Məhkəmə qərarları › İş №2-1(112)-5015/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5015/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5015/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı, “Bank VTB (Azərbaycan)” ASC və ləğv prosesində olan "xxxx" ASC üçüncü şəxslər qismində cəlb edilməklə “adın müvafiq siyahıya salınması və kompensasiyanın hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Bank VTB (Azərbaycan)” ASC və ləğv prosesində olan "xxxx" ASC üçüncü şəxslər qismində cəlb edilməklə “mərkəzləşdirilmiş kredit reyestrinə məlumatın yerləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərkəzləşdirilmiş kredit reyestrinin məlumat bazasına İddiaçı barəsində məlumatın daxil edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının kreditlərinə dair durumu "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında sadalanan kriteriyalara uyğun olduğu üçün o, 04.08.2019-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının pk.fimsa.az ünvanında yerləşən portala daxil olaraq ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə detallı məlumat ala bilmişdir. Belə ki, pk.fimsa.az portalından alınmış məlumatdan göründüyü kimi, İddiaçı restrukturizasiya olunması təklif olunan kreditlər üzrə “Bank VTB (Azərbaycan)” ASC 3624,08 və 2069,80 manat, ləğv prosesində olan ləğv prosesində olan "xxxx" ASC 1240,14 manat məbləğində yeni güzəştli kredit müqaviləsi bağlanılmalı idi. Qaydalara əsasən yeni güzəştli kredit müqaviləsinin bağlanması təklifi müvafiq kredit təşkilatı tərəfindən fiziki şəxslərə bildirişlər göndərməli idi. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idi. Lakin vətəndaş M. İddiaçı qeyd olunan banklar tərəfindən bu günə qədər heç bir təklif haqqında bildiriş almamışdır, onun barəsində olan məhkəmə işləri də geri çağırılmamış, icraya yönəlmişdir. İddiaçı üçüncü şəxs qismində cəlb olunan banklara müraciət etməsinə baxmayaraq, onlar məhkəmə işlərini geri çağırmamışdır və bunu onunla əsaslandırmışlar ki, problemli kreditlərin kompensasiyası AR Mərkəzi Bankın səlahiyyətinə keçdikdən sonra, pc.cbar.az portalında vətəndaş İddiaçı dair məlumat yoxa çıxmışdır. Bu səbəbdən banklar da məhkəmə işlərini geri çağırıb, güzəştli kredit bağlamağa borclu olmadıqlarını bildirmişlər. Halbuki, Qaydalara əsasən İddiaçı kredit borcları haqqında məlumatı AR Maliyyə Bazarlarına Nəzarət Palatasına özləri təqdim etmiş, Palata həmin məlumatlar üzərində işləmiş və məlumatı portala salmışdır. İddiaçı cavabdeh AR X3 Kredit Reyestrinə (MKR) salınması və bu işdə üçüncü şəxs qismində cəlb olunan banklara məhkəmə işlərinin geri çağırılmasına göstəriş verilməsi xahişi ilə müraciət etmişdir, lakin cavabdehdən imtina cavabı almışdır. Cavabdeh AR Mərkəzi Bankı cavab məktubunda özünün həqiqətən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanının icraçısı olaraq tanımış, 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirildiyini bildirmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, İddiaçı barəsində MKR məlumat ərizəsinə əsasən hesablanmış məlumatlar 08.04.2019-cu il tarixində bu məqsədlə yaradılmış elektron portala yerləşdirilmişdir. Lakin 15.04.2019-cu il tarixinədək ləğv prosesində olan "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumatlar MKR məlumat bazasında mövcud olan məlumatlarla ziddiyyət təşkil etdiyindən İddiaçı barəsində olan qeydlər həmin portaldan silinmişdir. Halbuki, İddiaçı portaldan məlumatın silinməsi haqqında heç xəbəri olmamışdır və heç bir inzibati orqan və ya bank bu barədə yazılı bildiriş, sms göndərməmişdir. Vətəndaş hələ də hesab etmişdir ki, ona dair məlumatlar portaldadır. iddiaçı kreditlərlə bağlı məhkəmə işlərinin icrası zamanı bilmişdir ki, onun barəsində problemli kreditlər haqqında məlumatları portaldan silinmişdir. Həmçinin, cavabdeh AR Mərkəzi Bankı iddiaçının 31.12.2019-cu ilə qədər Apellyasiya Komissiyasına müraciət etməməsi üzündən mübahisəli halın araşdırılması baş tutmamasını göstərmişdir. Daha sonra, məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının adının Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və onunla "xxxx" ASC arasında bağlanmış 05.05.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə və “Bank VTB (Azərbaycan)” ASC ilə arasında bağlanmış 26.005.2015-ci il tarixli 148888-CNS-17568 nömrəi kredit müqaviləsinə əsasən kompensasiya hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə münasibət bildirərək öz izahatında qeyd etmişdir ki, ləğv olunmuş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət palatasının 08.10.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəziləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3-cü hissəsinə görə məlumat təchizatçıları Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatları təqdim edir və onların dəqiqiliyi təmin edir. Məhkəmə qərarları istisna olmaqla, MKR-ə məlumatların təqdim edilməsi və sonradan həmin məlumatlara düzəlişlərin aparılması yalnız bank və ya BOKT tərəfindən həyata keçirilir. Belə ki, hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumatlarda Qaydalara Əlavə 1-də göstərilmiş informasiyalar əlavə edilməlidir. Göstərilən bu informasiyalar üzrə məlumat sahibi kimi isə bank və ya BOKT-lar çıxış edir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilib-edilməməsini məkhəmənin mülahizəsinə buraxmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının “Bank VTB (Azərbaycan)” ASC ilə olan kredit müqaviləsinə dair məlumatlarda hər hansı uyğunsuzluq olmamışdır, məlumatlardakı uyğunsuzluq "xxxx" ASC ilə olan kredit müqaviləsi əlaqədar olmuşdur ki, bu da iddiaçının adının reyestrdən çıxarılması üçün yeterli olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04.08.2019-cu il tarixdə AR Maliyyə Bazarlarına Nəzarət Palatasının pk.fimsa.az portalından alınmış məlumatın çıxarışına əsasən, İddiaçı 21.12.2015-ci il tarixinə hesablanmış kompensasiya “Bank VTB (Azərbaycan)” ASC-yə münasibətddə 2064,00 və 1178,80 manat, ləğv prosesində olan "xxxx" ASC-yə münasibətdə isə 1012,27 manat hesablanmışdır; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2793/2020 nömrəli, 16.10.2020ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, İddiaçı və X1 müştərək qaydada 05.05.2014-cü il tarixli ********* №-li Kredit müqaviləsi üzrə 1177.15 manat əsas, 841.51 USD faiz, 200 USD cərimə borcu, müqavilənin bitmə tarixinə hesablanmış gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 169.44 USD borc olmaqla, ümumilikdə 2388.10 USD məbləğində borc pul və 30 manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3438/2016 nömrəli, 16.05.2016ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək, İddiaçı 5404.67 ABŞ dolları əsas, 252.99 ABŞ dolları faiz borcu, cəmi 5657.66 ABŞ dolları borc Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir; "xxxx" MMC tərəfindən Sabunçu rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 01.03.2021-ci il tarixli, 100/116-264 nömrəli məktubdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3438/2016 saylı, 16 may 2016-ci il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqından 2020-ci ilin dekabr ayında 250 manat, 2021-ci ilin yanvar ayında 150 manat, cəmi 400 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilmişdir; Azərbaycan Respublikası Mərkəzi Bankının Vəkil ünvanladığı 05.02.2021-ci il tarixli, 16-00287-2021 nömrəli məktubunda İddiaçı Məmmədrza oğlu barəsində MKR məlumat bazasına əsasən hesablanmış məlumatların 08.04.2019-cu il tarixində bu məqsədlə yaradılmış elektron portala yerləşdirildiyi, lakin 15.04.2019-cu il tarixinədək ləğv prosesində olan "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumatlar MKR məlumat bazasında mövcud olan məlumatlarla ziddiyyət təşkil etməsi səbəbindən vətəndaş barəsində olan qeydlərin həmin portaldan silindiyi qeyd edilmişdir. Əlavə olaraq, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasına (Qayda) əsasən məhz bu kimi mübahisəli halların sonradan araşdırılması üçün ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasında Apellyasiya Komissiyası yaradılmış və kredit borclarının restrukturizasiyası ilə bağlı müraciətlərin qəbulu 31.12.2019-cu il tarixində başa çatdığı halda İddiaçı Məmmədrza oğlu tərəfindən müəyyən edilmiş müddət ərzində Apellyasiya Komissiyasına hər hansı müraciət daxil olmamışdır; Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğuya cavab olaraq, ləğv prosesində olan "xxxx" ASC-nin **********517 nömrəli, 14 iyun 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 05/05/2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ona illik 32 (otuz iki) faiz dərəcəsi ilə, 24 (iyirmi dörd) ay müddətinə 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. 21 fevral 2015-ci il tarixinə 05/05/2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC qarşısında İddiaçı 2637,35 (iki min altı yüz otuz yeddi dollar, 35 sent) ABŞ dolları və 21 dekabr 2015-ci il tarixinə 05/05/2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC qarşısında 1687,12 (bir min altı yüz səksən yeddi dollar, 12 sent) ABŞ dolları məbləğində borc öhdəliyi mövcud olub. Ləğv prosesində olan "xxxx" ASC qarşısında, 05/05/2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 11 iyun 2021-ci il tarixinə, bank əməliyyat sistemində, 1177,15 (bir min yüz yetmiş yeddi dollar, 15 sent) ABŞ dolları məbləğində əsas, 1985,66 (bir min doqquz yüz səksən beş dollar, 66 sent) ABŞ dolları məbləğində faiz, 1951,53 (bir min doqquz yüz əlli bir dollar, 53 sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 5114,34 (beş min yüz on dörd dollar, 34 sent) ABŞ dolları məbləğində borc öhdəliyi mövcuddur. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı ilə "xxxx" ASC arasında 32 faizlə 24 aylıq ********* saylı, 05.05.2014-cü il tarixli kredit müqaviləsi bağlanılmış və iddiaçıya 3800 ABŞ dolları kredit verilmişdir. Bank tərəfindən təqdim edilmiş məlumatlarda ziddiyətli məqamların olması əsas gətirilərək, cavabdeh orqan tərəfindən iddiaçının adı reyestrdən çıxarılmışdır. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında 26.05.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixə 2064,00 manat və 1178,80 manat kompensasiya hesablanmışdır. Cavabdeh orqan tərəfindən “Bank VTB (Azərbaycan)” ASC ilə olan müqavilə üzrə kompensasiya məbləğləri mübahisələndirilmədiyindən, məhkəmə həmin hissədə əlavə araşdırma aparılmasına zərurət görmür. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının (bundan sonra mətndə - Fərman): 1-ci hissəsinə əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. 2-ci hissəsinə əsasən, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli qərarı ilə təsdiqedilmiş, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.2-ci bəndinə əsasən, kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. 4.1-ci bəndinə əsasən, kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir; 4.2-ci bəndinə əsasən, Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasında, iddiaçının "xxxx" ASC ilə olan kredit müqaviləsi üzrə devalvasiya tarixlərinə əsas kredit borcu barədə bazaya ötürülmüş məlumatlar arasında ziddiyyətlər olduğundan iddiaçının adı Fərmanın təsir dairəsinə düşən düşən şəxslərin siyahısından çıxarılmışdır. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar” ilə tənzimlənir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.4-cü maddəsinə əsasən, banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydalar”ın 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə görə, banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Şərh olunan normalarından göründüyü kimi, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına, kredit müqaviləsi üzrə tərəflərin adları, həmçinin hüquqi və fiziki şəxslər qismində çıxış edən borcalanların kreditləri barədə məlumat daxil edilir. Həmin məlumatların düzgün və vaxtında daxil edilməsi isə kreditorlar, yəni müvafiq bankların öhdəliyidir. Borcalanın Fərmanının təsiri altına düşüb-düşməməsi isə, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmiş məlumatlar əsasında yoxlanılır. Cavabdeh orqanın imtinasının əsas dəlili olan, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 05.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmiş məlumatlar arasında ziddiyyətli məqamların aydınlaşdırıması məqsədi ilə ləğv prosesində olan "xxxx" ASC-yə müvafiq sorğu verilmiş və müəyyən edilmişdir ki, İddiaçı 21 fevral 2015-ci il tarixinə 2637,35 ABŞ dolları və 21 dekabr 2015-ci il tarixinə 1687,12 ABŞ dolları məbləğində borc öhdəliyi mövcud olmuşdur. İş materillarında olan 04.08.2019-cu il tarixli, AR Maliyyə Bazarlarına Nəzarət Palatasının pk.fimsa.az portalından alınmış məlumatın çıxarışına nəzər yetirdikdə, "xxxx" ASC ilə olan kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixə 1012,27 manat (1687,12 ABŞ dolları x 0,60 manat) kompensasiya hesablandığı aydın olur, lakin 21.02.2015-ci il tarixə kompensasiya hesablanmamışdır. Təqdim edilmiş məlumatları əsas götürdükdə, məhkəmə qeyd edir ki, iddiaçının "xxxx" ASC ilə olan kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixə 659,33 manat (2637,35 ABŞ dolları x 0,25 manat) kompensasiya hesablanmalıdır. İşin mübahisələndirilməyən halı olan, iddiaçı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında olan kredit müqaviləsi üzrə isə 21.12.2015-ci il tarixə 2064,00 manat (3440 ABŞ dolları x 0,60 manat) və 1178,80 manat (1964,67 ABŞ dolları x 0,60 manat) kompensasiya hesablanmışdır. Göründüyü kimi, hazırkı iş üzrə kredit müqavilələri həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsir dairəsinə düşür. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Bank VTB (Azərbaycan)” ASC və Ləğv prosesində olan "xxxx" ASC üçüncü şəxslər qismində cəlb edilməklə “adın müvafiq siyahıya salınması və kompensasiyanın hesablanması” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və onunla "xxxx" ASC arasında bağlanmış 05.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixə 659,33 manat, 21.12.2015-ci il tarixə 1012,27 manat və onunla “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 26.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixə 2064,00 manat və 1178,80 manat kompensasiyanın hesablanması vəzifəsi Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar