Məhkəmə qərarları › İş №2-1(112)-5031/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5031/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5031/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı binanın yaxınlığında yerləşən daş təsərrüfat anbarı üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını arzulayır və bu halı onunla əsaslandırır ki, həmin qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq edən sənədlər mövcuddur. İddiaçı həmin sənədlərin mövcudluğuna istinad edərək mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr baza məlumatlarına əsasən, qeyri-yaşayış binası yaşayış binalarının həyətində, ətrafında yaşıllıq ağacları olan ərazidə yerləşir. Həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarıdır. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş qeyri-yaşayış binasına dair yerləşmə cizgisində istinad və məsafələr qeyd olunmamışdır. Qeyri-yaşayış binasına dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən idarəyə müraciət daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bununla bağlı iddiaçıya **********38 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Nizami Bələdiyyəsinin 07 dekabr 2015-ci il 17 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Nizami rayonu, Qara Qarayev prospekti 126 saylı binanın yaxındlığında yerləşən daş təsərrüfatı anbarının İddiaçı adına qeydiyyata alınması qərara alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 26 may 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Nizami bələdiyyəsi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 saylı binanın həyətində yerləşən ümumi sahəsi 136 kv.m olan sahəni 49 il müddətinə İddiaçı icarəsinə vermişdir. İddiaçı sifarişi əsasında tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı binanın yaxınlığında yerləşən mövcud daş təsərrüfat anbarının memarlıq planlaşdırmasının eskiz layihəsi tərtib edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi (təsərrüfat anbarı) üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, həmin əmlaka dair onun sənədləri mövcud olduğundan, onu qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yaranmış olur. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan və etiraz ərizəsinin surətindən görünür ki, cavabdeh müraciətin əsassız olmasına dair (bir) əsas gətirir:

1. Qeyri-yaşayış sahəsinə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi;

2. Qeyri-yaşayış binasına dair yerləşmə cizgisində istinad və məsafələrin qeyd olunmaması;

3. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmasıdır. Məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri müəyyən edilmişdir ki, hazırki idda üzrə mübahisə predmetini təşkil edən əmlak həmin maddədə səciyyələnmiş obyektlərə aid deyildir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; - müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə; - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərar; - istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Həmin Qanunun 8.0.10.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.10.2-ci maddəsində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, - tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, - sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Şərh olunan qanunvericilyin müddəalarından göründüyü kimi, xx.xx.2013-cü il tarixdən sonra inşa edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün tikintisinə icazə tələb olunan və məlumatlandırma icraatı tələb olunan tikililəri münasibətdə sənədlərin əhatə dairəsi fərqləndirilmişdir. Nəzərə alınmalıdır ki, ümumiyyətlə istər xx.xx.2013-cü il tarixdən əvvələ, istirsə də xx.xx.2013-cü il tarixdən sonra inşa edilmiş tikintisi tələb olunan tikililərə münasibətdə qanunvericilik sənədlərin əhatə dairəsini eyni müəyyən etmiş, vətəndaşın daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını bilavasitə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi olmasından asılı etmişdir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etsə də, həmin qeyri-yaşayış sahəsinə dair istismara icazə sənədinin olması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddia olunan qeyri-yaşayış sahəsi ilə bağlı eskiz layihəsi tərtib olunsa da, həmin eskiz layihəsi aidiyyəti qurum ilə razılaşdırılmamışdır. Halbuki, Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 01 avqust 2018-ci il tarixli 226 saylı Fərmanının: 1-ci və 2-ci bəndlərinə qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X1 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Hazırki sənədlərdən isə görünür ki, qeyri-yaşayış sahəsinə dair 2022-ci il tarixdə tərtib olunmuş eskiz layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmamışdır. Məhkəmə iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair hüquqlarının olub-olmaması ilə bağlı bildirir ki, iddiaçı torpaq sahəsinə münasibətdə hüquqlarının yarandığını bələdiyyə ilə arasında bağlanmış icarə müqaviləsinin mövcudluğu ilə əsaslandırır. Cavabdeh isə bu halı təkzib edirək, torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olduğunu bildirir. Baxmayaraq ki, tərəflər arasında torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması ilə bağlı fikir ayrılıqları yaransa da, məhkəmə hesab edir ki hazırki mərhələdə bu hissədə araşdırmanın aparılmasına zərurət yoxdur. Çünki bu halın müəyyən olunması istiqamətində müvafiq tədbirlər görülməlidir (mütəxəssis rəyinin alınması, tikinti-texniki ekspertizasının təyin edilməsi) ki, iddiaçı hal-hazırda qeyri-yaşayış sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlərə malik olmadığından, nəticədən (torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması) asılı olmayaraq onun tələbinin təmin olunması mümkün deyildir. Son olaraq Məhkəmə qeyd edir ki, hazırki tələbin təmin olunmasını istisna edən bir neçə əsas öz təsdiqini tapdığından, imtina məktubunda göstərilən digər əsaslar üzrə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Göründüyü kimi iddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi (təsərrüfat anbarı) üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını arzulasa da, o, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən malik olmadığından, onun müraciəti üzrə verilmiş imtinanın əsaslı olduğunu təsdiq edir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar