Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5030/2025 05.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “7-8/E” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Dövlət Filarmoniyasının Ü.Hacıbəyov adına Dövlət Simfonik orkestrin solistidir. AR Prezidentinin xx.xx.2012-ci il tarixli Sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülmüşdür. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “7-8/E” saylı torpaq sahəsindən 1200 kv.m bağ sahəsi İddiaçı verilmişdir. Bu barədə Azərbaycan Dövlət Filarmoniyasının Türkan ərazisində olan “İncəsənət” bağçılıq- yoldaşlıq təsərrüfatı tərəfindən 12/V-1999-cu il tarixli 8 nömrəli protokoldan çıxarış verilmişdir. Torpaq sahəsi iddiaçı tərəfindən hasara alınmışdır. “İncəsənət” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş arayışda İddiaçı sözügedən bağ sahəsinin verilməsi ilə yanaşı, həmçinin İddiaçı “İncəsənət” bağçılıqyoldaşlıq təsərrüfatının fəal üzvü olduğu və üzvlük haqqını vaxtı-vaxtında ödədiyi qeyd olunmuşdur. İddiaçı bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olduğunu təsdiq edən digər sənəd isə “İncəsənət” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş “bağçının üzvlük* kitabçasıdır. Kitabça “İncəsənət” bağçılıq-yoldaşlıq təsərrüfatının möhrü ilə möhürlənmişdir. Kitabçada Türkan qəsəbəsində yerləşən bağ sahəsindən 1200 kv.m olan 7-8/E saylı torpaq sahəsinin 5/Vİ 1999-cu il tarixində qeydə alınmış qərara əsasən İddiaçı daimi istifadə etməsi üçün verildiyi qeyd edilmişdir. Artıq 25 ildir ki. həmin torpaq sahəsi ona verilməsinə baxmayaraq, torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail ola bilməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “7-8/E” saylı torpaq sahəsindən 1200 kv.m bağ sahəsinə çıxarış alınması məqsədilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2024-cü il tarixli imtina məktubu gəlmiş və qeyd edilmişdir ki, arxiv məlumatlarına əsasən “İncəsənət” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Torpaq sahəsinin faktiki sahəsinin 1108 kv.m təşkil etdiyi qeyd edilmişdir. Elektron kadastr məlumatlarında isə digər şəxsin adına reyestrdə qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, order, üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, adıçəkilən orqan tərəfindən müraciətə əsassız və qanunsuz olaraq imtina verilmişdir. Belə ki, yuxarıda adları qeyd olunan faktlar da sübut edir ki, həmin əmlak ona məxsusdur. Qanunun tələbinə uyğun olaraq üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış da təqdim edilmişdir. Faktiki sahəsinin az olması ilə iddiaçının özünün könüllü razılaşdığı məsələdir. İddiaçı razı olduğu halda imtina əsası təşkil etməməlidir. Məhz yuxarıda qeyd olunanlara baxmayaraq, cavabdeh inzibati orqan müraciəti tam və ətraflı araşdırmamış, formal səbəblər göstərərək müraciəti təmin etməkdən imtina etmişdir. Ona görə də, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Və hesab edir ki, inzibati orqan məsələyə düzgün hüquqi qiymət vermədiyinə görə məhkəmə tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı qeyd edilən məsələ ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********09 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən “İncəsənət” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən sahənin 95 kv.m hissəsi digər şəxsin - X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üstüstə düşür. Bundan başqa, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki 1108 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi yolu ilə aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-5030/2025 nömrəli qərardadı ilə X10 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1015 kv.m olan “7-8/E” saylı torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X5 əsasən Quliyev X9 Cəmiyyəti Üzvlərinin xx.xx.1999-cu il tarixli 8 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Ona Türkan qəsəbəsi Bağçılıq Cəmiyyəti Bağından 1200 kv.m sahəsi olan 7- 8/E nömrəli bağ sahəsi xx.xx.1999-cu il tarixdə qeydəalınmış qərara əsasən daimi istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 1/25 nömrəli Qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1987-ci il tarixli 326 nömrəli qərarı ilə Bakı Şəhər Soveti İcraiyyə Komitəsinə kollektiv təşkil etmək üçün ayrılmış keçmiş Türkan üzümçülük sovxozunun ərazisindəki Əzizbəyov rayonunun Türkan kəndi ərazisində torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Filarmoniyasının Türkan Ərazisində olan “İncəsənət” Bağçılıq Yoldaşlığın xx.xx.1999-cu il tarixli Protokolundan Çıxarışdan görünür ki, Bağ sahəsi almış vətəndaş İddiaçı “İncəsənət” bağçılıq yoldaşlığın Türkan ərazisindəki bağçılıq sahəsində 7-8/E 1200 kv.m bağ sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Arayışdan görünür ki, vətəndaş İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 17/7 ay və 27/10 ay tarixli 16/290 və 20/326 saylı qərarı ilə Azərbaycan Dövlət Filarmoniyasının Türkan Ərazisindəki “İncəsənət” bağçılıq yoldaşlığı tərəfindən xx.xx.1999-cu il tarixli 8 nömrəli protokoluna əsasən 7-8/E 1200 kv.m bağ sahəsi verilmişdir. O bağçılıq yoldaşlığın fəal üzvüdür. Üzvlük haqqını da vaxtı-vaxtında ödəmişdir. İş materiallarına əlavə edilmiş Orderdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 16/2178Vİİ tarixli 16/2790 nömrəli qərarına əsasən Bakı şəhəri, Türkan kəndində ayrılmış 7-8/E nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququ Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının bağçılıq birliyinin üzvü İddiaçı verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xx.xx.2025-ci il tarixli 21 nömrəli məktubunda göstərilmişdir ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə əsasən respublika dövlət hakimiyyət orqanlarının sənədlərinin idarələrdə saxlanılmasının son müddəti 15 il nəzərdə tutulmasına görə, hazırda həmin sənədlər saxlanılmır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12891/2025 nömrəli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq hasardaxili 0.1108 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin 93.0 kv.m (0.0093 ha) hissəsi qeydiyyatdan keçmiş **********48 reyestr nömrəli sahə ilə üst-üstə düşür. Qeyd olunan sahə hazırda X3 xüsusi mülkiyyətindədir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -579054 nömrəli Orderdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1987-ci il tarixli 16/290 nömrəli qərarına əsasən Bakı şəhəri, Türkan kəndində ayrılmış 6-F-E nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququ Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının bağçılıq birliyinin üzvü X11 verilmişdir. - Azərbaycan Dövlət Filarmoniyasının Türkan Ərazisində olan “İncəsənət” Bağçılıq Yoldaşlığın xx.xx.1998-ci il tarixli 21 nömrəli Protokolundan Çıxarışdan görünür ki, Bağ sahəsi almış vətəndaş X13 “İncəsənət” bağçılıq yoldaşlığın Türkan ərazisindəki bağçılıq sahəsində 6-F-E 1200 kv.m bağ sahəsi verilmişdir. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan **********48 reyestr nömrəli bağ sahəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 929 nömrəli reyestr kitabının 88127 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-7383/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı adına “İncəsənət” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 7-8/E saylı bağ sahəsinin ayrılmasına dair sənəd arxiv qovluğunda aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-7335/2025 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.12 ha, faktiki sahəsi 0.1108 ha təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, darvaza var. Bağ sahəsində 1 natamam tikili var. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-21962/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda 6-F-E və 5-F-E saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-25336/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində **********48 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsi ilə kənar hissəsində üst-üstə düşmə halı müşahidə olunur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-24715/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -- Azərbaycan Dövlət Filarmoniyasının Türkan Ərazisində olan “İncəsənət” Bağçılıq Yoldaşlığın xx.xx.1997-ci il tarixli 7 nömrəli Protokolundan Çıxarışdan görünür ki, Bağ sahəsi almış vətəndaş X8 “İncəsənət” bağçılıq yoldaşlığın Türkan ərazisindəki bağçılıq sahəsində 5-F-E 1200 kv.m bağ sahəsi verilmişdir. -569725 nömrəli Orderdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1987-ci il tarixli 16/290 nömrəli qərarına əsasən Bakı şəhəri, Türkan kəndində ayrılmış 5-F-E nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququ Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının bağçılıq birliyinin üzvü X4 verilmişdir. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan **********47 reyestr nömrəli torpaq sahəsi xx.xx.2019-cu il tarixdən ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 912 nömrəli reyestr kitabının 86423 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********09 nömrəli imtina məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “İncəsənət” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən sahənin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bundan başqa, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki 1108 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı “İncəsənət” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlük kitabçasına əsasən ona Türkan qəsəbəsində sahəsi 1200 kv.m olan 7-8/E saylı bağ sahəsi verildiyini əsas gətirərək bağ sahəsinə mülkiyyət hüququn qeydiyyatı ilə bağlı cavabdehə müraciət emiş, cavabdeh orqan “İncəsənət” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmadığını, bağ sahəsinin bir hissəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşdüyünü, torpaq sahəsinin sənəd üzrə 1200 kv.m, faktiki 1108 kv.m təşkil etdiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. İşin hallarından görünür ki, iddiaçı Azərbaycan Dövlət Filarmoniyasının əməkdaşı olmaqla ona Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 1/25 nömrəli Qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1987-ci il tarixli 326 nömrəli qərarı ilə Azərbaycan Dövlət Filarmoniyasının Türkan Ərazisində olan “İncəsənət” Bağçılıq Yoldaşlığı üçün ayrılmış torpaq sahəsindən 7-8/E 1200 kv.m bağ sahəsi ayrılmış və iddiaçıya bu barədə xx.xx.1999-cu il tarixli Protokolundan Çıxarış və X12 verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən üzvlük kitabçası, protokoldan çıxarış olduğu təqdirdə, üzvlərin siyahısında adının olmaması əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının vaxtında cavabdeh orqana təqdim edilməməsi və iddiaçının da adının olduğu siyahının tərtib edilərək idarəyə təqdim edilməməsi iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Belə ki, nə siyahının tərtib edilməsi, nə də onun yenilənməsi iddiaçının məsuliyyət dairəsinə aid məsələ deyil. Qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş qonçu torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərdən “İncəsənət” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında olmayan şəxslərin hüquqları iddiaçı ilə oxşar eyni hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə hesab edir ki, işin bu halı cavabdeh tərəfindən iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulan bərabərlik prinsipinin (12.1.Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.; 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.; 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.” )pozulması deməkdir. Bundan əlavə, işin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin İncəsənət Bağçılıq yoldaşlığa aid ayrıc aktı daxilində yerləşdiyi və ətrafındakı qonşu bağ nömrələri ilə nömrə ardıcıllığına uyğun yerləşdiyi müəyyən edilmişdir. İddia olunan bağ sahəsi faktiki olaraq 1108 kv.m təşkil etmiş, eyni zamanda həmin bağın 93.0 kv.m (0.0093 ha) hissəsinin qeydiyyatdan keçmiş **********48 reyestr nömrəli sahə ilə üst-üstə düşdüyü müəyyən edilmiş, iddiaçı üst-üstə düşən hissə ilə bağlı torpaq sahəsinin ölçüsünün azalması ilə bağlı ərizə təqdim edərək iddia tələbini dəqiqləşdirmişdir. Başqa sözlə, iddiaçı faktiki qnauni istifadəsində olan 1015 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1015 kv.m olan “7-8/E” saylı torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1015 kv.m olan “7-8/E” saylı torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5030/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5030/2025
05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver