Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5015/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 15 mart 2000-ci il tarixli, 442 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 9 №li evin yanında ayrılmış 300 kv.m torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 15 mart 2000-ci il tarixli, 442 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 9 №li evin yanında 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2000-ci il tarixli 15 mart 2000-ci il tarixli 442 saylı sərəncamında dəyişiklik aparılması haqqında digər sərəncamı ilə həmin torpaq sahəsinin 150 kv.metr hissəsi X3 ayrılmışdır. Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi 9 nömrəli evin yanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətinə imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası sadəcə formal xarakter daşımaqla qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbi ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********25 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı “1330” nömrəli olsa da, aktda istinad olunan sərəncamın nömrəsi “330” kimi qeyd edilmişdir. Həmçinin cizgiyə müvafiq icra hakimiyyəti orqanının müşayiət məktubu əlavə edilməmişdir. Odur ki, yaranmış zərurətlə əlaqədar təqdim edilmiş yerləşmə cizgisinin həqiqiliyinə münasibət bildirilməsi ilə bağlı Bakı şəhərı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd edilən sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, əlavə edilmiş sənədlər toplusuna isə müvafiq akt əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 dekabr 2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 1330 saylı sərəncamı və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 15 mart 2000-ci il tarixli 442 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 9 №li evin yanında 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2000-ci il tarixli sərəncamında göstərilmişdir ki, vətəndaş, X5 rayon icra hakimiyyətinə müraciət edərək, notarial qaydada təsdiq olunmuş ərizələr əsasında vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin ona ayrılmasına icazə verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, vətəndaş İddiaçı Suraxanı İcra hakimiyyəti başçısının 15 mart 2000-ci il tarixli, 442 saylı sərəncamı ilə Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 9 №-li evin yanında 400 kv. metr torpaq sahəsi ayrılmışdır. Eyni zamanda aşkar olunmuşdur ki, ayrılmış sahənin yanında boş, istifadəsiz qalmış 50 kv. metr sahəyə qatılıb, abadlaşdırılıb, daş hasarla hörülüb, rəsmiləşdirilməsi məqsədəuyğundur. Vətəndaş M.Əliyeva qeydiyyatda olduğu mənzili satmış və yaşayış sahəsiz qalmışdır (Bakı ş. 24 №-li Notariat kontorunda, 20 dekabr 1996-cı il tarixli, 010110 saylı müqaviləsi var). Qeyd olunanları nəzərə alaraq, sərəncam verilmişdir ki, Suraxanı rayonu İcra hakimiyyətinin başçısının 15 mart 2000-ci il tarixli, 442 saylı sərəncamının 1-ci və 2-ci bəndlərində dəyişiklik aparılsın və aşağıdakı kimi oxunsun: 1.1.X1 fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 9 №-li evin yanında, 150 (yüz əlli) kv. metr torpaq sahəsi ayrılsın. 1.2.Vətəndaş M.Əliyevaya ayrılmış sahədə 185-000-111C №li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikilməsinə icazə verilsin. Kürsülük 2 metr müəyyən edilsin. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 300 kv.metr, faktiki 450 kv.metr təşkil etmişdir. Torpaq sahəsi 4 tərəfdən mişar daşla hasarlanmışdır. Torpaq sahəsində bir mərtəbəli, mansardlı yaşayış evi və həyət tikilisi var. Torpaq sahəsinin yerləşmə cizgisindəki peremetrik ölçüləri ilə faktiki ölçülər arasında fərq var. Torpaq sahəsi ilə bağlı ********** nömrəli müraciət əsasında qonşu sahə ilə bölgü-sxemi faktiki vəziyyətə uyğun tərtib edilmişdir. Bölgüsü tərtib edilən torpaq sahələrinin hər ikisində artıq istifadə olunan sahələr var. Koordinatlar əlavə edilmişdir. Cavabdehin 18 mart 2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 300.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 450.0 kv.m təşkil edir. Əlavə 150.0 kv.m torpaq sahəsi istifadə olunur. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən baş plan rəyə əlavə olunmuşdur. Vahid elektroon kadastr baza məlumatlarına əsasən sahəyə dair ilkin cizgi ilə mövcud sahə arasında ölçü, konfiqurasiya fərqi var. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi 300 kv.metr hissəsi İddiaçı, 150 kv.metr hissəsi X4 ayrılmaqla tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya etirazla oxşar məzmunlu imtina məktubu verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli, xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 15 mart 2000-ci il tarixli 442 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 9 №li evin yanında 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2000-ci il tarixli sərəncamı ilə 15 mart 2000-ci il tarixli 442 saylı sərəncamında dəyişiklik aparılaraq iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü 300 kv.m müəyyən edilmişdir. Hazırda iddiaçı həmin sərəncama əsaslanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı “1330” nömrəli olsa da, aktda istinad olunan sərəncamın nömrəsi “330” kimi qeyd edilmişdir. Həmçinin cizgiyə müvafiq icra hakimiyyəti orqanının müşayiət məktubu əlavə edilməmişdir. Odur ki, yaranmış zərurətlə əlaqədar təqdim edilmiş yerləşmə cizgisinin həqiqiliyinə münasibət bildirilməsi ilə bağlı Bakı şəhərı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd edilən sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, əlavə edilmiş sənədlər toplusuna isə müvafiq akt əlavə edilməmişdir. Qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi məsələlər formal əsaslar olmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə almaqdan imtina üçün əsas deyildir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamın arxiv nüsxəsi məhkəməyə təqdim edilmiş, həmçinin həmin sərəncama uyğun olaraq 450 kv.metr torpaq sahəsinin tərəflər arasında razılaşdırılmış bölgü sxemi iş materiallarına əlavə edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin bölgü-sxemi faktiki vəziyyətə uyğun tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin faktiki olaraq hasardaxili 450 kv.metr olması, iddiaçının ona sərəncamla ayrılan 300 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasına maneə ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi əsaslar həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 15 mart 2000-ci il tarixli, 442 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 9 №li evin yanında ayrılmış 300 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 15 mart 2000-ci il tarixli, 442 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 9 №li evin yanında ayrılmış 300 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-5015/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5015/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver