Məhkəmə qərarları › İş №2-1(112)-5002/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5002/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5002/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehə qarşı “avtomobillə təmin edilmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə əlilli kimi avtomobillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, dekabr 1992-ci ildən mart 1994-cü ilədək N saylı xüsusi təyinatlı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, halhazırda 2-ci dərəcə Qarabağ müharibəsi əlilidir. Yasamal Rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən xx.xx.2017-ci ildən mənzil növbəsindədir və müharibə əlilli kimi 2021-ci ilin avqust ayından respublika üzrə 4-cü sıradadır. Lakin cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq bu günə kimi nə mənzillə, nə də ki, avtomobillə təmin edilməmişdir. Ondan sonra növbədə olanların çoxu mənzil və 150 nəfərdən çox avtomobillə təmin edilmişdir. 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlaqədar əlildir, ağır vərəm xəstəsidir, hesab edir ki, cavabdeh əsassız olaraq onu mənzillə və avtomobillə təmin etməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı münasibət (etiraz) təqdim etməmişdir. İddiaçı məhkəməyə ünvanladığı 29 avqust 2023-cü il tarixli elektron ərizədə səhhəti ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatında bildirdi iddiaçı 29 yanvar 2020-ci il tarixindən Nazirlikdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin növbəlilik siyahısında uçota alınmışdır. Onun avtomobil ilə təmin olunmasına növbəlilik qaydasında baxılacaqdır. Bununla əlaqədar iddianın təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə 1990-cı ilin 20 Yanvar hadısələri ilə, hərbi xidmət vəzifələrim (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edildiyi, iddiaçının 29 yanvar 2020-ci il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qarabağ müharibəsi əlillərinin növbəlilik siyahısında uçota alındığı qeyd olunaraq onun avtomobil ilə təmin olunmasına növbəlilik qaydasında baxılacağı bildirilmişdir. -Bərdə Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli 2(021)-3554/2017 saylı Qətnaməsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1992-ci ilin dekabr ayından 1994-cü ilin mart ayına kimi N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktı müəyyən olunmuşdur. -Azərbaycan Respublikası Müdafiiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 04 oktyabr 2016-cı il tarixli 944 №li qərarından görünür ki, Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə qarnizonu hərbi prokurorluğunun xx.xx.1999-cu il tarixli qərarı ilə barəsində cinayət işinin başlanması rədd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Mingəçevir şəhər Dəri Zöhrəvi xəstəlikləri dispanserində müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Hər iki baldır nahiyyəsinin ekzeması və streptodermiyası. Sağ tərəfli eksudativ vərəm plevriti vo xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Mingəçevir şəhər X3ində müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: "Sağ tərəfli keçirilmiş vərəm plevritinin qalıq əlamətləri. Sağ ağ ciyərin yuxarı payının ocaqlı verəmi, bərkimə fazasında” Azərbaycan Respublikası SHXÇDX-nin Bərdə rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 900 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 420 nömrəli arayışı, Mingəçevir şəhər Dəri Zöhrəvi xəstəlikləri dispanseri tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Mingəçevir şəhər X3indən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixlərindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır". Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2. bəndinin a) yarımbəndi. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbilə 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra vətəndaşa dair 1 nömrəli X3 tərəfindən 0031003AABDF nömrəli göndəriş rəsmiləşdirilmişdir. Şəxsin əlillik vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmuşdur. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə elan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. -Məhkəmənin sorğusuna cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Nazirlik tərəfindən minik avtomobili ilə təmin edilirlər. Eyni zamanda bildiririk ki, 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin növbəlilik siyahısında 78 nəfər, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin növbəlilik siyahısında isə 67 nəfər imtiyazlı şəxs hal-hazırda növbədədir. İddiaçı 29 yanvar 2020-ci il tarixindən Nazirlikdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin növbəlilik siyahısında uçota alınmışdır. Onun avtomobil ilə təmin olunmasına növbəlilik qaydasında baxılacaqdır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbilə əlilliyi müəyyən edilmiş şəxsdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na istinad etməklə minik avtomobili ilə təmin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının avtomobil ilə təmin olunmasına növbəlilik qaydasında baxılacağını bildirərək, müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -38-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin bu Qanunun 30.1ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 30.3-cü maddəsinə əsasən, bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli № 213 Fərmanının 2.4-cü bəndinə əsasən, həmin Qanunun 30.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən: 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X1 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Yuxarıda istinad olunan normaları hazırkı iddiaya tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçıya avtomobil verilməməsində cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdən müharibə əlili kimi cavabdeh tərəfindən uçota alınsa da, onun müvafiq sosial təminatı hal-hazıradək lazımi qaydada təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyin Nizamnaməsinin 3.1.17-ci yarımbəndinə əsasən xüsusi avtonəqliyyat almaq üçün tibbi göstəriş əsasında əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsi məqsədilə tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. İddiaçının uzun müddət növbəlik əsasında müharibə əlili kimi uçotda durması və onun müvafiq avtomobil ilə təmin edilməməsi onun konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə əlilliyi müəyyən edilmiş şəxs olduğundan minik avtomobili ilə növbəlilik qaydasında deyil, növbədənkənar qaydada təmin edilməlidir. Odur ki, cavabdehin imtinası əsaslı sayıla bilməz. «İnzibati icraat haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göstərilənlərə əsasən məhkəmə cavabdehin imtinasının qanunazidd olduğu qənətinə gələrək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçının müharibə əlili kimi avtomobil ilə təmin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə əlili kimi avtomobil ilə təmin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar