Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4999/2021 06.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı “qərarların ləğv edilməsi və iddiaçının növbəti mərhələyə buraxılması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər X2 10 mart 2021-ci il tarixli qərarının etibarsız və əsassız hesab edilməsini və Vəkillər X2 üzərinə onun növbəti mərhələyə, yəni icbari təlimə buraxılması vəzifəsinin qoyulmasını xahiş etmişdir. 17.07.2021-ci il tarixdə İddiaçı məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermiş, Azərbaycan Respublikası Vəkillər X1 növbəti mərhələyə buraxılmamasına dair 10 mart 2021-ci il tarixli qərarının, həmçinin Vəkillər Kollegiyası Aparat rəhbəri Bayram Orucovun 31 mart 2021-ci il tarixdə ona təqdim etdiyi Vəkillərin İxtisas Komissiyasının 18 fevral 2021-ci il tarixli 6 saylı “qeyri-məqbul” qeyd olunmuş iclas protokolunun ləğv edilməsini, cavabdeh Azərbaycan Respublikası Vəkillər X2 üzərinə onun vəkil statusuna yiyələnmək üçün şifahi müsahibə imtahanından sonrakı növbəti mərhələyə buraxılması vəzifəsinin qoyulmasını xahiş etmiş, məhkəmənin 22.07.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1979-cu ildən hüquq sahəsində çalışır. 1993-cü ildə Bakı Dövlət Universitetininin hüquq fakültəsini bitirmiş, ilk illər polisdə, daha sonra isə müxtəlif idarə və müəssisələrdə hüquqşünas işləmişdir. 2017-ci ilə qədər 300dən çox istər mülki, istərsə də cinayət işləri üzrə istintaq və məhkəmə orqanlarında nümayəndə qismində iştirak etmişdir, 2006-cı ildən bu fəaliyyətinə görə vergi ödəyir. 5 il «Vəkilin səsi» ictimai-siyasi hüquq qəzetinin baş redaktoru işləmişdir. Eyni zamanda həm də «Azadlıq Radiosu» vasitəsi ilə əhalinin hüquqi maarifləndirilməsində aktiv çıxış etmiş, ən əsası isə vəkillərin problemlərini işıqlandırmışdır. Yüzdən çox hüquq üzrə məqalə müəllifidir, 10-15 dəfə tele və radio məkanlarında insanlara canlı hüquq məsləhətləri vermişdir. Artıq neçə ildir Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbul olunmaq üçün sənəd verir. Bir neçə dəfə test imtahanlarından keçsə də, hər dəfə şifahi müsahibə mərhələsində onu saxta yollarla kənarlaşdırırlar. Bunun səbəbi isə onun son vaxtlar mətbuat səhifələrində Vəkillər Kollegiyasını əsaslı tənqid etməsi olmuşdur. Sonuncu dəfə 31.10.2019-cu ildə o, test imtahanından uğurla keçərək şifahi müsahibə mərhələsinə buraxılmış, 16.02.2021 ci il tarixdə şifahi müsahibə baş tutmuşdur. Şifahi müsahibə zamanı ona verilmiş beş sualın hər birini cavablandırmış, müsahibənin nəticələri müvafiq Qaydalarda göstərilən tələblərə uyğun olaraq həmin günün sonu ona elan olunmalı olduğu halda elan olunmamış, müsahibədən üç gün sonra cavabdeh qurumun internet saytında şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı dərc olunmuşdur. Həmin siyahıda onun adı olmuş, lakin 10-15 dəqiqədən sonra siyahı yeniləndikdə ikinci siyahıdan onun adı silinmişdir. Məlumatı dəqiqləşdirmək üçün cavabdehə məktub yazaraq imtahan nəticələrini və yazılı rəyin surətini istəmiş, həmin məktuba cavab gəlmədiyi üçün o, cavabdehə yeni məktub ünvanlamış, imtahanın ona aid hissədə etibarsız hesab edilməsini xahiş etmişdir. Çünki imtahan nəticələrinin ona həmin gün elan olunmaması, yəni gizlədilməsi qanun pozuntusudur. Nəhayət ərizə və şikayətlərindən sonra ona cavab məktubu təqdim olunmuş, həmin məktuba Komissiyanın iclas protokolundan Çıxarışın təsdiq edilmiş surəti əlavə edilmişdir. Orada onun verdiyi cavabların məqbul kimi qiymətləndirildiyi qeyd olunmuşdur. Məhkəməyə müraciət edəndən sonra ona məktub yazılaraq protokolda səhvə yol verdikləri bildirilmiş, həmin məktuba onda olan protokola oxşar, lakin əsli ilə düzdür ştampı olmayan cavablarının qeyri-məqbul qiymətləndirilməsi qeyd olunan başqa bir protokol əlavə edilmişdir. İddiaçı birinci dəfə ona təqdim edilmiş “məqbul” yazılan protokoldan Çıxarışın əsl sənəd olduğunu bildirmişdir. Belə ki, ona təqdim edilmiş beş sualın hər birini düzgün cavablandırdığına görə Komissiya üzvləri qiymətləndirmə cədvəllərində onun cavablarını məqbul qymətləndirmişdirlər. Daha sonra həmin qiymətləndirmə cədvəlləri və protokol X5 tərəfindən saxtalaşdırılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, ixtisas imtahanının şifahi müsahibə mərhələsində onun barəsində müsbət rəy verilmədiyi üçün iddiaçının “şifahi müsahibə imtahanından sonrakı növbəti mərhələyə buraxılması” barədə tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi və bu barədə müvafiq rəyin mövcudluğu və bütün bu şərtlər ödənildikdən sonra həmin tarixə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ və İİ hissəsindən irəli gələn vəkil statusunu əldə etməsini istisna edən hallar mövcud olmadıqda namizəd üzv qəbul edilir. Belə olan halda iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə verməsi və müvafiq rəy faktiki və həqiqi olaraq mövcud olmadığı halda namizədin icbari təlimə buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb edilə bilməz. İddiaçının tələbini əsaslandırdığı 18.02.2021-ci il tarixli 6 saylı iclas protokolundan texniki səhv nəticəsində ona təqdim olunmuş “Çıxarış”ı faktiki olaraq Vəkillərin İxtisas Komissiyası tərəfindən İddiaçı şifahi müsahibədə suallara verdiyi cavabların “məqbul” kimi qiymətləndirilməsi hesab edilə bilməz. Vəkillərin İxtisas Komissiyasının şifahi imtahanda iştirak edən hər bir üzvünün namizədin cavablandırdığı hər bir suala mümkün iki qiymətdən birini (“məqbul” və ya “qeyri-məqbul”) vermək imkanına malik olması və yekun olaraq rəy verilib-verilməməsi məsələsinin “məqbul” və “qeyri-məqbul” qiymətlərin riyazi nisbətindən asılı olması Vəkillərin İxtisas Komissiyasının qiymətləndirmə azadlığı və diskresion səlahiyyət əsasında fəaliyyət göstərməsi barədə fikir irəli sürməyə tam əsas verir. Ümumiyyətlə, kollegial fəaliyyət göstərən bu tip imtahan (qimətləndirmə, attestasiya) komissiyalarının fəaliyyətinin diskresion səciyyə daşıması mübahisəsizdir. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə şərtləri barədə iddiaları əsassızdır, Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə tətbiq edə biləcəyi diskresion səlahiyyətlərdən və dispozitiv davranış imkanlarından kənara çıxmamış, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının hər hansı bir müddəasını pozmamışdır. İddiaçının iddia ərizəsində istinad etdiyi faktlar mülahizə, fərziyyə və ehtimal xarakterli olduğundan, iddiaçı irəli sürdüyü tələblərini kifayət qədər ciddi, aydın və uzlaşan, təkzibolunmaz sübutlarla təsdiq edə bilməmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinə və məhkəməyə təqdim etdiyi yazılı izahatına uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunan iş materiallarındakı sənədlərdən görünür ki, İddiaçı 31 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı (test) mərhələsində iştirak etmiş və yazılı imtahanın yekununa görə 61 bal toplamış namizəd kimi imtahanın ikinci mərhələsinə - şifahi müsahibəyə buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 18.02.2021-ci il tarixli 6 saylı protokolundan çıxarışdan və 16.02.2021-ci il tarixli vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən görünür ki, Vəkillərin İxtisas Komissiyası 13.10.2020-18.02.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş İddiaçı cavablarını qeyriməqbul qiymətləndirmişdir. İşdən müəyyən olunur ki, İddiaçı 22.02.2021-ci il tarixdə Cavabdehə müraciət edərək, 16.02.2021-ci il tarixdə Vəkillər Kollegiyasının İxtisas Komissiyası tərəfindən keçirilən şifahi müsahibədə iştirak etdiyini, lakin onun adının müsahibəni müvəffəqiyyətlə keçən şəxslərin siyahısında olmadığını bildirərək İxtisas Komissiyasının onunla bağlı rəyinin təqdim edilməsini, 27.02.2021-ci il tarixdə yenidən ərizə ilə müraciət edərək İxtisas Komissiyası tərəfindən 16.02.2021-ci il tarixdə keçirilmiş imtahan nəticələrinin ona aid hissədə etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vəkillər X3 10.03.2021-ci il tarixli 4 saylı iclas protokolunun çıxarışından görünür ki, vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi mərhələsinin nəticəsindən narazı qalan iddiaçının müraciətinə baxılmış və əsas olmadığından müraciəti təmin olunmamışdır. Cavabdeh bununla bağlı iddiaçıya 11.03.2021-ci il tarixdə 324 nömrəli məktub ünvanlamış, məktubda göstərmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı 16.02.2021-ci il tarixdə keçirilmiş ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, Vəkillərin İxtisas Komissiyası üzvlərinin ona ünvanladığı suallarına verdiyi cavablar “qeyri-məqbul” qiymətləndirildiyi üçün “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 5ci hissəsinə və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 5.4-cü bəndinə uyğun olaraq İxtisas Komissiyası tərəfindən rəy verilməmiş, o növbəti mərhələyə buraxılmamışdır. Məktubda həmçinin vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsinin nəticələrinin yenidən qiymətləndirilməsi barədə ərizəsinə Vəkillər X3 10.03.2021-ci il tarixli iclasında baxıldığını və əsas olmadığından Reyasət Heyətinin qərarı ilə müraciətinin təmin edilmədiyi göstərilmişdir. İddiaçı hazırda onunla keçirilmiş şifahi imtahan nəticələrini əks etdirən protokolu mübahisələndirərək onun növbəti, təlim mərhələsinə buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Belə ki, iddiaçı aşağıdakı tələbləri irəli sürmüşdür.
1. Vəkillərin İxtisas Komissiyasının 18 fevral 2021-ci il tarixli 6 saylı “qeyri-məqbul” qeyd olunmuş iclas protokolunun ləğv edilməsi;
2. Azərbaycan Respublikası Vəkillər X1 növbəti mərhələyə buraxılmamasına dair 10 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi;
3. Azərbaycan Respublikası Vəkillər X2 üzərinə onun vəkil statusuna yiyələnmək üçün şifahi müsahibə imtahanından sonrakı növbəti mərhələyə buraxılması vəzifəsinin qoyulması. Məhkəmə iddiaçının birinci tələbi ilə bağlı qeyd edir ki, vəkillərin fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra –Qanun) ilə tənzimlənir. Həmin Qanunun: - maddə 1. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır... - maddə 11. Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır;... İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir;... Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əmək haqqını təsdiq edir və bu Qanunda nəzərdə tutulmuş digər məsələləri həll edir - maddə 13. İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İİİ. İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir. Vİ. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. X. İxtisas Komissiyası Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Normalardan görünür ki, vəkilliyə namizədlərin Qanunun tələblərinə uyğunluğu və peşə hazırlığı İxtisas Komissiyası tərəfindən müəyyən edilir və bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edilir. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir ki, bununla bağlı Reyasət Heyətinin 07 iyul 2008-ci il tarixli qərarla təsdiq etdiyi “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”na əsasən: Bənd 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir... - bənd 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. - bənd 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. -bənd 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. - bənd 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. - bənd 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. - bənd 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. - bənd 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. Göründüyü kimi, namizədin cavabları Komissiya tərəfindən qiymətləndirilir və müvafiq nəticəyə gəlinir. İPM-in 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Məhkəmə qeyd edir ki, qanunvericilik inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur ki, İPM-in istinad edilən 73.3.2-ci maddəsi bu istisnalardan biridir. Belə ki, normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Belə ki, bir qayda olaraq, bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məslələrin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə və biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması, düzgün icraat çərçivəsində qəbul edilibedilməməsi baxımından həyata keçirir. Məhkəmə qeyd edir ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir. Bu isə məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ hissəsinin tələbinə görə, hətta Ali Məhkəmənin sabiq hakimi (əvvəllər Ali Məhkəmənin sədri işləmiş hakim istisna edilməklə) şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilər. Göründüyü kimi, hakimin (sabiq hakimin) qanunları bilməsi Vəkillərin İxtisas Komissiyasının vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsində qiymətləndirmə azadlığına təsir etmir, onu məhdudlaşdırmır. Digər tərəfdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin 7-ci hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, Məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir. “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın yuxarıda qeyd olunan tələbləri Vəkillərin İxtisas Komissiyasının mübahisələndirilən qərarına (protokoluna) tətbiq edildikə həmin qərarın yuxarıda göstərilən qanunvericiliyə uyğun olduğu müəyyən edilir. Çünki iddiaçı İxtisas Komissiyasının qiymətləndirmə aparakən qanunvericiliyin hansı tələblərini pozduğunu ümumiyyətlə əsaslandırmamış, nəticələrin ona elan olunması istisna olmaqla imtahanın keçirilməsi zamanı onun hüquqlarının pozulmadığını bildirmişdir. Belə ki, iddia ərizəsində İddiaçı şifahi müsahibənin 30 dəqiqədən az çəkməsini, komissiya üzvlərinin ona heç bir sual verməməsini, yalnız qarşısına qoyulmuş 5 yazılı sualı cavablandırdığını bildirsə də, məhkəmə iclasında müsahibənin gedişi ilə bağlı hər hansı bir etirazının olmamadığını, müsahibənin qaydalara uyğun keçirildiyini (nəticələrin elan olunması istisna olmaqla) bildirmişdir. Göründüyü kimi iddiaçı imtahanın gedişatı zamanı digər namizədlərə münasibətdə ona hər hansı əlavə təsir və müdaxilənin olmasını, əlverişsiz şərait yaradılmasını, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın bilavasitə ona münasibətdə (və onun zərərinə) dəyişdirilməsini bildirməmişdir. İddiaçının imtahanın keçirilməsi zamanı pozuntuya yol verilməsi ilə bağlı əsas dəlili imtahan nəticələrinin həmin gün ona elan olunmamasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinin digər dövriliyi də müəyyən edilə bilər. Göründüyü kimi şifahi müsahibənin nəticələrinin dərhal elan edilməsi imperativ şərt kimi nəzərdə tutulmamışdır. İşdən aydın olur ki, Vəkillərin İxtisas Komissiyasının 13.10.2020-18.02.2021-ci il tarixlərdə keçirdiyi ixtisas imtahanlarının yekun nəticələri 19.02.2021-ci il tarixdə cavabdehin rəsmi internet səhifəsində dərc edilmişdir ki, bu da Qaydaların yuxarıda istinad olunan normasına uyğundur. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələb üzrə əsas dəlili ona təqdim edilən protokoldan çıxarışda cavablarının “məqbul” kimi qiymətləndirilməsi, onun barəsində rəyin Vəkillər Kollegiyası Reyasət Heyətinə təqdim edilməsinə baxmayaraq onun həmin qurum tərəfindən növbəti mərhələyə buraxılmamasıdır. Lakin iş materiallarında olan və məhkəmə iclasında əsillərinə baxış keçirilmiş 18.02.2020-ci il tarixli 6 saylı iclas protokolundan və qiymətləndirmə cədvəllərindən görünür ki, İxtisas Komissiyasının üzvləri tərəfindən iddiaçının 5 sual üzrə verdiyi cavablar qeyri-məqbul qiymətləndirilmişdir. İddiaçı bu qənaətə gələrkən istinad etdiyi protokoldan çıxarışa gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə edilmiş müraciətlərinə cavab olaraq cavabdeh tərəfindən verilmiş 11.03.2021-ci il tarixli 324 nömrəli məktubla iddiaçının şifahi müsahibə mərhələsində verdiyi cavabların qeyri-məqbul qiymətləndirildiyi üçün İxtisas Komissiyası tərəfindən Vəkillər Kollegiyasının Reyasət Heyətinə rəy verilmədiyi, onun növbəti mərhələyə büraxılmadığı bildirilmişdir. Məktubda həmçinin imtahan nəticələrinə yenidən baxıldığı və əsas olmadığıdan Reyasət Heyətinin 10.03.2021-ci il tarixli qərarı ilə müraciətinin təmin edilmədiyi göstərilmiş və sorğusuna əsasən İxtisas Komissiyasının iclas protokolundan çıxarış iddiaçıya göndərilmişdir. Həmin protokoldan çıxarışda Vəkillərin İxtisas Komissiyasının 13.10.2020-18.02.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş İddiaçı cavablarını “məqbul” qiymətləndirdiyi göstərilsə də, bunun yazı səhvi olması müşayiət məktubundan açıq-aşkar bəlli olmuşdur. Digər tərəfdən, cavabdeh 12.03.2021-ci il tarixdə İddiaçıya yenidən məktub ünvanlayaraq 11.03.2021-ci il tarixli 324 nömrəli məktuba əlavə olunmuş Vəkillərin İxtisas Komissiyasının 18.02.2021-ci il tarixli 6 saylı iclas protokolundan çıxarışda “qeyri-məqbul” sözü əvəzinə “məqbul” sözünün yazıldığını bildirmiş, düzəliş edilmiş protokoldan çıxarış İddiaçıya təqdim edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 63-cü maddəsinə əsasən: 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. 63.4. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62- ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Göründüyü kimi, İddiaçıya təqdim edilən ilkin protokoldan çıxarışda müsahibə üzrə cavablarının “məqbul” kimi qiymətləndirilməsi barədə qeyd yazı səhvi olmuş, cavabdeh düzəliş edərək həmin düzəlişi İddiaçıya təqdim etmişdir. Bu hal iddiaçının özünə də məlum olmuş, ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçən şəxslərin siyahısı elan olunduqdan qısa müddət sonra o, imtahan nəticələrinin ona aid hissədə etibarsız hesab edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçı müsahibə nəticələri ilə bağlı ilk dərc olunan siyahıda adının qeyd olunduğunu, daha sonra yenilənmiş siyahıda adının mövcud olmadığını bildirsə də, 22.02.2021-ci il tarixdə cavabdehə ünvanlanmış məktubda müsahibəni müvəffəqiyyətlə keçən şəxslər arasında adının olmadığını qeyd etmiş, fərqli siyahılardan bəhs etməmişdir. Beləliklə, iddiaçının bu dəlili əsassızdır, iş materialları ilə onun ixtisas imtahanının şifahi müsahibə mərhələsində verdiyi cavablarının Vəkillərin İxtisas Komissiyası tərəfindən qeyri-məqbul qiymətləndirilməsi tam sübut olunur. Qaydaların 6.3-cü bəndinə əsasən isə Komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılırlar. Məhkəmə qeyd edir ki, normadan göründüyü kimi namizədin müsahibədə cavablarının İxtisas Komisiyası tərəfindən məqbul qiymətləndirilməsi belə onun icbari təlimə buraxılması nəticəsini doğurmur. Belə ki, İxtisas Komissiyası namizədin cavablarını “məqbul” qiymətləndirdikdən sonra onun vəkil peşəsinə yararlı olub-olmamasını da qiymətləndirir və yalnız bu müsbət həll olunduqda onun barəsində yazılı rəy tərtib edib Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılırlar. Hazırkı halda isə bu prosesin birinci mərhələsində, yəni cavabların qiymətləndirilməsi zamanı “qeyri-məqbul” nəticəsinə gəlindiyindən iddiaçı barəsində rəy tərtib edilməmişdir. Ümumiyyətlə qeyd edilməlidir ki, yuxarıda qeyd olunan qanunvericilikdən aydın olur ki, Vəkillər Kollegiyasının Reyasət Heyəti yalnız ixtisas imtahanlarının təşkilati işlərini həyata keçirir, imtahanların qəbul edilməsi, namizədlərin cavablarının qiymətləndirilərək rəy verilməsi Vəkillərin İxtisas Komissiyasının səlahiyyətlərinə aiddir və Vəkillər Kollegiyasının Reyasət Heyətinin bu prosesə hər hansı müdaxiləsi mümkün deyil. Vəkillər Kollegiyasının Reyasət Heyəti yalnız yekunda namizədin peşə yararlılığına dair Komissiyanın rəyi Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edildikdən və icbari təlimdən müvəffəqiyyətlə keçdikdən sonra, onun vəkil statusunu əldə etməsini istisna edən hallar aşkar etmədikdə, namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir. İddiaçının Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Reyasət Heyətinin və Vəkillərin İxtisas Komissiyasının ona münasibətdə qərəzli olması barədə dəlili də əsaslı hesab oluna bilməz. Çünki iddiaçı bu dəlili ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının dəlilinin əsasları mülahizə və ehtimal xarakterli olduğundan, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlmək mümkün deyil. Əksinə iddiaçının namizəd qismində Vəkillərin İxtisas Komissiyası qarşısında imtahandan qabaq onun hər hansı bir üzvünün və ya bütünlüklə Vəkillərin İxtisas Komissiyasının tam tərkibinin qərəzli olması barədə hər hansı bir əsaslandırılmış etiraz verməsi işin materiallarından müəyyən edilmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Vəkillərin İxtisas Komissiyasının 18 fevral 2021-ci il tarixli 6 saylı “qeyri-məqbul” qeyd olunmuş iclas protokolunun ləğv edilməsi barədə tələbi təmin oluna bilməz. İddiaçının ikinci tələbi Azərbaycan Respublikası Vəkillər X3 10.03.2021-ci il tarixli 4 saylı iclas protokolunun (qərarının) ləğvidir ki, həmin protokolla vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi mərhələsinin nəticəsindən narazı qalan iddiaçının müraciətinə baxılmış və əsas olmadığıdan müraciət təmin olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən 18.02.2021-ci il tarixli qərarın (protokolu) ləğvi üçün əsas olmadığını müəyyən etdiyindən həmin qərardan verilmiş şikayətin təmin olunmaması barədə 10.03.2021-ci il tarixli qərarı da qanuni hesab edir. “İddiaçının şifahi müsahibə imtahanından sonrakı, növbəti mərhələyə buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” məzmunda tələbinə gəldikdə, həmin tələb birinci tələbin müsbət həllindən asılı olduğundan, həmin məzmunda tələbin təmin olunması da istisna edilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı :
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim: Səlma Salahova