Məhkəmə qərarları › İş №2-1(112)-5010/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5010/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5010/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə (üçüncü şəxslər X7, X8, X11, X9) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya məxsus ünvan 1 ünvanından X11, X9, X7 və X3 qeydiyyatdan çıxarılması barədə öhdəliyin cavabdeh Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 16.02.2017-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Ərizəyə əlavə edilən arayışdan görünür ki, iddiaçıya məxsus mənzildə əvvəlki mülkiyyətçinin özü və ailə üzvləri qeydiyyatdadırlar. Onların iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə cavabdeh orqana etdiyi müraciət təmin edilməmiş, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5010/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadı ilə X7, X8, X11 və X9 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı 06.05.2021-ci il tarixli məktubunda iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxslərin məlum olan qeydiyyat ünvanlarına məhkəmə bildirişi göndərilmiş, bildirişin olduğu poçt zərfi “bu ünvanda yaşamır” qeydi ilə poçt xidməti tərəfindən geri qaytarılmışdır. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 105.45 kv.m olan daşınmaz əmlak İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə 16.02.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 27.10.2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, X11, X9, X7, X8 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********72 nömrəli, 20.04.2021-ci il tarixli məktubda bildirilmişdir ki, X8, X11 və X5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 32A, 41 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, 2-596/2005-ci il tarixli Bakı şəhəri, Əzizbəyov Rayon Məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 32A, 41 saylı mənzil X4 adına qeydiyyatdan keçmişdir, lakin 53 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-107 reyestr nömrəli 26 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 32A, 41 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlər aşağıdakılardan ibarət olmuşdur: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 X4 adına 21.10.2015-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - AN-İN ******* saylı 26.01.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X7 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 105.45 kv/m olan mənzili alıcı İddiaçı Naizm oğlunun mülkiyyətinə verir. Həmin müqavilənin 8-ci maddəsinə görə satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür, 13-cü maddəsinə görə satıcı X7 30.05.2017-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 53 saylı Notariat ofisi tərəfindən 30.03.2021-ci il tarixli 923 nömrəli məktubla göndərilmiş X7 ilə İddiaçı arasında bağlanmış 26.01.2017-ci il tarixli, 4Ə-107 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işinin surətindən görünür ki, X8 tərəfindən Notariat Kontoruna ünvanlanmış 25.01.2017-ci il tarixli ərizədə X6 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 32A ünvanında yerləşən 41 saylı mənzil satılmasına etiraz etmədiyi bildirilmişdir. X9 tərəfindən Notariat Kontoruna ünvanlanmış 25.01.2017-ci il tarixli ərizədə X6 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 32A ünvanında yerləşən 41 saylı mənzil satılmasına etiraz etmədiyi bildirilmişdir. X11 tərəfindən Notariat Kontoruna ünvanlanmış 25.01.2017-ci il tarixli ərizədə X6 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 32A ünvanında yerləşən 41 saylı mənzil satılmasına etiraz etmədiyi bildirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsi tərəfindən verilmiş 5581-1221 nömrəli, 01.04.2021-ci il tarixli məktubda bildirilmişdir ki, 08.11.1952-ci il təvəllüdlü X7, 11.08.1963-cü il təvəllüdlü X8, 16.08.1994-cü il təvəllüdlü X11 və 12.01.1986-cı il təvəllüdlü X9 08.04.2006-cı ildə Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdırlar. Daxili İşlər Nazirliyinin müvafiq qərarının tələblərinə uyğun olaraq yuxarıda adları qeyd olunan şəxslərin sözügedən ünvana qeydiyyata alınmağına əsas verən sənədlər 5 (beş) il saxlanıldıqdan sonra məhv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin iddiaçının müraciətinə olan 29.01.2021-ci il tarixli, 055-1441A 3221 nömrəli cavab məktubunda X11, X9, X7 və X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına köməklik göstərilməsi ilə bağlı bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq qeyd olunan məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlülüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, işin sadalanan hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 32A saylı evin 41 saylı mənzilinin mülkiyyətçisidir. İddiaçı ona mülkiyyət hüququ ilə məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxslər X7, X8, X11 və X5 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5ci hissəsinin tələblərini rəhbər tutmaqla müraciətin təminindən imtina etmişdir. Hazırki tələbində iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs X7 mübahisəli mənzilin ilkin mülkiyyətçisi, X8, X11 və X9 isə sonuncunun ailə üzvləridir. X7 mənzili İddiaçı 26.01.2017-ci il tarixdə satmış və ailə üzvləri olan X8, X11 və X9 bu satılmaya notarial qaydada razılıq vermiş olsalar da alqı-satqıdan sonra həmin mənzildən qeydiyyatdan çıxmamışlar. İşdən müəyyən olunur ki, üçüncü şəxslər sözügedən ünvanda yaşamırlar. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxslər faktiki yaşamadıqları ünvan üzrə qeydiyyatdadırlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X1 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırki işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da onlar keçmiş mülkiyyətçi və onun ailə üzvləridir, sonuncular hazırki mülkiyyətçinin ailə üzvləri deyillər, həmin ünvanda faktiki olaraq yaşamırlar, onların mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan mənzilin hazırki mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Xəzər Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 08.11.1952-ci il təvəllüdlü X7, 11.08.1963-cü il təvəllüdlü X8, 16.08.1994-cü il təvəllüdlü X11 və 12.01.1986-cı il təvəllüdlü X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X7, X8, X11 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar