Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-502/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu il tarixdən ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin növbəti dəfə təyini ilə bağlı 2021-ci il tarixdə müraciətə cavabvderh tərəfindən əsassız və qanunsuz olaraq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əlavə ixtisaslaşmış müalicəyə ehtiyac var. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, 22 iyun 2021-ci il tarixli göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinə baxılmış və əlavə ixtisaslaşdırılmış müalicəyə ehtiyac olması səbəbi ilə imtina edilmişdir. Cavabdeh hesab edir ki, inzibati orqanın imtinası əsaslıdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ona 12 mart 2021-ci il tarixdən üçüncü qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçıya əlilliyin əvvəlki təyinatları aşağıdakı xəstəliklərlə əlaqədar olmuşdur.
1. Sağ bazu sümüyünün epikondiluslardan keçən bitişmiş sınığı. Sağ dirsək oyağının postravmatik varus deformasıyası. Bazu və ya dirsək oynağının laxlanması səbəbi ilə (26 fevral 2009-cu il tarixli göndəriş əsasında),
2. Sağ bazu sümüyünün kondilusların bitişmiş sınığı oynaqlarda varus deformasiyası. Bazu və ya dirsək oynağının laxlanması səbəbi ilə (12 mart 2014-cü il tarixli göndəriş əsasında),
3. Sağ bazu sümüklərinin kondilusların bitişmiş sınığı oynaqlarda varus deformasiyası. Bazu və ya dirsək oynağının laxlanması səbəbi ilə (12 mart 2015-ci il tarixli göndəriş əsasında),
4. Sağ bazu sümüklərinin kondilusların bitişmiş sınığı oynaqların varus deformasiyası. Bazu və ya dirsək oynağının laxlanması səbəbi ilə (14 mart 2016-ci il tarixli göndəriş əsasında), İş materiallarında olan 22 iyun 2021-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu M21.1.Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sağ bazu sümüyün distal 1/3 kondiluslardan keçən bitişik sınığı və dirsək oynağın postravmatik varus deformasiyası xəstəliklə əlaqədardır. Ağırlaşmala isə aşağıdakılardır: M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Postravmatik atrofiyası; M24.5- Oynaqların kontrakturası. Sağ oynağının kontrakturası; S42.4- Bazu sümüyünün aşağı ucunun sınığı. Sağ bazunun kondiluslarından keçən q/düzgün bitişmiş sınığı və dirsək oynağın varus deformasiyası; M21.8- Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları. Sağ bazunun nəzərə çarpan varus deformasiyası; R52.1- Müalicəyə tabe olmayan daimi ağrı. Yanaşı xəstəliklər isə aşağıdakılardır: G24.8- Digər distoniyalar. Vegetativ damar distoniyası İş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli, 2709003AAC80 saylı göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu M21.1.Digər rubrikalarda təsnif olunmayan varus deformasiya ilə əlaqədardır. Ağırlaşmala isə aşağıdakılardır: M24.5- Oynaqların kontrakturası. R52.1- Müalicəyə tabe olmayan daimi ağrı. M21.8- Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları. S42.4- Bazu sümüyünün aşağı ucunun sınığı. M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi; Yanaşı xəstəliklər isə aşağıdakılardır: G24.8- Digər distoniyalar. Vegetativ damar distoniyası. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər iddiaçıda əlilliyin təyininə əvvəllər əsas vermiş və hal hazırda əlilliyin təyinatına əsas vermiş göndərişdə qeyd olunan xəstəliklər arasında uyğunluğun olub-olmaması müvafiq ixtisaslı bilik tələb etsə də, hazırda əlilliyin təyin edilib-edilməməsi məsələsinə münasibətdə səlahiyyətli məhkəmə həmin uyğunluğun mövcudluğunu istisna etmir. Ən azından ilkin tibbi biliklər əvvəllər əlilliyin təyinatına əsas vermiş xəstəliklərlə, hazırda iddiaçıda mövcud olan xəstəliklərlər arasında uyğunluğun mövcudluğunu təsdiq etmək üçün kifayət edir. Lakin, məhkəmə xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmişdir. Məhkəməyə daxil olmuş ilkin ekspert rəyində ekspertlər hesab etmişdir ki, canlı müayinə zamanı iddiaçının sağ bazanun yuxarı 1/3-də sümükdə əyrilik var. Həmçinin qeyd edilir ki, göndərişdə əks olunan diaqnozlar nəzərə alınmaqla aşkar olunan patofunksional dəyişikliklə onda əlilliyin təyininə əsas verə biləcək xəstəlik yoxdur. Məhkəmə isə həmin rəyin prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsi qənaətinə gəlmiş və təkrar ekspertiza təyin etmişdir. Belə ki, iş materiallarında olan 09 mart 2022-ci il tarixli məktubla məhkəməyə daxil olmuş ilkin ekspert rəyindən görünür ki, həmin ekspertizada yoxlamada X2 iştirak etmişdir. Həmin şəxs isə cavabdehin əməkdaşıdır. Göründüyü kimi iş üzrə sübut əhəmiyyəti daşıyan ekspert rəyi tərəflərdən birinin nümayəndəsinin iştirakı ilə keçirilmişdir ki, həmin rəyin mötəbərliyindən söhbət gedə bilməz. Beləliklə, həmin hallar nəzərə alınmaqla təkrar ekpsertizanın təyin edilməli olması, cavabdehin iştirakı istisna edilməklə ekspertizanın keçirilməli olması və iş üzrə zəruri olan digər hallar təkrar ekspertiza təyini barədə qərardadda xüsusi olaraq qeyd edilmiş və qərardad iş materialları ilə birgə aidiyyəti ekspertiza idarəsinə göndərilmişdir 06 iyul 2022-ci il tarixli məktubla məhkəməyə daxil olmuş növbəti ekspert rəyində isə qeyd edilmişdir ki, iddiaçı 08 fevral 2022-ci il tarixdə TSEK-in ekspertləri ilə birgə müayinədən keçirilmiş, onun şəxsi müayinəsində müəyyən edilən xəstəlik patofunksional dəyişikliklə əlillik dərəcəsinin təyin edilməsi üçün əsas vermir. Lakin bu dəfəki rəydə əvvəlki rəydən fərqli olaraq ekspertiza tədqiqatı zamanı iddiaçının canlı müayinəsi həyata keçirilməmiş, TSEK-in ekspertləri ilə birgə 08 fevral 2022-ci il tarixdə keçirilən müayinə əsas götürülmüşdür. Məhkəmə yenə də təkrar ekspertizanın keçirilməsini əsas hesab etmiş və yenidən qərardad qəbul etmişdir. Qərardadda da qeyd edildiyi kimi ekspertlər məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsialmış şəxslərdir. Nəzərə alınmalıdır ki, ekspertlərin xüsusi məsələlərə dair zəruri biliyə malik olan şəxslər olması, onların həmin sferalar üzrə xüsusi biliyə sahib olmalarının göstəricisidir ki, ekspertiza tədqiqatını düzgün aparmaq, qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək onların əsas vəzifələrindən biridir. Məhkəmə qeyd etmək istəyir ki, məhkəmə tibbi ekspertizası təyin edilərkən məhkəmə, iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsinin xüsusi bilik tələb olunduğu qənaətinə gələrək məhkəmə tibbi ekspertizanın təyin edilməsinə qərar vermişdir. Lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin ekspertləri tərəfindən məhkəmə qərardadında qoyulan sualla cavab verilməmiş, qərardadda iddiaçının canlı müayinəsinin keçirilməsi tələb olunsa da, canlı müayinə həyata keçirilməmişdir. Halbuki, ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatını aparan ekspertlər məhkəmə-tibb ekspertləri olmaqla yanaşı bu sahədə uzun müddətdir ki fəaliyyət göstərilər. Nəzərə alınmalıdır ki, məhkəmə qərardadında ekspert qarşısında qoyulan sualların cavablandırılması, suallara cavab verilərkən şəxsin canlı müayinəsinin həyata keçirilməsi məhz xüsusi biliyə sahib olan məhkəmə-tibb ekspertləri tərəfindən həyata keçirilməlidir və onların bilik sferalarına aiddir. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklərin ona əlilliyin təyin olunması üçün normativ hüquqi aktda nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi iddianın həllində mühüm rol oynayan arqumentdir. Ümumiyyətlə oxşar işlər üzrə təyin edilmiş təkrar ekspertizanın keçirilməsi barədə qəbul edilən qərardadlarda qeyd edilmişdir ki, hazırkı işlər üzrə ekspert rəyləri verilərkən yoxlamada və ekspert rəyinin tərtibatı və imzalanmasında cavabdehin nümayəndəsi də iştirak edir ki, həmin şəxsin cavabdehin nümayəndəsi olması halında rəydə adının olması adıçəkilən ekspert rəyinin mötəbərliyinə şübhə yaranmasına səbəb ola bilər. Halbuki, ekspert rəyində cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Eyni zamanda, bir sıra hallarda iddiaçıda əlilliyin olub-olmamasından əlavə, sual olaraq iddiaçıda göndərişdə adıçəkilən xəstəliyin olub-olmaması, həmin diaqnozun mövcudluğu ilə bağlı konkret tibb mövqe öyrənilməyə çalışılsa da əlilliyin müəyyən edilməsinin səlahiyyətləri daxilində olmamasına əsaslanmaqla, həmçinin konkret xəstəliyin olub-olmaması sualının da cavablandırılmasından yayınır. Halbuki, əlilliyin olub-olmaması ilə, xəstəliyin mövcud olub-olmaması ayrı suallar olmaqla, fərqli qiymətləndirmə tələb edən suallardır və diaqnozun olub-olmaması, əlavə müalicəyə ehtiyacın olub-olmaması müvafiq ixtisasa malik həkim tərəfindən müəyyən edilə bilər ki, həmin suala əlilliyin olubolmamasından fərqli sual kimi yanaşılması təkcə əlilliyin müəyyən edilə bilməməsi, səlahiyyətli olub-olmaması kimi qiymətləndirmə aparmaqla, həmçinin xəstəliyin olubolmaması barədə sualın cavabsız qoyulmaması diqqətinizə çatdırılır. Belə ki, diaqnozun düz olub-olmaması, əlavə müalicə və müayinəyə ehtiyac olub-olmaması həmin sahə üzrə ixtisasa malik həkim tərəfindən qiymətləndirilə bilər, bunun üçün hər hansı əlavə səlahiyyətverici normanın qəbuluna zərurət yoxdur. Hazırkı işdən də aydın görünür ki, cavabdehin nümayəndəsinin iştirak etmiş olduğu rəyin tərtibatı zamanı konkret olaraq Əsasnamədə qeyd edilən xəstəliklərin əhatə düşməməsi barədə nəticəyə gəlinmiş, lakin cavabdehin nümayəndəsinin iştirakı olmadan tərtib edilən rəy materialında isə əvvəlki rəydə olan məlumatlar yenidən sadalanmış, iddiaçının canlı müayinəsinin həyata keçirilməsindən yayınılmışdır. Halbuki, ekspertizanın keçirilməsində məqsəd Əsasnamədə olan hər hansı xəstəliyin iddiaçıda olub-olmamasının aydınlaşdırılmasıdır ki, hakimdən fərqli olaraq həkimlik fəaliyyəti sferasına aid olan əsas məsələlərdən biri də xəstəliyin olub-olmamasıdır ki, şəxsdə xəstəliyin olub-olmamasını məhz həkimlik fəaliyyətini həyata keçirən şəxs bilə bilər. Lakin, iş üzrə təyin edilmiş ikinci rəydə iş materiallarında olan sənədlər sadalanılmış, ən vacib suala cavab, yəni Əsasnamədə olan xəstəlik iddiaçıda mövcuddur, yoxsa yox sualı cavabsız qalmış, eyni zamanda iddiaçının canlı müayinəsi həyata keçirilməmişdir. Məhkəmə yenə də obyektiv qərarın qəbul edilməsi üçün yeni rəyin məhkəmə daxil olması üçün qərardad qəbul etmişdir. Məhkəməyə 21 oktyabr 2022-ci il tarixli məktubla daxil olmuş növbəti rəydə isə qeyd edilmişdir ki, iddiaçıda “Sağ bazu sümüyünün distal 1/3-nin bitişmiş sınığı və dirsək oynağının posttravmatik varus deformasiyası. Dirsək oynağının kəskin konturakturası: açma 145, bükmə 115. Postoperasion kobud kelloid çapıqlar. Ətrafın əzələ atrofiyası. Funskiya pozğunluğu. Daimi ağrı sindromu” olduğu müəyyən edilmiş, şəxsin reabilitasiya olunsa belə tam sağalmasının mümkün olmadığı qeyd olunmuşdur. Eyni zamanda rəydə, 2709003AAC80 saylı göndərişlə göndərilmiş 88 saylı arayışda qeyd olunmuş xəstəliklər iddiaçıda aşkar olunduğu, lakin həmin xəstəliklərin əlilliyin təyini üçün əsas vermədiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, həmin rəyin də sübut əhəmiyyətindən söhbət gedə bilməz. Belə ki, məhkəmənin təkrar ekspertizanın keçirilməsi barədə əsaslandırılmasına ümumiyyətlə əhəmiyyət verilməməsi, israrla təkrar ekspertizada cavabdehin nümayəndəsinin iştirakının təmini növbəti dəfə də həyata keçirilmişdir. Həmin rəydə cavabdehin nümayəndəsi iştirak etdiyindən əlilliyin təyini üçün Əsasnamədə nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşməmə barədə konkret mövqe də nümayiş etdirilmişdir. Rəydən görünür ki, rəyin tərtibatında Ruslan Məhərrəmli adlı şəxs iştirak etmişdir ki, həmin şəxs cavabdehin nümayəndəsidir (həkim eksperti). Maraqlıdır ki, hər nə qədər həmin rəyin mötəbərliyindən söhbət getməsə belə əvvəlki rəylərdən fərqli olaraq bu rəydə 88 saylı arayışda qeyd olunan xəstəliklərin hazırda iddiaçıda olduğu, iddiaçının reabilitasiya olunduğu halda tam sağalmasının mümkün olmadığı barədə mövqe də nümayiş etdirilmişdir. Beləliklə, hər üç ekspert rəyinin yuxarıda qeyd olunan səbəblərdən iş üzrə sübut əhəmiyyəti daşıması şübhəlidir. 29 oktyabr 2021-ci il tarixdən məhkəmənin icraatında olan iş üzrə yekun nəticəyə gəlinməsi üçün mötəbər ekspert rəyinin yenidən qərardadla qəbul etməklə tələb edilməsi isə bu dəfə məhkəmə hesab edir ki, məhkəmənin obyektivliyinə qarşı tərəfin əsaslı şübhələrin yaranmasına səbəb ola bilər. Həmçinin o da nəzərə alınmalıdır ki, iş üzrə xüsusi bilik tələb edən sahə olmasına baxmayaraq xüsusi bilik tələb edən mübahisə ilə bağlı xüsusi biliyə malik olan şəxslərin də mövqeyi öz əksini tapmışdır ki, qeyd olunan hallar ekspert rəyi olmadan da ən azından hazırkı iş üzrə yekun nəticəyə gəlinməsinə əsas verir. Belə ki, iddiaçının istər əvvəlki göndərişlərinin, istərsə də hazırkı göndərişlərinin tərtibatında və Agentliyə göndərilməsində verilmiş rəylər həkim rəyləridir. Yəni müvafiq ixtisaslı biliyə malik olan və reallıqda əlilliyin təyini üçün göndərişlərin göndərilməsi ilə daha böyük təcrübəyə malik olan həkim rəyləri onu deməyə əsas verir ki, iddiaçıda mövcud olan diaqnozlar əlilliyin təyini üçün əsasdır. Qeyd edilməlidir ki, iddiaçıda mövcud olan əsas diaqnozla əvvəlki göndərişlərdə əlilliyin təyininə əsas olan diaqnoz uyğun olmuşdur. Lakin, göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə isə əsas diaqnoz kimi M21.1 diaqnozu birbaşa öz əksini tapmasa da, ən azından onun ağırlaşması kimi M24.5 diaqnozunda olan xəstəlik, yəni oynaqların kontrakturası Əsasnamədə öz əksini birbaşa tapmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, forma 88 arayışında əks olunan xəstəliklərin iddiaçıda olması bilavasitə son ekspert rəyindədə öz əksini tapmışdır. Bu hal isə həm əsas xəstəliyin, həmçinin də xəstəliyin ağırlaşmasının iddiaçıda aşkar olunduğunu təsdiq edir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin müddətsiz təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Bundan başqa Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya əlillik təyin etməkdən imtina edərkən onun əlavə müalicəyə ehtiyacı olduğunu bildirmişdir. Hər nə qədər də ekspert rəyləri sübut qismində çıxış etməsə də, ekspertiza tədqiqatı zamanı həm Məhkəmə Tibbi Ekspertiza və X1 eksperti, həmçinin də TSEK-in həkim eksperti iddiaçıda olan xəstəliklərin tam sağalmasının mümkün olmadığını bildirmişdir. Bununla bağlı Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Qanunvericiliyin qeyd olunan müddəalarının təhlili onu göstərir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması əlilliyin təyini üçün əsasdır. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçı həmin müddət ərzində müalicə olunmadığından ona əlilliyin təyini mümkün deyil. Lakin, məhkəmə hesab edir ki, 1.5.3-cü yarımbəndin tələbi cavabdehin mövqeyinin əsassız olmasının əsasıdır. Belə ki, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi ilə bağlı şərt müəyyən edilmişdir ki, maddənin tələbinə əsasən bu zaman şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olma ilə bağlı şərt aradan qalxmış olur. Əlilliyin təyinində həmin maddədə nəzərdə tutulan şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlı olur ki, ekspert rəyi ilə də əlilliyin təyini üçün əsas verən xəstəliyin iddiaçıda mövcud olması aşkar göstərilmişdir. Göründüyü kimi cavabdehin istinad etdiyi müddəa ilkin əlillik statusunda olmayan, əlillik müddəti bitdikdən sonra müraciət edən şəxslərə münasibətdə şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olma ilə bağlı şərtin tətbiqini istisna edir. Bu zaman təkrar müraciət edən şəxslər üçün yeganə şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlıdır ki, iddiaçıya əlilliyin təyininə səbəb olan xəstəliyin mövcudluğu tam təsdiq edilmişdir. Beləliklə, istər əsas diaqnoz, istərsə də ağırlaşmalar əlilliyin təyinatı üçün əsas verir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1012/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar mövqedən yanaşılmış, ağırlaşma əsas götürülməklə əlillik təyinatı müddətsiz formada təyin edilmişdir. Həmin işdən də müəyyən edilir ki, iddiaçının əsas diaqnozu müddətli əlillik dərəcəsinə əsas versə də, ağırlaşmada olan xəstəlik isə müddətsiz əlilliyə əsas olmuş, məhkəmə də həmin halı əsas götürməklə iddiaçıya müddətsiz əlilliik dərəcəsi təyin etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 12 mart 2021-ci il tarixdən 3-cü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov