Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5026/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı kimi hər ay ödənilən müavinətdən cavabdeh təşkilat tərəfindən aparılmış tutmaların (878,27 manatdan tutulmuş məbləğ) qanunsuz hesab olunması, tutulmuş vəsaitin hesablanaraq qaytarılması və bundan sonra tutulmaların aparılmasının cavabdeh təşkilata qadağan edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixdən üç il əvvələ müavinətin hesablanaraq (hazırda ödənilən məbləğlə (80 manat) hesablanmaqla) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmə faktı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Həmin qətnamənin icrası ilə bağlı müraciətdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparılan uzun-uzadı yoxlamalardan sonra 14 iyun 2017-ci il tarixdə ona müharibə veteranı vəsiqəsi verilmiş və qətnamə çıxan vaxtdan ödənişlər edilmişdir. Lakin bu yaxınlarda iddiaçının ödənişlərinin iki aylığı tamamilə kəsilmiş, sonrakı aylarda isə aylıq ödənişlərdən hər ay 16 manat əksik verilməyə başlamışdır. Dəfələrlə bu məsələ ilə bağlı maraqlandıqda ona şifahi olaraq bildirilmişdir ki, fond guya səhvən qətnamə çıxan vaxtdan ödənişlər edildiyi üçün iddiaçıya artıq verilmiş vəsaiti hissə-hissə çıxmağa başlamışdır. Bundan sonra yazdığı müraciətlərinə heç bir əsaslı cavablar verilməmiş və həmin tutulmalar hazırda da davam edir. Əslində qanunvericiliyin tələblərinə görə ona ödənişlər qətnamə çıxan vaxtdan üç il əvvələ hesablanaraq verilməli idi. Bu sahədə artıq oturuşmuş bir təcrübə olmasını bilən cavabdehin əməkdaşları ona verilməyən ödənişlər olduğunu bildikləri halda, ona verilən ödənişləri əsassız və qanunsuz olaraq ondan geri tutmağa başlamışlar, bu qanunsuzluqlar bu gün də davam edir. Ona görə o, 04 fevral 2021-ci il tarixdə növbəti dəfə cavabdeh təşkilata müraciət edərək qanunsuz tutulmuş pulun qaytarılması və qətnamə çıxan vaxtdan üç il əvvələ ona müavinət hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəyə cavabdeh təşkilatın verdiyi 02.03.2021-ci il tarixli məktubunda iddiaçının qətnamə çıxan müddətdən əvvəlki üç ilə müavinət hesablanması ilə bağlı heç bir əsaslanma, fikir bildirilməmiş, amma ondan pulun tutulması və bu tutulmanın əsaslı olması qeyd edilmişdir. İddiaçının müharibə iştirakçısı olmağı məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Həmin vaxtdan ona dərhal veteran vəsiqəsi verilməli idi. Müvafiq icra hakimiyyəti orqanı qətnamə icraya yönəldikdən sonra uzun-uzadı araşdırma apardıqdan sonra ona müharibə veteranı vəsiqəsi verməsi, aradan keçən həmin müddət onun ziyanına həll edilə bilməz. Ona görə iddiaçıya müavinət qətnamə çıxan vaxtdan üç il əvvəlki tarixə hesablanaraq verilməli, qətnamə çıxandan sonra vəsiqə verilən tarixədək hesablanaraq verilmiş 878,27 manatın iddiaçıdan geri alınması qanunsuz hesab olunmalı və həmin vəsait ona qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iddiaçının ərizəsinə əsasən 19 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz etmişdir. İddiaçı 23.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona müharibə veteranı kimi hər ay ödənilən müavinətdən cavabdeh təşkilat tərəfindən aparılmış tutmaların (878,27 manatdan tutulmuş məbləğ) qanunsuz hesab olunması, ondan tutulmuş vəsaitin hesablanaraq qaytarılması və Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixdən üç il əvvələ müavinətin hesablanaraq (hazırda ödənilən məbləğlə (80 manat) hesablanmaqla) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. 05.05.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının müharibə veteranı kimi hər ay ödənilən təqaüdündən tutulmaların aparılmasına dair 26 avqust 2020-ci il tarixli 2850 saylı qərarının ləğv edilməsi, cavabdeh tərəfindən tutulmuş vəsaitin qaytarılması və Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixdən üç il əvvələ müavinətin hesablanaraq (hazırda ödənilən məbləğlə (80 manat) hesablanmaqla) ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 14 iyun 2017-ci il tarixində veteran vəsiqəsi verilmişdir. Vətəndaşın müraciəti və həmin veteran vəsiqəsi əsasında DSMF-nin ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 14.06.2017-ci il tarixdən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilmiş və əsaslı olaraq şəxsin müavinət almaq hüququnun yaranmasından əvvəlki dövr üçün müavinət ödəməkdən imtina edilmişdir. Belə ki, “Sosial müavinətlər haqqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Ona görə də bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Maddənin dispozisiyasından göründüyü kimi qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Bu müddəadan da göründüyü kimi, qanunverici sosial müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. 28 iyun 1994-cü il tarixli “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, “veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir”. Bu da onu göstərir ki. vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni 14.06.2017-ci il tarixindən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Buna müvafiq olaraq, hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikasının əraz bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi-veteran statusu almaq hüququnun 1992-ci ildən yaranması işin mübahisəsiz halıdır, lakin iddiaçının “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 29 may 2019-cu ilə qədər qüvvədə olan redaksiyasının 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Həmçinin Siyahının hazırki redaksiyasında 2.33.1-ci bəndinə əsasən, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunur. Sosial müavinətin təyin olunması üçün hüquqi əsas “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində tələb olunduğu kimi, veteran vəsiqəsinin təqdim olunmasıdır. Oxşar mövqe müharibə əlillinə təqaüdün ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-575/2018 saylı qərarında əsaslandırılmışdır. Həmin qərarda hüququn yarandığı anın müəyyən olunması aşağıdakı kimi əsaslandırılmışdır: “Hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilməsinə əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikasının Prezidentinin təqaüdünü almaq hüququ ona üçüncü dərəcə əlillik təyin edildiyi andan yəni, 09.03.2016-cı il tarixdən yaranmışdır”. Müharibə əlillərinin onların xüsusi statusuna görə aldıqları ödənişlərə hüququnun yaranması anı (müharibə əlili statusunun yarandığı an) kimi onların döyüş əməliyyatlarında iştirak etdiyi deyil də, əlilliyinin rəsmiləşdirildiyi (müəyyən olunduğu) anın müəyyən olunması yanaşması müharibə veteranları üçün də tətbiq olunmalıdır. Çünki bu münasibətlər tamamilə analojidir: 1) hər iki kateqoriyadan olan şəxslərin xüsusi statusunun yaranması üçün əsas (müharibə veteranı və müharibə əlili statusu) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak olmuşdur; 2) hər iki kateqoriya şəxsin statusu rəsmiləşdirilir (müharibə əlillərində - əlilliyin müəyyən edilməsi ilə bağlı TSEK qərarı ilə, müharibə veteranlarında -veteran vəsiqəsi ilə). Bütün bu faktlar birmənalı şəkildə göstərir ki, müharibə veteranlarının da xüsusi statusu qanunvericilikdə onlar üçün müəyyən edilmiş istənilən hüquq, o cümlədən, sosial ödənişləri almağa hüquq müharibə əlillərində olduğu kimi, onların xüsusi statusunun rəsmiləşdirildiyi anda - vəsiqənin verildiyi anda yaranmış olur. Beləliklə, şərh olunan normaların əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlərə, aylıq müavinətlərə, təqaüdlərə hüququ yalnız şəxs tərəfindən müharibə veteranı statusu əldə adildikdən, müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra həyata keçirilir. 01 aprel 2019-cu il tarixindən etibarən müharibə veteranlarına ödənilən müavinət Prezident təqaüdü ilə əvəz olunmuşdur ki, təqaüd təyinatına görə müavinətdən tamamilə fərqlənən digər bir sosial ödəniş formasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda da təqaüdlərin əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmamışdır. Deməli, hazırki halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün sosial müavinət almaq hüququ istisna edilir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3909/2015 saylı, 14 oktyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 26 dekabr 1991-ci il tarixdən 20 may 1992-ci il tarixədək N saylı hərbi hissədə xidmət etdiyi müddət ərzində 1992-ci ilin aprel-may aylarında Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 28 dekabr 2016-cı il tarixdə X2 ünvanladığı məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-3909/2015 saylı, 14 oktyabr 2015-ci il tarixli qətnaməsi 24 dekabr 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş M/V 065 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı 14 iyun 2017-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Məhkəmənin sorğusu ilə təqdim edilmiş müavinət işinin surətindən müəyyən olunur ki, Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinin 25.07.2017-ci il tarixli, 303 nömrəli qərarı ilə İddiaçı 24.12.2015-ci il tarixdən başlayaraq müharibə veteranları üçün aylıq müavinət təyin edilmişdir. İş materiallarında olan İddiaçı müraciət vərəqəsindən və ərizəsindən görünür ki, İddiaçı 02 oktyabr 2020-ci il və 05 fevral 2021-ci il tarixlərdə müharibə veteranı üzrə Prezident təqaüdündən tutulma ilə bağlı rəsmi cavabın əldə edilməsi, tutulmuş vəsaitin qaytarılması, ödənilməmiş üç illik ödənişlərin hesablanaraq ödənilməsi barədə müraciətlər etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19.10.2020-ci il tarixli, **********4 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 nömrəli Fərmanı ilə müharibə veteranlarına ayda 55 000 manat (əlli beş min) məbləğində müavinət təyin edilirdi. Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarilxi 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə 01.04.2019cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Bu səbəbdən də sizə verilmiş vəsiqə M/V №065 saylı vəsiqəsinə əsasən təqaüdün verilməsi 01.04.2019-cu il tarixdən həyata keçirilir. Qeyd olunanlar əsasında sizə müharibə veteranları üçün nəzərdə tutulan təqaüd qanunauyğun təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 02 mart 2021-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, 24.12.2015ci il tarixindən 14.06.2017-ci il tarixinədək olan dövr üçün 878,27 (səkkiz yüz yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində artıqalmanız yaranmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdündən 01.06.2020-ci il tarixindən 30.06.2020-ci il tarixədək 20 (iyirmi) manat, Sizə ödəniləcək 01.07.2020-ci il tarixindən 31.08.2020-ci il tarixinədək olan dövr üçün 160,00 (yüz altmış) manat birdəfəlik tutulduqdan sonra qalıq 698,27 (altı yüz doxsan səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğ 2020-ci ilin sentyabr ayından başlayaraq hər ay 20 % olmaqla 16,00 (on altı) manat tutularaq bərpa edilir. 2021-ci ilin fevral ayına qalıq borc 618,27 (altı yüz on səkkiz manat iyirmi yeddi qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 26.08.2020-ci il tarixli 2850 saylı qərarı ilə İddiaçı təyin edilmiş müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdündən tutulmaların aparılması qərara alınmışdır. Tutulmanın səbəbi təyinatın səhv aparılması, tutulmanın müddəti 24.12.2015-ci il tarixdən 14.06.2017-ci il tarixədək olduğu göstərilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3909/2015 saylı, 14 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş, həmin qətnamə 24 dekabr 2015-ci il tarixdə qanuni qüvvəsini almış, iddiaçıya 14 iyun 2017-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, iddiaçı vəsiqəni aldıqdan sonra ona müharibə veteranı statusuna görə kommunal, nəqliyyat və digər xidmətlərə görə nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi ilə bağlı müraciət etmiş, cavabdeh orqan tərəfindən ona müvafiq sosial müavinət təyin edilmiş, qeyd edilən sosial müavinət ona müharibədə iştirak etməsi faktını təsdiq edən qətnamənin qanuni qüvvəsini aldığı 24.12.2015-ci il tarixdən başlayaraq hesablanılmaqla ödənilmişdir. Cavabdeh orqan iddiaçıya vəsiqənin alındığı dövrdən əvvəlki dövr üzrə, yəni 24.12.2015-ci il tarixdən 14.06.2017-ci il tarixədək təyinatın səhv aparıldığını əsas gətirməklə, artıqalma üzrə iddiaçıya hazırki halda hər ay ödənilən Prezident təqaüdündən müvafiq tutulmaların aparılmasına dair 26.08.2020-ci il tarixli qərar qəbul etmişdir. Hazırki iddiasında iddiaçı cavabdehin aylıq təqaüdündən tutulmaların aparılması ilə bağlı qərarının ləğvini mübahisələndirməklə yanaşı, bu günədək həmin qərar əsasında tutulmuş məbləğin geri qaytarılmasını tələb edir, eyni zamanda iddia edir ki, onun müharibə iştirakçısı olması faktı məhkəmənin qətnaməsi ilə təsdiq olunduqdan dərhal sonra ona müharibə veteranı vəsiqəsi verilməklə yanaşı sosial müavinət də təyin edilməli idi. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ödənilməsi ona münasibətdə qətnamənin çıxarıldığı tarixdən hesablanmalı və bu zaman əvvəlki üç il üçün ödəmələr də aparılmalıdır. Cavabdehin hazırki iddiaya münasibətdə mövqeyinə görə sosial müavinət almaq hüququ birbaşa müharibə veteranı statusunun əldə edildikdən, bu barədə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra yaranır. İddiaçıya müharibə veteranı vəsiqəsi verildiyi vaxtdan, yəni 14.06.2017-ci il tarixdən əvvəlki üç illik dövrə görə müavinət almaq hüququ qanunla istisna edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlülüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırki iş üzrə iddia tələbi iki hissədən ibarətdir -Cavabdehin 26 avqust 2020-ci il tarixli 2850 saylı qərarının ləğv edilməsi, -Cavabdeh tərəfindən tutulmuş vəsaitin qaytarılması və Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixdən üç il əvvələ müavinətin hesablanaraq (hazırda ödənilən məbləğlə (80 manat) hesablanmaqla) ödənilməsi. Məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsi- aylıq təqaüddən tutulmaların aparılmasına dair 26 avqust 2020-ci il tarixli qərarın ləğv edilməsi mübahisələndirmə haqqında iddia növünə uyğun gəlir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırki iş üzrə iddiaçıdan müvafiq tutulmaların aparılmasına dair cavabdeh orqan inzibati akt qəbul etsə də həmin aktın iddiaçıya təqdim edilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə müavinət işindən müəyyən olunur ki, iddiaçı ona təyin olunmuş təqaüddən tutulmaların hansı səbəb və əsasdan tutulması ilə bağlı cavabdeh orqana müraciətlər etmiş, lakin ona nə tutulmaların aparılmasına dair qərar təqdim edilmiş, nə də ona ünvanlanmış cavab məktublarında belə bir inzibati aktın mövcudluğu barədə məlumat verilmişdir (elan edilmişdir). Halbuki, “İnzibati icraat haqqında” Qanunun: - 62.1-ci maddəsinə görə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. -64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, cavabdeh qəbul etdiyi 26.08.2020-ci il tarixli qərarını iddiaçıya təqdim etməsi (və ya elan edilməsi) faktını sübut edə bilməmişdir. Cavabdeh mübahisələndirilən inzibati aktı yalnız hazırki məhkəmə icraatında məhkəməyə təqdim etmiş və iddiaçı da məhz məhkəmə icraatı gedişində belə bir inzibati aktın qəbul edildiyindən xəbərdar olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehin sözügedən qərarını mübahisələndirmək üçün 30 günlük prosessual müddət ötürülmüş hesab edilə bilməz. Bu tələbə münasibətdə iddianın mümkünlük şərti ödənilir. Məhkəmə bununla yanaşı qeyd edir ki, iddiaçının bütövlükdə hüquqi marağını əhatə edən tələb ikinci tələb-müavinətin hansı vaxtdan hesablanıb ödənilməsi ilə bağlı irəli sürdüyü tələbdir ki, bu da öhdəliyin icrası haqqında iddia növünə uyğun gəlir. İddiaçının arzuladığı nəticə bilavasitə qətnamənin qəbul edildiyi tarixdən üç il əvvələ müavinətin hesablanaraq ödənilməsidir. İddiaçı yalnız tutulmaların aparılmasına dair inzibati aktın ləğv edilməsini məhkəmədə mübahisələndirməklə arzuladığı həmin hüquqi nəticəyə nail ola bilməz. Çünki həmin qərarın ləğv edilməsi ilə iddiaçı yalnız əvvəlki hüquqi vəziyyətinə qayıdır, yəni ödəmələrin 24.12.2015-ci ildən aparılmasına nail olur. İddiaçı isə müavinətin təyin edildiyi vaxt inzibati orqanın müavinətin ödənilməyə başladığı müddəti düzgün müəyyən etmədiyini əsas gətirərək qətnamənin qəbul edildiyi 14.10.2015-ci il tarixdən 3 il əvvələ müavinətin hesablanaraq ödənilməsi tələbi ilə çıxış edir. Bu baxımdan ikinci tələbə münasibətdə iddia növü öhdəliyin icrası haqqında iddia kimi qəbul olunmalıdır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə qismən əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Qanunun 2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinatlar haqqında” Qanunun: -1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -7.0.6-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. - 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, 9.1.5.-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir: İşin mübahisələndirilən halı iddiaçının müharibə veteranı statusuna görə müvafiq güzəştləri əldə etmək hüququnun hansı vaxtdan yaranması, qanunvericiliyə əsasən hansı vaxtdan hesablanaraq ödənilməli olmasının aydınlaşdırılmasından ibarətdir. Bu məsələyə isə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, hüquq münasibətlərinin yarandığı dövrdə məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun yuxarıda qeyd edilən 9.1-ci maddəsində müavinətin təyin edilməsi və onun ödənilməsi anlayışları fərqləndirilmişdir. Qeyd edilməlidir ki, müharibə veteranı statusuna görə müavinəti almaq hüququ müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Müharibə veteranı statusuna görə müavinətin təyin edilməsi anı da məhz onu almaq hüququnun yarandığı anı ehtiva edir. Müavinətin ödənilməsi anı ilə bağlı isə qanunverici müəyyən etmişdir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilir, lakin bu zaman həm də əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Dolayısı ilə, qanunvericiliyin tələbinə görə inzibati orqan müharibə veteranı vəsiqəsi təqdim edildikdə eyni anda iki hərəkəti etməlidir- həm müavinət üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr etməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona 14.06.2017-ci il tarixdə bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Həmin vaxtdan iddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna, həmçinin “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə həmin tarixdən müavinətin təyin edilməsi və həmin müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Məhkəmə iddiaçının müharibə veteranı iştirakçısı olmasının məhkəmə qətnaməsi ilə təsdiq edildiyi və müavinətin həmin qətnamə qəbul edildiyi vaxtdan 3 il əvvəlki tarixə hesablanaraq ödənilməsi tələbi ilə razılaşmır. Aydındır ki, iddiaçının müharibə veteranı statusu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövrdən yaranmışdır. Müharibədə iştirak etməsi faktını təsdiq edən qətnamə iddiaçıya yalnız həmin qətnamənin qüvvəyə mindiyi vaxtdan müvafiq icra hakimiyyəti orqanından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb etmək üçün əsas kimi çıxış etmişdir. Sosial müavinətin təyinatına məsul olan hazırki cavabdeh inzibati orqanın vəzifəsi yalnız müvafiq vəsiqənin təqdim edildiyi təqdirdə müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparmaq və eyni zamanda əvvəlki üç il üçün ödəmələr etməkdir. Bu mənada iddiaçı müharibədə iştirak etməsi faktını təsdiq edən qətnamənin çıxarıldığı vaxtdan - 14.10.2015-ci il tarixdən əvvələ 3 il üçün ödəmələrin aparılması barədə tələbi əsaslı hesab edilə bilməz. Eyni zamanda cavabdeh inzibati orqanın həmin qətnamənin qüvvəyə mindiyi 24.12.2015-ci il tarixdən başlayaraq ödəmələr etməsi də qanuni hesab edilə bilməz. Beləliklə, qanunla inzibati orqanın müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli və bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalı olduğu nəzərə alındıqda məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya müavinət 14.06.2017-ci il tarixdə verildiyi veteran vəsiqəsindən əvvəlki üç il üçün, yəni, 14.06.2014-cü il tarixdən hesablanmaqla ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən 24.12.2015-ci il tarixindən 14.06.2017ci il tarixinədək olan dövr üçün 878,27 (səkkiz yüz yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində artıqalma hesablanmış və həmin artıqalma üzrə iddiaçıya ödənilən aylıq təqaüddən müvafiq tutulmalar həyata keçirilmişdir. Hazırki iş üzrə məhkəmənin gəldiyi nəticə iddiaçıya 14.06.2014-14.06.2017-ci illər üzrə sosial müavinətin hesablanaraq ödənilməsi olduğundan hesab edilir ki, iddiaçıdan 24.12.2015-14.06.2017-ci il üçün artıqalma üzrə tutulmuş məbləğ həmin 14.06.2014-14.06.2017-ci illər üzrə ödəmələrlə əhatə olunduğundan iddia həmin hissədə də təmin edilmiş olur və bunun üçün indiyədək tutulmuş məbləğin əlavə olaraq geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına zərurət yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı iddiasında ona keçmiş dövr üçün müavinətin 80 manat hesablanmaqla ödənilməsini tələb etmişdir ki, həmin hissədə məhkəmə iddiaçının tələbi ilə razılaşmır. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanın 1-ci bəndinə görə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının 5-ci bəndinə əsasən, bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Göründüyü kimi, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. 01.04.2019-cu ilədək müharibə veteranları üçün 55 manat məbləğində sosial müavinət verildiyi halda, 01.04.2019-cu ildən 80 manat məbləğində Prezident təqaüdü verilir. Hazırki iş üzrə iddiaçının müharibə veteranı statusuna görə müavinət almaq hüququ 01.04.2019-cu il tarixədək, yəni 14.06.2017-ci il tarixdən yaranmışdır. İddiaçının hazırki dövrdə aldığı 80 manat məbləğində təqaüd 01.04.2019-cu ildən təsis edilmişdir, sosial müavinət deyildir və həmin təqaüd əvvəlki dövrlərə şamil edilə bilməz. İddiaçıya keçmiş dövr üzrə yalnız müharibə veteranı üçün sosial müavinət təyin edildiyi vaxt qüvvədə olan müavinət məbləği hesablanaraq ödənilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı müharibə veteranları üçün hər ay ödənilən təqaüdündən tutulmaların aparılmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 26.08.2020-ci il tarixli 2850 nömrəli qərarı ləğv edilməli, İddiaçı 14.06.2014-cü il tarixdən 14.06.2017-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı müharibə veteranları üçün hər ay ödənilən təqaüdündən tutulmaların aparılmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 26.08.2020-ci il tarixli 2850 nömrəli qərarı ləğv edilsin. İddiaçı 14.06.2014-cü il tarixdən 14.06.2017-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5026/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5026/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver