Məhkəmə qərarları › İş №2-1(112)-502/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-502/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-502/2020 04.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X10 və qeyriləri) “mənzilə olan qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X10 və qeyriləri)iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 saylı evin 51 saylı mənzilindən X9, X4, X13, X2, X6, X7, X1, X24, X14, X17, X5, X18, X19 qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o, 1991-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 84 saylı evin 51-ci mənzilini alqı-satqı yolu ilə almışdır. Mənzil bir otaq 33.43 kv.m-dən ibarətdir. Mənzildə həmin vaxtdan ailəsi ilə, yəni qızı 1995-ci il təvəllüdlü X33 və oğlu 2001-ci il təvəllüdlü X31 ilə birlikdə yaşayır, həmin mənzildə qeydiyyatdadırlar. Mənzil onun xüsusi mülkiyyətindədir. Son vaxtlar onun mülkiyyətində olan mənzilə müxtəlif şəxslər barəsində X42 tərəfindən cərimələr, məhkəmə bildirişləri gəldiyindən araşdırmalar nəticəsində məlum oldu ki, həmin mənzildə iddia ərizəsində qeyd olunan şəxslər qeydiyyatdadırlar. Göstərilən şəxslərin heç birini tanımır, Azərbaycanın müxtəlif rayon və Rusiya Federasiyası sakinləridir, heç biri ilə qohumluq əlaqəsi yoxdur, onun mənzilində heç vaxt yaşamamışlar və mənzildən istifadə etməmişlər. Həmin şəxslərin onun xüsusi mülkiyyətində olan mənzilinə qeydiyyata düşmələri üçün o, razılıq verməmişdir. Onların necə qeydiyyata düşmələrini bilmir və harada yaşamaları barədə məlumatsızdır. O, iddia ərizəsində göstərilən üçüncü şəxsləri tanımır, onlarla qohumluq əlaqəsi yoxdur, onların ona məxsus mənzilə qeydiyyata düşmələrindən məlumatı yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəməyə gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 84, mənzil 51 ünvanında yerləşən mənzil İddiaçı adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli ******* saylı arayışından görünür ki, X16 (xx.xx.1951), X33 (xx.xx.1995), X31 (xx.xx.2001), X11 (xx.xx.1979), X12 (xx.xx.1938), X8 (xx.xx.1972), X3 (xx.xx.1975), X21 (xx.xx.1981), X26 (xx.xx.1978), X27 (xx.xx.1959), X10 (xx.xx.1976), X32 (xx.xx.1941), X15 (xx.xx.1974), X22 (xx.xx.1956), X28 (xx.xx.1972) ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Cavabdehnə tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 082-33004B saylı məktubundan görünür ki, iddiaçının üçüncü şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 84, mənzil 51 ünvanından qeydiyyatdan çıxarılmaları ilə bağlı müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat“ haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən ünvan 3 ünvanından ərizədə qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirildiyi bildirilmiş, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdehnə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 082-10802-1220 saylı məktubundan görünür ki, ünvan 5 ünvanda qeydiyyatda olan şəxslərin qeydiyyata düşmələrinə əsas olmuş sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə DİN-in xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərarına əsasən 5 il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia ərizəsində göstərilən üçüncü şəxsləri tanımır, onlarla qohumluq əlaqəsi yoxdur, onların ona məxsus mənzilə qeydiyyata düşmələrindən məlumatı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi; 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 84, mənzil 51 iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər iddiaçıya məxsus həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını tələb edir. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda olsalar da, onların hansı əsasla iddiaçının mənzilinə qeydiyyata alınmaları barədə sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzilə qeydiyyata alınmaları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmamışdır. Hazırda üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 84 saylı evin 51 saylı mənzilindən X9, X4, X13, X2, X6, X7, X1, X24, X14, X17, X5, X18, X19 qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar