Məhkəmə qərarları › İş №2-1(112)-5029/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5029/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5029/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “medallarla təltif olunma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.2020-ci ildən xx.xx.2020-ci ildək İİ Qarabağ müharibəsində iştirak etməsini nəzərə alaraq medallarla təltif edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əlil olmasına baxmayaraq İİ Qarabağ Müharibəsində könüllü iştirak etmişdir. Ön cəbhədə həm döyüşmüş, həm də Füzuli rayon Xəstəxanasına yaralı əsgər və şəhid olmuş şəxslərin təxliyyəsində iştirak etmişdir. İ Qarabağ müharibəsi əlili və veteranıdır. Maraqlı şəxslərə dəfələrlə müraciət edib onun xx.xx.2020-xx.xx.2020-ci illər ərzində müharibədə iştirak etməyinin qeydiyyatının aparılmasını və müharibə iştirakçılarına verilən medallarla təltif edilməsini xahiş etsə də, xahişi nəzərə alınmamışdır. İddiaçının həmin tarixlərdə iştirakını komandirlər, əsgər və zabitlər təsdiq edə bilərlər, bundan əlavə onun həmin vaxtlarda çəkdirdiyi şəkillər videolar buna əyani sübutdur. İddiaçı hazırda məhkəməyə müraciət edərək döyüşlərdə iştirak etməsinin müəyyən edilməsini istəyir. O hazırda müharibədə iştirak etməsini təsdiq edə bilmir, buna dair qeydiyyatı aparılmır və müxtəlif medallarla təltif edilə bilmir. Səbail Rayon Məhkəməsinə ərizə ilə müaciət etsə də, məhkəmənin xx.xx.2022- ci il tarixli qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaya yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilərək bildirilmişdir ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir. Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə dəyişiklik edilərək “Zəfər” ordeni və “Qarabağ” ordeni, “X2”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunmuşdur. Həmin orden və medalların statutu və əsasnamələrinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında iştirak etmiş və xüsusi xidmət göstərmiş şəxsləri orden və medallarla təltif etmək Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Fərmanı ilə, Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşlarının və mülki işçilərinin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Baş nazirinə verilmişdir. Əlavə olaraq bildiririk ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin işğaldan azad olunmasında iştirak etmiş və xüsusi xidmət göstərmiş şəxslərin orden və medallarla təltif edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən siyahılar hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Qeyd edilənlərə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu iş üzrə cavabdeh qismindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. 02 fevral 2023-cü il tarixdə iddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək onun Vətən müharibəsi ordeni və medallarla təltif edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh – Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin eyni tarixli sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının orden və medallarının hüquqi tənzimləmə qaydaları “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 10 noyabr 1992-ci il tarixli 370 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunun 3-cü maddəsinə əsasən orden və medal-vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Azərbaycan Respublikası Müdafiə nazirinin 17 may 2004-cü il tarixli 223 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında" Təlimata əsasən: -hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. -təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. -kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. -bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya’da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. -Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. Beləliklə də qanunvericiliyin təhlilin nəticəsinə görə, hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və komissiyanın, habelə Azərbaycan Respublikası müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-İqtisadi Kollegiyasının iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixli 2- 1(102)-2848/2019 nömrəli qərarında göstərilir ki, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 1/1643 nömrəli məktubunda Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan uçot sənədlərində İddiaçı təltif olunması ilə bağlı hər hansı bir rəsmi sənədin Müdafiə Nazirliyinin Təltif komissiyasına daxil olması barədə heç bir qeydiyyat aşkar olunmadığı qeyd edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılması, qanuni və əsaslı qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı toplanış və ya qismən səfərbəliklə bağlı hərbi xidmətə cəlb edilməmişdir. İş materiallarında olan AR TƏBİB Füzuli rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Vətən müharibəsində xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Füzuli RMX-də könüllü olaraq ön cəbhədən yaralı əsgərlərin və şəhidlərin təxliyəsində yaxından iştirak etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. Həmin Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 33-cü maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə gəldiyi qənaəti aşağıdakı qaydada əsaslandırır: Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 3-cü bəndinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz. Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 26 noyabr 2020-ci il tarixli, 204-VİQD nömrəli Qanunu ilə “Zəfər” ordeni və “Qarabağ” ordeni, “X2”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunmuş, həmin orden və medalların statutu, təsviri və əsasnamələri təsdiq edilmişdir. Həmin Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2020ci il tarixli, 1196 nömrəli Fərmanından:

1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Əsasnamənin 1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər, habelə dövlətə məxsus olan digər hüquqi şəxslər nəzərdə tutulur; 1.3. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.4. həmin Əsasnamənin 1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər, habelə dövlətə məxsus olan digər hüquqi şəxslər nəzərdə tutulur. Həmin orden və medalların statutu və əsasnamələrinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında iştirak etmiş və xüsusi xidmət göstərmiş şəxsləri orden və medallarla təltif etmək Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətidir. “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamənin təltif edilən şəxslər adlanan 1-ci maddəsinə əsasən, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlətin sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları təltif edilir. Həmin Əsasnamənin 2-ci maddəsinə əsasən, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli Sərəncamından: 1.Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilsinlər.

2. Bu Sərəncamın 1-ci hissəsində göstərilən şəxsləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Baş nazirinə verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1.bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq, Vətən müharibəsi iştirakçılarının siyahısını aşağıdakılar nəzərə alınmaqla müəyyən etsin: 3.1.1. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adı verilmiş şəxslərin siyahısı; 3.1.2. əməkdaşları və mülki işçiləri ön cəbhədə fədakarlıq göstərmiş digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin təqdim etdiyi məlumatlar; Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamından:

1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.

2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin. Göründüyü kimi, qanunvercilik orden və medallar ilə təltif edən orqan və şəxslərin o cümlədən təltif edilə bilən şəxslərin dairəsini konkret müəyyən etmişdir. Lakin hazırkı halda iddiaçının həmin şəxslərin dairəsinə daxil olması müəyyən edilmir. Belə ki, iş materiallarından məlum olduğu kimi iddiaçı AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən toplanış və qismən səfərbərliklə bağlı hərbi xidmətə cəlb edilməmiş, onun Füzuli RMX-dəki fəaliyyəti mülki şəxs kimi könüllü xarakter daşımışdır. Başqa sözlə, iddiaçı özünün vətəndaşlıq borcu hesab edərək Vətən müharibəsi dövründəki proseslərdə iştirak etmək qərarına gəlmişdir. Halbuki, vurğulandığı kimi, istinad olunan Əsasnamələr və Sərəncamdan görünür ki, Vətən müharibəsi iştirakçısı kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçilərinin orden və medallarla təltif edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan iş üzrə tələb iddiaya cavab verməli olmayan subyektə qarşı yönəldilmiş və iddiaçı hüquqi marağını təsdiq edən sənədləri əlavə etmədiyindən hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olmamışdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Məhkəmə qeyd edir ki, iddia məcburetmə növünə aid olduğundan, iddiaçının məqsədi onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasından ibarətdir. Bu halda iddiaçının xahiş etdiyi hərəkətin edilməsi (inzibati aktın qəbul edilməsi) bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalıdır və müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməlidir. Həmin hüquqda inzibati orqanın inzibati aktın qəbul edilməsi barədə məcburi olan göstərişi əks olunmalıdır. Bu müddəaların tələblərinə cavab verməyən iddia isə mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi :

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar