Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5032/2021 10.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “vergi uçotdan çıxarılması və VÖEN şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il tarixdə açılmış VÖEN ********** üzrə hesablanmış 3.575,25 manat vergi məbləğinin silinməsi və VÖEN ********** ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi öhdəliyinin X2, VÖEN-nin ləğv edilməsi öhdəliyinin isə Bakı şəhər X5 üzrə Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X4 və Bakı şəhər X5 üzrə Baş İdarəsinə qarşı VÖEN-nin ləğv edilməsi və , “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi, 3.575,25 manat vergi borcunun silinməsi barədə iddia tələbi üzrə 2-1(112)-5032/2021 nömrəli iş üzrə icraatdan İddiaçı cavabdeh X1rşı “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi və 3.575,25 manat vergi borcunun silinməsi barədə iddia tələbi üzrə icraat sonraki icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması; İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “VÖEN-nin ləğv edilməsi” tələbinə dair icraat 2-1(112)-5032/2021 nömrə ilə saxlanılması qərara alınmışdır. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, onun vergi uçotundan çıxarılması və ********** №-li VÖEN şəhadətnaməsinin ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə alqısatqı yolu ilə 60.000 AZN manata satmış, devalvasiya olması ehtimalını nəzərə alaraq, əldə etdiyi həmin məbləğin bir hissəsini konvertasiya etmişdir. Bundan sonra vergi orqanın əməkdaşı tərəfindən telefon vasitəsi ilə əlaqə saxlanılmış və əldə etmiş olduğu gəlirin mənbəsi barədə məlumat verilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçıya rəsmi məktub ünvanlayaraq, hesablanmış olan vergi borcunun ödənilməsi tələb olunmuşdur. İddiaçı hesab edir ki, o, fərdi sahibkar kimi fəaliyyət göstərmədiyindən, həmçinin onu vergi uçotuna qeydiyyata alarkən onun müraciət ərizəsi olmadığından, onun barəsində hesablanmış vergi borcu silinməli və adına açılmış VÖEN ləğv edilməlidir.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçı 5 saylı Ərazi Vergilər İdarəsinin xidməti məktubu əsasında vergi uçotuna alınmış, bundan sonra iddiaçıya bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumata əsasən , iddiaçı tərəfindən 25.537,50 manat məbləğin konvertasiya olunmasına baxmayaraq konvertasiya olunmuş vəsaitin mənbəyi haqqında hər hansı izahat və ya təsdiqedici sənədin təqdim edilməmiş və bu hal gəlir vergisi bəyannaməsi üzrə 3.575,25 manat məbləğin dövlət büdcəsindən yayındırılmasına səbəb olmuşdur. Bundan sonra iddiaçıya məktub ünvanlanmış, gəlirin əldə edilməsi ilə əlaqədar müvafiq təsdiqedici sənədlərin təqdim olunması tələb olunmuş, lakin zəruri sənədlərin surətləri təqdim olunmamışdır. Bununla da, iddiaçı barəsində qərar qəbul edilmiş və 2019-cu ilin gəlir vergisi üzrə 3.575,25 manat vergi məbləği hesablanmışdır. Eyni zamanda bildirilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkün şərtlərinə əməl olunmamaqla, müvafiq müraciət olunmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə cavabdehin müraciət ilə bağlı yazılı etirazında göstərdiyi dəlilə münasibətdə bildirir ki, İddiaçı vergi ödəyicisi kimi uçota alınmasını mübahisələndirdiyindən, həmçinin hansı vergi orqanında uçotda olması ilə bağlı məlumatı olmadığından, o, müvafiq olaraq aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurasında və İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Cəbrayıl rayon Vergi Şöbəsinə VÖEN-nin ləğv edilməsinə dair ərizə ilə müraciət etmiş (müraciəti təsdiq edən xəbərnamələr mövcuddur), lakin onun müraciətinə hər hansı cavab verilməmişdir. Məhkəmə hesab edir ki, həmin dövrdə iddiaçının vergi orqanın hansı qurumu tərəfindən vergi uçotuna alınması ilə bağlı məlumatı olmadığından, onun vergi orqanına və onun nəznində olan aidiyyəti İdarələrə ünvanladığı müraciətlər hazırki iddia tələbinin mümkün sayılması üçün kifayət edir. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, vergi ödəyicisi qismində iddiaçı 5 saylı Vergilər İdarəsi tərəfindən deyil, həmin İdarənin xidməti məktubu əsasında Bakı şəhəri X5 üzrə Baş İdarə tərəfindən VÖEN verilməklə 06.06.2020-ci il tarixdə vergi uçotuna alınmış, qanuni əsaslar müəyyən edildiyi təqdirdə vergi uçotundan çıxarılması səlahiyyəti də həmin quruma verilmişdir ki, bunun davamı qismində iddiaçının VÖEN şəhadətnaməsinin ləğvi, eləcə də vergi uçotundan çıxarılması ilə bağlı iddiası da həmin hərəkətlərin edilməsi səlahiyyətinə malik olan Bakı şəhəri X5 üzrə Baş İdarə tərəfindən həyata keçirilməli olması da cavabdehin həmin inzibati orqan qismində müəyyən edilməsi, nəticədə iddianın cavabdehin düzgün hesab edilməsi əsası ilə mümkün sayılması, işə mahiyyəti üzrə baxılması imkanının mövcudluğuna dəlalət edir. Göründüyü kimi iddia bütün mümkünlük şərtlərinə riayət edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -33.1-ci maddəsinin müddəalarına əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyrirezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. -33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır -33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir -33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir -34.1-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 19 may 2015ci il tarixli **********003100 nömrəli qərarı ilə (14.06.2016-cı il tarixli **********005500 nömrəli, 19.01.2017-ci il tarixli **********002400 nömrəli qərarları ilə edilmiş dəyişikliklərlə) “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” təsdiq edilmişdir. -1.3-cü bəndinə əsasən, vergi orqanlarında fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq aparılır. Vergi orqanlarında fiziki şəxslərin uçota alınması ilə bağlı tələblər, uçotun aparılması yeri və müddətləri, habelə uçota alınmaq üçün verilən ərizəyə əlavə edilən sənədlər Vergi Məcəlləsinin həmin maddələri ilə müəyyənləşdirilir. Fiziki şəxsi vergi orqanlarında vergi uçotuna alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına Vergi Məcəlləsinin 34.1-ci maddəsinin 7-ci bəndinə əsasən forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” (bundan sonra - “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) verilir. -1.4-cü bəndinə əsasən, vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma, habelə uçot məlumatlarında dəyişiklik edilmə barədə təqdim edilən ərizənin forması və onların doldurulması qaydaları, vergi ödəyicilərinin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir. -1.5-ci bəndinə əsasən bu Qaydaların məqsədləri üçün vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda (bu Qaydaların 1 №–-li əlavəsi), vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Vergilər Nazirliyinin əmri ilə təsdiq edilmiş müvafiq jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir. Sadalanmış normalarının təhlilinə keçməzdən əvvəl, məhkəmə vergi qanunvericiliyinə görə VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ifadəsini ehtiva edən anlayışın nədən ibarət olmasına münasibət bildirir. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxs, onun filialları və nümayəndəlikləri və ya digər təsərrüfat subyektləri (obyektləri) olduğu yer üzrə, fərdi sahibkar və VM-in müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs isə yaşadığı yer üzrə vergi orqanında uçota alındıqdan sonra onlara bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə verilən və Azərbaycan Respublikasının bütün ərazisində vahid olan fərdi say nömrəsidir. Vergi orqanlarından VÖEN almaq vergi ödəyicisinin əsas vəzifələrindən biridir. VÖEN vergi ödəyicisinin uçota alındığını təsdiq edən sənəddir. Mülkiyyət formasından saılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən VÖEN verilməklə aparılır. Ümumməlum arqumentlərdən biri odur ki, vergi hüquq münasibətlərinin ən kütləvi iştirakçıları vergi ödəyiciləridir. Vergi ödəyiciləri Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir ki, oların hüquq və vəzifələri Vergi Məcəlləsinin, o cümlədən vergi qanunvericiliyinə daxil olan digər normativhüquqi aktlarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi uçotuna alınması, ona VÖEN və bunun əsasında şəhadətnamə verilməsi qanunvericilikdə müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirilir. Yuxarıda səciyyələnmiş qanunvericiliyin normalarından göründüyü kimi, qanunvericilik vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Vergi ödəyicisi tərəfindən və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən ərizə şəxsiyyət vəsiqəsi ilə birlikdə vergi orqanına təqdim olunur, bundan sonra qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alınaraq VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə VM-nin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazdan görünür ki, İddiaçı 5 saylı Ərazi Vergilər İdarəsinin xidməti məktubu əsasında vergi uçotuna alınmışdır. Vergi orqanı tərəfindən iddiaçının vergi ödəyicisi olduğu qənaətinə gələrkən, sonuncu tərəfindən 25.537,50 manat məbləğin konvertasiya olunmasına baxmayaraq konvertasiya olunmuş vəsaitin mənbəyi haqqında hər hansı izahat və ya təsdiqedici sənədin təqdim edilməməsinə söykənmişdir. Məhkəmə bildirir ki, iddiaçının sahibkarlıq faəliyyəti ilə məşğul olduğu müəyyən olunsa belə, bu hal vergi orqanı tərəfindən iddiaçının vergi uçotuna alınmasına hüquqi əsas vermir. Bir daha qeyd olunur ki, yuxarıda adı çəkilən normaların tələblərindən də görünür ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.Vergi orqanında uçota alınması üçün Vergi ödəyicisinin özünün Vergilər Nazirliyinə müvafiq ərizə ilə müraciət etməsi tələb olunur. İşdən müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər hansı müraciət etməmiş (cavabdeh orqan bu barədə hər hansı sübut təqdim etməmişdir), nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. Həmçinin, məhkəmə sorğusu əsasında İddiaçı vergi uçotuna alınması, o cümlədən fiziki şəxsin hansı vergi orqanı tərəfindən vergi uçotuna alınaması barədə məlumatın təsdiqedici sənədlər ilə birgə məhkəmə təqdim olunması xahiş olunsa da, məhkəmə icraatı zamanı vergi ödəyicisi barədə materiallar və ya hər hansı bir məlumat təqdim olunmamışdır. Məhkəmə əlavə olaraq onu da vurğulamağı zəruri hesab edir ki, cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən təkcə 5 saylı Ərazi Vergilər İdarəsinin xidməti məktubu əsas götürülməli deyil, bilavasitə iddiaçının vergi uçotuna alınması üçün ərizənin (şəxsiyyət vəsiqəsi ilə birgə) olub-olmamasına yoxlamalı idi. Vergi Məcəlləsinin 53.1-ci maddəsinin müddəasını nəzər yetirdikdə müəyyən olunur ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi qanunvericilik qanunla müəyyən olunmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmasını nəzərdə tutmuşdur. Lakin cavabdeh qeyd edilən səlahiyyətindən istifadə edərək iddiaçını maliyyə sanksiyasına cəlb etmək yerinə, vergi məcəlləsində nəzərdə tutulmamış qayda və üsullardan istifadə edərək iddiaçını məcburi qaydada vergi ödəyicisi kimi uçota almışdır. Məhkəmə əlavə olaraq onu da vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə vergi ödəyicisinin vergi uçotuna alınması ilə bağlı ərizə təqdim edilmədiyi halda vergi ödəyicisi kimi uçotdan çıxarılması və VÖEN şəhadətnamənin ləğv edilməsi öhdəliyi inzibati orqana həvalə edilir. (2-1(102)-1186/2020) Ümumiyyətlə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şühbələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, AR İXM-nin 398.1-ci maddəsindən də göründüyü kimi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Eyni zamanda,AR CM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məsuliyyətin cinayət və ya inzibati xəta qanunvericiliyi ilə müəyyən edilməsinin meyarı isə AR CM-nin 190-cı maddəsinin qeyd hissəsindən, eləcə də AR İXM-nin yuxarıda adıçəkilən 398-ci maddəsinin qeyd hissəsindən göründüyü kimi məbləğin 50 min manat olması ilə bağlıdır. Göründüyü kimi cavabdeh iddiaçının vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyətini həyata keçirdiyini ehtimal edirsə bununla bağlı məbləğin 50 min manatdan aşağı olması nəzərə alınmaqla inzibati xəta qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər həyata keçirilməli idi. Maddənin məzmunundan da göründüyü kimi vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyətinin göstərilməsi inzibati xəta məsuliyyəti müəyyən edir. Vergi orqanı isə hazırkı iş üzrə iddiaçını vergi uçotuna alaraq səlahiyyətinə uyğun olmadan inzibati xəta qanunvericiliyinin tətbiqini iddiaçı sahibkarlıq fəaliyyətini qanunsuz həyata keçirsə belə istisna etmişdir. Halbuki hüquqi tənzimləmə konkretdir və əgər şəxsin vergi uçotuna dayanmadan sahibkarlıq fəaliyyəti həyata keçirdiyi müəyyən edilərsə məsuliyyətlə bağlı tədbir görülməsi vergi orqanının səlahiyyətində olub, onun heç bir müraciət olmadan məcburi qaydada qeydiyyata alınması qanunvericiliyin tələblərinə uyğun olmayan hal kimi qiymətləndirməyə əsas verir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının vergi uçotuna alınması ilə bağlı ərizəsi olmadığından, həmçinin bunun əksi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, iddiaçının vergi ödəyicisi kimi uçotda olması və onun adına VÖEN-nin olması onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı vergi ödəyicisi kimi uçotdan çıxarılması və ********** №-li VÖEN şəhadətnaməsinin ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsi ilə bağlı iddiaçıya yenidən iddia irəli sürmək hüququ izah edilir. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5032/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5032/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver