Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5003/2021 05.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə qarşı X4 üçüncü şəxs qismində işə cəlb olunmaqla “üçüncü şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə qarşı X4 üçüncü şəxs qismində işə cəlb olunmaqla “üçüncü şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” Y/S, bina 17, 37-ci mənzili 05.08.2009-cu il tarixində almışdır. Həmin ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. 18.04.2009-cu ildə iddiaçının oğlu Elnur İddiaçı oğlu və X5 rəsmi nikaha daxil olub. 2014-cü ildə Günayın qeydiyyatda olduğu anasının adına olan evləri Yasamal rayonu, Ak. Qarayev küçəsi, ev 57 keçmiş Sovetski adlanan ərazilər dövlət planına düşmüş və Günayın qardaşı Cavidan Feyziyevin şəxsi mənzili olan ünvan 2 ünvanına qeydiyyata düşmək istəsədə lakin qardaşı X2 bacısının qeydiyyata düşməsinə icazə verməmişdir. Bu halda iddiaçı oğlu Elnurun xahişi ilə 06.06.2014-cü il tarixində Günay Məmmədovanı (Feyziyeva) öz evinə qeydiyyata salmışdır. Elnur ilə Günay ailə qurduqdan sonra heç vaxt iddiaçının evində yaşamamışdırlar. Bunu binanın kooperativi tərəfindən verilmiş arayışı da təsdiq edir. Onlar, 18.04.2009-cu il tarixindən Elnurun adına aldığıları Abşeron rayonu, Məhəmmədi kəndi, Yeni tikililər yaşayış massivində, 04.10.2011-ci il tarixindən isə yenədə 21.01.2011-ci il tarixində müqavilə ilə Ennurun adına aldığıları Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 23/24, ev 2, mənzil 14-də yaşayıblar və boşandıqdan sonra da Günay hal hazırda da həmin mənzildə yaşayır. 08.01.2020-ci il tarixində iddiaçının oğlu Elnur ilə Günayın arasındakı nikahı rəsmi məhkəmə qətnaməsi ilə pozulmuşdur və Günay tərəfindən Elnurla aralarında olan bütün əmlak və uşaqlarla görüş barəsindəki iddia ərizələrində də Günayın özü tərəfindən bildirdiyi və yazdığı kimi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 23/24, ev 2, mənzil 14-də yaşayır.İddiaçı 3-cü şəxsin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, 3-cü şəxs mənzilə qeydiyyata düşdükdən sonra mənzildə heç vaxt yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmışdır. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir еtirаzını təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmiş, məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1953-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 3 ünvanında yaşayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 02.03.2021-ci il tarixli məktubuna əsasən, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün deyil. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli 05.08.2009-cu il tarixli Çıxarışın notariat qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində istifadədə olan 0.1224 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində, 60.72 kv.m ümumi, 42.62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 37 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 983 nömrəli reyestr kitabının 88203 nömrəli vərəqində qeydiyyata alınmışdır. AA seriyalı ******* nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən X4 Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, 23.06.1985-ci il təvəllüdlü X4 ünvan 6 ünvanında qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfat İdarəsi 169 nömrəli MTK-nın 18 fevral 2021-ci il tarixli 018/02-021 nömrəli arayışa əsasən, İddiaçı Yeni Günəşli qəsəbəsi, “D” y/sahəsi, ev 17, mənzil 37 ünvanında qeydiyyatla yaşayır. İddiaçı arayışda qeyd olunan ünvanda 3 (üç) nəfər ailə tərkibi (həyat yoldaşı X7 və oğlu X8) ilə 18.04.2009-cu il tarixdən daimi yaşayıblar. X6 bu ünvanda heç vaxt yaşamayıb. İddiaçı iddia tələbini təsdiq edən sübut kimi həmçinin 21 yanvar 2011-ci il tarixli 217 nömrəli kooperativ binada mənzil tikintisi üçün müqavilənin, Fərziyeva (Məmmədova) Günay Seyfulla qızının 2010-cu və 2014-cü illərdə verilmiş şəxsiyyət vəsiqələrinin surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, ünvan 1 mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Üçüncü şəxs Feyziyeva (Məmmədova) Günay Seyfulla qızı iddiaçının oğlu X9 ilə rəsmi nigaha daxil olduqdan sonra iddiaçının razılığ ərizəsi əsasında ona məxsus mənzilə 06.06.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçının oğlu ilə üçüncü şəxs arasında olan nıkah pozulmuşdur. İddiaçı ona məxsus mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir, bu səbəbdən də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Həmin maddəyə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Qanunvericiliyə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. İşin həqiqi hallarına əsasən iddiaçı ünvan 8 ünvanında yerləşən 37 saylı mənzilin mülkiyyətçisidir. 3-cü şəxs həmin mənzilə iddiaçının adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və iddiaçının razılıq ərizəsi əsasında cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki,”şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəalarına uyğun araşdırma apararaq, məhkəmə müəyyən etmişdir ki, 3-cü şəxs iddiaçıya məxsus ünvan 1 saylı mənzildə heç vaxt yaşamayıb, onun həmin mənzilə qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış istifadə hüququ mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s ev 17, 37 nömrəli mənzildən X1 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5003/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5003/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver