Məhkəmə qərarları › İş №2-1(112)-5034/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5034/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5034/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Baş İdarənin 2023-cü il Gəlir vergisi üzrə 1 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2-163470/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Baş İdarə tərəfindən ona 2023 Gəlir vergisi üzrə 1 oktyabr 2024-cü il tarixli 3-21-2-3/2-163470/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində 14.370,40 manat məbləğində vergi hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərarla razı deyildir və hesab edir ki, aşağıdakı qeyd etdiklərinə əsasən qərar ləğv edilməlidir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən sözügedən qərarda aşağıdakılar qeyd edilmişdir: “Vergi Məcəlləsinin müddəalarına əsasən Gəlir vergisi bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən Gəlir Vergisi hesablanmışdır”. Bununla bağlı bildirilmişdir ki, iddiaçının istifadəsində olan mobil telefona SMS bildiriş gələrək onun vergi borcu olduğu bildirilmişdir. Lakin, iddiaçının bununla əlaqədar hər hansı bir fəaliyyəti olmamışdır. Yəni, iddiaçıya məxsus “Asan imza” vasitəsilə, AVİS “Elektron bəyannamə” altsisteminə daxil olduqdda onun şəxsi hesab vərəqəsinə kameral şəkildə gəlir vergisi hesablandığı müəyyən edilmişdir. Cavabdeh vergi orqanının 1 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2- 163470/2024 saylı qərarı isə tərəflərindən 5 dekabr 2024-cü il tarixdə açılaraq oxunmuşdur. Bundan əlavə, sahibkar qeydiyyatında olan İddiaçı xx.xx.2021-ci il tarixdə fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Lakin, buna baxmayaraq şəxsə xəbərdarlıq edilmədən və heç bir araşdırılma aparılmadan əlavə vergi hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən, o cümlədən, cavabdeh vergi orqanının qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyinədn ləğv olunmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, uçot-baza məlumatına əsasən fərdi sahibkar xx.xx.2011-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2020-ci il tarixdə isə ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Vvergi ödəyicisinin əsas fəaliyyətinin “Poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satış”ndan ibarət olduğu müəyyən edilmişdir. Araşdırma zamanı kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəicisinin bank hesabına 431204,00 manat satışdan daxil olan pul vəsaitinin daxil olması və vergiyə cəlb edilməməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********679300 nömrəli məktuba göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üzrə 14373.4 manat (Nazirlər Kabinetinin 55 sasylı qərarına əsasən) gəlir vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, **********7451 nöməli qərar qəbul olunmuş və vergi ödəyicinə göndərilmişdir. Bildirirlər ki, verginin müəyyən edilməsi şərtlərindən biri də, odur ki, bu zaman vergi ödəyicisi və vergitutma obyeti, vergitutma bazası müəyyən edilmiş olsun.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili öz izahatında bildirmişdir ki, iddiaçının hesabına daxil olmuş pul vəsaiti onun sahibkarlıqla bağlı hesabına deyil, şəxsi hesabına daxil olmuşdur. Cavabdeh tərəfindən bu məbləğ vergiyə cəlb olunmalı məbləğ hesab edilərək iddiaçıya vergi borcu hesablanıb. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: 1. Cavabdeh tərəfindən iddiaçıya aparılmış araşdırma zamanı tərəfindən müvafiq əməliyyatların aparıldığı və həmin əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunun ehtimal olunması səbəbindən vergi orqanına dəvət edilməsi və məlumatların təqdim edilməsi barədə 3-21-2-3/2-31452/2024 nömrəli məktub ünvanlanmışdır. 2. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-163470/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2023-cü il Gəlir vergisi üzrə iddiaçıya 14.373,40 manat məbləğində gəlir vergisi hesablanmışdır.

8. İş materiallarına iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən fəaliyyətinin dayandırılması, xx.xx.2021-ci il tarixdən obyektin ləğv edilməsi barədə arayışlar və eləcə də, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2024-cü illər üzrə iddiaçıya məxsus şəxsi hesab üzrə əməliyyatların çıxarışı əlavə edilmişdir.

9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfinədn 9 iyul 2025-ci il tarixli, 3- 21-2-3/2-750741/2025 nömrəli məktubla İddiaçı fəaliyyəti üzrə vergi orqanı tərəfindən vergilərin hesablanmasına əsasən olmuş məlumatlar məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

15. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

16. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisəli qərar xx.xx.2024-cü il tarixli oxunmu və həmin gün də, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

17. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır.

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1.). Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti (12.1). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (12.3). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (12.4).

21. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, yalnız qanunda nəzərdə tutulmuş vergitutma elementrləri müəyyən edikdikdə fiziki və hüquqi şəxslər barəsində vergi hesablana və onlar vergiyə cəlb edilə bilərlər. Vergitutma elementlərinin mövcud olmaması fiziki və yaa hüquqi şəxslərin vergiyə cəlb edilməsini istisna edir.

22. Hazırki işin hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-163470/2024 nömrəli qərarı ilə iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə 2023-cü il üzrə 14.373,40 manat məbləğində gəlir vergisi hesablanmışdır ki, iddiaçı həmin qərarı mübahisələndirir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, onun bank hesabına daxil olan 431 204.00 manat onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Bu səbəbdən də, həmin məbləğlə bağlı vergi borcunun hesablanması yolverilməzdir.

23. Vergi Məcəlləsində göstərilmişdir ki, rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər (95). Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir (96.1). Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir (97.1). Gəlirlərə aiddir: muzdlu işlə əlaqədar əldə edilən gəlir; muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər (97.3). Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir (98.1). Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir (99.1). Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir (99.2). Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: faiz gəliri; dividend; əmlakın icarəyə verilməsindən gəlir; royalti; vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4 -cü maddəsində göstərilənlər istisna olmaqla; sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla; vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa; həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar; mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat (99.3).

24. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, şəxsin gəlir vergisinə cəlb lunan gəlirlərinin konkret dairəsi müəyyən edilmişdir. Belə ki, şəxsin vergiyə cəlb edilən gəlirləri muzdlu işlə əlaqədar olan və olmayan gəlirlərdir. Muzdlu işlə əlaqədar olmayan gəlirlər isə sahibkarlıq və qeyri-sahibkarlıq fəlaiyətindən əldə edilən gəlirlər olmaqla iki hissəyə ayrılır.

25. Qeyd edilməlidir ki, muzdlu işlə əlaqədar gəlirlərdən vergi tutulmasınn xüsusi prosedurları mövcuddur ki, iddiaçıya hesablanmış gəlir vergisi bununla əlaqəli deyildir. Eyni zamanda, iddiaçıya gəlir vergisi qeyri-sahibkarlıq fəaliyyti ilə bağlı da hesablanmamışdır. İddiaçıya hesbalanmış vergi borcu məhz iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı kameral vergi yoxlamasının nəticəsi olaraq hesbalanmışdır.

26. Vergi Məcəlləsində göstərilmişdir ki, Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (37.1). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (37.2).

27. Cavabdeh iddiaçının bank hesabına daxil olmuş 431 204.00 manat vəsaitin mənbəyini müəyyən etməmiş, həmin vəsaitin iddiaçının sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əldə edildiyini aydınlaşdırmamışdır. Cavabdeh sadəcə həmin vəsaitin iddiaçını bank hesbaına daxil olması səbəbindən onu iddiaçının sahibkarlıq fəaliyətindən əldə edilmiş gəliri hesab etmiş və bununla bağlı iddiaçıya gəlir vergisi hesablamışdır. Halbuki, Vergi Məcəllərinin “Gəlir vergisindən azadolmalar və güzəştlər” adlanan 102-ci maddəsində fiziki şəxslərin gəlir vergisindən azad olması və ya onlara güzəştlərin tətbiq edilməsi ilə bağlı hallar sadalanmışdır. Yəni, iddiaçının hesabına daxil olmuş vəsaitin həmin maddənin əhatə dairəsinə düşüb-düşməməsini müəyyən etmək də, cavabdehin vəzifəsinə aid olduğu halda cavabdeh bunu etməmişdir.

28. Halbuki, Vergi Məcəlləsinin 24.1-ci maddəsinə əsasən vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.

29. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti dayandırılmasına baxmayaraq, cavabeh iddiaçının gəlir vergisi bəyannaməsi təqdim etməməsi, vergi orqanı tərəfindən əldə edilmiş məlumatlara əsasən iddiaçı tərəfindən müvafiq əməliyyatların aparıldığı və həmin əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olmasının ehtimal olunması səbəbindən iddiaçının vergi orqanına dəvət edilməsi və məlumatların təqdim edilməsi barədə məktub göndərilmiş, lakin, həmin məktubun iddiaçı tərəfindən əldə edilməsi iş materiallarında olan sənədlərlə müəyyən edilməmiş, bununla da, cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı maraqlı şəxs qismində iddiaçının iştirakının təmin edilməsi öz təsdiqini tapmamışdır. Lakin, buna baxmayaraq cavabdeh tərəfindən iddiaçı barəsində müvafiq qərar qəbul olunmuş və ona borc məbləği hesablanmışdır.

30. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

31. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

32. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

33. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

36. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il Gəlir vergisi üzrə 1 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2-163470/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar