümayəndəliyi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar