Məhkəmə qərarları › İş №2-1(112)-5006/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5006/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5006/2021 09.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ümumi iclasının 06 yanvar 2021-ci il tarixli 01/33 saylı qərarın etibarsız hesab edilməsi və bu qərardan irəli gəlmiş hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 06 yanvar 2021-ci il tarixli 01/33 saylı qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 06 yanvar 2021-ci il tarixli 01/33 saylı qərarın etibarsız hesab edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, ümumiyyətlə inzibati orqanın həmin torpaq sahəsinə münasibətdə icarə haqqını deyil də, torpaq vergisini tələb etmək hüququ olmuşdur. Eyni zamanda Binəqədi bələdiyyəsi icarə haqqının alınması ilə bağlı qüvvədə olan qanunvericiliyə əsasən məhkəməyə müraciət etməli, məhkəmə qaydasında bu məsələ araşdırılıb müvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixii, 546 №-li qərarın və alqı-satqı müqaviləsinin surətindən görünür ki, Binəqədi rayonu, Naxçivani küçəsi, 3105 saylı məhəllədə 1.120 kv.m torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq İddiaçı Malik oğlu barəsində qəbul edilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 20.10.2006-cı il tarixli qərarın, 661 saylı 30 oktyabr 2006-cı il tarixli icarə müqaviləsinin, torpaq sahəsinin verilməsi barədə 29 dekabr 2006-cı il tarixli 546 nömrəli qərarın,bağlanılmış 29 dekabr 2006-cı il tarixli müqavilənin, həmin müqavilədə istinad olunan 25 dekabr 2006-cı il tarixli PR N 13 nömrəli qərarın, icarə haqqının hesablanması barəsində Bələdiyyə tərəfindən qəbul edilmiş 6 yanvar 2021-ci il tarixli, 01/33 saylı qərarın, iddiaçı tərəfindən icarə haqqının ödənilibödənilməməsi, ödəmə həyata keçirilmişdirsə ödəmələri təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə Binəqədi rayon Binəqədi Bələdiyyəsinə sorğu ilə müraciət etmiş, sorğuya cavab məktubundan məlum olmuşdur ki: -Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 06 yanvar 2021-ci il tarixli 01/33 №-li qərarına əsasən bələdiyyə gəlirlərli və yerli vergilər şöbəsinin təqdimatı əsasında Bakı şəhəri, ünvan 1 ünvan) 30 oktyabr 2006-cı il tarixli, d/661 saylı müqaviləyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün təyinatlı olaraq təklif edilən 1.120 kv.m torpaq sahəsi, icarə müqaviləsi ilə təyinatlı olaraq təklif edilən 1.120 kv.m torpaq sahəsi üçün hər il üçün 806 manat cəmi: 6.018 manat məbləğində icarə haqqını ödəməkdən yayınan İddiaçı barəsində tədbir görülməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 06 yanvar 2021-ci il tarixli 01/33 №-li qərarı ilə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Naxçivani küçəsi, 3105 saylı məhəllədə 1.120 kv.m torpaq sahəsində istifadə edilməsi üçün 6.018 manat icarə haqqının tutulması qərara alınmış və qərar icra edilməsi üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı həmin qərarın əsassız olduğu hesab edərək qərarın səlahiyyətli olmayan şəxs tərəfindən qəbul edilməsi səbəbəi ilə inzibati aktın etibarsız sayılmasına dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə tərəfindən araşdırılmalı, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin İddiaçı icarəsində olan torpaq sahəsinə görə icarə haqqının tutulması ilə bağlı qərar qəbul etmək səlahiyyətinin olub-olmaması ilə bağlıdır. Əvvəla qeyd olunmalıdır ki, hazırkı iddia inzibati orqan tərəfindən qəbul edilmiş qərarın etibarsız sayılması ilə bağlıdır ki, bu məsələ “İnzibati icraat haqqıda” Qanunun tələbləri ilə tənzimlənir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1 hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2 müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Nəzərə alınmalıdır ki, “qərarın etibarsız hesab edilməsi” ilə “qərarın ləğv edilməsi” müxtəlif anlayışlar olduğundan, onların hüquqi nəticələri bir-birindən tamamilə fərqlidir. Xüsusi ilə qeyd olunmalıdır ki, qərarın etibarsız olmasının əsasları İnzibati icraat haqqında Qanunun 65.1-ci maddəsində sadalanmışdır ki, bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericinin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktın etibarsız edən hallar konkretləşdirilsin. Hazırki iddia tələbi ilə mübahisələndirilən inzibati aktın etibarsız olub-olmadığına qiymət verdikdə məlum olur ki, mübahisə predmetini təşkil edən qərar “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinin 65.1.2-ci yarımbəndinin təsiri altına düşür. Məhkəmə bu nəticəyə gələrkən aşağda göstərilmiş qanunvericiliyin müddəalarına istinad etmişdir. Belə ki, “Bələdiyyələtin statusu haqqında” Qanunun 40-ci maddəsinin 1-ci bəndinə əsasən yerli vergilər və ödənişlər, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsində və 144-cü maddəsinin İİ hissəsində nəzərdə tutulmuş əsaslarla qanunvericilik və icra hakimiyyətləri tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə ayrılmış müvafiq zəruri maliyyə vəsaiti, bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən, yerli lotereyalardan, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş, bələdiyyə müəssisə, idarə və təşkilatlarının mənfəətindən tutulan vergi, dotasiyalar, subvensiyalar, transfert, ödənişləri, qanuna və bələdiyyələrin qərarlarına müvafiq surətdə digər mədaxil, habelə bələdiyyələrin fəaliyyəti nəticəsində yaranan başqa vəsait yerli büdcələrin mədaxilini təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 4.0.4-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq bələdiyyələrin səlahiyyətlərinə aid edilmişdir. Həmin Qanunun 19.1-ci və 19.4-cü maddələrinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Torpaqların icarə haqqı torpaq hərracının və ya müsabiqəsinin nəticəsində müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. Torpaq Məcəlləsinin 8-ci maddəsindən də göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsi və bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 99-cu maddəsinin 1-ci bəndinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh icarə hüquq münasibətlərinin mövcudluğuna istinad edərək hazırda etibarsız hesab edilməsi tələb olunan qərarı qəbul etdiyindən mübahisəli hüquq münasibətləri icarə müqaviləsinin qanunla müəyyən edilən ünsürləri (şərtləri) ilə tənzimlənir. İcarə müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 34-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da icarə müqaviləsinə görə icarə haqqının tutulması qaydaları müəyyənləşdirilməmişdir. Mülki Məcəllənin 706.1-ci maddəsindən görünür ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 710-cu maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Göründüyü kimi, icarə müqaviləsi icarəyə verən və icarəçi arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Bununla bərabər, mülkiyyətçi əmlakı icarəçiyə icarəyə verərək müəyyən icarə haqqını almaq, icarəçi isə həmin əmlakdan istifadə etmək hüququnu qazanır. İcarə müqaviləsinə verilən anlayışdan görünür ki, bu müqavilə həmin müqavilədə iştirak edən tərəflərin yalnız razılıq əldə etdikləri andan onlar üçün mülki hüquq və vəzifələr yaradır. Bu müqavilənin bağlanmış hesab edilməsi üçün lazım və kifayətdir ki, onun bütün mühüm və zəruri şərtləri barədə tərəflər razılığa gəlsinlər. Deməli, icarə müqaviləsi konsensual, qarşılıqlı və əvəzli müqavilədir. Sadalan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə aydın olur ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən qəbul edilmiş 06 yanvar 2021-ci il tarixli, 01/33 №-li qərarın əsasında - 30 oktyabr 2006-cı il tarixli d/661 saylı icarə müqaviləsi dayanır. Qeyd olunmalıdır ki, həqiqətən də Binəqədi rayon Binəqədi Bələdiyyəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatına görə inzibati orqan sayılsa da, o, mövcud olmuş icarə münasibətlərinə görə icarə haqqını tələb etmək hüququna malik olsa belə, həmin tələbin təmini üçün inzibati akt qəbul etmək səlahiyyətində olmamışdır. Belə ki, mülki qanunvericiliyin və torpaq münasibətlərini tənzimləyən normativ hüquqi aktların müddəalarından irəli çıxdıqda məlum olur ki, icarə hüquq münasibətlərinin mövcud olduğunun təsdiq ediləcəyi təqdirdə icarə müqaviləsinə uyğun olaraq İddiaçı müqavilədə nəzərdə tutulmuş icarə haqqını ödəməyi, Binəqədi rayon Binəqədi Bələdiyyəsi isə bunun müqabilində Binəqədi rayonu, Naxçivani küçəsi, 3105 saylı məhəllədə 1120 kv.m torpaq sahəsini onun istifadəsinə verməyi öhdəsinə götürdüyü müəyyən edilir. Bu hallar ona dəlalət edir ki, hər iki tərəf statusundan asılı olmayaraq bərabər hüquqlara malik olduğundan, bu münasibətlərdən irəli gələn mübahisələr danışıq yolu ilə həllini tapmadığı halda, tərəflər mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməlidirlər. Mülki Məcəllənin 43.4-cü maddəsindən də göründüyü kimi bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan icarə münasibətlərdən irəli gələn mübahisə üzrə tərəf qismində çıxış etdiyini iddia edirsə, o, icarə haqqının tutulması ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətindən istifadə etmək imkanından məhrum olur. Qeyd olunan səbəbdən də, inzibati orqan tərəfindən qəbul edilmiş 06 yanvar 2021-ci il tarixli, 01/33 №-li qərarı “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin təsiri altına düşdüyündən, yəni səlahiyyəti olmayan qurum tərəfindən qəbul edilmiş inzibati akt hesab edildiyindən etibarsız sayılmalıdır. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının “inzibati orqanın yalnız torpaq vergisinin tutulması səlahiyyətinin olması” ilə əlaqədar irəli sürdüyü mülahizələri ilə razılaşmır. Belə ki, iddiaçı bəyan edir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi ilə əlaqədar Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən 29 dekabr 2006-cı il tarixli 546 №-li qərar qəbul edilmişdir. Halbuki, məhkəmə icraatı zamanı ünvanlanmış sorğuya cavab məktubunda sözügedən qərarın, həmçinin torpaq sahəsinin alınmasını təsdiq edən kassa mədaxil orderinin rəsmi qeydiyyatda olmadığı bildirilmişdir. Bu səbəbdən məhkəmə bildirir ki, 29 dekabr 2006-cı il tarixli 546 №-li qərarın, həmçinin, həmin qərarın hüquqi nəticəsinin olmaması müəyyən edilməyənədək, həmin torpaq sahəsinə görə torpaq vergisinin tutulması ilə bağlı inzibati orqanın səlahiyyətinin olub-olmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıdan torpaq sahəsinə görə icarə haqqının hesablanması ilə bağlı qərarın qəbul edilməsi inzibati orqanın səlahiyyətində olmadığından, həmin qərar etibarsız sayılmalıdır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə izah edir ki, torpaq sahəsi ilə bağlı müqavilə münasibətlərindən yaranan mübahisələr ilə bağlı aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 06 yanvar 2021-ci il tarixli 01/33 saylı qərarı etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar