Məhkəmə qərarları › İş №2-1(112)-5006/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5006/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5006/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2007-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun 27.1-ci maddəsinə, əmək haqqına əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəməyə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Hal-hazırda Şirvan şəhər sakini olmaqla yaşayır. O, xx.xx.1964-xx.xx.2014-cü il tarixə kimi işləməklə ümumi 49 il 08 ay əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1976-xx.xx.1977-ci ilə kimi “X8-Təmir İdarəsi”-də "usta”, xx.xx.1977-xx.xx.1984-cü ilə kimi həmin idarədə “iş icraçısı” və xx.xx.1987-xx.xx.2003-cü ilə kimi həmin İdarədə “böyük iş icraçısı” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, ona xx.xx.2007-ci il tarixdə, 55 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin ƏƏSMN-nin yanında DSMF-nun Şirvan şəhər şöbəsi tərəfindən ona xx.xx.2014-cü il tarixdən, 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. O, xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2007-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Çünki, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi ilə xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1ci maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının XXVİİ. BİNA, QURĞU VƏ DİGƏR OBYEKTLƏRİN İNŞAASİ, YENİDƏN QURULMASİ, TEXNİKİ TƏCHİZATİ, BƏRPASİ VƏ TƏMİRİ: “yeni tikinti və quraşdırma işlərinin ustaları (2290000b—23419)” və “iş icraçıları (2290000b—24441)” vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. O, cavabdeh təşkilata xx.xx.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş sürətləri ilə müraciət edərək, ona xx.xx.2007-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvəsdə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi isə ona xx.xx.2020-ci il tarixli, **********1 saylı məktubla cavab olaraq müvafiq sənədlərin əsli təqdim edildikdən sonra baxıla bilinməsi barədə bildirilmişdir. Bundan sonra, o, xx.xx.2020-ci il tarixdə ərizəsinə əlavə edilmiş sənədlərin notarial təsdiq edilmiş surətlərini və sənədlərin əslini cavabdeh orqana təqdim etmiş, lakin sənədlərin əslinin nəzərdən keçirilməsinə baxmayaraq cavabdeh orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünsüz olduğunu və bunu əmək kitabçalarında qeyd edilən müəssisə və təşkilatlardan həmin yerlərdə işləməsini təsdiq edən arayışların olmadığını və həmçinin güzəştli arayışın olmadığını bildirmişlər. Lakin, ona rəsmi imtina verməkdən imtina etmişlər. Bunu da, onunla əsaslandırmışlar ki, yalnız işləməsini təsdiq edən arayışlar və güzəştli arayışlar təqdim edildikdən sonra güzəştli pensiyanın təyin edilib-edilməməsinə baxılması mümkün olacaqdır. O, qeydiyyatdan keçmə qəbzi əsasında yenidən cavabdeh orqana xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 №-li Qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilməsini, həmin Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirildiyini və ona xx.xx.2007-ci il tarixdən, 57 yaşdan yarandığından ona münasibətdə bu Qaydaların tətbiq oluna bilmədiyini, belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları onun pensiya hüququ yaranan tarixdə qüvvədə olduğunu, ona görə də həmin Qaydalarda isə həmin Qanunun 9cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilmədiyini, bundan başqa şəxsin əmək kitabçası onun işlədiyi dövrlərdə iş fəaliyyətinin qeyd edilməsini təsdiq edən sənəddir. Həmin sənəddə qeyd edilənlər şəxsin əmək stajının təsdiqi olaraq faktiki sənəddir və məhz həmin sənədə əsasən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 9-cu maddələrinin tələbləri əsasında şəxs müəyyən yaşa çatdıqda güzəştli və yaşa görə əmək pensiyası təyin edilir. Şəxsin əmək kitabçasında xx.xx.2006-cı il tarixə kimi idarə və müəssələrdə işlədiyi dövrlər onun sosial sığorta stajı hesab olunur və həmin staj müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunmalıdır. Şəxsin əvvəllər işlədiyi dövrlərdə fəaliyyət göstərmiş dövlət idarə və müəssələr bağlanmışdırsa, həmin dövrlərin fəaliyyətini təsdiqi olan sənədləri dövlət arxivinə təhvil verilibsə, məhz arxiv arayışları əsasında təsdiq olunur, lakin müəssisə və idarənin səhlənkarlığı əsasında sənədlər dövlət arxivinə verilməmişdirsə, ona görə həmin dövrlər də müəssisə və idarələrdə işləmiş şəxs məsuliyyət daşımır. Belə ki, şəxsin həmin dövrlər də müəssisə və idarələrdə işləməsinə şübhələr varsa, həmin şübhələr əsaslı olmalı, yəni formal xarakterli mülahizəyə əsaslanan sözlər əsasında olmamalı, həmin şübhəli halları sübut etmək vəzifəsinin inzibati orqana məxsus olduğundan, həmin hallar faktiki və mötəbər sübutlar əsasında müəyyən olunmasını və odur ki, ƏƏSMN-nin yanında DSMFnun Xüsusi Şərt’ərlə Təyinat İdarəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasının və həmin imtinanın yazılı verilməməsinə dair açıqlama verilməsi barədə 5 iş günü ərzində cavab verilməsini bildirmişdir. Lakin, cavabdeh orqan xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubla ona xx.xx.2020-ci il tarixli, **********1 saylı məktubun eyni ilə formatı əsasında şablon olaraq sənədlərin əsli təqdim edilməsini bildirmişlər, amma o, iddiaçının ərizəsinə dair heç bir rəsmi cavab verilməmişdir. Onu da bildirir ki, cavabdeh orqan xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubla ona ünvanladığını qeyd etsə də, lakin məktub konvertinin Bakı Poçt ştampına xx.xx.2020-ci il tarixdə daxil olduğunu təsdiq edən möhür vurulmuşdur, bu da, ondan xəbər verir ki, cavabdeh orqan onun məktubuna xx.xx.2020-ci il tarixdə qeyd etməsini göstərsə də, lakin cavabdeh orqan məktuba gec cavab vermişdir və buna bir daha imtinanın verilməməsinin əsassız yerə uzadılması kimi hesab edir ki, qiymət vermək olar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 №-li Qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Onun hüququ 2007-ci il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları onun pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Lakin hesab edir ki, cavabdehin hər iki məktubunu imtina kimi qiymət vermək olar və inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafiq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. Belə ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2007-ci il tarixdən yaranmasına baxmayaraq, lakin xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun birmənalı olaraq tətbiq edilir və xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən həmin Qanunun 27.1-ci maddəsinə əsasən təyin edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə və həmin Qanununun 17-ci maddəsinin 5-ci bəndinə, əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 57 yaşı tamam olduğu, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq əmək haqqına əsasən müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, hesab edir ki, onun xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə işlədiyinə, eləcə də, xx.xx.2007-ci il tarixdə 57 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci bəndinə həmin tarixdən ona xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi tətbiq edilməli və xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsi, yəni əmək haqqı əsasında pensiya təyin edilməlidir. Həmçinin qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. O, hesab edir ki, Qanunun qeyd edilən müddəası pensiya təyin edən orqana düzgün pensiya təyinatının aparılmaması nəticəsində ödənilməli olan məbləği hissə-hissə ödəmək hüququ vermir. Belə ki, həmin məbləğ ona ödənilməli olan, lakin pensiya təyin edən orqanın səhvi nəticəsində ödənilməmiş vəsait olmaqla onun mülkiyyətini təşkil edir. O, artıq əldə edilmiş hüquq kimi özünün mülkiyyəti olan həmin vəsaitin ona birdəfəlik ödənilməsini tələb etmək hüququna malikdir. Əks yanaşma, onun mülkiyyət hüquqlarının qanunsuz və əsassız məhdudlaşdırılmasına səbəb olur. Bundan başqa, pensiya qanunvericiliyində sözügedən ödənişlərin məhz hissə-hissə aparılacağını müəyyən edən hər hansı norma da, mövcud deyildir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən etiraz ərizəsi təqdim edilmişdir. Etiraza əsasən, İddiaçı iddia ərizəsinə özünə məxsus əmək kitabçası, şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletinin surəti və 2004-2005-ci illər üzrə əmək haqqı barədə arayışı təqdim etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o İdarəyə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizə ilə mürcaiət etdikdə, İdarə ona xx.xx.2020-ci il tarixdə məktubla cavab verərək ərizəyə əlavə edilmiş sənədlərin əsillərinin tam əlavə edilməsindən sonra onun müarciətinə baxıla bilməcəyini bildirmiş, buna görə o, xx.xx.2020-ci il tarixdə həmin sənədlərin əsillərini təqdim etdikdən sonra İdarə ona cavab verərək güzəştli .şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi barədə arayışların təqdim edilməsini istəmişdir. İddiaçı iddia ərizəsində İdarənin həmin tələbinin ona münasibətdə qanunsuz olmasını və onun pensiya hüququnun xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında “Qanuna əsasən yarandığından ona münasibətdə tədbiq edilməli olmamasını qeyd etmişdir. Onlar qeyd edilən iddia ərizəsini aşağıda göstərdikləri səbəblərə görə qanunsuz və əsassız hesab edirlər. "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanı təqdim edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvələr güvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir - 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.(əlavənin 2.4-cü bəndi). Onu da qeyd edirlər ki, şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “ Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”. İddiaçının İdarəyə təqdim etdiyi əmək kitabçasının surətindən onun işlədiyi peşələrin ona güzəştli şərtlərlə penisya hüququ verən peşələr olması müəyyən edilə bilməz. Belə ki, qeyd edilən əmək kitabçasının surətinin bir qismi rus dilində tərtib edilmiş, diqər bir hissəsində isə qeyd edilmiş peşələrin güzəştli peşə olması əmək kitabçasında qeyd edilmədiyindən ona idarə tərəfindən haqlı olaraq xx.xx.2020-ci il tarixdə müvafiq sənədlərin tam şəkildə verilməsi məzmununda, xx.xx.2020-ci il tarixdə isə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi barədə arayışlar təqdim edilməsindən sonra iddiaçının müraciətinə baxılacağı barədə cavab məktubu verilmişdir. Onu da xüsusilə qeyd etmək istəyirlər ki, həmin xx.xx.2020-ci il tarixdə verilmiş cavabda qeyd edilmişdir ki, iddiaçı müraciətində sənədlərin əsillərini verməsi barədə qeydinə cavab olaraq İdarə tərəfindən həmin sənədlərin tam verilməməsini göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1 -ci maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən- Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilən maddədən göründüyü kimi, iddiaçı tərəfindən məcburetmə haqqında iddia barədə məhkəməyə müraciət edilməsi üçün iki hal nəzərdə tutulmuşdur: 1. cavabdeh tərəfindən yalnız arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edilməsi, 2. cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallarda. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində göstərilir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”. Həmin Qərarının 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktublarının məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericilklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir. Cavabdeh İdarə həmin cavabı ilə iddiaçının heç bir hüququnu və qanunla qorunan hərhansı bir maraqlarını pozmamışdır. Məlum olduğu kimi əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxil olmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığortaedənlər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Lakin keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən - “əmək pensiyası ödənişinin maliyyə mənbələri” və maddə 6.2. - “əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər) qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Əlavə olaraq həmin Qanunun 6.3 maddəsində qeyd edildiyi kimi “əmək pensiyasının yığım hissəsinin ödənilməsi müvafiq vəsait olduğu halda həyata keçirilir”. Xüsusi olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəfindən məhkəməyə teleqramlar ünvanlanaraq işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və bu səbəbdən də, qismən təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ДЖ seriyalı, 156821 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1973-1975-ci il tarixlərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İşdə olan iddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş xx xxxx 1966-ci il əmək kitabçasının və əmək kitabçasının notarial qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1964-cü il tarixdə 1 saylı X7 1 saylı şöbədə mühasibin şagirdi təyin olunmuş, xx.xx.1967-ci il tarixdə öz xahişi ilə verdiyi ərizəyə əsasən xx.xx.1967-ci ildən işdən azad olunmuş, 09.1967-ci ildən 06.1973-cü ilədək Azərbaycan politexnik intitutunda inşaat fakültəsinin tələbəsi olmuş, 1973-cü ildən 1975-ci ilədək Çelyabinsk şəhəri Kranoarmeyskiy rayonu Sovet Ordusunda xidmət etmiş, inşaat üzrə əsgər və iş icraçısı, h/hissə 04201, xx.xx.1976-cı ildən “Azərenerji” tikinti trestinin Əli- Bayramlı X2 yaşayış sahəsinə usta işinə qəbul olunmuş, xx.xx.1977-ci ildə yaşayış sahəsinə iş icraçısı köçürülmüş, xx.xx.1984-cü ildə zavodun sahə rəisi köçürülmüş, xx.xx.1986-cı ildən Tikinti-Quraşdırma sahəsinə baş mühəndisin v.m.i. edən köçürülmüş, xx.xx.1987-ci ildən baş iş icraçısı köçürülmüş, xx.xx.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2003-cü il tarixdə “İstiliklenerjitikintiquraşdırma” SC-nə sahə rəisi vəzifəsinə fərdi əmək müqaviləsi ilə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə vəzifəsindən azad edilmiş, xx.xx.2006-cı il tarixdə “Şirvan-Oyl” BMMM-nin Bölgə direktorunun tabeliyində Təmir-Tikinti üzrə baş mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə aparatda əsaslı tikinti şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2009-cu il tarixdə “X5” Limited Şirkəti Aparatında əsaslı Tikinti Şöbəsinin rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə şirkətin filialının prezidentinin tikinti üzrə müşaviri vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab olaraq verilmiş xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli məktublardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Müraciətində qeyd etdiyinin əksinə olaraq, pensiya təyinatı ilə bağlı ona aid sənədlərin əsli təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Məhkəmə hesab edir ki, hazırki mübahisədə aşağıdakı qanunvericilik normaları əsas götürülməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatıhaqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İş üzrə tədqiq olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. Məhkəmə cavabdeh inzibati orqanın öz imtinasında və məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etdiyi Güzəştli arayışa dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İdarə tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim edilməsi haqqında məktublar ünvanlanmışdır (xx.xx.2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli). İmtinaya səbəb kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməməsi, müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilməsi əsas göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2007-ci il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. İddiaçının işlədiyi vəzifələri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısının XXVİİ Bölməsində (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) 2290000b-24441 (yeni tikinti və quraşdırma işlərinin ustaları) və 290000b-24441 (iş icraçıları) peşə şifrlərinə uyğundur.

Beləliklə, iddiaçıya münasibətdə 2 №-li Siyahının müddəaları tətbiq olunmalıdır. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən pensiya hüququ pozulmuşdur. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1950-ci il təvəllüddür. Onun xx.xx.2007-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının pensiya hüququ artıq xx.xx.2007-ci il tarixdə yarandığından, ona münasibətdə həmçinin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş 27.1-ci maddəsi şamil edilməli, yəni ona əmək haqqı əsasında pensiya təyin edilməlidir. Məhkəmə eləcə də, iddia tələbinin yaranmış fərqin birdəfəyə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1- 1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2007ci il tarixdən, xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, yəni əmək haqqına əsasən təyin edilməsi, eləcə də, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar