Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5036/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2023-cü ilin sentyabr ayından əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi və cavabdeh inzibati orqanın hər ay pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18867/2023 saylı qərarın icrası ilə bağlı ödənilməmiş əmək pensiyasının hesablanaraq ona ödənilməsi, həmçinin dövlət məvacibinə daxil olan vəzifə səlahiyyətlərinin icrasına görə əlavə 15%-in nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi və həmin tarixdən faktiki pensiya təyin olunduğu vaxtadək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddianın dəqiqləşməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1950-ci il tarixdə doğulmuşdur. O, 1967-ci ildən 1972-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı Universitetində sənayenin planlaşdırılması ixtisası üzrə ali təhsil almışdır. xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1973-cü ildə sovet ordusunda həqiqi hərbi xidmətə getmiş, xx.xx.1974-cü ildə hərbi xidməti başa vurduqdan sonra xx.xx.1974-cü ildən yenidən əmək fəaliyyətinə davam etmiş, fəaliyyətinin 90 faizi dövlət qulluğu ilə bağlı olmuşdur. O, 41 il dövlət qulluğunda xidmət etmiş, 65 yaşına çatmağı ilə əlaqədar xx.xx.2015-ci ildə işdən azad edilmişdir. Cavabdeh ona müraciət edərək, inventarlaşdırma nəticəsində əmək pensiyasının yenidən hesablanaraq 2167,87 manat məbləğində müəyyən olunmasını və artıq ödənilmiş əmək pensiyasının son 3 il üzrə məhdudlaşdırılaraq 2987,66 (2107,73+879,93) manat artıq pul vəsaitinin ödənildiyini bildirmişdir. Həmin 2987,66 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdehin iddiaçının pensiyasının artırmaq əvəzinə azaltması əsassız və qanunsuz olmuşdur. Belə ki, bütün hesablamalar üzrə maddi məsul şəxslər mövcuddur və həmin şəxslər öz işlərinə peşəkar yanaşmalıdırlar. Əgər, həqiqətən də, onlar tərəfindən hər hansı qanun pozuntusuna yol verilmişdirsə, məsuliyyəti də həmin şəxslər çəkməlidirlər. Həmçinin, məhkəmə qərarı əsasında pensiyadan və digər gəlirlərdən tutmalar aparılmalı olduğu halda, cavabdehin özbaşına və qanunsuz olaraq onun pensiyasından pul tutması qanun pozuntusu olmaqla, cəzalandırılmalı hərəkətdir. Belə ki, iddiaçı Vergilər Nazirliyindən pensiyaya çıxıb və həmin Nazirliyin verdiyi məlumat vərəqi əsasında ona pensiya təyin edilib. Bundan sonra 9 il ərzində hər hansı mübahisə olmayıb. Cavabdeh tərəfindən göndərilən ikinci məktubda isə artıq ödəmənin 3 il üzrə 2987,66 manat təşkil etdiyi göstərilib. İddiaçının dövlət məvacibinə daxil olan vəzifə səlahiyyətlərinin icrasına görə əlavə 15 %-in nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi və həmin tarixdən faktiki pensiya təyin oluduğu vaxtadək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ona ödənilməsi barədə qərar qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsinə cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-27076/202 saylı məktubla imtina cavabı vermişdir. Pensiya təyin edilərkən iddiaçıya 1987-ci ildən 2015-ci ilədək olan dövr üzrə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 15 faiz pensiya təyin edilməsində nəzər alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli, 776 nömrəli Fərmanı ilə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq müəyyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 25 sentyabr 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 825,00 manat, qulluq illərinə görə əlavəsi 57,75 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1217,91 manat, digər növ əlavələri 2,10 manat olmaqla orta aylıq əmək haqqı 2147,76 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 38 il 5 ay 15 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (2147,76 manat) 80 faizi- 1718,21 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1795,70 manat məbləğində köçürülüb. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 2107,73 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən onun əmək pensiyası 2167,87 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2265,64 manat məbləğində köçürülüb. Buna görə də ona həmin dövr ərzində ümumilikdə 879,93 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə ona ümumilikdə 2987,66 (2107,73+879,93) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 2987,66 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub. Məlumat üçün bildiririk ki, iddiaçıya Mərkəzi Filialın ünvanladığı 25 sentyabr 2023cü il tarixli 3-17-1/2-B-220987/2023 nömrəli məktubunda artıq ödənilmiş pul vəsaiti 2987,66 manat olaraq qeyd edilməli olduğu halda, texniki səhv səbəbindən 2580,66 manat olaraq göstərilib. Əlavə olaraq bildiririk ki, ona maddi yardım üzrə 2022-ci il üçün 93,00 manat artıq pul vəsaiti ödənilib. Həmin 93,00 manat pul vəsaiti cari ilin oktyabr ayında əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilib. İddiaçı tərəf məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçı müxtəlif rəhbər vəziflərdə işləmiş və vergi orqanı əməkdaşı kimi pensiyaya çıxmışdır. Belə olan halda ona hakimiyyət səlahiyyətinə görə ödənilməli olan əlavə 15 faiz də nəzərə alınmaqla pensiya təyin edilməli idi. Lakin, həmin əlavə ona pensiya təyin edilərkən nəzərə alınmayıb. Həmçinin cavabdeh iddiaçının pensiyasının yenidən hesablanması barədə qərar qəbul edərkən bunun nəyə əsaslandığını göstərməmişdir. Bu səbəbdən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçı 2015-ci ildə pensiyaya çıxıb və ona vergi orqanı əməkdaşı kimi pensiya təyin edilib. Lakin, ona pensiya təyin edildiyi vaxt işlədiyi orqandan məlumat vərəqəsi alınmayıb. Halbuki, iddiaçı xüsusi rütbəli şəxs kimi pensiyaya çıxdığı üçün ona pensiya xidmət etdiyi orqanın məlumat vərəqəsi əsasında təyin edilməli idi. Sonradan iddiaçının sonuncu iş yeri barədə vergi orqanından xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilədək dövrlə əlaqədar məlumat vərəqəsi alınıb və həmin məlumat vərəqəsi əsasında onun əmək pensiyası yenidən hesablanıb. Belə ki, məlumat vərəqəsi alınan zamanı bir sıra uyğunsuzluqlar aşkar edilib. Belə ki, dövlət qulluqçusu kimi 15 ildən artıq stajı olan şəxslərə 30 faiz əlavə hesablanır. İddiaçıya vergi orqanı əməkdaşı kimi həmin əlavənin hesabanması üçün onun vergi orqanlarında 15 ildən artıq stajı olmalıdır. Lakin, onun qeyd olunan stajı olmadığı halda ona, 30 faiz əlavə hesablanıb. Bu səbəbdən iddiaçının vergi əməkdaşı kimi 7 il stajına 7 faiz əlavə hesablanıb. İddiaçıya ixtisas dərəcəsinə görə əlavə 45 manat nəzərdə tutulmuş və o qədər də hesablanmışdır. Hakimiyyət səlahiyyətinə görə əlavəyə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının vergi orqanlarında işlədiyi dövrdə qanunvericilikdə hakimiyyət səlahiyyətinə görə əlavənin verilməsi nəzərdə tutulmamışdı. Bu səbəbdən iddiaçının pensiyasına həmin əlavə hesablanmayıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1950-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 2167,87 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, vaxtilə iddiaçıya vergi orqanının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərkən vəzifə maaşının, xüsusi rütbəyə görə əlavənin və xidmət illərinə görə əlavənin düzgün hesablanmadığı aşkar olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, iddiaçıya artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 2580,66 manat təşkil edir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərində ona Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 5 aprel 2014-cü il tarixindən vergi orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanmışdır. Nəticədə məlum olmuşdur ki, 25 sentyabr 2020-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 825,00 manat, qulluq illərinə görə əlavəsi 57,75 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1217,91 manat, digər növ əlavələri 2,10 manat olmaqla orta aylıq əmək haqqı 2147,76 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 38 il 5 ay 15 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (2147,76 manat) 80 faizi- 1718,21 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1795,70 manat məbləğində köçürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 2107,73 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 2167,87 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2265,64 manat məbləğində köçürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 879,93 manat artıq pul vəsaiti ödənilmişdir. Son üç il üzrə iddiaçıya ümumilikdə 2987,66 (2107,73+879,93) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 2987,66 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Belə ki, iddiaçıya 25 sentyabr 2023-cü il tarixdə ünvanlanan məktubda artıq ödənilmiş pul vəsaiti 2987,66 manat olaraq qeyd edilməli olduğu halda, texniki səhv səbəbindən 2580,66 manat olaraq göstərilmişdir. İddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 93,00 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin 93,00 manat pul vəsaiti cari ilin oktyabr ayında əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilmişdir. ИТ-İ № ******* nömrəli, əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş tərcüməsinə əsasən iddiaçı xx.xx.1972-ci ildə Ermənistan SSR Ararat rayon 26 Bakı komissarı adına kolxozuna iqtisadçı qəbul edilmişdir. xx.xx.1973-cü il tarixdə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1974-cü il tarixdə 26 Bakı komissarı adına kolxozuna rayonun dövlət gəlirləri üzrə iqtisadçı qəbul edilmişdir. xx.xx.1981-ci il tarixdə Dövlət gəlirləri rayon şöbəsinin baş iqtisadçısı keçirilmişdir. xx.xx.1982-ci il tarixdə Dövlət gəlirləri inspeksiyasına rəis vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci il tarixdə Rayon maliyyə şöbəsinə müdir v.i.e. vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixdə Bakı şəhəri 26 Bakı komissarı adına rayonun maliyyə şöbəsi müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.1990-cı il tarixdə Bakı şəhərinin 26 Bakı Komissarı rayon Maliyyə Şöbəsinin müdiri vəzifəsindən azad edilmiş və həmin rayon üzrə X1 rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1991-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Bakı şəhəri Səbail rayonu üzrə X1 rəisi vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Maliyyə İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2009-cu il tarixdə işdən azad edilərək, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 11 saylı Xəzinədarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.12-ci maddəsinə əsasən dövlət qulluğunda olmağının yaş həddinə çatması ilə əlaqədar dövlət qulluğuna xitam verilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarla Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin arayışına əsasən iddiaçıya 825 manat vəzifə maaşı, 45 manat ixtisas dərəcəsinə görə əlavə, 57,75 manat qulluq stajına görə əlavə, 1217,91 manat mükafat və müavinətlərə görə.ş 2,10 manat məzuniyyətə görə nəzərə alınmaqla ona 2167,87 manat pensiya hesablanmışdır. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Dövlət qulluğu haqqında” Qanunda göstərilmişdir ki, bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir (2.1.). Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir (2.3.). Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir (32-1.1.). Göründüyü kimi iddiaçı müxtəlif dövlət orqanlarında, o cümlədən dövlət qullğundan çalışmış, dövlət qulluğundan olmanın son yaş həddinə çatması ilə əlaqədar xx.xx.2015ci ildə dövlət qulluğuna xitam verilmiş və ona vaxtilə işlədiyi vergi orqanlarının əməkdaşı kimi pensiya təyin edilmişdir. Lakin, sonradan onun pensiyası yenidən hesablanıb ki, iddiaçı həmin qərarla razılaşmır. Belə ki, iddiaçı onun əmək pensiyasının azaldıldığını iddia edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”na əsasən dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq əlavə haqq verilir (2.). Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq dövlət qulluğunda maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir (3.). Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir: 1 ildən – 5 ilədək – 5 faiz, 5 ildən – 10 ilədək – 10 faiz, 10 ildən – 15 ilədək – 20 faiz, 15 ildən yuxarı – 30 faiz. (4). Göründüyü kimi iddiaçı uzun müddət dövlət qulluğunda çalışsa da, həmin dövrün yalnız 07 il 05 ayını vergi orqanlarında çalışmışdır. Bununla da o, vergi orqanı əməkdaşı kimi pensiyaya çıxmışdır. Yəni, iddiaçı dövlət qulluğunun xüsusi növünə aid olan bir orqanın əməkdaşı kimi pensiyaya çıxdığı üçün, “Dövlət qulluğu haqqında” Qanunun müddəaları nəzərə alınmaqla vergi orqanı əməkdaşları üçün nəzərdə tutulan təminatlar ona şamil edilə bilərdi. Eyn zamanda iddiaçının vergi orqanlarında ümumi stajı 15 ildən az olmuşdur. Bu səbəbdən onun pensiyası hesablanarkən qulluq stajına görə 30 faiz əlavə ona hesablana bilməzdi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin əməkhaqqı aylıq vəzifə maaşından, xüsusi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavələrdən və normativ hüquqi aktlarda nəzərdə tutulan digər ödənişlərdən ibarətdir (54-1.). Vergi orqanlarının vəzifəli şəxslərinin aylıq vəzifə maaşının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (54-2.). Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir (54-3.). Vergi orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur (54-4.). Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələr ödənilir. Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (54-5.). İddiaçı barəsində tərtib edilmiş məlumat vərəqəsində onun ixtisas dərəcəsinə görə əlavəsi 45 manat nəzərdə tutulmuş və pensiya buna uyğun hesablanmışdır. Hakimiyyət səlahiyyətinə görə əlavənin iddiaçıya pensiya hesablanarkən nəzərə alınmaması ilə bağlı iddianın dəlillərinə gəldikdə aşağıdakılar qeyd edilməlidir. “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” xx.xx.2002-ci il tarixli Qanunda göstərilmişdir ki, bu Qanun dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydasını müəyyən edilir (1). Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir (2). Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətin icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir (3). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nda
1. ali - 5-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri və administrasiya (aparat) rəhbərlərinin müavinləri, işlər müdirləri və işlər müdirlərinin müavinləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinləri;
2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində inzibati vəzifələrin ali - ikinci təsnifatlarında qulluq keçən dövlət qulluqçuları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Azərbaycan Respublikası Prezidentinin Katibliyində sektor müdiri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində şöbə müdiri, onun müavinləri, habelə müstəqil struktur vahidi olan sektorun müdiri.[3]
3. kollegial orqanların fəaliyyətini təmin edən dövlət orqanlarının rəhbərləri (katib və s.) və rəhbər müavinləri;
4. 3-cü - 5-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinləri;[4]
5. Ali - 5-ci kateqoriya dövlət orqanlarında sədrin (rəhbərin) köməkçiləri və müşavirləri, Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin köməkçisi, İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri və rəhbərinin müavini qeyd edilmişdir. Göründüyü kimi həmin “Siyahı”da dövlət qulluğunun xüsusi növündə xidmət edən şəxslərin adı qeyd edilməmiş, həmçinin həmin siyahı 2008-ci ildə təsdiq edilmişdir. Yəni, iddiaçının vergi orqanlarında çalışdığı vaxt belə bir anlayış mövcud olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddiaçının pensiyasının yenidən hesabanması zamanı hər hansı qanun pozuntusuna yol verməmişdir. İddiaçının dəlilləri isə əsassızdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Emin Abdullayev