Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5013/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “pensiya həcmindən olan fərqin hesablanıb ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2001-ci ilin yanvar ayından 2014-cü ilin iyul ayına qədər onun aldığı pensiya həcminin fərqində olan 80 000 manatın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının təmin edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 08.05.2021-ci il tarixli 2-1(112)-5013/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, istefada olan polkovnik İddiaçı, 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1970-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Gürcüstan, Çexiya, Ukrayna Respublikalarında), 1991-2000-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş və 2000-ci ildə xəstəliyinə görə ordu sıralarından təxris edilmişdir. Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövrdə Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində Əməliyyat şöbəsinin rəisi (17 ay), X7 Əməliyyat şöbə rəisi - Cəbhə komandanının müavini (4 ay) və Əməliyyat istiqaməti üzrə Müdafiə nazirinin müavini (10 ay) vəzifələrində çalışmışdır. 1994-cü ildə ağır yaralandıqdan sonra uzun müddətli müalicəsi, səhhətinin bərpa prosesi və xəstəliyi ilə əlaqədar 1995-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında X3 Hərbi kafedrasının rəisi vəzifəsinə təyin olunmuş və Hərbi kafedralar bağlananda həmin vəzifədən xəstəliyi ilə əlaqədar pensiyaya çıxmışdır. Müdafiə nazirinin əmri düzgün tərtib edilmədiyinə görə onun pensiyası Kafedra rəisi vəzifəsinə müvafiq hesablanmışdır və 787 manat təşkil edirdi. 2014-cü ilə qədər müxtəlif instansiyalara müraciət etmiş, lakin məsələ öz müsbət həllini tapmamışdır. 2014-cü ildə DSMF tərəfindən pensiyası yenidən hesablanmışdır. 2014-cü ilin iyul ayından pensiyasını Müdafiə Nazirliyinin Əməliyyat Baş idarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsinə uyğun alır və məbləği 1289 manat olmuşdur. Fərqi 502 manat təşkil edir. 2014-cü ilə qədər aldığı pensiya ilə sonra düzgün hesablanan pensiya arasındakı 14 il müddətinə yığılan pul fərqini almaq üçün əvvəlki Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə İş Departamentinin direktoru Ağalar Xasıyeva 2014-cü ilin iyul ayında yazılı müraciət etmişdir. Müraciətinə indiyə qədər cavab ala bilməmişdir. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin sədri Şahin Əliyev cənablarına 2020-ci ilin oktyabr ayında yazılı müraciət etmiş, ərizəsinə cavab ala bilməmişdir. Çoxsaylı müraciətlərindən sonra DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının direktor müavini Elvin Axundovdan cavab almışdır. Odur ki, iddianın təmin olunması xahiş edilir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01.06.2021-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müfafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi tam əsassız və təmin edilməməlidir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir.Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçıya ilkin olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə 06.10.2000-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçının adına yenidən “məlumat vərəqi” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.18ci maddəsinə əsasən İdarəyə göndərilmişdir. Tərəflərindən Qanunun həmin maddəsinə uyğun olaraq vəzifə maaşı yenidən hesablanaraq ödənilmişdir. İddiaçının iddia tələbində əvvəlki dövrün hesablanması qanunvericiliyin tələbinə ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Və həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Yuxarıda qeyd edildiyi kimi Qanunun bu maddəsi keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləğinin yalnız vətəndaşın müraciətindən əvvəlki 3 illik dövr üçün ödənilməsinə icazə verir. Bu halda isə iddiaçının tələb etdiyi fərq məbləğinin 2001-2014-cü illəri əhatə etdiyinə görə iddia mümkün sayılmamalıdır.Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi bardə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, bildirdi ki, o, iddia tələbi ilə bağlı 2014-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin onun müraciətinə heç bir münasibət bildirilməmişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi təqdim edilmiş etirazı müdafiə edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X2 mübahisənin həllini məhkəməni mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına 011060 nömrəli pensiya işi əlavə edilmişdir. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin 10 iyun 2014-cü il tarixli 0448 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 01 fevral 1992-ci il tarixli 052 nömrəli və 29 avqust 1992-ci il tarixli 01598 nömrəli şəxsi heyət üzrə əmrləri ilə Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəis müavini təyin olunmuş polkovnik-leytenant İddiaçı xidməti zərurətlə əlaqədar olaraq 01 fevral 1992-ci il tarixdən Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsinin icrasına buraxılmış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 iyul 1993-cü il tarixli 0308 nömrəli şəxsi heyət üzrə əmri (polkovnik-leytenant İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Əməliyyat İdarəsinin şöbəsinin rəis müavini təyin olunması barədə) ləğv olunmuşdur. Səhhəti ilə əlaqədar olaraq xidməti mənafeyi naminə, polkovnik-leytenant İddiaçı Əməliyyat İdarəsinin Əməliyyat şöbəsinin rəisi vəzifəsindən azad edilərək 16 iyul 1993-cü il tarixdən Səhra Cəbhə İdarəsinin Əməliyyat Şöbəsinin rəis müavini təyin olunmuş hesab edilmişdir. İşdə olan İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin sədrinə ünvanladığı 02.11.2020-i il tarixli ərizəsindən görünür ki, iddiaçı 2014-cü ilin iyul ayından Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin Əməliyyat şöbə rəisinin vəzifəsinə hərbi qulluqçusu kimi pensiya alır və o, müraciət edərək, pensiyaya çıxdığı tarixdən 2014cü ilin ayına qədər ödənilməyən pensiya məbləğinin ona ödənilməsini xahiş edir. İş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 28.01.2021-ci il tarixli imtina məktubundan qeyd edilmişdir ki, ona 5 yanvar 2001-ci il tarixindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1840,60 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülür.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.Qeyd olunanları nəzərə alaraq, ərizəsində göstərdiyi dövr Mərkəzi Filiala müraciət edilən tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş üç il müddətindən daha keçmiş dövrə aid olduğundan həmin dövr üzrə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İş materiallarında olan sənədlərdən aydın görünür ki, iddiaçıya ilkin olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə 06.10.2000-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçının adına yenidən “məlumat vərəqi” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.18-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Qanunun həmin maddəsinə uyğun olaraq vəzifə maaşı üzrə pensiya yenidən hesablanaraq ödənilmişdir. Cavabdeh orqan iddiaçının iddia tələbində əvvəlki dövrün (2001-ci il) hesablanmasının qanunvericiliyin tələbinə zidd olması, Qanunun yeni norması ilə keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləğinin yalnız vətəndaşın müraciətindən əvvəlki 3 illik dövr üzrə ödənilməli olması, iddiaçının tələb etdiyi fərq məbləğinin isə 2001-2014-cü illəri əhatə etməsi əsası ilə tələbinin təmininin qeyri-mümkün olması əsası ilə imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya 06.10.2000-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçının adına yenidən “məlumat vərəqi” göndərilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən vəzifə maaşı yenidən hesablanaraq ödənilmişdir. Lakin iddiaçı 2001-ci ilin yanvar ayından 2014-cü ilin iyul ayına qədər aldığı pensiya həcminin fərqində olan 80 000 manatın hesablanaraq ona ödənilməsini xahiş edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə (2-ci abzas) əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin «Qaydalar»ın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin «Qaydaları»ın 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Göründüyü kimi, hərbi qulluqçular sırasından olan şəxslərə pensiya təyin edilməsi zamanı həm ilkin pensiya təyinatı üçün, həm də təminat xərcliyində baş verən artımlarla bağlı pensiyanın yenidən hesablanması üçün iddiaçının xidmət etdiyi orqan tərəfindən məlumat vərəqinin tərtib olunaraq DSMF orqanına göndərilməsi tələb olunur. Yəni, cavabdeh iddiaçının “məlumat vərəqi” göndərildiyi tarixdən ona aid olan vəzifələri yerinə yetirmiş, iddiaçıya təqdim edilmiş məlumat vərəqinə uyğun olaraq pensiya hesablamışdır. İddiaçının tələb etdiyi hallar, yəni çalışdığı vəzifələrin düzgün göstərilməsi və xidmət illərinin düzgün hesablanması isə cavabdehin səlahiyyətinə aid olmayıb, Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir. Həmçinin, məhkəmə iddiaçının iddia tələbi ilə bağlı 2014-cü il tarixdə cavabdehə müraciət etdiyini bildirməsinə münasibət bildirərək, qeyd edir ki, iddiaçı qeyd olunan tarixdə cavabdehə müraciətini təsdiq edən sübutları (poçt qəbzini və sair) məhkəməyə təqdim etməmişdir. Cavabdeh orqanın səlahiyyətli nümayəndəsi də iddiaçının 2020-ci ildən əvvəlki dövrə aid müraciətlərinin İdarədə mövcud olmadığını bildirmişdir. İddiaçı cavabdeh inzibati orqana 2020-ci ildə müraciət etmiş, pensiyanın yenidən hesablanması barədə hazırkı mübahisə həmin vaxtdan yaranmışdır. Odur ki, cavabdeh haqlı olaraq hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrini tətbiq etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 8 oktyabr tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi qanunvericilikdə pensiya məbləğinin vətəndaşın müraciətindən əvvəlki ən çoxu üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə ümumiyyətlə, 2014cü il tarixdə iddia tələbi ilə bağlı cavabdehə müraciət etməyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da bunu təsdiq edən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddianın hüquqi əsası olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5013/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5013/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver