Məhkəmə qərarları › İş №2-1(112)-5007/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5007/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5007/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X8 oglunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “uşaqların soyadının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 “Hidayətzadə” soyadına dəyişdirilməsinə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində göstərilmişdir ki, iddiaçılar xx.xx.2019-cu il tarixində nikaha daxil olmuşlar, birgə nikahlarından iki övladı - xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Övladlarına atalarının soyadı, yəni Allahverdiyev soyadı verilmişdir. Lakin sonradan övladlarının soyadlarının milli soyadları ilə ata Hidayətin adına uyğun olaraq “Hidayətzadə” soyadına dəyişdirilməsi qərarına gəlmişlər. Bu məqsədlə notarial qaydada təsdiq edilmiş ərizələr və digər sənədlərlə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişlər, lakin cavabdeh xx.xx.2022-ci il tarixli, A-216-164 saylı cavab məktubu ilə ərizələrini təmin etməkdən imtina etmişdir. İmtina Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən əsaslandırılmışdır. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Belə ki, hazırki soyadı “Allahverdiyev” keçmiş Sovet dövründə məcburi qaydada verilmiş, bu soyad onların soyunu təmsil edən ad deyildir. Soyad insanın öz soyunun müəyyən etməsi və həmin ada uyğun soyad seçməsi ilə müəyyən olunmalıdır. Məcburi qaydada onlara verilmiş soyadının övladlarına da zorla verilməsi insan hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilməlidir. Hesab edirlər ki, “Allahverdiyev” soyadı gələcəkdə uşaqlarının mənafeyinə zidd olacaqdır. Belə ki, onlar 18 yaşa çatdıqdan sonra soyadlarını dəyişdirmək istəsələr bu onlar üçün çox çətin olacaqdır. Hər bir şəxsin sərbəst şəkildə ad, soyad seçmək azadlığı vardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif edilmişdir. Cavabdehin etiraz məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərinin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərinin razılığı ilə atanın və ya ananın soyadı verilir. Odur ki, mövcud qanunvericiliyə əsasən ərizəçinin xahişinin tərəflərindən təmin olunması mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçıların vəkili iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin A-216-164 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərinin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərinin razılığı ilə atanın və ya ananın soyadı verilir. Odur ki, mövcud qanunvericiliyə əsasən xahişinin tərəflərindən təmin edilməsi mümkün deyildir. - AZ-İİ seriyalı, 358517 nömrəli, xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.2019-cu ildə nikah bağlanmışdır. - X4 məxsus AZ-İV seriyalı, 568785 nömrəli, xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən o, xx.xx.2021-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası – İddiaçı1, anası isə İddiaçı2dır. - X5 məxsus AZ-İV seriyalı, 715333 nömrəli, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən o, xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası – İddiaçı1, anası isə İddiaçı2dır. - İddiaçı1 tərəfindən verilmiş 29 oktyabr 2022-ci il tarixli notarial ərizəsinin surətinə əsasən övladlarının xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 dəyişdirilərək, doğum haqqında şəhadətnamələrinin soyad qrafasında Hidayətzadə yazılmasına razılıq vermişdir. - İddiaçı2 tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli notarial ərizəsinin surətinə əsasən övladlarının xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 dəyişdirilərək, doğum haqqında şəhadətnamələrinin soyad qrafasında Hidayətzadə yazılmasına razılıq vermişdir. - Asan 2 tərəfindən iddiaçı, İddiaçı1 verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətinə əsasən xx.xx.1981-ci il təvəllüdlü İddiaçı1, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçılar övladlarının soyadının dəyişdirilməsi ilə bağlı rəy verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmidir. İddiaçılar cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 və 26.4-cü maddəsinə görə, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1.-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3.-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.2000-ci il tarixli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.11-ci bəndinə əsasən valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir. Uşağa valideynlərinin adı ilə soyad verilməsinə icazə verilmir. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll edilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2.8.- 2.8.8-ci bəndlərində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideynlər arasında uşağın adına və soyadına münasibətdə yaranan fikir ayrılığının, uşağın mənafeyi nəzərə alınmaqla, həlli istiqamətində zəruri tədbirləri həyata keçirilməsi yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallara istinad olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə, bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan Məhkəmə, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olmasından əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, Məhkəmə dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, Məhkəmə şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, Məhkəmə adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq Məhkəmənin presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, iddiaçıların övladlarının soyadının dəyişdirilməsini tələb etməsinə baxmayaraq, iş üzrə “zəruriliyinin” inandırıcı olması, dəyişdirməyə sövq edən ciddi səbəblər, məsələdə qanuni bir marağın olması və xüsusilə də valideynlərindən fərqli olan soyadın daşımasının uşaqların üstün maraqlarına uygun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçılar tələblərini əsaslandıra bilməmiş, formal mülahizələrə (“sovet dövründən qalmış soyad” kimi göstərməklə) əsaslanmışlar. Göründüyü kimi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “uşaqların soyadının dəyişdirilməsi” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar