Məhkəmə qərarları › İş №2-1(112)-50/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-50/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-50/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna bağ massivi ünvanında yerləşən 325 e/2 bağ sahəsinin nömrə uyğunsuzluğunun aradan qaldırılması və bağa dair adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra hakimiyyəti Başçısı Aparatı Abadlaşdırma və X1 Departamenti X7 və İstismarı Birliyi tərəfindən ona Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna bağ massivi ünvanında yerləşən 325 e/2 bağ sahəsi verilmişdir. Bağ sahəsinin ona verilməsinə əsas X7 və İstismarı Birliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna bağ massivi ünvanında yerləşən 325e/2 bağ sahəsinin onun istifadəsinə verilməsi haqqında 35594 saylı, 25 avqust 2005-ci il tarixli müqavilə olmuşdur. Həmin vaxtdan hal-hazıradək ailəlikcə bağdan istifadə edirlər, bağ sahəsini hasara almışlar, çoxlu meyvə ağacları vardır. Sözügedən bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən ona təqdim edilmiş xx.xx.2019-cu il tarixli imtina məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən sahə sxematik xəritəyə əsasən “325D” bağ sahəsinin ərazisinə uyğun gəlir. Həmin bağ sahəsi ilə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli imtina məktubu ilə bildirilmişdir ki, ona məxsus bağ sahəsi sahə sxematik xəritəyə əsasən “325D” bağ sahəsinin ərazisinə uyğun gəlir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdeh orqan tərəfindən məktubda bildirilmiş “325D” saylı bağ sahəsi ümumiyyətlə mövcud deyildir. Mövcud olmadığı təqdirdə hansı əsaslara görə ona məxsus olan 325 e/2 bağ sahəsi “325D” bağ sahəsinin ərazisinə uyğun gələ bilər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış ““Xaşa-Xuna” ərazisindəki 325 e/2 nömrəli bağı istifadəyə verilməsi haqqında” 35594 saylı, 25 avqust 2005-ci il tarixli müqaviləyə əsasən, Əzizbəyov rayonu, Xaşa-Xuna ərazisində 0.12 ha torpaq sahəsi olan 325 e/2 nömrəli bağ sahəsindən istifadəyə dair müqavilə bağlanmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********78 nömrəli, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, təqdim edilmiş sənədlərdə bağ sahəsi 1200 kv.m göstərilsə də, faktiki olaraq 1415.0 kv.m bağ sahəsi istifadə edilməkdədir. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahə sxematik xəritəyə əsasən “325D” saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Həmin bağ sahəsi ilə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının 222 nömrəli, xx.xx.2005ci il tarixli “X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında” sərəncamından 7-20/17 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv çıxarışından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamına əsasən vətəndaşların rəsmi-notarial qaydada ərizələrinə əsasən qanuni-istifadələrindəki bağ sahələrinin onların adına sənədləşdirilməsi qərara alınmış: 1.32. Xaşa-Xunadakı 325 e/2 nömrəli bağ /BTK-53/ - İddiaçı Ənvər oğlu. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********79 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 325 D nömrəli bağ sahəsinə dair məlumatın (sənədin) İdarənin arxivində aşkar olunmadığı bildirilmiş, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 325 e/2 nömrəli bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri və bağ sahələrinə dair ümumi sxematik xəritədən çıxarışın surəti məhkəməyə təqdim edilmişdir: Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X2 və X11-Xuna bağlar sahəsindəki 53 nömrəli BTK tərəfindən verilmiş 1 nömrəli orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 1989-cu il tarixli 1/12 nömrəli qərarına əsasən Xaşa-Xuna bağlar sahəsində 53 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2 nömrəli bağ sahəsi X6 ayrılmışdır. X9 və X10 razılıq ərizələri təqdim edərək, X5 adına olan Xaşa-Xuna 2 saylı 0.12 ha bağ sahəsinin İddiaçı adına keçirilməsinə etirazı olmadıqlarını bildirmişlər. İddiaçı tərəfindən ərizə təqdim edilərək, həmin bağ sahəsinin X5 və ailəsinin razılığı ilə adına keçirilməsini xahiş etmişdir. Həmin bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə iddiaçı arasında 35594 saylı bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilədə bağ sahəsinin nömrəsi 325 e/2 göstərilmişdir. Xaşa-Xuna bağlar sahəsinə dair sxematik xəritədə iddiaçıya ayrılmış bağ sahəsinin (325 e/2) nömrəsi aşkar edilməmiş, onun qonşuluğunda 325 D saylı bağ sahəsi göstərilmiş, iddiaçıdan əvvəl order əsasında X6 ayrılmış bağ sahəsinin nömrə (2) isə ümumiyyətlə sxematik xəritədə aşkar edilməmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/5290 nömrəli ekspert rəyi təqdim edilərək, ekspert rəyinin tədqiqatının nəticəsində göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən bağ sahəsi dövlət reyestridə qeydiyyatdan keçmədiyi üçün koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən faktiki sahənin çox hissəsinin 325 D saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. 325 D saylı bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən üst-üstə düşmə olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu müraciətinə cavabdeh tərəfindən 24 may 2019-cu il tarixli, **********78 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin hallarından göründüyü kimi, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti tərəfindən verilmiş 35594 saylı bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən ona ayrılmış 0.12 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə, sonra isə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq hüquqmüəyyənedici sənəd olan bağın istifadəyə verilməsinə dair müqavilə mübahisələndirilməmişdir. Məhkəmə araşdırması zamanı da, məhkəmə tərəfindən sözügedən müqavilənin arxiv nüsxəsinin əldə olunması məqsədilə cavabdehə sorğu göndərilmiş və müqavilənin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan bağın istifadəyə verilməsinə dair müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir. Cavabdehin iddiaçıya məxsus bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsası bağ sahəsinin sxematik xəritəyə əsasən “325D” saylı bağ sahəsinin ərazisinə uyğun gəlməsinə, bu səbəbdən notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsinə, bağ sahəsini ərazisinin 1200 kv.m olmasına baxmayaraq, faktiki olaraq istifadədə 1415.0 kv.m olmasına istinad edilmişdir. Məhkəmə tərəfindən cavabdehin imtinasının əsarlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, 325 D saylı bağ sahəsinə dair ümumiyyətlə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Xaşa-Xuna bağlar sahəsinə dair sxematik xəritədə iddiaçıya ayrılmış bağ sahəsinin (325 e/2) nömrəsi aşkar edilməmiş, 325 E nömrəli bağ sahəsi bağ sahəsi sxematik xəritədə öz əksini tapmış, ardıcıl olaraq onun qonşuluğunda 325 D saylı bağ sahəsi göstərilmiş, iddiaçıdan əvvəl order əsasında X6 ayrılmış bağ sahəsinin nömrə (2) isə ümumiyyətlə sxematik xəritədə aşkar edilməmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən isə sözügedən bağ sahəsinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən faktiki sahənin çox hissəsinin 325 D saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. 325 D saylı bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən üst-üstə düşmə olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edildiyindən və işdəki digər sənədlərlə öz təsdiqini tapdığından, eləcə də, iddiaçı və cavabdeh tərəfindən ekspert rəyinin mötəbərliliyini şübhə altına alacaq hər-hansı bir dəlil məhkəməyə təqdim edilmədiyindən, məhkəmə təqdim edilmiş ekspert rəyini mötəbər hesab edir. Beləliklə işin hallarının araşdırılması nəticəsində məhkəmə belə qənaətə gəlir ki, mahiyyəti etibari ilə hazırki mübahisənin predmetini iddiaçıya ayrılmış bağ sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Həmçinin iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ torpaq sahəsinin nömrəsinin sxematik xəritədə olmaması ilə bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina edilməsində, arxivdə barəsində heçbir məlumat, hüquqmüəyyənedici sənəd, bununla da, hüquqsubyekti olmayan, iddiaçının iddia etdiyi bağ sahəsinin ərazisinin çox hissəsinin üstüstə düşdüyü həmin bağ sahəsi (325 D) ilə bağların bölgü sxeminin tərtib edilməsinin tələb edilməsində cavabdeh haqlı sayıla bilməz. Bu mövqe həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında da sərgilənmişdir (məs: 2-1(102)-1415/2020 saylı və 2-1(102)-2826/2019 saylı inzibati işlər). Məhkəmə eləcə də, cavabdehin digər dəlili olan iddiaçının istifadəsində faktiki olaraq 1415.0 kv.m torpaq sahəsinin olmasına münasibətdə isə qeyd edir ki, iddiaçının tələbindən göründüyü kimi, onun iddiası 0.12 ha ölçüdə mübahisəli bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından ibarətdir. Onun əlavə sahəyə dair hər hansı bir iddiası yoxdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin həmin dəlili də, imtina üçün əsas hesab edilə bilməz. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 (əlli) manat təşkil etmiş və iddiaçıdan 50 (əlli) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 325 e/2 saylı bağ sahəsinin nömrə uyğunsuzluğunun aradan qaldırılmaqla həmin bağa dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar