Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5028/2021 05.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “icra icraatına xitam verilməsi barədə qərarın ləğvi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı dayandırılmışdır. Yasamal rayon məhkəməsinin 2(004)-3974/19 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı və xx.xx.2019-cu il tarixli qətnaməsi bugünədək icra olunmamışdır. Su təchizatının bərpa olunmaması barədə dəfələrlə “xxxx” ASC-yə müraciətlər edilmişdir. Lakin buna baxmayaraq, Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru İlyas Cəfərov xx.xx.2019-cu il tarixli qərarla icraata xitam vermişdir.
2. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-3974/19 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Bakı şəhəri, Binəqədi rayonu Xutor yaşayış sahəsi, sıra 3, ev 2A fərdi yaşayış evinə təbii su təchizatının bərpa olunmuşdur (Abonent kodu: **********000)
3. Bakı şəhəri, Binəqədi rayonu Xutor yaşayış sahəsi, sıra 3, ev 2A fərdi yaşayış evinə təbii su təchizatının bərpa olunmasına dair məhkəmə qərardadının icrasını təmin etmək məqsədilə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir.
4. “xxxx” ASC tərəfindən Yasamal rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubla Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)- 3974/19 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadının icra olunması səbəbindən iş üzrə icraata xitam verilməli olduğu bildirilmişdir.
5. Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru İlyas Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2019-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən verilmiş 2(004)-3974/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən xitam verilmişdir.
6. İddiaçı hazırki tələblə məhkəmə qərarının icra olunmaması səbəbindən həmin xx.xx.2019-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə (nümayəndə iddiaçının atasıdır) iddia tələbinin məzmununa uyğun izahat verdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
II. İddianın mümkünlüyü
9. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)
10. İddiaçı faktiki olaraq icra məmurunun icra icraatına xitam verilməsinə dair qərarını mübahisələndirir.
11. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsaəsn, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.
12. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
14. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
15. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva