Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5036/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxs: X9) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı (bundan sonra – İddiaçı) Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 26 ünvanında yerləşən 88 saylı mənzilə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
2. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən xx.xx.1984-cü il təvəllüdlü X9 yaşayış yeri üzrə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 26 ünvanında yerləşən 88 saylı mənzildə qeydiyyatdadır.
3. İddiaçı ərizə ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, X3 ona məxsus yaşayış evindən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh 087-36329A-3222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, iddiaçıya “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı bildirilmişdir. Qeyd olunanlar nəzərə alınaraq ona X6 ünvan 2 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunmuşdur.
5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 26 ünvanında yerləşən 88 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması:
7. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 4 mənzil İddiaçı xüsusi mülkiyyətindədir.. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan aydın olmuşdur ki, iddiaçıya məxsus mənzildə onunla birgə oğlu - xx.xx.1976-cı il təvəllüdlü X10 və onun ailə üzvləri, arvadı xx.xx.1984-cü il təvəllüdlü X9, uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X16, xx.xx.2006-cı il təvəllüdlü X24 və xx.xx.2008-ci il təvəllüdlü X25 qeydiyyatdadırlar. İddiaçı Nizami rayon məhkəməsinə müraciət edərək xx.xx.1976-cı il təvəllüdlü X10 və onun ailə üzvləri arvadı xx.xx.1984-cü il təvəllüdlü X9, uşaqları xx.xx.2011-ci il təvəllüdlü X16, xx.xx.2006-cı il təvəllüdlü X24 və xx.xx.2008-ci il təvəllüdlü X17 ünvan 4 mənzildən istifadə hüquqlarına xilam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-426/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5404/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 may 2022-ci il tarixli qətnamə iddianın cavabdeh X7 aid hissəsinin həll edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı irəli sürdüyü "istifadə hüququna xitam verilməsi tələbi barədə" iddiasının cavabdeh X7 qarşı yönəlmiş hissəsi əsassız olduğundan təmin edilməmişdir. Qətnamədən kassasiya şikayəti verilməmişdir və qanuni qüvvəsini almışdır. Sözügedən qətnamə belə əsaslandırılmışdır ki, Aysel Abdullayevanın mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Lakin işə baxmış rayon məhkəməsi səhv nəticəyə gələrək hesab etmişdir ki, Aysel Abdullayevanın mübahisəli mənzilə dair istifadə hüququ yaranmış və hazırda da mövcuddur, buna görə də onun bu hüququna iddiaçı tərəfindən müvafiq kompensasiya verilməklə xitam verilə bilər. Məhkəmə qeyd etmişdir ki, mövcud olmayan hüquqa xilam verilməsi mümkün deyil. Bu baxımdan hesab edilməlidir ki, Aysel Abdullayeva ilə bağlı rayon məhkəməsinin əsaslandırması səhv olmuş və iş üzrə tərəflər arasında mövcud olan hüquq münasibətlərinə uyğun deyil.
8. Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, çıxarılan qətnamə icraya yönəldildikdən sonra tərəflərindən icra olunacaqdır.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi
11. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
13. İddia həm də əsaslıdır. Belə ki, hazırkı məhkəmə qərarının 1-4-cü bəndlərində sadalananlardan və iddiaçının adına verilmiş xx.xx.1999-cu il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən” və işdə olan digər sənədlərdən görünür ki, iddiaçının əri X11 xx.xx.1998-ci il tarixdə vəfat etdikdən sonra oğlu Arif Abdullayev, hazırki iş üzrə mübahisə obyekti olan mənzil üzərində olan vərəsəlik payından imtina etmiş və mənzil miras qalmış əmlak kimi hazırki iş üzrə iddiaçının mülkiyyətinə keçmişdir. Hazırda da, mənzil, “Daşınmaz əmlakın dövlət reyestrində” iddiaçının mülkiyyətində olan daşınmaz əmlak kimi qeydiyyatdadır.
14. İşdən görünür ki, iddiaçı hazırda həmin mənzildə qeydiyyatda olan gəlini Aysel Abdullayevanın ona məxsus mənzildə yaşamamasına və hüququnun olmamasına istinad edərək onun həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir.
15. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
16. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
17. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
19. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
20. Üçüncü şəxs A.Abdullayevanın mübahisəli mənzilə istifadə hüququ ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 ünvan 3 ünvanı üzərində mülkiyyət, istifadə və ya digər məhdud əşya hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
21. Həmçinin işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-426/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdehlər X10, X12, X16, X24 və X22 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1976-cı il təvəllüdlü X10 və onun ailə üzvləri, arvadı xx.xx.1984-cü il təvəllüdlü X12, uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X16, xx.xx.2006-cı il təvəllüdlü X24 və xx.xx.2008-ci il təvəllüdlü X17 B.Nuriyev küçəsi, ev 26, mənzil 88 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarında göstərmişdir ki, “.....X10 1978-ci ildən ünvan 4 ünvanda qeydiyyatda olmuş, daha sonra X12 ilə ailə həyatı qurmuş, iş materiallarından da göründüyü kimi evləndikdən sonra da müəyyən müddət həyat yoldaşı X12 və övladları ilə həmin ünvanda yaşamışdır. Daha sonra X5 həyat yoldaşı X12 2015-ci ildə, X16 2011-ci ildə, X24 2006-cı ildə, X25 2013-cü ildə həmin mənzilə qeydiyyata düşmüşdürlər. Cavabdehlər qeydiyyata alınarkən iddiaçı X8 mülkiyyətçi olduğu mənzilə qeydiyyata alınmalarına etiraz etməmişdir. Hazırda cavabdeh X1 rayonu, Məmmədli kəndi “Göy Qurşağı’ yaşayış kompleksində qeydiyyatsız (kirayə) yaşamağa başlamışdır. Məhkəmə hesab edir ki, cavabdehlər həmin mənzildə qeydiyyatda olduğundan, X12 cavabdeh X10 ilə 2004- cü ildə ailə qurduqdan sonra həmin evə gəlin köçərək, X10 ilə bərabər həmin mənzildə yaşadığından, eyni zamanda ailə üzvü kimi bu mənzilə qeydiyyata düşdüyündən, qeydiyyatsız olaraq başqa ünvanda kirayə yaşadıqlarından, mübahisəli mənzilə ehtiyac aradan qalxmadığından, hələ də bu mənzildə qeydiyyatda olduqlarından, uzun müddət burada yaşadıqlarından onların mənzilə olan istifadə hüquqlarına xitam verilməməlidir”.
22. İşdən görünür ki, bu qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5454/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 may 2022-ci il tarixli qətnamənin iddianın cavabdeh X7 aid hissəsinin həll edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul ediməsi, İddiaçı irəli sürdüyü “istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiasının cavabdeh X7 qarşı yönəlmiş hissəsi əsassız olduğundan təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi isə qətnaməsində qeyd etmişdir ki, “...33.Rayon Məhkəməsi Arif Abdullayevin arvadı Aysel Abdullayevaya münasibətdə iddianı ona görə rədd etmişdir ki, X23 Abdullayev ilə 2004-cü ildə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə, mənzilin mülkiyyətçisi olan iddiaçının razılığı gəlin köçmüş, iddiaçı onu həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata salmış, o, iddiaçı ilə birlikdə bir mənzildə yaşamaqla, birgə təsərrüfat idarə etmişdir. Bununla da, Aysel Abdullayevanın mənzilə istifadə hüququ yaranmışdır. Aysel Abdullayeva 2014-cü ildə mənzili tərk etsə də, daimi yaşayış yerini dəyməmiş, belə ki, o, hazırda kirayədə yaşayır və bu hal müvəqqəti xarakter daşıyır, mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmamışdır. Buna görə də, cavabdeh Aysel Abdullayevanın mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün iddiaçı tərəfindən ona kompensasiya verilməlidir.
34. Məhkəmə bu nəticə ilə razılaşmır. Çünki, birincisi, Aysel Abdullayeva ilə mənzilin mülkiyyətçisi olan iddiaçı arasında etibarlı ailə münasibətləri yoxdur; ikincisi iddiaçı ilə Aysel Abdullayeva arasında, sonuncunun həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma bağlanmamışdır.
35. Göstərilənlərə əsasən müəyyən edilir ki, Aysel Abdullayevanın mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi səhv nəticəyə gələrək hesab etmişdir ki, Aysel Abdullayevanın mübahisəli mənzilə dair istifadə hüququ yaranmış və hazırda da mövcuddur, buna görə də onun bu hüququna iddiaçı tərəfindən müvafiq kompensasiya verilməklə xitam verilə bilər.
36. Məhkəmə qeyd edir ki, mövcud olmayan hüquqa xitam verilməsi mümkün deyil. Bu baxımdan hesab edilməlidir ki, Aysel Abdullayeva ilə bağlı Rayon Məhkəməsinin əsaslanması səhv və iş üzrə tərəflər arasında mövcud olan hüquq münasibətlərinə uyğun deyil.
37. Buna görə də, Məhkəmə hesab edir ki, Aysel Abdullayevaya qarşı yönəlmiş iddia tələbi əsassızdır. Rayon Məhkəməsi bu tələbi rədd etsə də, onun əsaslanması səhv olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili qismən əsaslıdır.”
23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(007)- 426/2022 saylı məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 426/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X10, X9, X16, X24 və X22 qarşı “istifadə hüququna xitam verilməsi” barədə iddiasının təmin edilməməsi qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5454/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 may 2022-ci il tarixli qətnamənin iddianın cavabdeh X7 aid hissəsinin həll edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul ediməsi, İddiaçı irəli sürdüyü “istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiasının cavabdeh X7 qarşı yönəlmiş hissəsi əsassız olduğundan təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra mülki iş birinci instansiya məhkəməsinə göndərilmiş və iş xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən təhvil alınmışdır.
24. Beləliklə, işin istinad olunan hallarından müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə üçüncü şəxs A.Abdullayevanın iddiaçının mülkiyyətində olan 88 saylı mənzilə istifadə hüququnun yaranmaması təsbit edilmişdir.
25. Eyni zamanda həmin məhkəmə qərarlarından görünür ki, üçüncü şəxs mübahisəli 88 saylı mənzildə deyil, Abşeron rayonu, Məmmədli kəndi, “Göy Qurşağı” yaşayış kompleksində kirayədə yaşayır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
27. Beləliklə, məhkəmə sadalananlara əsasən üçüncü şəxsin mübahisəli mənzilə istifadə hüququnun olmadığını və orada yaşamadığını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarında təsbit olunan şərtlərin hamısı mövcuddur. Buna görə də cavabdehin imtinası əsassız sayılmalı və iddia təmin olunmalıdır.
28. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxs xx.xx.1984-cü il təvəllüdlü X3 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 26 ünvanında yerləşən 88 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova