Məhkəmə qərarları › İş №2-1(112)-5009/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5009/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5009/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin imtina məktubunda qeyd edilən güzəştli mənzil növbəsindən imtina əsası kimi göstərilən halların əhəmiyyətsiz hesab edilərək iddiaçının ev növbəsinə götürülməyi barədə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin imtina məktubunda qeyd edilən güzəştli mənzil növbəsindən imtina əsası kimi göstərilən halların əhəmiyyətsiz hesab edilərək iddiaçının ev növbəsinə götürülməyi barədə öhdəliyin qoyulması” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ehtiyatda olan zabit kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə müvafiq köməklik edilməsi məqsədilə Xətai rayon icra hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Cavabdehin cavab məktubunda bəhs edilən ünvan 1 ünvanında yerləşən sahəsi 68.7 kv.m olan mənzil hal-hazırda iddiaçının mülkiyyətində deyil. Ümumiyyətlə iddiaçının adına olsa da həmin mənzildən heç zaman istifadə etməmişdir. İddiaçının adına həmin əmlakın olması sadəcə rəsmi sənəd üzərində olmuşdur. Həmin mənzil iddiaçının olmamışdır. İddiaçı Xətai rayonu İcra Hakimiyyətinə bu cür əhəmiyyətli faktları bildirsə də, cavabdeh iddiaçının güzəştli mənzil növbəsinə götürülməsindən imtina etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Lakin hazırda cavabdeh tərəfindən iddiaçının hər hansı bir publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələb irəli sürmək subyektiv hüququnun yaranması birmənalı şəkildə nəzərə çarpmır. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi- güzəştli mənzil növbəsindən imtina əsası kimi göstərilən halların əhəmiyyətsiz hesab edilərək , ev növbəsinə götürülməsi barədə öhdəliyin müəyyən edilməsindən ibarətdir. İddiaçının əhəmiyyətsiz hesab edilməsini istədiyi hal isə - iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospektində yerləşən 64 saylı evin 61 saylı mənzilin Bakı şəhər DNK-nın 25.02.2020-ci il tarixli bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilməsidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.”. Hazırda iddiaçı hüquqların cavabdeh tərəfindən pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi 25 fevral 2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68,7 kv.m. olan mənzil İddiaçı tərəfindən bacısı X2 hədiyyə edilmişdir. Göründüyü kimi, cavabdehin hərəkətləri ilə iddiaçının qanunvericilikdə təsbit edilmiş hüquqların qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin imtina məktubunda qeyd edilən güzəştli mənzil növbəsindən imtina əsası kimi göstərilən halların əhəmiyyətsiz hesab edilərək iddiaçının ev növbəsinə götürülməyi barədə öhdəliyin qoyulması” tələbinə dair iddiа ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin imtina məktubunda qeyd edilən güzəştli mənzil növbəsindən imtina əsası kimi göstərilən halların əhəmiyyətsiz hesab edilərək iddiaçının ev növbəsinə götürülməyi barədə öhdəliyin qoyulması” tələbinə dair iddiаsı mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar