Məhkəmə qərarları › İş №2-1(112)-5024/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5024/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5024/2021 06.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə (1-ci siyahı ilə) əmək pensiyası hüququnun yarandığı 01.01.2016-cı il tarixdən pensiya təyin olunması və əmək pensiyası üzrə ona ödənilməli pensiya ödənişinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə doğulmuş, 12.03.1982-ci ildən əmək fəaliyyətinə başlamışdır. Həmin vaxtdan 27.04.1982-ci ilədək Bakı Dəniz Ticarət Limanında fəhlə işləmiş, 04.05.1982-07.05.1984-cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 05 oktyabr 1984-cü il tarixindən 01.06.1989-cu ilədək Artyomneft Neft və Qazçıxarma İdarəsində quyuların yeraltı təmiri üzrə operator vəzifəsində işləmiş, 23.06.1989-cu ildə iş yerini dəyişərək Suraxanı Neft və Qazçıxarma İdarəsində neft buruqlarında avadanlıqların xidməti ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə 3-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. 12.05.2010-cu ilə kimi həmin müəssisədə işləmiş və 14.05.2010-cu il tarixdən “28 May" Neft və Qazçıxarma İdarəsində qazın tam hazırlanması və təhvili sexində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə qəbul olunmuş, hal-hazırda həmin vəzifədə işləyir. 01.01.2016-cı il tarixdə iddiaçının 52 yaşım tamam olmuş və 01.01.2006-cı il tarixədək 20 ildən yuxarı ümumi sosial sığorta stajı və 10 ildən artıq xüsusi sosial sığorta stajı olduğu üçün cavabdeh inzibati orqana müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun 52 yaşının tamam olduğu 01.01.2016-cı il tarixdən birinci siyahı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və əmək pensiyası üzrə ona ödənilməli pensiya ödənişinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclassında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1964-cü ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 04.05.1982-ci ildən 02.05.1984-cü ilədək hərbi xidmətdə olmuşdur; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 fevral 2021-ci il tarixli imtina məktubunda iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 3 ay 17 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyinin tələbləri baxımından mümkün hesab olmadığı qeyd edilmişdir; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisinin Mərkəzi Arxivinin 10 dekabr 2018-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 23.06.1989cu ildə (əmr № 485/k,22.06.1989-cu il) “Xəzərdənizneftqaz” İB-nin Serebrovski adına NQÇİ-nin İstehsalatın avtomatlaşdırılması sexinə mədəndə avadanlıqların xidməti ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə 3-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. Haqq-hesab cədvəlində göstərilən qeydə əsasən 01.07.1991-ci ildə (əmr № 194/1) 4-cü dərəcə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.04.1991-ci il tarixli, 106 saylı qərarına və “Xəzərdənizneft" İB-nin 26.05.1991-ci il tarixli, 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ 06.06.1991-ci ildən (əmr№ 194,06.06.1991-ci il) “Qum adası” NQÇİ adlandırılmışdır. 01.09.1995-ci ildə (əmr № 217/ş,25.08.1995-ci il) nəzarət-ölçü cihazları və avtomatika üzrə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. 12.05.2010-cu ildə (əmr № 165/k, 12.05.2010-cu il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur; Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “Aberonneft” Neft və Qazçıxarma İdarəsinin 12.12.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı 05.10.1984cü il tarixindən 01.06.1989-cü iln tarixinə qədər “Artyomneftqaz” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində və 3 saylı Neft və Qazçıxarma sexində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir (Əmr № 176/k-04.10.1984-əmr N 85/k.01.06.1989). “Abşeronneft” NQÇİ-də güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə iş stajı cəmi 04 il 07 ay 27 gün təşkil edir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: “Azneft” İB “28 May” NQÇİ-nin 15.04.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “28 May" NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin Dübəndi və Zirə nəzarət ölçü cihazlarına xidmət sahəsinin 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri peşəsində çalışan İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməmişdir; Azneft” İB “Abşeronneft” NQÇİ-nin 14.04.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 05.10.1984-cü il tarixindən 01.06.1989-ci il tarixinə qədər “Artyomneftqaz”(Abşeronneft) Neft və qazçıxarma idarəsinin Quyuların yeraltı təmiri sexində və 3 saylı Neft və qazçıxarma sexində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir (Əmr N 176/k 04.10.1984 - əmr N 85/k. 01.06.1989). Qeyd olunan “quyuların yeraltı təmiri üzrə operator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 bölməsinə aiddir. Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə iş stajı cəmi: 04 il 07 ay 27 gün təşkil edir; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisinin Mərkəzi Arxivinin 04.06.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı verilmiş 10.12.2018-ci il tarixli SOCAR **********80020123X00441 nömrəli iş stajı haqqında arayış müvafiq qaydalara uyğun olaraq arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən yazılmışdır. ARDNŞ-nin 30.09.2010-cu il tarixli 124 nömrəli əmrinə əsasən “Azneft” İB-nin “Qum adası" NQÇİ 01,10.2010-cu il tarixdən ləğv edilmiş və sənədləri SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinə təhvil verilmişdir. Vətəndaşın işlədiyi peşələrin AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və ya 2 nömrəli Siyahısı” üzrə hansı peşələrə uyğun olub-olmaması barədə qeyd göstərmələri imkan xaricindədir; Azneft” İB “Abşeronneft” NQÇİ-nin 14.04.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 05.10.1984-cü il tarixindən 01.06.1989-cu il tarixinə kimi “Artyomneftqaz" (Abşeronneft) NQÇİ-nın Quyuların yeraltı təmiri sexində və 3 saylı neft və qazçıxarma sexində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir. Arxiv sənədlərinə əsasən İddiaçı 05.10.1984-cü il tarixindən 01.06.1989-cu il tarixinə kimi dəniz şəraitində işləmişdir. Qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı” bölməsinin 1100000a-15876 kod altında nəzərdə tutulmuş peşəyə aiddir; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisinin Mərkəzi Arxivinin 12.08.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı verilmiş 10.12.2018-ci il tarixli SOCAR **********80020123X00441 nömrəli iş stajı haqqında arayış müvafiq qaydalara uyğun olaraq arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən yazılmışdır. ARDNŞ-nin 30.09.2010-cu il tarixli 124 nömrəli əmrinə əsasən “Azneft” İB-nin “Qum adası" NQÇİ 01.10.2010-cu il tarixdən ləğv edilmiş və sənədləri SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinə təhvil verilmişdir. Vətəndaşın işlədiyi peşələrin AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və ya 2 nömrəli Siyahısı” üzrə hansı peşələrə uyğun olub-olmaması barədə qeyd göstərmələri imkan xaricindədir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, 1982-ci il tarixdən hal-hazıradək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 52 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) mövcud olması. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər birlikdə mövcud olmamışdır. Belə ki, məhkəmə iş materiarında olan sənədləri, o cümlədən əmək kitabçasının surətini tədqiq edərək, iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: - 12.03.1982-27.04.1982-ci illərdə Bakı Dəniz Ticarət Limanında fəhlə (1 ay 17 gün); - 04.05.1982-02.05.1984-cü illərdə hərbi xidmətdə (2 il); - 05.10.1984-01.06.1989-cu illərdə “Artyomneftqaz" (Abşeronneft) NQÇİ-nın Quyuların yeraltı təmiri sexində və 3 saylı neft və qazçıxarma sexində quyuların yeraltı təmiri üzrə operator (1100000a-15876, 4 il 7 ay 28 gün); - 23.06.1989-12.05.2010-cu illərdə “Xəzərdənizneftqaz” İB-nin Serebrovski adına NQÇİ-nin İstehsalatın avtomatlaşdırılması sexinə mədəndə avadanlıqların xidməti ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə 3-cü dərəcəli çilingər ( 01.01.2006-cı il tarixədək 16 il 6 ay 8 gün). Göründüyü kimi, iddiaçının işlədiyi “quyularının yeraltı təmiri üzrə operator” peşəsi 4 il 7 ay 28 gün olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan peşə ilə (1100000a-15876) uyğunluq təşkil edir. Beləliklə, iddiaçının 01.01.2006-cı ilə qədər ümumi iş stajı 23 il 3 ay 23 gün olmaqla 20 ildən çox, güzəştli iş stajı isə 4 il 7 ay 28 gün olmaqla 10 ildən az təşkil etdiyindən, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajı ilə bağlı şərt ödənilsə də, güzəştli iş stajı ilə bağlı şərt ödənilmir. İddiaçının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi “mədəndə avadanlıqların xidməti ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə 3-cü dərəcəli çilingər” peşəsinin 1 №-li siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə uyğunluq (eynilik) təşkil etməsi öz təsdiqini tapmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar