Məhkəmə qərarları › İş №2-1(112)-5014/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5014/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5014/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov bələdiyyəsinə (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonunun Sabunçu bələdiyyəsi) qarşı “qərarın etibarsız hesab edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Sabunçu rayonunun Sabunçu Bələdiyyəsinə və Sabunçu rayonunun Bakıxanov Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonun Bakıxanov Bələdiyyəsinin əmlak və torpaq vergisi borcunun olması barədə xx.xx.2020-ci il tarixli, 027 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra iddiaçının ərizələrinə əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli 2- 1(112)-5014/2021 saylı qərardadı ilə hazırkı iş üzrə cavabdeh kimi göstərilən Sabunçu rayonunun Sabunçu bələdiyyəsinin cavabdeh qismində iştirakına xitam verilmiş, o, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, habelə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi qəbul edilərək iddia tələbi “Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 027 saylı əmlak və torpaq vergisi borcunun olması barədə qərarının etibarsız hesab edilməsi” şəklində qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması

3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, 086977 saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası onun mülkiyyətindədir. O, Sabunçu rayonunun Sabunçu Bələdiyyəsinin (bundan sonra – üçüncü şəxs) təqdim etdiyi bildirişlərə əsasən 2005-ci il tarixdən 2020-ci il tarixədək həmin qeyri-yaşayış binasının mülkiyyətçisi olaraq torpaq və əmlak vergisini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və məbləğdə Sabunçu Bələdiyyəsinin hesabına ödəmişdir. Sabunçu rayonunun Bakıxanov Bələdiyyəsi (bundan sonra – Cavabdeh) sözügedən əmlakın onun ərazi vahidi daxilində yerləşməsini əsas gətirərək, xx.xx.2020-ci il tarixli, 027 nömrəli Qərarı ilə iddiaçıya ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üçün 6013 manat 66 qəpik əmlak və torpaq vergisi borcu hesablamışdır. Mülkiyyətçisi olduğu qeyriyaşayış binası üçün qanunvericiliklə müəyyən edilmiş əmlak və torpaq vergisinin hansı Bələdiyyənin hesabına ödənilməsi onun üçün fərq etmir. Belə ki, nəticə etibarı ilə o eyni məbləğdə ödəniş edəcək. Habelə vətəndaş olaraq mülkiyyətindəki əmlakın hansı bələdiyyənin ərazi hüdudları daxilində olmasını müəyyən etmək imkanına malik deyil və mübahisə cavabdeh ilə üçüncü şəxs arasında həll edilməlıdır.

4. Məhkəmənin müvafiq sərəncamı ilə cavabdehdən iddiaya qarşı öz münasibətinin yazılı şəkildə məhkəməyə bildirilməsi tələb olunsa da, cavabdeh bunu etməmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).

7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi H.Nəcəfov ərazilərin yerləşmə sxeminə əsaslanaraq sözügedən qeyri-yaşayış binasının olduğu torpaq sahəsinin Sabunçu rayonunun Sabunçu bələdiyyəsinin inzibati ərazisinə aid olduğunu bildirdi. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. lll. Məhkəmənin mövqeyi

8. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

9. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçı onun mülkiyyətində olan əmlak barəsində qəbul edilmiş inzibati aktın etibarsız hesab olunmasını xahiş edir. İddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Eyni zamanda cavabdeh qərarı icraya yönəltdiyindən iddiaçının hazırkı iddianı qaldırmağa hüquqi marağı da mövcuddur.

10. İddia həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakıxanov Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 027 nömrəli qərarı ilə İddiaçıdan 4308.94 manat əmlak, 367.20 manat torpaq vergisi, 1337.52 manat faiz olmaqla cəmin 6013.66 manat məbləğində pulun tutulması qərara alınmışdır.

11. Məhkəmə qeyd edir ki, cavabdeh Bakıxanov Bələdiyyəsi həm onun ərazi hüdudları daxilində yerləşməyən əmlak barəsində qərar qəbul etdiyindən, həm də ümumiyyətlə, qanunvericiliyə əsasən belə bir akt qəbul etmək səlahiyyəti olmadığından onun xx.xx.2020-ci il tarixli 027 nömrəli qərarı etibarsız hesab edilməlidir.

12. Belə ki, işdən görünür ki, iddiaçı hazırkı iddianı qaldırarkən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının Bakıxanov bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşməməsinə istinad etmişdir.

13. İşdə olan Sabunçu rayonunun Sabunçu Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Yavər Əliyev küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Sabunçu qəsəbəsinin ərazi hüdudları daxilində yerləşdiyi və əmlak və torpaq sahəsi ilə bağlı vergilərin İddiaçı tərəfindən hər il Sabunçu Bələdiyyəsinə ödənilməsi göstərilmişdir.

14. İşin bu halının obyektiv araşdırılması məqsədilə məhkəmə iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hansı bələdiyyənin (Sabunçu bələdiyyəsi və ya Bakıxanov bələdiyyəsi) əhatə etdiyi ərazi vahidi daxilində yerləşməsi barədə məlumatın və bu halı təsdiq edən sənədlərin təqdim edilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə sorğu ünvanlamış, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti məhkəmənin həmin sorğusuna təqdim olunmuş 1/642 nömrəli xx.xx.2021-ci il tarixli məktubda ərazinin Bakıxanov Bələdiyyəsinin ərazi vahidi daxilində yerləşdiyi bildirilmiş, bu zaman cavabdehin ona təqdim etdiyi mübahisəli əmlakla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, 086977 saylı Çıxarışa istinad etmişdir.

15. Habelə oxşar məzmunlu sorğu cavabdehə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmiş və Xidmət tərəfindən həmin ərazinin Sabunçu Bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi qeyd olunmuş, torpaq sahəsinin faktiki yeləşmə sxemi məhkəməyə təqdim edilmişdir (**********28 nömrəli, 20 aprel 2021-ci il tarixli arayış). Bakıxanov Bələdiyyəsi isə yalnız daşınmaz əmlakla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı təqdim etmiş, həmin daşınmaz əmlakın onun ərazi hüdudları daxilində yerləşməsi ilə bağlı digər heç bir sənədi təqdim etməmişdir.

16. Göründüyü kimi iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakın hansı Bələdiyyənin ərazi hüdudları daxilində yerləşməsi ilə bağlı müxtəlif qurumlar arasında fikir ayrılığı yaranmış, bu halın aydınlaşdırılması məqsədilə yenidən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə məsələyə münasibət bildirməsi, eyni zamanda mövcud olduğu halda Bakıxanov Bələdiyyəsinin və Sabunçu Bələdiyyəsinin sərhədlərini müəyyən edən xəritələrin təqdim edilməsi təklif edilmişdir.

17. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 1/1082 saylı, 8 iyun 2021-ci il tarixli məktubu ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 31 ünvanının Bakıxanov Bələdiyyəsinin inzibati ərazisi kimi tanındığı, hər iki bələdiyyə, yəni Bakıxanov və Sabunçu Bələdiyyələri tərəfindən qeyd edilən ərazinin Bakıxanov Bələdiyyəsinin inzibati ərazisi kimi qəbul edildiyi bildirilmiş, hablə Sabunçu rayonunun inzibati ərazisində yaradılmış bələdiyyələrin heç birinin müvafiq qurumlar tərəfindən bugünə kimi təsdiq olunmuş xəritələri olmadığından Bakıxanov və Sabunçu Bələdiyyələrinin sərhədlərini müəyyən edən xəritələrin təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir.

18. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı ("müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər - Azərbaycan Respublikasının Prezidentin xx.xx.1999-cu il tarixli 237 nömrəli Fərmanının 2-ci hissəsi) lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər.

19. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası” 1.2-ci bəndinə əsasən dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələri (bundan sonra — bələdiyyələrin xəritələri) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin, bu Qaydanın və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra — ƏMDK) tərəfindən hazırlanır.

20. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən bələdiyyələrin xəritələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tərəfindən hazırlandığından, həmin orqanın tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə sorğusuna cavab verərəkən müvafiq sxematik xəritəyə istinad etdiyindən (Sabunçu rayon İcra Hakimiyyəti isə heç bir xəritəyə istinad etmədən yalnız həmin ərazini Bakıxanov Bələdiyyəsinin inzibati ərazisi kimi tanındığını bildirmişdir) həmin qurum tərəfindən təqdim edilmiş məlumat mötəbər hesab edilməli və ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Sabunçu Bələdiyyəsinin ərazisinə daxil olan torpaq sahəsi kimi qəbul olunmalıdır.

21. Belə olan halda aydın olur ki, cavabdeh onun ərazi hüdudları daxilində yerləşməyən torpaq sahəsi və daşınmaz əmlakla bağlı vergi hesablamış və onun tutulması barədə qərar qəbul etmişdir.

22. Bundan başqa məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən cavabdehin hansı ərazidə yerləşməsindən asılı olmayaraq belə bir qərar qəbul etmək səlahiyyəti ümumiyyətlə olmamışdır.

23. Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun: -maddə 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. -maddə 5.1. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1- 1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. - maddə 7.1. qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. - maddə 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir.

24. Həmin normaya uyğun olaraq Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyən “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin: - maddə 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək ələdiyyə vergi xidməti orqanının hüququdur; - maddə 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. - maddə 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. - maddə 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. - maddə 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. - maddə 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. - maddə 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. - maddə 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

25. Sadalanan normalardan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, həmin borcun ödənilməsi ilə bağlı qərarı bələdiyyə qəbul etmir. Bu zaman:

1. bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir;

2. tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir;

3. bələdiyyə həmin akta baxaraq ödəyiciyə münasibətdə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır;

4. çıxarılmış qərarın surəti və vergi borcunun ödənilməsi barədə tələbnamə ödəyiciyə göndərilir;

5. ödəyici müvafiq ödənişləri könüllü qaydada ödəmədikdə, bələdiyyə vaxtı keçmiş borcların məcburi qaydada alınması üçün vergi xidməti orqanının təqdimatı əsasında məhkəməyə müraciət edir.

26. Lakin işin hazırkı hallarından müəyyən olunur ki, Cavabdeh qeyd olunan qanunun tələblərinə əməl etməmiş, məhkəməyə müraciət etmədən özü hesablanmış borcun tutulması ilə bağlı qərar qəbul etmişdir.

27. Doğrudur, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 81.2ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

28. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı müəyyən edilmişdir.

29. Digər tərəfdən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Vergi Məcəlləsi (bundan sonra - VM) vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanundur. VM-nin 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.

30. VM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. VM-in 2.3-cü maddəsinə əsasən vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir.

31. “İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.”

33. İşdə olan cavabdehin xx.xx.2020-ci il tarixli 027 nömrəli qərarından görünür ki, cavabdeh həmin qərarın qəbul edilməsi üçün “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 5.6-cı maddəsinə istinad etsə də, həmin normanın məsuliyyət tədbirlərinin tətbiqi barədə qərarın bələdiyyənin özü tərəfindən deyil, məhkəmə tərəfindən qəbul edilməsi barədə tələbini nəzərə almamışdır.

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci madəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM) 36-cı maddəsinin müddəalarına əsasən, ...tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (36.1). ...tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (36.2). ...tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər (36.3). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov Bələdiyyəsinin 10 noyabr 2020-ci il tarixli 027 nömrəli qərarının etibarsızlığı tanınsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar