Məhkəmə qərarları › İş №2-1(112)-5033/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5033/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5033/2020 05.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “190 manat birdəfəlik iki aylıq müavinətin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Fondunun Suraxanı Rayon Məşğulluq İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “190 manat birdəfəlik ikiaylıq müavinətin” ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə məhkəyə ərizə ilə müraciət edərək, cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-5033/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Suraxanı rayon Məşğulluq Mərkəzi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, öz yaşayış təminatını ödəmək üçün vaxt aşırı olaraq həmsərhəd ölkələrə gedərək, minimum təminatını ödəyirdi, 2020-ci il mart ayından evdəqalmağa məcbur olmuş, Azərbaycan Respublikasının DSMF birdəfəlik iki aylıq 190 manat ödənişi həyata keçirməmiş, qərəzli olaraq ona qeyri məğbul cavab verilmişdir. Odur ki, onların səhlənkar hərəkətlərinə görə ona maddi və mənəvi ziyan dəyib. Cavabdeh nümayəndəsi X7 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, İddiaçı mülkiyyətində “HYUNDAİ SONATA” və “HONDA CRV” markalı nəqliyyat vasitələriolduğu üçün Azərbaycan Respublikası Nazirlər kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.10-cu yarımbəndinə uyğun olaraq aztəminatlılıq meyarına cavab verməməsi səbəbindən birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək iddiaçıya 190 manat birdəfəlik ödəmənin iki ay üzrə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. - AA******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1968-ci il təvəllüdlüdür, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, V Y/S 25, 86 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 xx xxxxxxxx 2020-ci il tarixli, 016-81425-1220 saylı məktubun surətindən görünür ki, DİN-in Baş Dövlət X8 Qeydiyyat-İmtahan kompyuter uçot bazasına görə ünvan 2 mənzil 86 ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü İddiaçı adına xx.xx.2017-ci il tarixdən “Honda CRV” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2020-ci il tarixdən “Hyundai Sonata” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. Beləliklə, Məhkəmə iş materiallarından və iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatından müəyyən etdi ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarını rəhbər tutaraq, işsiz olduğu üçün, qanunvericiliklə nəzərdə tutulmuş 190 manat məbləğində birdəfəlik ödəmənin iki dəfə olaraq ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.6-cı maddəsinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab olunur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.4-cü maddələrinə əsasən, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Cavabdeh Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 149 saylı Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara(2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara(2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və X5 Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Göründüyü kimi, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi həyata keçirilirdi. Lakin, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün onlar müvafiq meyarlara uyğun olmalıdırlar. Nəzərə alsaq ki, bunun ilə bağlı Nazirlər Kabineti tərəfindən xx xxxxx 2020-ci il tarixdə Qərar qəbul edilmiş, sonradan xx xxxxx 2020-ci il tarixli Qərarla həmin Qərara dəyişiklik edilmiş, işsiz kimi qeydiyyatda olan, lakin səciyyəvi xüsuslara malik olan şəxslərə həmin birdəfəlik ödəmənin nəzərdə tutulması müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçının adına xx.xx.2017-ci il tarixdən “Honda CRV” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2020-ci il tarixdən “Hyundai Sonata” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hər hansı bir qanunazidd hərəkəti olmamış və haqlı olaraq iddiaçının müraciətinə imtina edilmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir(52-ci maddə). Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “190 manat birdəfəlik ikiaylıq ödəmənin təyin edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı “190 manat birdəfəlik ikiaylıq ödəmənin təyin edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar