Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-501/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları 6557 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları 6557 saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli və Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 nömrəli sərəncamlarına əsasən ona ayılmışdır. Hazırda müraciətlərinin əsası sözügedən bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlıdır. Bununla bağlı cavabdehə müraciətlər olunmuşdur. Müraciətlərə baxıldıqdan sonra onlara müxtəlif bəhanələrlə imtina cavabı verilmişdir. Sözügedən bağ sahəsi uzun müddətdir ki, onun istifadəsində olmuşdur və yuxarıda qeyd etdiyi sərəncamlarla da, Ləhiş bağları 6557 saylı bağ sahəsinin ona ayrılması öz əksini tapmışdır. Qyed edilənləri, eyni zamanda cavabdeh orqanın əsassız və qanunsuz mövqeyini nəzərə alaraq hazırki iddianı irəli sürmüşlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********86 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən müvafiq bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanının sərəncamında bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı iddiaçı tərəfindən iddia edilən bağ sahəsi onun faktiki istifadəsində olmadığı və göstərilən bağ sahəsi digər şəxslər tərəfindən hasarlandığı müəyyən edilmişdir. Belə ki, bağ sahəsinin daxilində ölçmə işləri aparılması mümkün olmamışdır. Şərti olaraq göstərilən ərazi üzrə hasarlanma işləri sxematik xəritəyə uyğun olaraq aparılmadığından 6557 saylı bağ sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-Q-0458/2023 **********86 nömrəli məktubla imtina edilmişdir.
8. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 nömrəli sərəncamından çıxarışa dair Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 04 may 2023-cü il tarixli, 3-52/2-Q-166-112/2-23 nömrəli arxiv arayışına əsasən “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” Bakı şəhər İcra hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamına əsasən vətəndaşlara aşağıdakı bağ sahələri ayrılmışdır: 230. İddiaçı – müh.vet – Ləhiş bağ № 6557.
9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21- 3-30/2-44773/2023 **********73 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 6557 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 nömrəli sərəncamından çıxarışa dair Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən 14 dekabr 2023-cü il tarixli, 3-52/2-6846/2023 nömrəli arxiv arayışı məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-ccü il tarixli, 3- 21-3-30/2-10472/2024 **********72 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 289 nömrəli sərəncamının İdarənin arxivində saxlanılan nüsxəsində bağ sahələrinin ayrı-ayrılıqda sahələri qeyd edilməmişdir. Diqqətə çatdırılır ki, bağ sahələrinin icarəyə verilməsi haqqında vətəndaşlara verilmiş hüquqmüəyyənedici sənədlərdə (müqavilə, order və s.), eləcə də, həmin sənədlərin arxiv nüsxələrində göstərilən məlumatlar (bağ nömrəsi, sahəsi və s.) əsas götürülür. Həmçinin qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamı İdarənin arxivində aşkar edilməmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 1 aparel 2025-ci il tarixli, 3-21-3-30/2-11987/2025 nömrəli məktubla bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən sahə ümumi hasar daxilindədir. Ara sərhədləri şərtidir. Sahədə tikili yoxdur. İddiaçının nümayəndəsi tərəfindən verilən şifahi məlumata əsasən bir-birinə bitişik torpaq sahələri digər vətəndaşlar tərəfindən hasara alınmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahənin bir hissəsi qonşu özəl bağ sahələrinə əsasən 6556 saylı bağın ərazisinə düşür. Ərazidə hasarlanma işlərinin sxematik xəritəyə tam uyğun olmaması səbəbi ilə sxematik xəritəyə əsasən araşdırmaq mümkün olmamışdır. Bundan başqa sahəyə digər fiziki şəxs müraciətləri mövcuddur. Qeyd olunanlarla yanaşı torpaq sahsəinin ortofoto görüntüsünü, müayinə aktını, koordinatları və inzibati icraat materiallarının surətləri məhkəməyə göndərilmişdir. Təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki 1200 kv.m şərti, 2400 kv.m ümumi sahə təşkil edir. Göstərilən sahə ümumi hasar daxilindədir. Vətəndaşın nümayəndəsi bildirmişdir ki, sahədə 6556 saylı bağ sahəsi yerləşir. Ara sərhədləri şərtidir. Ümumi sahə 2400 kv.m təşkil edir. Sahədə olan darvazalar aşmış vəziyyətdə olduğundan sahəyə giriş sərbəst idi. Sahədə tikili yoxdur. Vətəndaşın nümayəndəsi şifahi olaraq bildirmişdir ki, sahədə olan hasarlanma işləri digər başqa vətəndaş tərəfindən aparılmışdır. Ümumi sahənin və ümumi sahədən şərti olaraq göstərilən 1200 kv.m sahənin koordinatları əlavə olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, vətəndaş əvvəlki müraicətində indi göstərdiyi sahənin cənub hissəsindəki sahənin 6557 və 6556 saylı bağ kimi sahəni hasarın çölündən göstərmişdir.
13. Məhkəmənin sorğusuna əsasən 15 aprel 2025-ci il tarixli, 3-21-3-30/2- 14512/2025 nömrəli məktubla Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamın İdarənin arxivində mövcud olan nüsxəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 21 may 2025-ci il tarixli, 3- 21-3-30/2-20779/2023 nömrəli məktubla bildirilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, göstərilən sahə ümumi hasar daxilindədir. Ara sərhədləri şərtidir. Sahədə tikili yoxdur. İddiaçının nümayəndəsi tərəfindən verilən şifah məlumata əsasən bir-birinə bitirişik torpaq sahələri digər vətəndalar tərəfindən hasara alınmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahənin bir hissəsi qonşu özəl bağ sahələrinə əsasən 6556 saylı bağın ərazisinə düşür. Ərazidə hasarlanma sxematik xəritəyə tam uyğun olmaması səbəbinə sxematik xəritəyə əsasən araşdırmaq mümkün olmamışdır. Bundan başqa sahəyə digər fiziki şəxs müraciətləri mövcuddur. Məktuba 6557 saylı bağ kimi göstərilən 1200 kv.m sahənin koordinatları əlavə edilmişdir.
15. İş materiallarına əlavə edilmiş sənədlərdən digər sənədlərdən müəyyən edilmişdir ki, “6556” nömrəli bağ sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı digər fiziki şəxsin Bakı İnzibati Məhkəməsində iddiası mövcuddur və həmin fiziki şəxslə hazırki ddiaçı arasında “6556” və “6557” nömrəli bağ sahələrinə dair hər hansı bir mübahisə mövcud deyildir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. İşin hallarından göründüyü kimi, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” Bakı şəhər İcra hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 nömrəli sərəncamı ilə İddiaçı Ləhiş bağ massivi ərazisində 6557 nömrəli bağ sahəsi ayrılmışdır. Məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, sözügedən bağ sahəsi və onun qonşuluğunda yerləşən vətəndaşlara ayrılmış bağ sahələrinin ölçüsü “1200” kv.m olmuşdur. Sözügedən “6557” nömrəli, ölçüsü “1200” kv.m təşkil edən bağ sahəninin koordinatları məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, iddiaçının iddia etdiyi bağ sahəsi ilə bir hasar daxilində yerləşən digər - “6556” nömrəli, 1200 kv.m bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında digər inzibati iş mövcuddur və həmin fiziki şəxslə iddiaçı arasında sözügedən bağ sahələrinə dair hər hansı bir mübahisə mövcud deyildir. Həmçinin, bağ sahələrinin bir hasar daxilində ölçüləri də, ümumilikdə 2400 kv.m təşkil edir. Bu hal isə ona dəlalət edir ki, tərəflərdən birinin digərinə məxsus bağ sahəsindən hər hansı bir hissədə torpaq zəbt etməsi və həmin torpaq sahəsinə dair tələb irəli mümkün deyildir. Eləcə də, qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi bağ sahəsinin sxematik xəritəyə uyğun olaraq hasarlanmaması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilmə bilməz. Belə ki, sxematik xəritədə olan bu uyğunsuzluğun aradan qaldırılması vəzifəsi də, cavabdehin öhdəliyidir.
26. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.
27. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
30. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “6557” saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva