Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5023/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs X3) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina edərək bildirmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur.
2. Bundan sonra İddiaçı cavabdeh Məmmədova (Babayeva) X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati məhkəmə icraatı qaydasında məhkəmə araşdırması apararaq, cavabdeh X2 istifadə və sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 3-1/101A saylı evdən istifadə hüququnun itirilməklə həmin evdən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə cavabdehin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh kimi göstərdiyi X2 inzibati iş üzrə cavabdeh qismində iştirakına xitam verilməsini və cavabdeh kimi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin qəbul edilməsini, X2 ona məxsus ünvan 1 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, cavabdeh X3 əsl cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi ilə əvəz edilmiş, X3 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir.
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 3 ünvanındakı yaşayış evi onun qanuni istifadə və sahibliyindədir. xx.xx.2012-ci il tarixdən orada daimi pasport qeydiyyatındadır. Cavabdeh X4 bir neçə il bundan əvvəl onu bir neçə il müddətinə yaşadığı yuxarıda göstərilən ünvandakı evə pasport qeydiyyatına aldırmağını xahiş edərək bir neçə ildən sonra özü könüllü olaraq ərizə yazıb onun yaşadığı evdən pasport qeydiyyatından çıxacağına söz vermişdir. O, qardaşının arvadı olduğuna görə qohum kimi onun xahişini nəzərə alaraq həmin şərtlə yaşadığı evə pasport qeydiyyatına alınmasına razılıq vermişdir. Lakin qardaşı arvadı olan Gülnarə Babayeva sözünə əməl etməmiş, evinə pasport qeydiyyatına alındığı vaxtdan bir neçə il keçməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirərək evindən qeydiyyatdan çıxmasını ləngitmiş, hər dəfə ondan gözləməyini xahiş etmiş, tezliklə evindən qeydiyyatdan çıxacağına yenə hər dəfə söz vermişdir. Sözünə əməl etməyən Gülnarə Babayeva bu azmış kimi bir ildən artıq müddətdir ki, onunla əlaqəsini tamamilə kəsmişdir, evində yaşamır, onunla birgə təsərrüfat idarə etmir, ona məlum olmayan ünvanda özünə mənzil təşkil edərək yaşayır. Dəfələrlə xahiş və tələb etməsinə baxmayaraq könüllü surətdə ərizə yazıb evindən qeydiyyatdan çıxmır. Ona görə də məcburiyyət qarşısında qalaraq yaşadığı ərazi üzrə Suraxanı rayon Polis İdarəsinə müraciət etməklə cavabdeh Gülnarə Babayevanın onun evindən qeydiyyatdan çıxarılmasını xahiş etsə də, ona imtina cavabı verilmişdir.
6. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
7. Cavabdeh məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
9. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
10. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.
13. Məhkəmə hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.
14. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
15. İddiaçı hazırda G.Məmmədovanın orada yaşamadığını iddia edərək onun mübahisəli evdən çıxarılmasını xahiş edir.
16. Lakin iş materialları ilə müəyyən olunur ki, həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
19. İddiaçı hazırda üçüncü şəxsin qeydiyyatda olduğu həmin ünvandan qeydiyyatdan çıxarılmasını xahiş etsə də, belə bir iddia qaldırmaq üçün hüququnun mövcud olmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki İddiaçının özbaşına tikili olan həmin əmlaka hər hansı bir hüququ mövcud deyil və mübahisəli əmlaka münasibətdə üçüncü şəxslə eyni hüquqi statusa malikdir. Onun həmin evdə qeydiyyatda olması isə öz-özlüyündə həmin evə səlahiyyət yaratmamaqla birlikdə hazırkı iddianı irəli sürmək imkanı da vermir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
21. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
22. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir. Buna görə də məhkəmə hesab edir ki, onun bu iddiası mümkün sayılmamalıdır.
23. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova