Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5016/2024 02.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “kadastr planın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 2620 nömrəli sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan ərazidən 796 kv.m torpaq sahəsinin Keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi tərəfindən X7 kitabında 483 nömrə ilə uçota alınmış xx.xx.2006-cı il tarixli kadastr planının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon icra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 2620 nömrəli sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan ərazidən 796 kv.m torpaq sahəsi onun istifadəsinə verilmişdir. Keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsünə dair sxem tərtib edilmişdir. Həmin plan çəkilsə də sxemdə göstərilən ərazi ilə iddiaçıya verilmiş torpaq sahəsi üst-üstə düşmür. Həmin ərazi ona məxsus deyildir. Plan çəkilən zaman ərazinin ölçüləri dəqiq müəyyən edilmədiyindən səhv çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi ləğv edilmiş, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsinin X7, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Odur ki ilk növbədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 kitabında xx.xx.2006-cı il tarixində 483 nömrə ilə uçota alınmış ona verilmiş torpaq sahəsinin kadastr planının etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş, Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********92 nömrəli məktubuna əsasən məsələnin idarənin səlahiyyətləri xaricində olduğu, məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının tərəf iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********3000067 nömrəli Torpaq sahəsinin Kadastr planına əsasən Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cı il tarixli, 2620 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün X2 ayrılmış 796 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 3-21-3-60\2-1521/2024 nömrəli məktubu ilə təqdim edilmiş Mərkəzin arxivində saxlanılan İddiaçı adına verilmiş **********3000067 nömrəli “Torpaq sahəsinin Kadastr plan”nın tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surətindən görünür ki: -Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cı il tarixli, 2620 nömrəli sərəncamına əsasən Binə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 3a-da yaşayan X4ma Mərdəkan qəsəbəsində 895 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılması, evin tikintisinin təsdiq edilmiş 145-000-129s tipli layihə əsasında aparılması qərara alınmışdır. -Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cı il tarixli, 2620 nömrəli sərəncamı ilə vətəndaş X2 Mərdəkan qəsəbəsində olan 895 saylı sahənin sxemi və baş plandan çıxarışı Əzizbəyov RİHB-nin 1-ci müavini Ə.Heydərov tərəfindən və Mərdəkan qəsəbəsi üzrə Bələdiyyəsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Cavabadeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********92 nömrəli məktubunda bildirilmişdir ki, müraciətdə qeyd etdiyiniz məsələ idarənin səlahiyyətləri xaricindədir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cı il tarixli, 2620 nömrəli sərəncamı ilə X3 Mərdəkan qəsəbəsində 895 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılması ayrılmış, torpaq sahəsinin yerləşmə cizgisi torpaqayıran yerli icra hakimiyyəti orqanı tərəfindən tərtib edilərək təsdiq edilmiş, qeyd edilən torpaqayırma sənədləri əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********3000067 nömrəli Torpaq sahəsinin Kadastr planı tərtib edilmişdir. İddiaçı iddia ərizəsində kadastr planının yerləşmə sxemində göstərilən ərazi ilə iddiaçıya verilmiş torpaq sahəsi üst-üstə düşmədiyini, həmin ərazinin ona məxsus olmadığını, planın səhv çəkildiyini qeyd etsə də, qeyd edilən kadastr planı etibarsız hesab edildiyi halda naturada hansı torpaq sahəsinə plan-ölçü sənədinin verilməli olduğunu əsaslandırmamışdır. Məhkəmə iclasında iddiaçı verdiyi izahatda Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cı il tarixli, 2620 nömrəli sərəncamı ilə torpaq sahəsi ayrılsa da faktiki istifadəsində hər hansı torpaq sahəsinin olmadığını, qeyd edilən sərəncam əsasında ayrılmış və kadastr planı tərtib edilmiş torpaq sahəsinin onun faktiki istifadəsində olmadığını və mübahisəli kadastr planı ləğv edildiyi təqdirdə ona yerli icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsinin ayrılacağını əsas götürərək hazırkı iddianı qaldırdığını bildirmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək;(.....). Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. İşin hallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə əliverişli inzibati akt qəbul edilmiş, həmin inzibati aktın tərkib hissəsi kimi torpaq sahəsinin naturada ayrılmasını təsdiq edən yerləşmə cizgisi tərtib edilmiş və yekunda ilkin torpaqayırma sənədləri əsasında iddiaçının adına ayrılmış torpaq sahəsinin koordinatlarını göstərən kaadstr planı tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənədlər əsasında verilmiş və iddiaçı üçün əliverişli hüquqi nəticə yaradan kadastr planının etibarsız hesab edilməsi üçün qanuni əsas və hüquqi zərurət yoxdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Hazırkı halda iddiaçı cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının müraciətindən imtinası, hərəkət və ya hərəkətsizliyi ilə hüquq və qanunla qorunan mənafeləri pozduğunu əsaslandırmamışdır. Odur ki, cavabdehə qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün əsas gətirdiyi dəlillər cavabdeh orqana qarşı kadastr planının etibarsızlığı ilə bağlı iddianın qaldırılmasına əsas verən faktiki əsaslar deyil, naturada ayrılmış və koordinatları elektron baza sisteminə işlənilmiş (kadastr planı tərtib edilmiş) torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını tələb etmək, torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması ilə bağlı iddiaya hüquqi əsas verə bilər. Odur ki, hazırkı iddianın qaldırılmasına iddiaçının qanunla qorunan hüquqi marağı da müəyyən olunmur. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ova
Məhkəmə qərarları › İş №2-1(112)-5016/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5016/2024
02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver