Məhkəmə qərarları › İş №2-1(112)-5026/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5026/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5026/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" açıq səhmdar cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə baxışı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin və texniki pasportda qeyd olunan həyətyanı sahə üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin “Bələdiyyə mülkiyyətində olan (yaşayş və qeyri-yaşayış) torpaq sahəsinin İcarəyə verilməsi haqqında” 23 may 2018-ci il tarixli 1302 №-li İcarə müqaviləsinə əsasən İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri, Pirşağı qəsəbəsi, Pirşağı bağ massivində yerləşən 1400 kv. metrdən ibarət 555F №-li bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 555 saylı bağ evi uzun illərdir ki, onun istifadə və sahibliyindədir. Həmin torpaq sahəsi üzərində inşa etdirdiyi yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29.05.2019-cu il tarixdə verilmiş Çıxarışa əsasən xüsusi mülkiyyətindədir. Lakin çıxarışda üzərində xüsus mülkiyyətində olan inşa etdirdiyi evin yerləşdiyi torpaq sahəsi və hasarının daxilində yerləşən həyətyanı sahə dövlət mülkiyyəti kimi göstərilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təsdiqlənmiş texniki pasportda onun sahibliyində və istifadə olan torpaq sahəsinin ölçüləri tam şəkildə qeyd edilmişdir. Cavabdeh DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin 14.10.2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, daşınmaz əmlak obyektləri üzərində hüquqlar əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilməmişdir. Cavabdeh tərəfindən ona təqdim olunmuş 29.05.2019-cu il tarixli ********** saylı imtina məktubunda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətinin mühafizəsi zonasına düşdüyü göstərilmişdir. Ona çıxarış verilən zaman belə hal mövcud olmamışdır. Bundan başqa yaxınlıqda yerləşən bütün yaşayış sahələrinin mülkiyyətçilərinə torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına dair çıxarış verilmişdir. Həmçinin cavabdeh tərəfindən ona verilmiş 27.05.2019-cu il tarixli, inventar nömrəsi 04/3958 saylı texniki pasportda yüksək gərginlik elektrik xətinin keçməsi göstərilməmişdir. Əgər belə hal varsa onun mülkiyyət hüquqların pozulması ilə sonradan həyata keçirilmişdir. Cavabdehin imtinası ona xüsusi mülkiyyətində istədiyi formada istifadə etmək hüquqlarının həyata keçirilməsinə mane olur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21 yanvar 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, "xxxx" açıq səhmdar cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair **********50 saylı 03.03.2022-ci il tarixli ietiraz onunla əsaslandırmışdır ki, bağ evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə bağ evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********15 saylı, 14.10.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. Həmçinin ünvan 1 Bank" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Torpaq sahəsinin ölçüsü faktiki olaraq 1.400.0 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X4 iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddiada qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün və dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçıya məxsus AA 761666 №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydiyyatdadır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08.04.2022-ci il tarixli 597 №-li arayışdan müəyyən olunur ki, İddiaçı, Bakı şəhəri Pirşağı qəsəbəsi Bağ 555 F ünvanda qeydiyyatdadır və 17.05.2005-ci il tarixli məhkəmə qətnaməsinə əsasən yaşayır. DƏDRX 1 saylı ünvan 3 ünvanında yerləşən bağ evinə dair İddiaçı adına 27.05.2019-cu il tarixdə tərtib olunmuş 04/3958 inventar nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ev 555F saylı bağ evinin ümumi sahəsi 221,4 kv. metr təşkil edir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 555F saylı 221,4 kv. metrdən ibarət bağ evinin 29.05.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Çıxarışda daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, üzərində istifadə hüquqlarının qeydə alındığı göstərilmişdir. "xxxx" ASC tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış “Torpaq sahəsinin mülkiyyət növü haqqında” 27.09.2021-ci il tarixli ərizədə göstərilmişdir ki, "xxxx" ASC-nin “Mərkəzi” filialı və fiziki şəxs X4 arasındda bağlanmış 114-NFİ-0178 saylı ipoteka müqaviləsinə əsasən təminat kimi götürülmüş İddiaçı adına olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsii, 555F saylı bağ evinin, torpaq sahəsinin mülkiyyət növünün “Dövlət” mülkiyyətindən, “Xüsusi” mülkiyyət növünə keçirilməsinə etiraz etmirlər. "xxxx" ASC tərəfindən verilmiş 01/12-13/A-196/2/3252 №li 21.04.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il, 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 a saylı bəndinə əsasən, sözügedən ünvan (ünvan 5 hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********5 №li 14.10.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "555F” nömrəli bağ evi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, 27.07.2021-ci il tarixli ərizəsinə tərəflərindən baxılmışdır. Müraciətilə bağlı bildirirllər ki, bağ evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2.007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmənin müvafiq (DƏDRX 1 saylı ünvan 3 ünvanında yerləşən bağ evinə dair İddiaçı adına tərtib olunmuş texniki pasportun və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş sənədlərin təqdim olunmasına dair) sorğusuna cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********50 saylı 25.02.2022-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: - Bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyri-yaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında 23 may 2018-ci il tarixli 1302 saylı icarə müqaviləsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında ünvan 6 ünvanında yerləşən 1413 kv. metr torpaq sahəsi 23.05.2018-ci il tarixdən 23.04.2019-cu il tarixədək İddiaçı icarəsinə verilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən Bakı şəhəri Pirşağı bələdiyyəsinin 14 may 2018-ci il tarixli 07 saylı ümumi iclasının qərarına əsasən X3 Pirşağı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1413 kv. metr olan sahə bağçılıq məqəsədi ilə müdətli icarəyə verilmişdir. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 322 №-li 13.09.2018-ci il tarixli “Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən İddiaçı tərəfindən inşa edilmiş bağ evinin layihəsinin təsdiq edilməsi barədə” sərəncamın surətindən görünür ki, İddiaçı Sabunçu Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən istifadəsində olan torpaq sahəsində inşa edilmiş bağ evinin layihəsinin təsdiq edilməsinə dair məhkəmə qərarının icra edilməsini xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, Pirşağı qəsəbəsində yerləşən 1413 kv. metr bağ sahəsi Pirşağı bələdiyyəsinin 1302 saylı 23 may 2018-ci il tarixli müqaviləsinə əsasən İddiaçı istifadəsindədir. İddiaçı tərəfindən həmin torpaq sahəsində iki mərtəbəli bağ evi inşa olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2348/2018 saylı 20 iyun 2018-ci il tarixli Qərarı ilə İddiaçı tərəfindən Pirşağı qəsəbəsində inşa edilmiş bağ evinin layihənin təsdiq edilməsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Yuxarıda qeyd olunanlara İddiaçı tərəfindən Sabunçu rayonu, Pirşağı qəsəbəsində istifadəsində olan 1413 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli bağ evinin layihəsinin təsdiq edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.-ci maddəsinə əsasən dövlət obyektlərinin-dağ-mədən sənayesinin təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin 28.10.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin 28.10.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1 -ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin 23.05.2018-ci il tarixli 1302 saylı icarə müqaviləsinə əsasən Pirşağı bağ massivində yerləşən 1.413 kv. metr bağ torpaq sahəsi iddiaçının 23.05.2018-ci il tarixdən 23.04.2019-cu il tarixədək icarəsinə verilmişdir ki, buna dair müvafiq hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmişdir. Eyni zamanda qeyd olunan torqaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı mövcud deyildir, iddiaçıya torpaq sahəsinin ayrılması bələdiyyə sədrinin sərəncamına əsasən həyata keçirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən isə göründüyü kimi, torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar