Məhkəmə qərarları › İş №2-1(112)-5034/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5034/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5034/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X2 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi 3-cü şəxs qismində cəlb olunmaqla) texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzilin onun mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-5034/2021 saylı qərardadına əsasən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi 3cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli, 2(004)-854/2014 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli, 29.07 saylı mənzilə dair müqaviləyə əsasən Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzil üzərində İddiaçı mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqlarının tanınmasına dair iddiası təmin edilmiş və Azərbaycan Respublikasının adından çıxarılan qətnamə qanuni qüvvəsini almışdır. Belə ki, qətnamə həm apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş yekunda dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-18/2018 saylı 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə sözgedən mənzil İddiaçı təhvil verilməklə o, mənzilə köçürülmüşdür və hazırda orada yaşayır. Həmin qətnamə də apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş və nəticə etibarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bununla belə İddiaçıla mənzilin kommunal xidmətlərinə dair “Azəriqaz”, “Azərsu” və “Azərişıqla” müvafiq olaraq müqavilələr bağlanmışdır. İddiaçının qanuni sahibliyində və istifadəsində olan həmin mənzilin mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi zərurəti yaranmışdır. Bununla bağlı DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müvafiq ərizə ilə müraciət olunmuş, lakin cavab olaraq göstərilmişdir ki, hüquqaların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını, onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun deyildir. Eyni zamanda bildirilmişdir ki, müraciətdə qeyd olunan məhkəmə qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamış, qeyd olunan iş üzrə idarə tərəf olmamış və qətnamənin idarəyə rəsmi qaydada daxil olması barədə məlumat aşkar olunmamışdır. İddiaçı hesab edir ki, DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin imtinası əsassızdır. Belə ki, onun mənzilə hüquqlarının tanınmasının və köçürülməsinin hüquqi əsası qanuni qüvvəsini almış, dövlətin adından çıxarılan məhkəmə aktlarıdır. Həmin məhkəmə aktları məhz imtinada göstərilən "xxxx" MMC tərəfindən bütün instansiyalarda mübahisələndirilmişdir. İddiaçı müqaviləsinin və maliyyə arayışının etibarsızlığı və bütün məhkəmə araşdırmalarının nəticəsi olaraq müəyyən olunmuşdur ki, mənzilin yeganə vicdanlı alıcısı, qanuni sahibi İddiaçıdur. Məhkəmə qətnamələrində hüquqi əsaslandırılma bundan ibarət olmuşdur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin isə hüquqi mövqeyi aşağıdakı şəkildə olmuşdur: “Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4- cii maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.” Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanın mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənzubdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olıınıır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Onu da qeyd edək ki, binanın tikintisi başa çatdırılmış və qanunla müəyyən olunmuş qaydada istismara təhvil verilmişdir. Göründüyü kimi artıq İddiaçı mənzilə hüquqlarının tanınmasının, dövlət qeydiyyatına alınmasının hüquqi əsası müqavilə, maliyyə arayışı və ya protokoldan çıxarış deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarıdır ki, bunun üçün yetərli olan bütün lazımi sənədlər cavabdehə təqdim olunmuşdur. Bu səbəbdən də cavabdeh idarə şəxsdən əlavə sənədlər tələb edə və imtina üçün başqa əsaslar gətirə bilməz. Cavabdeh idarənin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmiş halları hüquqi müəyyənlik prinsipi baxımından yenidən mübahisələndirmək səlahiyyəti yoxdur. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res jııdicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madəsinin 1-ci hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madəsinin 2-ci hissəsinə görə insan və vətəndaş hüquqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madəsinin 7-ci hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan, Bakı şəhəri, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.m olan 797 nömrəli 2 otaqdan ibarət mənzilin İddiaçı mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi DƏDRX- nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə tapşırılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və qanunidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı iddia tələbi ilə bağlı 27.11.2019-cu il və 05.09.2020-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. İddiaçı 27.11.2019-cu il tarixli, ********** nömrəli müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzilinə dair təqdim olunmuş hüquqmüəyyənedici sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aidiyyəti təşkilata ("xxxx" MMC”) sorğu göndərilmişdir. Sorğu müsbət cavablandırılacağı təqdirdə ərizəyə yenidən baxılacağı barədə iddiaçıya **********04 saylı, 25.12.2019-cu il tarixli bildiriş ünvanlanmışdır. İddiaçı 05.09.2020-ci il tarixli, ********** nömrəli müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 saylı sərəncamına əsasən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Alatava küçəsində ayrılmış torpaq sahəsində "xxxx" MMC-nin inşa etdiyi 1 ədəd 2 girişli, 4 ədəd 1 girişli, 14-15 mərtəbəli, ümumi sahəsi 67.328 kv.metr olan, 551 mənzilli binaları (9 mənzil istisna olmaqla) və həmin binalara aid olan lift, hol və pilləkən qəfəsini, abadlaşdırılmış həyətyanı sahə (o cümlədən su çənini, kommunikasiya xətlərini) Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 16.05.2019-cu il tarixli, RR/02-463 saylı məktubuna əsasən qaçqın və məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə əvəzsiz olaraq verilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən İdarəyə daxil olmuş 08 saylı, 12.08.2020-ci il tarixli məktubda qeyd olunan 9 mənzilin siyahısında Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili barədə məlumat olmadığı müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzilinə dair ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********64 saylı, 26.10.2020-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən mənzildə aparılan yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, mənzilin sahəsi sənəd üzrə 91.53 kv.metr olsa da, faktiki olaraq 73.4 kv.metr təşkil edir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi öz nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli müqavilədən görünür ki, müqavilə tərəfləri arasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin blok 8, mərtəbə 10, ümumi sahəsi 91,53 kv.metr, 2 otaqdan ibarət 797 izolə olunmuş mənzilə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.5-ci bəndindən görünür ki, yekun sənədləşmə kompleksi tikinti olduğu üçün "xxxx" MMC tərəfindən həyata keçiriləcəkdir. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, payçı İddiaçı ona düşən mənzil sahəsinin hər kv.metri üçün 600 manat olmaqla, cəmi 54918 manat (64609 ABŞ dolları) ödəmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 19 oktyabr 2007-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa olunan yaşayış binası "xxxx" MMC və "xxxx" MMC-yə məxsusdur. Həmin binanın giriş 8, 10-cu mərtəbəsində, ümumi sahəsi 91,53 kv.metr olan 2 otaqlı, 797 saylı mənzilim ümumi məbləğini ödəyir. 54918 manat (64609 ABŞ dolları) alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-854/2014 saylı, 15 mart 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzil üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2(102)-1243/18 saylı qərarından görünür ki, "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar əsasında müəyyən edilənlərdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3718/2017 saylı, 20 aprel 2017-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-854/2014 saylı, 15 mart 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5968/2017 saylı, 24 avqust 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3718/2017 saylı, 20 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2017-ci il tarixli qərardadı ilə üçüncü şəxsü "xxxx" MMC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-854/2014 saylı, 15 mart 2014-cü il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-18/2018 saylı qətnaməsindən görünür ki, cavabdehlər "xxxx" MMC və "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10cu mərtəbə, ümumi sahəsi 91,53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzil İddiaçı təhvil verilməsi qət edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli, 2(103)-10963/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-18/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli, 2(103)-13625/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-18/2018 saylı iş üzrə 04 iyul 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC tərəfindən mənzilin təhvil verilməsi və "xxxx" MMC-nin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(004)-617/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Abdullayev Fərman Ərrəhman oğlunun cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(102)-7791/2019 saylı qərarından görünür ki, iddiaçı Abdullayev Fərman Ərrəhman oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar əsasında müəyyən edilənlərdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Abdullayev Fərman Ərrəhman oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(004)-617/2019 saylı qətnaməsi iddiaçı Abdullayev Fərman Ərrəhman oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 26 oktyabr 2020-ci il tarixli, **********64 saylı imtina məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə və sənədlərə baxılmış, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 saylı sərəncamına əsasən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Alatava küçəsində ayrılmış torpaq sahəsində "xxxx" MMC-nin inşa etdiyi 1 ədəd 2 girişli, 4 ədəd 1 girişli, 14-15 mərtəbəli, ümumi sahəsi 67.328 kv.metr olan, 551 mənzilli binaları (9 mənzil istisna olmaqla) və həmin binalara aid olan lift, xol və pilləkən qəfəsini, abadlaşdırılmış həyətyanı sahə (o cümlədən su çənini, kommunikasiya xətlərini) Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 16.05.2019-cu il tarixli, RR/02-463 saylı məktubu ilə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə əvəzsiz olaraq verilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən İdarəyə daxil olmuş 08 saylı, 12.08.2020-ci il tarixli məktubda qeyd olunan 9 mənzilin siyahısında Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili barədə məlumat olmadığı müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzilinə dair ərizənizə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17 dekabr 2020-ci il tarixli, **********14 saylı imtina məktubundan görünür ki, iddiaçının ünvan 4 ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, qeyd olunan mənzil üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciətinə 26 oktyabr 2020-ci il tarixli, **********64 saylı məktubla ətraflı münasibət bildirilmişdir. Eyni zamanda bildirilmişdir ki, müraciətdə qeyd olunan məhkəmə qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamış, qeyd olunan iş üzrə idarə tərəf olmamış və qətnamənin idarəyə rəsmi qaydada daxil olması barədə məlumat aşkar olunmamışdır. Beləliklə işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən ünvan 4 ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqları tanınaraq, sözügedən mənzilin "xxxx" MMC və "xxxx" MMC-yə məxsus olması müəyyən edilmiş və mübahisəli mənzil məhkəmə qərarına əsasən iddiaçıya təhvil verilmişdir. Həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun mövcud olması artıq işin mübahisə edilməyən halıdır. Hazırki mübahisə üzrə iddiaçı ona məxsus ünvan 4 ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinaya əsas olaraq ilk növbədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 saylı sərəncamına əsasən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Alatava küçəsində ayrılmış torpaq sahəsində "xxxx" MMC-nin inşa etdiyi 1 ədəd 2 girişli, 4 ədəd 1 girişli, 14-15 mərtəbəli, ümumi sahəsi 67.328 kv.metr olan, 551 mənzilli binaları (9 mənzil istisna olmaqla) və həmin binalara aid olan lift, xol və pilləkən qəfəsini, abadlaşdırılmış həyətyanı sahənin (o cümlədən su çənini, kommunikasiya xətlərini) Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 16.05.2019cu il tarixli, RR/02-463 saylı məktubu ilə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə əvəzsiz olaraq verildiyini, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən İdarəyə daxil olmuş 08 saylı, 12.08.2020-ci il tarixli məktubda qeyd olunan 9 mənzilin siyahısında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili barədə məlumat olmadığının müəyyən edilmədiyini göstərmişdir. Bununla bağlı həmin yaşayış binalarının Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təhvil verilməsinə dair sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********73 saylı, 18 iyun 2021-ci il tarixli məktubda aidiyyəti üzrə müraciət etməyin məqsədəuyğun olduğu bildirilərək, həmin sənədlərin təqdim edilməsindən imtina edilmişdir. Bununla da cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativi tərəfindən onlara ünvanlanmış 08 saylı, 12.08.2020-ci il tarixli məktubda qeyd olunan 9 mənzilin siyahısında Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzilin olmaması barədə imtinasında göstərilənləri sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Cavabdeh tərəfindən həmçinin iddiaçının müraciətindən imtina edilməsinə əsas olaraq Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzilinə dair ərizənizə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərin tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edildiyi göstərilmişdir. Halbuki artıq qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisəli mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli müqaviləyə əsasən həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqları tanınmış, sözügedən mənzil və mənzilin yerləşdiyi binanın "xxxx" MMC və "xxxx" MMC-yə məxsus olması müəyyən edilmişdir. Məhkəmə iddiaçının mənzilə dair "xxxx" MMC ilə arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli müqaviləyə əsasən mənzilin dəyərini tam ödəməklə, həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüququnun məhkəmə qərarları əsasında tanınmasını və ona təhvil verilməsini, habelə müraciətinin təmin edilməsindən imtina edilməsi üçün əsas olmadığı halında tələbin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsinin tələbinə uyğun olduğu müəyyən edilir ki, bu da öz növbəsində, cavabdehin imtinasının əsassız olması qənaətinə gəlmək üçün məhkəməyə əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh məhkəmə qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmadığını, qeyd olunan iş üzrə idarənin tərəf olmadığını və qətnamənin idarəyə rəsmi qaydada daxil olması barədə məlumat aşkar olunmadığını göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd edilmiş qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən iddiaçının ona məxsus olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün bütün sənədlərin mövcud olduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın etirazının dəlilləri formal xarakter daşımaqla, əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının qanuni sahibliyində və istifadəsində olan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Yeni Yasamal massivində yerləşən 8ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzilin iddiaçının mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar