Məhkəmə qərarları › İş №2-1(112)-500/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-500/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-500/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “2-ci dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi və qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci dərəcəli əlillik qrupunun dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 2-ci dərəcəli əlillik qrupunun dayandırıldığı tarixdən bərpa edilməsi və ondan 14199,42 manat məbləğində pulun tutulması haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2004-cü il tarixdən 4 saylı Zona TSEK tərəfindən 1 illik müddətə ilkin 2-ci dərəcəli əlillik dərəcəsi və həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlilliyinin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. Onun əlilliyi xx.xx.2014-cü il tarixədək hər il hər dəfə bir illik müddətə uzadılmışdır. xx.xx.2014-cü il tarixdə isə iddiaçının əlilliyi 6 saylı TSEK tərəfindən müddətsiz (ömürlük) olaraq təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən isə iddiaçının əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Əmək pensiyasının dayandırılmasının səbəblərini öyrənmək üçün o, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, müraciətə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-S-213266.2023 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, ona 09 noyabr 2004-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. Əlilliyinin etibarlılıq müddətinin 8 dekabr 2020-ci il tarixindən bitməsi ilə əlaqədar pensiya ödənişi qanunvericiliyin tələblərinə görə 1 yanvar 2021-ci il tarixdən dayandırmalı olduğu halda, 31 iyul 2023-cü il tarixinədək ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş 14199,42 manat məbləğində vəsait artıq ödənilmiş vəsait kimi qaytarılmalıdır. Buna görə də artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilir. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən cavabdehə ərizə ilə müraciət edərək onun 2-ci dərəcəli əlillik qrupunun dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçının əlilliyi qanunsuz və əsassız olaraq dayandırılmışdır. Çünki onun əlilliyi müddətsiz olmuşdur. Heç bir əlavə yoxlanılma və inzibati icraat aparılmadan əlillik dərəcəsi ləğv edilmişdir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçı ilk öncə inzibati orqana müraciət etməli, imtina aldıqdan sonra müvafiq inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı verilmiş əlillik dərəcəsinin müddəti bitsə də, müddət uzadılması ilə əlaqədar göndəriş daxil olmamışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı, 436235 nömrəli arayışına əsasən iddiaçıya xx.xx.2014-cü il tarixli müayinə aktına əsasən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz 2 (ikinci) dərəcəli əlillik təyin edilmişdir. Cavabdehin məhkəmə sorğusuna 23 aprel 2025-ci il tarixli cavab məktubuna əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2004-cü il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövr ilə əlaqədar səbəbindən bir il müddətinə (xx.xx.2005-ci il tarixinədək) ikinci dərəcə ilkin təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə bir il müddətinə (xx.xx.2015-ci il tarixinədək) ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq, dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2020-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə vətəndaşa dair “Əlillik” altsistemində məlumat aşkar edilməmişdir. İddiaçı dair tibbisosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim olunmuşdur. Cavabdehin iddiaçının müraciətinə cavab məktubunda göstərilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, əlillik altsisiemindən əldə olunan məlumata əsasən sizə xx.xx.2015-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2015-ci il tarixinədək) ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Lakin əlillik müddətinin bitdiyi xx.xx.2020-ci il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə yeni göndəriş daxil olmamışdır. O, xx.xx.2023-cü il tarixində Mərkəzi Tibbi-sosial ekspert komissiyasında qəbulda olmuş, müayinə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmamışdır. İddiaçının pensiya işinə dair sənədlər Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində “2-ci dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi və qərarın ləğv edilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). İşdən göründüyü kimi iddiaçıya ilk dəfə 2004-cü ildə hərbi xidmət dövrü ilə əlaqədar 01 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Onun əlillik müddəti sonradan artırılmış və sonuncu dəfə 2014-cü ildə əlillik təyin edilmişdir. Lakin, 2023-cü ildə cavabdeh iddiaçıya 2014-cü ildə əslində 1 il müddətinə əlillik təyin edilməsi səbəbindən onun əlillik müddətinin bitdiyi qənaətinə gəlmiş və iddiaçıya əlilliklə bağlı pensiya ödənişləri və sair dayandırılmışdır. İddiaçı isə ona 2014-cü ildə müddətsiz əlillik təyin edildiyini bildirir. Qeyd edilməlidir ki, iddiaçıya sonuncu dəfə əlillik dərəcəsi 2014-cü ildə təyin ediliyi üçün hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir. Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 93 nömrəli, xx.xx.1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə”nin 5.1-ci bəndində göstərilmişdir ki, əlillik müddəti “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə” yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. Uşaqlara sağlamlıq imkanlarının məhdudluğu “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli, 99 nömrəli Qərarı ilə təsdiq edilmiş və xx.xx.2015-ci ilə qədər qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilmişdir ki, Birinci dərəcə əlillik və tibbi göstərişolan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir (4.1.). İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir (4.2.). Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir (4.3.). Bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir (4.4.). Göründüyü kimi iddiaçıya sonuncu dəfə əlillik təyin edilərkən qüvvədə olmuş qanunvericiliyə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin edildikdən sonra müddətsiz təyin edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ilk dəfə 2004-cü il tarixində təyin edilmiş əlillik dərəcəsi 2014-cü ilə qədər fasiləsiz olaraq təyin edilmişdir. Belə olan halda həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən iddiaçıya əlillik müddətsiz olaraq təyin edilməli idi. İddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş ******* saylı arayışda da ona xx.xx.2014-cü il tarixli müayinə aktına əsasən müddətsiz 2-ci dərəcəli əlillik təyin edildiyi qeyd edilmişdir. Eyni zamanda məhkəmə sorğusu əsasənda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya işinin materialları məhkəməyə göndərilmişdir. Həmin iş materiallarında olan sənədlərdən də görünür ki, cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş arayışda və digər sənədlərdə iddiaçıya 2014-cü ildə müddətsiz əlillik tyəin edildiyi qeyd edilmiş və bu səbəbdən də iddiaçı 2023-cü ilə qədər əlilliklə bağlı pensiya ödənişlərini almışdır. “İnzibati icraat haqqında” Qanuna əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır (2.0.8.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (67.5.). Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda (67.6.). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya təqdim edilmiş arayışda iddiaçıya müddətsiz əlillik təyin edildiyi qeyd edilmişdir. Bununla da iddiaçının cavabdeh inzibati orqanının etdiyi hərəkətə etimadı yaranmışdır. Lakin, sonradan cavabdeh arxiv kitabında iddiaçıya 1 il müddətinə əlillik dərəcəsi təyin edilməsinə əsaslanaraq iddiaçının əlillik dərəcəsini ləğv etmişdir. Bu isə qanuni hesab edilə bilməz. Belə ki, həmin dövrdə qüvvədə olmuş qanunvericilikdə də, 10 il fasiləsiz təyin edilən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edildiyi təsbit edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh iddiaçıya təyin edilmiş əlillik dərəcəsini ləğv edərkən inzibati akt qəbul etməsə də, faktiki xarakterli hərəkət həyata keçrmişdir. İddiaçı həmin hərəkəti mübahisələndirmək hüququnu özündə saxlamış olsa da, inzibati orqanın əlilliyin dayandırılması ilə bağlı hərəkətlərinin mübahisələndirilmədiyi ötən dövr ərzində həmin hərəkətlərin qanuniliyi şübhə altına alınmamışdır. Bu səbəbdən iddiaçı xx.xx.2023-cü ildə əlilliyin bərpası ilə bağlı cavabdehə müraciət edənə qədər əlillik statusu ilə bağlı təminatlara olan hüququnu itirmişdir. Yəni, iddiaçının əlillik dərəcəsinin dayandırıldığı dövrdən həmin dövrə qədər müddətdə iddiaçının əlilliklə bağlı statusundan və imtiyazlardan istifadə etmək hüququ mövcud deyildir. Bu səbəbdən iddiaçının cavabdeh tərəfindən ləğv edilmiş əlillik dərəcəsinin onun cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixindən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı ləğv edilmiş əlillik dərəcəsinin xx.xx.2023-cü tarixindən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar