Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5016/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydlərində dəyişiklik edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydlərində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı ona məxsus VИ-ЖГ 331985 nömrəli doğum haqqında şəhadətnaməsində anası Qarayeva (Əliyeva) Gülşən Hüseyn qızının milliyyəti qrafasında düzəliş edilərək “yəhudi” yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası Qarayeva (Əliyeva) Gülşən Hüseyn qızının doğum haqqında şəhadətnaməsində düzəliş olunaraq onun anası X2 milliyyəti qrafasında “azərbaycanlı” sözü “yəhudi” sözü ilə əvəz olunmuşdur. Bu barədə ona AZ-B 012271 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən, onun da, VЙ-ЖГ 331985 nömrəli doğum haqqında şəhadətnamədə anası Qarayeva (Əliyeva) Gülşən Hüseyn qızının milliyəti qrafasında “yəhudi” yazılması ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə onun müraciətini təmin etməyərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona məxsus doğum haqqında akt qeydlərində anası Qarayeva (Əliyeva) Gülşən Hüseyn qızının milliyyəti qrafasında düzəliş edilərək “yəhudi” yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, Nəsimi rayon qeydiyyat şöbəsinin iş üzrə etirazı yoxdur və qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi iş yükünün çox olması səbəbindən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-16-5/8-16-3479/24 nömrəli məktubla imtina edilmişdir.
8. İddiaçıya məxsus VИ-ЖГ № 331985 nömrəli, xx.xx.1980-ci il tarixli doğum haqqında şəhadətnamə iş materiallarına əlavə edilmişdir.
9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, 1980 nömrəli və Əliyeva (Qarayeva) Gülşən Hüseyn qızının xx.xx.1956-cı il tarixli, 401 nömrə ilə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış doğum haqqında akt qeydlərinin surətləri məhkəməyə təqdim edilmişdir.
10. Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən “X3 ölümü barədə”, “X11 və X4 nikahı haqqında”, “X1 doğumu haqqında”, “X9 və X7 nikahı haqqında”, “X5 doğumu haqqında” və “X6 doğumu haqqında” vətəndaşıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar əsasında arayışlar təqdim edilmişdir.
11. Notarial qaydada təsdiq edilmiş **********146 nömrəli ərizəyə əsasən X10 bildirmişdir ki, qızı İddiaçı Nəsimi rayon qeydiyyat şöbəsində saxlanılan doğum haqqında akt qeydində valideynləri haqqında məlumatda ananın milliyyətinin “azəbaycanlı”dan “yəhudi”yə düzəliş edilərək dəyişdirilməsinə razıdır. Özünə aid doğum haqqında şəhadətnamədə anasının milliyyəti “yəhudi” yazılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİ bəndinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İİİ bəndinə əsasən Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 44-cü maddəsinin İ bəndinə əsasən hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
19. Göründüyü kimi, milli mənsubiyyətin qorunub saxlanılması konstitusion hüquqdur və kiminsə milli mənsubiyyətinin dəyişdirilməsinə məcbur edilməsi yol verilməzdir. Konstitusion hüquq isə təkcə səlahiyyətli inzibati orqanın müdaxiləsindən çəkinmək xarakteri daşımayıb, o cümlədən inzibati orqanın aktiv hərəkətini də, özündə ehtiva edir. Başqa sözlə milli mənsubiyyətin dəyişdirilməsinə məcbur edilməmə, məcbur edilmiş milli mənsubiyyəti məcburi olaraq dəyişdiirlmiş şəxsin milli mənsubiyyətini rəsmi olaraq bəyan etməsinə də, şərait yaratmalıdır. Hər iki halın reallaşdırılması zamanı milli mənsubiyyətin qorunması hüququnun təminatından söhbət gedəcəkdir. Başqa sözlə təkcə milli mənsubiyyətin dəyişdirilməsinə məcbur etmənin qarşısını almaqla milli mənsubiyyət hüququnun təminatı baş vermir. Səlahiyyətli qurum bu zaman milli mənsubiyyəti məcbur olaraq dəyişdirilmiş şəxsin milli mənsubiyyətini sənəd üzərində bərpa etməsinə də, yönəlmiş tədbirləri də əsaslar mövcud olduğu təqdirdə həyata keçirməlidir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
23. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8-ci bəndinə əsasən doğum akt qeydində valideynlərin milliyyəti ilə bağlı konkret qayda müəyyən edilmişdir. Həmin bəndə əsasən uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Həmin bənddə qeyd edilir ki, valideynlərin milliyyəti barədə qeyd şəxsin milliyyətinin göstəricisidir.
24. İşin hallarından göründüyü kimi, hazırki inzibati mübahisənin əsası iddiaçıya məxsus doğum haqqında akt qeydində milliyyəti ilə bağlı məlumatlarda dəyişikliklərin edilməsi ilə bağlıdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinanasının əsası olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın yuxarıda qeyd edilən tələblərindən də, göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı, indiki halda cavabdeh tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda həyata keçirilməlidir. Cavabdeh isə istinad etdiyi qanunvericilik müddəasının tələblərini nəzərə almamış, hazırki dəyişikliyin edilməsinə dair heç bir mübahisənin olmamasını, eləcə də, dəyişikliyin edilməsinə dair kifayət qədər əsasların olmasını nəzərə almadan, iddiaçının müraciətinin təmin edilmədindən imtina edilmişdir. Belə ki, iş materiallarında olan iddiaçının anasına məxsus doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının anasına məxsus şəhadətnamədə uşağın anası bəndi qrafasında ananın milliyəti “yəhudi” göstərilmişdir və hazırda iddiaçının anası notarial qaydada razılıq ərizəsi təqdim edərək, iddiaçıya məxsus doğum haqqında akt qeydində ona məxsus qrafada milliyyətinin “yəhudi” kimi göstərilməsinə etiraz etmədiyini bildirir.
25. Göründüyü kimi, səlahiyyətli inzibati orqanın yəhudi milliyyətindən olan şəxsin milli mənsubiyyətinin qorunub saxlanılması ilə bağlı öhdəliyi şəxsin konsitutsion hüququnun həyata keçirilməsindən irəli gəlir.
26. İşin faktiki halları, yəni iddiaçının iddiasının təminini təsdiq edən edən iş materiallarında olan aidiyyəti sənədlər mötəbər olmaqla iddianın təmini ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur.
27. Qanunvericiliklə milliyyətin şəxsin öz doğum akt qeydində göstərilməsi imkanı nəzərdə tutulmamışdır. Belə ki, şəxsin öz doğum haqqında akt qeydində və şəhadətnamədə milliyyəti onun ata və anasının milliyyəti ilə müəyyən olunur. İddiaçı da, bununla əlaqədar inzibati orqana müraciət edərək, onun milliyyətinin göstərilə biləcəyi doğum haqqında akt qeydləri və şəhadətnamədə dəyişikliklərin həyata keçirilməsini xahiş etmişdir.
28. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X8rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).
29. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı məxsus xx.xx.1980-ci il tarixli, 1980 nömrəli doğum haqqında akt qeydlərində anası Qarayeva (Əliyeva) Gülşən Hüseyn qızının milliyyəti qrafasında düzəliş edilərək “yəhudi” yazılması öhdəliyi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva