Məhkəmə qərarları › İş №2-1(112)-503/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-503/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-503/2020 17.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə İddiaçı1 Müseyib qızının cavabdeh Bakı şəhəri Səbail rayon polis idarəsinə qarşı X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Müseyib qızı cavabdeh Bakı şəhər Səbail rayon polis idarəsinə qarşı X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 İddiaçı1 Müseyib qızının istifadəsində olan Bakı şəhəri Səbail rayonu Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilinə qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 23 dekabr 1992-ci il tarixli 5535 nömrəli sərəncamı ilə o, 4 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə pasport qeydiyyatına alınmışlar. Səbail rayon İcra hakimiyyəti başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamı ilə ona 4 nəfər ailə üzvü ilə birlikdə Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə order yazılmışdır. 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi yaşayış evində qəzalı vəziyyət yarandığı üçün Səbail rayon İcra hakimiyyətinin əməkdaşları evə baxış keçirərək, mənzilin boşaldılmalı olduğunu bildirmişlər. Təklif olunmuşdur ki, sakinlər müvəqqəti olaraq kirayədə yaşasınlar, tezliklə təmir-bərpa işləri görüləcəkdir. Bundan sonra o, bir müddət kirayədə yaşamış, oğlunun Yunanıstanda ölməsi ilə bağlı o, Yunanıstana getmişdir. 2019-cu ilin yanvar ayında Bakı şəhərinə qayıdarkən ona məlum olmuşdur ki, özünə məxsus Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh Səbail RPİ-nin X1 12 oktyabr 2017-ci il tarixli məktubu əsasında qeydiyyatdan çıxarılmış və üçüncü şəxs X7 isə mənzilə qeydiyyata alınmışdır. Qeyd olunan qanunsuz hərəkətlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi müraciətlərinə cavab olaraq, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2019-cu il tarixli, 018-15066- 1219 nömrəli məktubda onun qanunsuz olaraq ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını və Sevil Cabbarovanın əsassız olaraq həmin ünvana qeydiyyata alınmasını həyata keçirmiş Səbail rayon polis idarəsinin əməkdaşlarının DİN-in rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edildiyi qeyd olunmuş, ona müraciət etdiyi təqdirdə qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınacağı bildirilmiş və Sevil Cabbarovanın həmin ünvandan qeydiyyatdan çıxarılması məsələsi məhkəmə baxış predmeti olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Bakı səhəri Səbail RPİ-nin tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli, 065-32330-1219 nömrəli məktubda onun müraciətinə baxıldığı, ünvan 1 ünvanında qeydiyyatda olan Sevil Cabbarovanın göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməsinin məqsədə müvafiq olduğu qeyd olunmuşdur. İddiaçının xəbəri olmadan, Səbail RPİ-nin X1 əməkdaşları tərəfindən üçüncü şəxs X4 Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə qeydiyyata alınması qanunsuz olmuşdur. xx.xx.2019-cu il tarixdə Bakı İnzibati Məhkəməsinə 3-cü şəxs X4 iddiaya dair etiraz ərizəsi daxil olmuşdur. 3-cü şəxs etirazı onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən yarımzirzəmini və onun üstündə yerləşən yararsız halda olan mənzili 2000-ci ilin əvvəlində rus əsilli olan bir şəxsdən etibarnamə əsasında almışdır. Həmin yarımzirzəmidə yaşayayaşaya yararsız halda olan və mənzil fondundan çıxarılmış mənzili Səbail rayon İcra hakimiyyətinin razılığı ilə yararlı vəziyyətə gətirmiş və hal-hazırda həmin mənzildə də yaşayır. İddiaçı1 Müseyib qızı 1999-cu ildən Yunanıstanda yaşayır. Yunanıstana köçərkən həmin mənzili qeyd etdiyi rus əsilli olan şəxsə etibarnamə əsasında satmışdır. Onun həmin mənzildə 15 ildən çox yaşadığını qonşuları da subut edə bilər. İddiaçı1 Müseyib qızı ilk öncə mənzildə qeydiyyatda qalmışdır. Onu qeydiyyatdan çıxarmaq istərkən sonuncu ondan xahiş edərək, müvəqqəti olaraq qeydiyyatda saxlamağını və qeydiyyatdan çıxarılacağı təqdirdə ona Yunanıstanda oturum izni almağın çətin olacağını bildirmişdir. Uzun müddət belə qaldıqdan sonra qeydiyyatda qalmağının bəhanə olduğunu bildikdə Səbail rayon polis idarəsinə müraciət edərək İddiaçı1 qeydiyyatdan çıxarılmasını xahiş etmiş və bunun əsasında sonuncu mübahisəli evdən qeydiyyatdan çıxarılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, onlar məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmiş, 3-cü şəxsin nümayəndəsi və vəkili X3 isə məhkəməyə teleqramla müraciət edərək, digər məhkəmədə məhkəmə prosesində iştirak etməsi ilə əlaqədar hazırki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınaraq işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyini, 3-cü şəxsin nümayəndəsi və vəkili X2 isə əvvəlki məhkəmə iclasında iştirak edərək, iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı ilə işin halları barədə izahat verdiyini, iddiaya qarşı etirazlarını və həmin etirazlarını əsaslandıran sübutlarını məhkəməyə təqdim etdiyini, bundan əlavə vəsatətində göstərdiyi hal barədə (başqa məhkəmə prosesinə dəvət olunması barədə məhkəmə bildirişi) məhkəməyə heç bir sübut təqdim edilmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi və vəkili X3 təmsl etdiyi tərəfin yazılı etirazına uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş emişdir. Məhkəmə iddiaçının və 3-cü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhəri Səbail rayon polis idarəsinin 03 mart 2020-ci il tarixli 065-7255-1220 №li məktubu ilə məhkəməyə göndərilmiş Səbail rayon İcra hakimiyyəti başçısının “İddiaçı1 Müseyib qızının pasport qeydiyyatı haqqında” 5535 №li 23 dekabr 1992-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı1 Ermənistan, Allahverdi rayonundan qaçqın düşməsi, həyat yoldaşının olmaması, mənzil şəraitinin olmamasından sığınacaq kimi yerləşdirilmiş Petrov küçəsinin 12 №li evinin 31 №li mənzilində 16 aydan yuxarı yaşaması, Bakı şəhər İcra hakimiyyətinin məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə və Azərbaycan Respublikası Ali Sovetinin 06 noyabr 1991ci il tarixli qərarına uyğun olaraq aşağıdakılar qərara alınmışdır: 1) Qaçqınların pasport qeydiyyatı komissiyasının təklifi təsdiq edilsin və İddiaçı1 4 nəfərdən ibarət olan ailəsi xüsusi hal kimi Petrov küçəsindəki 12 №li evin 31, 32 №li mənzilinə pasport qeydiyyatına alınsın. 2) Sərəncamın surəti icra üçün rayon Dİİ-nin pasport bölməsinə göndərilsin. Səbail rayon İcra hakimiyyəti başçısının “Təsərrüfat otağının verilməsi haqqında” 1844 №li 05 dekabr 1997-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, F.Qurbanov küçəsi 12 №-li evin 31/32 №li mənzilinin sakini İddiaçı1 Müseyib qızının xahişi nəzərə alınaraq, F.Qurbanov küçəsi 12 №-li evin altında sahəsi 20 kv.m. olan yarım zirzəminin 31/32 №li mənzilin sakini İddiaçı1 Müseyib qızına təsərrüfat otağı kimi qaz cihazlarının qoyulmaması şərtilə istifadəsinə verilməsi, sahəsi 20,8 kv. m. olan yarım zirzəmi qeyri-yaşayış sahəsi üçün icarə müqaviləsinin bağlanmasının RMKTBnə tapşırılması qərara alınmışdır. Səbail rayon İcra hakimiyyəti başçısının “vət. İddiaçı1 order verilməsi haqqında” 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, sərəncamda qeyd olunmuşdur ki, vət. İddiaçı1 1993-cü ildən 4 nəfər ailə üzvü ilə F.Qurbanov küç. 12 №li evin 31/32 №li mənzilində yaşayır. O, göstərilən sığınacağa Səbail rayon İHB-nın 23.12.92-ci il tarixli 5535 №li sərəncamı ilə pasport qeydiyyatına alınmışdır. İddiaçı1 yaşadığı mənzilinə daimi order verilməsini xahiş etmişdir. Səbail rayon İHB-nın mənzil məsələlərinə dair komissiyasının 18 mart 1998-ci il tarixli (pr. № 09) rəyi təsdiq edilərək, İddiaçı1 4 nəfər ailə üzvü (İddiaçı1 Müseyib qızı, X10, X6 və X8) ilə yaşadığı F.Qurbanov küçəsi, 12 saylı evin, yaşayış sahəsi 31,0 kv.m. olan 2 otaqlı 31/32 saylı mənzilinə order yazılması qərara alınmışdır. 047907 №li xx.xx.1998-ci il tarixli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan order Səbail rayon İcra hakimiyyəti başçısının 25 mart 1998-ci il tarixli 410 №li sərəncamı əsasında İddiaçı1 Müseyib qızına F.Qurbanov küçəsi, 12 saylı evin, yaşayış sahəsi 31,0 kv.m. olan 2 otaqlı 31/32 saylı mənzilini tutmaq (köçmək) üçün verilmiş, orderdə sonuncu ilə yanaşı X10, X6 və X5 adları da qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********59 №li xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 12, 31/32 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 018-15066-1219 №li xx.xx.2019-cu il tarixli məktubda müraciətçiyə bildirilmişdir ki, İddiaçı1 qanunsuz olaraq Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 12, mənzil 31/32 ünvanından qeydiyyatdan çıxarılmasını və Sevil Cabbarovanın əsassız olaraq həmin ünvana qeydiyyata alınmasını həyata keçirmiş Səbail rayon polis idarəsinin əməkdaşları DİN-nin rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edilmişdir. Vət. İddiaçı1 müraciət etdiyi təqdirdə qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınacaqdır. Vət. S,Cabbarovanın həmin ünvandan qeydiyyatdan çıxarılması məsələsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9.6-cı maddəsinə (qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında) əsasən məhkəmə baxışı predmeti olduğundan aidyyəti üzrə məhkəmə orqanına müraciət etmək məqsədəmüvafiqdir. “Asan 3” xidmət mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan müəyyən olunur ki, xx.xx.1959-cu ildə Ermənistan, Alaverdi şəhərində doğulmuş İddiaçı1 Müseyib qızı 16 mart 2004-cü il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır və onunla yanaşı həmin mənzildə xx.xx.1969-cu il təvəllüdlü X7 da qeydiyyatdadırlar. X4 mübahisəli ünvandan qeydiyyatdan çıxarılması barədə iddiaçının ərizəsinə Bakı şəhəri, Səbail rayon polis idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 065-32330- 1219 saylı cavab məktubunda, sonuncuya “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 6-cı bəndinin tələbləri nəzərə alınmaqla məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Səbail rayon polis idarəsi tərəfindən verilmiş 03 mart 2020-ci il tarixli 065-7255-1220 №li məktubda göstərilmişdir ki, X4 ünvan 7 ünvanına qeydiyyata alınma əsasları saxlama müddəti bitdiyindən müvafiq qaydada məhv edilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı üçüncü şəxs X4 İddiaçı1 Müseyib qızına məxsus ünvan 8 ünvanında qeydiyyatda olması müəyyən olunsa da, S.Cabbarovanın həmin ünvana qanuni əsaslarla (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında) qeydiyyata alınmasına dair nə cavabdeh orqan, nə də ki üçüncü şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim ounmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsas (qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə) mövcuddur ki, cavabdeh sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 ünvan 8 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail rayon polis idarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar