Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5030/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının bərpası və çıxarışın ləğvi barədə qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4 küçəsi, ev 23 ünvanında yerləşən mənzil 18.12.2009-cu il tarixdə mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra – İddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(008)- 11108/2017 saylı qiyabi qətnaməsi ilə iddiaçı X1 iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4 küçəsi 23 ünvanında yerləşən fərdi yaşayış evinə dair X2 ilə İddiaçı arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, bağışlama müqaviləsi əsasında İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* saylı çıxarış ləğv edilmişdir. Daha sonra həmin qiyabi qətnamə ləğv olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli 2(008)-2367/2019 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru) qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.09.2019-cu il tarixli 2(103)-9672/2019 saylı qətnaməsi ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.02.2020-ci il tarixli 2(102)-725/2020 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 14.12.2020-ci il tarixdə İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək MA seriyalı ******* saylı çıxarışın ləğvinə dair aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmiş, cavabdeh İddiaçının müraciətini təmin etməkdən imtina edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.02.2020-ci il tarixli 2(102)- 725/2020 saylı qərarı ilə müvafiq evə dair dövlət reyestrində aparılmış qeydiyyata münasibət bildirilmədiyini qeyd etmiş, eyni zamanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-11108/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qiyabi qətnaməsin icrasına geriyə dönüş (aparılmış əməliyyatların ləğvi) barədə məkəmə aktı rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olduğu təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Maştağa qəsəbəsi, X4 küçəsi, 23 saylı evə dair mülkiyyət hüquqlarının bərpa edilməsi, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 14.12.2017-ci il tarixli, 2(008)- 11108/2017 saylı qiyabi qətnaməsi əsasında adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 18.12.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı çıxarışın ləğvinə dair aparılmış qeydiyyatın ləğv edilməsinə dair cavabdeh orqanın üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, Cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İş materiallarından müəyyən olunduğu kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-11108/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qiyabi qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4 küçəsi, 23 ünvanında yerləşən fərdi yaşayaış evinə dair X2 ilə İddiaçı arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bağışlama müqaviləsi əsasında İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmiş, həmin qətnamə 20.09.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə cavabdeh tərəfindən icra olunaraq, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmış və iddaçının adına olan MA seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Lakin işdən aydın olur ki, Cavabdeh tərəfindən icra olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-11108/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuş, X1 cavabdeh İddiaçı qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. İddiaçının hazırkı tələb üzrə hüquqi marağı da məhz ləğv olunmuş qiyabi qətnamənin icrasının nəticələrinin aradan qaldırılmasına, yəni həmin qətnamənin icrasında dönüş edilməsinə yönəlmiş, buna görə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, «icrada dönüş» dedikdə, məhkəmə qətnaməsinin, icraya yönəldilməməsi, icraya yönəldilmiş qətnamənin icrasının dayandırılması və ya icra edilmiş qətnamənin ləğv edilərək tərəflərin münasibətlərinin, maraqlarının, maddi və digər mənafelərinin mübahisə ilə əlaqədar iddia verilən andakı vəziyyətə qaytarılması başa düşülür. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 26.05.2009-cu il tarixədək qüvvədə olan 235-ci madəsində göstərilirdi ki, aşağıdakı qətnamələr dərhal icra edilməlidir: şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; işçiyə əmək haqqı ödənilməsi haqqında; dövlət orqanları aktlarının etibarsız hesab edilməsi, habelə barışıq sazişini təsdiq edən iqtisad məhkəməsinin qərardadları; qanunda müəyyən edilmiş digər hallarda (maddə 235.1). Hakim tərəflərin xahişi ilə qətnamənin icrasının ləngidilməsinin tələbkar üçün böyük zərərə səbəb ola biləcəyi, yaxud icranın özünün mümkün ola bilməyəcəyi xüsusi hallarda qətnaməni dərhal icraya yönəldə bilər (maddə 235.2). Qətnamənin dərhal icra edilməsinə yol verildikdə, məhkəmə qətnaməsi ləğv edildiyi halda, hakim onun icrasının dönüşünün təmin edilməsini tərəfdən tələb edə bilər (maddə 235.3). Maddənin məzmunundan aydın olduğu kimi qətnamə icra edildikdən sonra ləğv olunarsa, sonuncu qətnaməni qəbul edən hakim onun icrasının dönüşünün təmin edilməsini tərəflərdən tələb edə bilərdi. Hazırda istinad olunan norma qüvvədən düşsə də, icra edilmiş qətnamə ləğv olunduqdan sonra onun icrasının nəticələrinin aradan qaldırılması məhz qətnaməni ləğv edən məhkəmə tərəfindən həyata keçirilməlidir. Belə ki, qüvvədə olan «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 11.3-cü bəndinə əsasən qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildikdə və yaxud dəyişdirildikdə məhkəmə bunun üçün zərurət yaranırsa, qətnamənin icrasının dönüşü məsələsini həll etməlidir. İşdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(008)-11108/2017 saylı qiyabi qətnaməsi həmin məhkəmənin özü tərəfindən ləğv edilmiş, 08.02.2019-cu il tarixli 2(008)-2367/2019 saylı qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdeh tərəfindən icra olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(008)-11108/2017 saylı qiyabi qətnaməsinin icrasına dönüş edilməsi həmin məhkəmə tərəfindən həyata keçirlməlidir. Lakin iddiaçı müvafiq ərizə ilə qiyabi qətnaməni qəbul etmiş məhkəməyə müraciət etmək əvəzinə, ilkin olaraq cavabdeh orqana, daha sonra isə müstəqil iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı inzibati orqanın qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağının ləğv olunmuş qətnamənin icrasında geri dönüş edilməsinə yönəldiyi, bununla bağlı prosessual tələbin həmin qərarı qəbul etmiş məhkəməyə müraciət etməkdən ibarət olduğu müəyyən edildiyindən, yəni mümkünlük şərtləri hazırkı işdə ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5030/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5030/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver