Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5007/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı2 nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Kolxozçu küçəsi ev 33; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 6 saylı Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, C.Xəndan küçəsi, ev 18, mənzil 18; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçılar - İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxs - Xəzər Rayon İcra Hakimiyyəti qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı (3-cü şəxs Xəzər Rayon İcra Hakimiyyəti) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/2 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin İddiaçı1 adına, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/1 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin İddiaçı2 adına və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/3 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin İddiaçı3 adına dövlət reyestrindən qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/2 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpağın icra hakimiyyətinin qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmiş cizgi sxemi də vardır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 363/2 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamı da mövcuddur. Digər İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/1 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpağın icra hakimiyyətinin qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmiş cizgi sxemi də vardır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/1 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamı da mövcuddur. Digər İddiaçı3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/3 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpağın icra hakimiyyətinin qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmiş cizgi sxemi də vardır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/3 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamı da mövcuddur. İddiaçılar arasında qohumluq əlaqələri mövcuddur və torpaq sahələri onlara eyni tarixdə və ərazidə verilmişdir. Ona görə də, hər üçü onlara ayrılmış torpaq sahələrinə çıxarışın alınması üçün eyni vaxtda cavabdeh orqana müraciət etmişlər. Torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, iddiaçıların adına çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət edilmiş, lakin inzibati orqan imtina məktubunda elektron kadastr məlumatına əsasən torpaq sahələrinin yerləşmə cizgisində istinad və məsəfələr qeyd edilmədiyini bildirmişdir. Həmçinin, təqdim edilən yerləşmə cizgilərində torpaq sahələrinin yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcudluğu qeyd edilmişdir. Hesab edirlər ki, imtina əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi (vəkili) iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin İddiaçı1 tərəfindən təqdim edilən yerləşmə cizgisində torpaq sahəsinin yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m olsa da, faktiki 1141 kv.m təşkil edir. Həmçinin göstərilən ərazinin sərhədləri yoxdur, sərhədlər iddiaçı tərəfindən şərti olaraq göstərilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, İddiaçı1 **********52 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 255 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyi üçün sənədlə dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m olsa da, faktiki 1141 kv.m təşkil edir. Torpaq sahəsinə giriş-çıxış yolu yoxdur. Həmçinin göstərilən ərazinin sərhədləri yoxdur, sərhədlər iddiaçı tərəfindən şərti olaraq göstərilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, İddiaçı2 **********08 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçı3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 253 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyi üçün sənədlə dəqiq yeıım müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd edilən torpaq sahəsi hüquqmüəyyənedici sənədə əsasən 1200 kv.m olsa da, faktiki 1142 kv.m təşkil edir. Torpaq sahəsinə giriş-çıxış yolu yoxdur. Həmçinin göstərilən ərazinin sərhədləri yoxdur, sərhədlər iddiaçı tərəfindən şərti olaraq göstərilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçı X3 **********92 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən hasarlanma və mərzçəkmə işləri aparılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 372 nömrəli Fərmanında göstərilmişdir: “4.Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.” xx.xx.2001-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün verilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci cümləsinə əsasən xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 20-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və ictimai ehtiyaclar üçün qiymətli kənd təsərrüfatı torpaqlarını (suvarılan əkin yerləri və çoxillik əkmələrin tutduğu torpaqlar), şəhərətrafı yaşıllıq zonası torpaqlarını, elmi tədqiqat idarələri və tədris müəssisələrinin təcrübə sahələri torpaqlarını, birinci qrup meşə torpaqlarını; habelə, mühafizə olunan təbii və tarix-mədəniyyət obyektlərinin yerləşdiyi, torpaqları geri almaq və vermək Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunla müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və istifadəyə verilməsi barədə qəbul olunmuş aktlar bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1993cü il tarixli, 363/1, 363/2 və 363/3 saylı sərəncamlarının surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 363/1 nömrəli xx.xx.1993-cü il tarixli sərəncamına əsasən İddiaçı2 Buzovna qəsəbəsində 255 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 363/2 nömrəli xx.xx.1993-cü il tarixli sərəncamına əsasən İddiaçı1 Buzovna qəsəbəsində 254 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 363/3 nömrəli xx.xx.1993-cü il tarixli sərəncamına əsasən İddiaçı3 Buzovna qəsəbəsində 253 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan öz etirazını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin, təqdim edilən yerləşmə cizgisində torpaq sahələrinin yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Torpaq salərsinin ölçüsü sənəd üzrə 1200 kv.m olsa da, faktiki 1141 kv.m təşkil edir. Həmçinin göstərilən ərazinin sərhədləri yoxdur, sərhədlər iddiaçılar tərəfindən şərti olaraq göstərilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, qeyd edilən dəlillər iddiaçıların iradəsindən irəli gələn hallar deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Belə hallar hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən hazırkı iddiaçılar Buzovna qəsəbəsi ünvanda yerləşən, hər birinin ümumi sahəsi 1200 kv.metr olan torpaq sahələrinin qanuni istifadəçiləri kimi həmin torpaq sahələrinə mülkiyyət hüququ əldə etdiklərindən, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1993-cü il tarixli, 363/1, 363/2 və 363/3 saylı sərəncamları ilə iddiaçıların adına torpaq sahələrinin ayrıldığını, həmin sərəncamların hazırda qüvvədə olduğunu, həmin sənədlərin həqiqiliyini şübhə altına alan sübut təqdim edilmədiyini, imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/2 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin İddiaçı1 adına, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/1 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin İddiaçı2 adına və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/3 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin İddiaçı3 adına dövlət reyestrindən qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/2 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin İddiaçı1 adına, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/1 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin İddiaçı2 adına və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 363/3 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinin İddiaçı3 adına dövlət reyestrindən qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5007/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5007/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver