Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5031/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Cəbrayılov Rəşad Vəkil oğlunun, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı “torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər arasında naturada bölünmüş paylarına uyğun dövlət reyestrində müvafiq qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 (bundan sonra- üçüncü şəxs) üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(002)-69/2024 nömrəli qətnaməsinə əsasən, ünvan 1 ünvanda yerləşən mübahisə predmeti olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi tərəflər arasında naturada bölünmüş, bu zaman fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki bölgü qaydası dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamə icra edilməsi üçün Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə yönəldilmişdir. Naturada bölünmüş əmlakın dövlət qeydiyyatının təmin edilməsi məqsədi ilə icra məmuru tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ********** nömrəli məktub ünvanlanmışdır. Verilmiş müraciət cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində, 3-21-3-30/2-3689/2024 **********9 nömrəli məktubla cavablandırılmış, məktubda idarə üzərinə icra ediləcək hər hansı öhdəliyin qoyulmadığı qeyd edilmişdir. Lakin verilmiş bu imtina əsassızdır. Belə ki, həm iddiaçının, habelə Qaradağ Rayon Məhkəməsi tərəfindən edilmiş müraciətlərdə 2(002)-69/2024 nömrəli qətnamə ilə hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilmişdir. Qaradağ Rayon İcra Şöbəsi tərəfindən verilmiş məktub məhz qətnamənin icrasının tələbindən irəli gəlir. Eyni zamanda məhkəmə zamanı qeyd edilən yaşayış yerinin bölgüsü ilə bağlı müvafiq ekspert rəyi belə alınmışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, bölgüsü nəzərdə tutulan torpaq sahəsinin ayrıca giriş-çıxışı olmadığından bölgü sxeminin tərtib edilməsi ümkün olmamışdır. Həmçinin müvafiq rayon məhkəməsinin qətnaməsi ilə İdarə üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə hüququn qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 83.5 kv.m sahəsi olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,10416 ha torpaq sahəsi X3 (1 otaq, y/s 19.1 kv.m) və İddiaçı (2 otaq y/s 36.4 kv.m) xüsusi paylı mülkiyyətindədir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-69/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı İrzabala qızı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Sali Süleyman küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin mülkiyyət hüquqlarındakı paylar nəzərə alınmaqla (ona 2 otaq, yaşayış sahəsi 36,4 m2, cavabdeh X4 1 otaq, yaşayış sahəsi 19,1 m2) cavabdeh X5 ilə faktiki istifadələrində olan vəziyyətə uyğun olaraq yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 4 ünvanda yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi tərəflər arasında naturada bölünmüş, bu zaman fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki bölgü qaydasının dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı İrzabala qızı cavabdeh X4 qarşı «yaşayış evinin və torpaq sahəsinin faktiki istifadədə olan vəziyyətə uyğun olaraq naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-69/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 4 ünvanda yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi tərəflər arasında naturada bölünmüş, bu zaman fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki bölgü qaydası müəyyən edilmişdir. Qeyd olunmuş qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə göndərilmişdir. Hal-hazırda həmin icra işi Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icraatında olmaqla, icra mərhələsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-13528/2025 nömrəli məktubundan görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.1042 ha olsa da, faktiki olaraq 0.11165 ha təşkil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 83.5 kv.m olan fərdi yaşayış evi mövcuddur. Sahə mişar daşı ilə hasara alınaraq iki hissəyə bölünüb (hər iki sahədən küçəyə qapı açılmışdır). Qeyd olunan 0.1042 ha torpaq sahəsi və üzərində mövcud olan ümumi sahəsi 83.5 kv.m fərdi yaşayış evi **********51-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Texniki pasporta əsasən 2 saylı sahə arakəsmə divarla iki hissəyə bölünmüşdür. Qeyd olunan 4 saylı otaqdan əlavə qapılar açılmışdır. Bundan əlavə "A” literli tikiliyə bitişik 69.2 kv.m əlavə tikili inşa edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi mişar daşı ilə hasara alınmış və daş hasarla iki hissəyə ayrılmışdır. Əlavə 75.5 m2 torpaq sahəsi ərizəçinin istifadəsindədir. Texniki pasporta əsasən 2 saylı sahə arakəsmə divarla iki hissəyə bölünmüşdür. 4 saylı otaqdan əlavə qapılar açılmışdır. “A” tikilisinə bitişik 69.2 m2 əlavə tikili inşa edilmişdir. A tikilisi və torpaq sahəsi payçılar arasında iki hissəyə bölünmüş və hər iki həyətdən küçəyə qapı açılmışdır. Faktiki vəziyyətə uyğun koordinatlar əlavə olunmuşdur. İddiaçı hazırda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə naturada bölünmüş fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ona məxsus hissəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun: -1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.2-ci maddəsinə əasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Normaların məzmunundan göründüyü kimi ümumi mülkiyyətçilər aralarındakı razılaşmaya əsasən paylı mülkiyyətdə olan əşyanı paylarına uyğun bölə bilərlər. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilə bilər. Bu mümkün olmadıqda əşya məhkəmənin qərarı ilə fiziki bölünür və ya hərracdan satılır. Paylı mülkiyyətçi öz payının ayrılması barədə ümumilikdə qalmaq istəyən digər payçılarla razılığa gələ bilmədikdə isə həmin payın ayrılmasını məhkəmə qaydasında tələb edir. Payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sali Süleyman küçəsində mülkiyyətdə olan 0,10416 ha torpaq sahəsində yerləşən, 83.5 sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə X5 və X1 mülkiyyətində olmuş, Bakı Şəhər Qaradağ Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 69/2024 nömrəli qətnaməsinə əsasən paylar tərəflər arasında naturada bölünmüşdür. Məhkəmə qərarında göstərmişdir ki, “...Mülki iş materiallarında olan (səhifə 4) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (reyestr № **********51-10301) mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin tərəflər arasındakı payları qeyd edilmədiyindən həmin torpaq sahəsinin tərəflər arasında paylar üzrə istifadə qaydasının müəyyən edilməsi mümkün olmamışdır. Lakin, qeyd olunan torpaq sahəsinin tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolları olduğunu nəzərə alaraq faktiki bölgü qaydası dəyişdirilmədən istifadə edilə bilər... X9 məhkəmə iclasında ifadəsində bildirdi ki, məhkəmənin qərardadına əsasən müvafiq ekspert rəyi vermişdir. Bir daha qeyd edir ki, fərdi yaşayış evinin faktiki bölgüsü dəyişdirilmələdən saxlanılmalıdır. Həmin evdə hər hansı dəyişiklik olunsa idi, sxem tərtib olunacaqdı. Fərdi yaşayış evinin payları müəyyən olunub. Torpaq sahəsinin payları isə müəyyən olunmayıb. Rəy verdiyi dönəmdə, texniki pasport iş materiallarına əlavə edilməmiş və tədqiq olunmamışdı. Hazırda məhkəmədə həmin texniki pasport ona təqdim olunmuşdur. Texniki pasportdan görünür ki, həmin pasportda torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun olaraq tərəflər arasında ayrılmışdır. Ona görə də, texniki pasport əsas götürülərək torpaq sahəsi tərəflər arasında naturada bölünə bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, əlavə ekspertiza təyin edilməsinə zərurət yoxdur. Çünki, məhkəməyə təqdim olunmuş texniki pasportda tərəflərin mülkiyyətində olan torpaq sahəsinin parametrləri tərəflərin arasında faktiki istifadə vəziyyətinə uyğun olaraq təsbit olunmuşdur. Məhkəmənin qənaətinə görə, torpaq sahəsi tərəflər arasında naturada bölünərkən həmin texniki pasportda əks olunan faktiki istifadə vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin, eləcə də torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada ayrılması mümkündür. Göründüyü kimi, tərəflər arasında fərdi yaşayış evinin və torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun bölünməsinə cavabdehin heç bir etirazı yoxdur, o, iddianı etiraf edir, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir...” Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -15.1-ci maddəsinə görə məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. -15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. -15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. -82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. "İcra haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları;(...). Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərardadında göstərilmişdir ki, "(...) Məhkəmə aktlarının məcburiliyi təsbit edilmiş MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1 -ci maddəsi). «İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1 -ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1 -ci və Qanunun 6.1.1 -ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır.” Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər arasında adı çəkilən "məhkəmə qərarı” dar mənada yalnız qərar formasında qəbul edilmiş məhkəmə aktını deyil, geniş mənada məhkəmə adından qəbul edilmiş aktları, o cümlədən qanuni qüvvəsini almış və icraya yönəldilmiş qətnaməni də ehtiva edir. Azərbaycan Respublikası məhkəmələrinin çıxardıqları aktlar məcburi hüquqi qüvvəyə malikdir, qətnamə ilə öz həllini tapmış hallar Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün, o cümlədən mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqan tərəfindən onun üzərinə bilavasitə vəzifənin qoyulmasından asılı olmayaraq səlahiyyəti çərçivəsində icra olunmalıdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Mübahisəli əmlaka dair mülki iş üzrə əldə edilmiş ekspert rəyi, hazırkı halda cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə aktı ilə müəyyən olunur ki, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin hər birinin ayrı-arılıqda giriş-çıxış qapıları, həyətyanı sahəni ayıran sərhəd hasarı mövcuddur. Fərdi yaşayış evinin texniki pasportundan da əmlakın iki yerə bölündüyü, evin payları ayıran müstəqil divarlarının olduğu müşahidə olunur. Xüsusən də qeyd edilməlidir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ünvan 4 ünvanda yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi tərəflər arasında naturada bölünmüş, bu zaman fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki bölgü qaydasının dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, tərəflərin paylarının naturada ayrılması texniki cəhətdən mümkün hesab olunmuş, belə olan halda paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılmış olduğundan müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -7.2-ci maddəsinə əsasən "Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -3.2-ci bəndinə görə Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə cavabdehin iddiaçının tələbinə uyğun olaraq daşınmaz əmlakı dövlət reyetsrində qeydə almaqla ayrıca çıxarış imtina edilməsinə əsas ola biləcək qanunla sadalanan hallar mövcud olmamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1 -ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin naturada bölünmüş payına xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-5031/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5031/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver