Məhkəmə qərarları › İş №2-1(112)-5015/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5015/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5015/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair aparılmış qeydə dəyişiklik edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümyəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair aparılmış qeydə dəyişiklik edilməsinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, texniki pasport üzrə faktiki 0,12 ha torpaq sahəsindən, özəlləşdirilməmiş 0,06 ha torpaq sahəsinin özəlləşdirilməsini, özəlləşdirilmiş 0,06 ha torpaq sahəsinin üzərində tikilmiş mövcud tikilinin özəlləşdirilməsini, çıxarış üzrə dövlət reyestrində 217 nömrəli reyestr kitabının 20058 nömrəli vərəqində qeyd olunmuş fərdi yaşayış evinin çoxmənzilli yaşayış binası kimi qeydiyyata alınmasının cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçıların nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən ünvan 1 ünvanında özəlləşdirilmiş 0,06 ha torpaq sahəsi üzərində inşa olunmuş mövcud layihə üzrə təsdiq olunmuş çoxmənzilli, çoxmərtəbəli yaşayış binasına mülkiyyət hüququnun verilməsi və mövcud çıxarış üzrə dövlət reyestrində 217 nömrəli reyestr kitabının 20058 nömrəli vərəqində qeyd olunmuş fərdi yaşayış evinin çoxmənzilli bina kimi qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin lahiyəyə uyğun olaraq yaşayış sahələrinin paylarına uyğun ayrıca mənzillər kimi İddiaçı1 və İddiaçı2 adlarına xüsusi mülkiyyət hüququ ilə reyestrdə ayrıca qeydə alınmaqla, ayrıca ünvanın və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportların verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 217 nömrəli reyestr kitabının 20058 nömrəli vərəqində onların yəni- İddiaçı1 2/3 hissədə, İddiaçı2 isə 1/3 hissədə mülkiyyət hüquqları tanınmışdır. Torpaq sahəsi çıxarış üzrə 0.06 ha, texniki pasport üzrə faktiki sahə 0.12 ha təşkil edir. Torpaq üzərində olan tikilinin çıxarış üzrə sahəsi 1626.3 kvadrat metr olsa da, faktiki olaraq 2200 kvadratmetr təşkil edir. xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə ərizə ünvanlayaraq - Texniki passport üzrə faktiki 0.12 ha torpaq sahəsindən, özəlləşdirilməmiş 0.06 ha torpaq sahəsinin özəlləşdirilməsini, özəlləşdirilmiş 0,06 ha torpaq sahəsinin üzərində tikilmiş mövcud tikilinin özəlləşdirilməsini; çıxarış üzrə dövlət reyestrində 217 nömrəli reyestr kitabının 20058 nömrəli vərəqində qeyd olunmuş fərdi yaşayış evinin çoxmənzilli yaşayış binası kimi qeydiyyata alınmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixli 299517 saylı çatdırılma haqqında poçt qaiməsindən görünür ki, ərizə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə çatdırılmışdır. Yenidən, xx.xx.2023-cü il tarixdə tərəflərindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş, lakin, hər iki ərizəyə aidiyyatı qurum tərəfindən heç bir cavab verilməmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 26 dekabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçılar iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş, xx.xx.2024-cü il tarixli, **********27 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 497 nömrəli, xx.xx.1999-cu il tarixili Sərəncamında torpaq sahənin ölçüsü 0.06 ha qeyd edilmiş və həmin torpaq sahəsi ilkin mülkiyyətçilərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 ilə bağlanmış 4Ə-17 reyestr nömrəli, xx.xx.2023-ci il tarixli notarial alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak paylı (0.06 ha torpaq sahəsi ilə birlikdə) mülkiyyət hüququ üzrə 2/3 hissəsi İddiaçı1, 1/3 hissəsi İddiaçı2 adına qeydiyyata alınmış, buna uyğun daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunanlara əsasən, faktiki iddiaçıların istifadəsində olan əlavə 0.06 ha torpaq sahəsi, həmçinin mülkiyyətdə olan tikilinin və fərdi yaşayış evinin çoxmənzilli yaşayış binasına keçirilərək üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hər hansı sənəd təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X15 məhkəmə iclasında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlakın mülkiyyətçiləri olan iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçılar hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İddiaçı1 və başqalarına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun surətindən müəyyən olunur ki, 3 mərtəbəli 21 otaqdan ibarət fərdi yaşayış evinin ümumi sahəsi 1626,3 kv. m, yaşayış sahəsi 501,9 kv.m, köməkçi sahəsi 873,5 kv.m, yarım zirzəmisi 250,9 kv.m, açıq eyvan 182,5 kv.m, tikintialtı sahə 327,5 kv. m kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyi tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ünvan 1 ünvanında, fiziki şəxs İddiaçı1 məxsus fərdi-yaşayış binasının texniki vəziyyəti haqqında müayinə protokolun nəticəsində (surəti) qeyd olunmuşdur ki, Obyektin yükdaşıyan konstruksiyalarının müayinəsi Dövlət Tikinti Normaları (AzDTN 1.7-1) əsasında təşkil edilmişdir. ünvan 3 ünvanında, fiziki şəxs İddiaçı1 məxsus qeyri-yaşayış binasının əsas yükdaşıyan konstruktiv elementlərinin armaturlanması “PROFOMETER PM-630” cihazı ilə yoxlanılmış və cədvəl 1-də verilmişdir. Müayinə zamanı “Schmidt Hammer” cihazı vasitəsi ilə betonun möhkəmlik göstəriciləri müəyyən edilmiş və cədvəl 2-də verilmişdir. Fərdi yaşayış binasının yükdaşıyan dəmirbeton konstruksiyalarında zədələrə və deformasiyalara rast gəlinməmişdir. Fərdi yaşayış binasının texniki müayinə işləri “Azərdövlətsənayelayihə” DL İnstitutu tərəfindən təqdim edilmiş memarlıq layihə əsasında aparılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (Lisenziya № 088385) İddiaçı1 və İddiaçı2 sifarişi əsasında ünvan 5 ünvanında yerləşən mövcud olan fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi tərtib edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən 2023-cü il tarixdə verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin müayinə işləri haqqında texniki rəyin (surəti) nəticəsində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında mövcud 7 mərtəbəli (çox mənzilli) fərdi yaşayış evi təqdim edilmiş memarlıq planlaşdırma bölməsi cizgilərinə uyğun inşa edilmişdir. Vizual baxış zamanı binanın konstruktiv elementlərində qüsurlara rast gəlinməmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********03 saylı xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə olunmuş: Səbail Rayonu İcra Hakimiyyəti Başçısının “Vətəndaş E.M.Hacıyevaya şəxsi qeydiyyat vəsiqəsi verilməsi haqqında” 285 №-li, xx.xx.2007-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 451 ünvanda torpaq sahəsi 600,0 kv. m., üç mərtəbəli, kürsülü və mansardlı, 21 otaqlı, yaşayış sahəsi 499,7 kv.m, seyrəngahlar da daxil olmaqla kpməkçi sahəsi 1200,19 kv. m., ümumi sahəsi 1699,89 kv.m olan fərdi yaşayış evi inşaat, sanitar, yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün vətəndaş X5 şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1375,4 kv. m. olan fərdi yaşayış evi xx.xx.2013cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 217 nömrəli reyestr kitabının 20058 nömrəli vərəqində X5 adına qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* №-li xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X13 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən, 0,06 ha torpaq sahəsinin və ümumi sahəsi 1375 kv.m olan fərdi yaşayış evini X12 və X1 almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1375,4 kv.m olan fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 217 nömrəli reyestr kitabının 20058 nömrəli vərəqində X6 adına qeydiyyata alınmışdır. 18 mart 2013-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsinin surətindən müəyyən olunur ki, X13 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən ü/s 1375,4 kv.m, yaş. sah. 501,9 kv.m., yardımçı sahə 873,5 kv.mdən ibarət 21 otaqlı 451 saylı fərdi yaşayış evini bacısı X9 bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 7 ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1375,4 kv.m olan fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 217 nömrəli kitabının 20058 nömrəli vərəqində X7 adına qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* №-li, xx.xx.2013-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X14 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 11/6765 qeydiyyatlı arayışa əsasən Mərtəbəliliyi 3, 21 otaqlı, ümumi sahəsi 1375 kv.m., yaşayış sahəsi 501,9 kv.m, yardımçı sahəsi 873,5 kv.m və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 451 ünvanda yerləşən fərdi yaşayış evini və mülkiyyətində olan 0,06 ha torpaq sahəsini alıcı X2 mülkiyyətinə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1375,4 kv.m olan fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına Daşınmaz əmlakın dövlət reyestrində 217 nömrəli reyestr kitabının 20058 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı1 (2/3 hissə, 916,93 kv.m, torpaq sahəsinin 2/3 hissə 0,04 ha) və İddiaçı2 (1/3 hissə 458,47 kv.m, torpaq sahəsinin 1/3 hissəsi 0,02 ha) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1375,4 kv. m yaşayış sahəsini və 0,06 ha torpaq sahəsini satın almışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 1626,3 kv. metrdən ibarət fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə 2/3 hissəsi İddiaçı1, 1/3 hissəsi isə İddiaçı2 paylı mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində 217 nömrəli reyestr kitabının 20058 nömrəli vərəqində İddiaçı1 adına qeydə alınmışdır. İddiaçıların hazırkı iddia tələbi ilə bağlı müraciətlərinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********27 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 497 nömrəli, xx.xx.1999-cu il tarixili Sərəncamında torpaq sahənin ölçüsü 0.06 ha qeyd edilmiş və həmin torpaq sahəsi ilkin mülkiyyətçilərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 ilə aralarında bağlanmış 4Ə-17 reyestr nömrəli, xx.xx.2023-ci il tarixli notarial alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak paylı (0.06 ha torpaq sahəsi ilə birlikdə) mülkiyyət hüququ üzrə 2/3 hissəsi İddiaçı1, 1/3 hissəsi İddiaçı2 adına qeydiyyata alınmış, buna uyğun daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunanlara əsasən, faktiki istifadələrində olan əlavə 0.06 ha torpaq sahəsi, həmçinin mülkiyyətlərində olan tikilinin və fərdi yaşayış evinin çoxmənzilli yaşayış binasına keçirilərək, üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Formanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hər hansı sənəd təqdim edilməmişdir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin icraatında müvafiq daşınmaz əmlakla bağlı 2-1(112)-17364/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə mübahisəsi mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 13. Yaşayış sahələrinin növləri 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. 13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: ... 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; ... 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. 3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk növbədə qeyd edilməlidir ki, mübahisə predmeti daşınmaz əmlak üzərində iddiaçıların mülkiyyət hüququ reyestrdə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Qeydiyyat aparılarkən də, fərdi yaşayış evi kimi qeydə alınmış, daha sonra mübahisə predmeti daşınmaz əmlakın yenidən qurulması həyata keçirilmişdir. Mübahisə predmeti olan Daşınmaz əmlakın mövcud vəziyyətinə dair "xxxx" MMC tərəfindən iddiaçıların sifarişi əsasında memarlıq planlaşdırma bölməsi tərtib edilmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən 2023-cü il tarixdə verilmiş fərdi yaşayış evinin müayinə işləri haqqında texniki rəyinə əsasən fərdi yaşayış evi təqdim edilmiş memarlıq planlaşdırma bölməsi cizgilərinə uyğun inşa edilmişdir. Vizual baxış zamanı binanın konstruktiv elementlərində qüsurlara rast gəlinməmişdir. Hazırkı daşınmaz əmlakın təqdim olunmuş layihə əsasında reyestrdə qeydə alınmalı olmasına artıq cavabdeh inzibati orqan hüquqi qiymət verilmişdir. Başqa sözlə, reyestrdən çıxarış verilərkən həmin fərdi yaşayış evinin strukturca ayrıca yaşayış sahələrindən ibarət olması cavabdehə məlum olmuşdur. Bu baxımdan həmin faktlara yenidən istinad olunmaqla iddiaçının müraciətindən imtina oluna bilməz. İddiaçılar hazırda həmin yaşayış sahələrinin onların adına ayrıca reyestrdə qeydə alınması və ünvanın verilməsi tələbini irəli sürmüşdür ki, iş materiallarında olan layihə və cavabdeh tərəfindən verilmiş texniki pasporta əsasən də, həmin binanın strukturca ayrıca Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.4-cü maddəsinə uyğun olaraq mənzillərdən ibarət olması müəyyən olunur. Bu baxımdan, iddiaçılar fərdi yaşayış evinin layihəyə uyğun olaraq həmin yaşayış sahələrinin onların adlarına qeydə alınması və ünvanın verilməsini tələb etməkdə haqlıdırlar. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin lahiyəyə uyğun olaraq yaşayış sahələrinin paylarına uyğun ayrıca mənzillər kimi İddiaçı1 və İddiaçı2 adlarına xüsusi mülkiyyət hüququ ilə reyestrdə ayrıca qeydə alınmaqla, ayrıca ünvanın və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportların verilməsi öhdəliyi DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin lahiyəyə uyğun olaraq yaşayış sahələrinin paylarına uyğun ayrıca mənzillər kimi İddiaçı1 və İddiaçı2 adlarına xüsusi mülkiyyət hüququ ilə reyestrdə ayrıca qeydə alınmaqla, ayrıca ünvanın və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportların verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar