Məhkəmə qərarları › İş №2-1(112)-5037/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5037/2021

11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5037/2021 11.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24.04.1986-cı il tarixdən ARDNŞ-də çalışır və elə həmin vaxtdan orada mənzil uçotuna götürülmüşdür. Mənzil bölgüsü aparılan zaman ona hazırda sözügedən mənzil təklif edilmiş və 14.05.2012-ci il tarixli protokolla ünvan 2, 2 saylı mənzil iddiaçıya təklif edilmiş və onun tərəfindən qəbul edilmişdir. 12.04.2013-cü il tarixli Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilən müvafiq sərəncamla isə addan-ada keçirilmə baş tutmuş və mənzil növbəsindən çıxarılmışdır. Həmin sərəncam əsasında 1 saylı Bakı Ərazi İdarəsinə ona mülkiyyət hüququnun təsdiqlənməsi məqsədilə çıxarış verilməsi tələbi ilə məktubla müraciət etmişdir. Cavabdeh inzibati orqan imtina məktubunda müraciətinin imtina səbəbi kimi iddiaçıya mənzil verilməsi haqqında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 108 nömrəli sərəncamının 2013-cü ildə verilməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia ərizəsinə etirazla məhkəməyə müraciət edilərək, qeyd edilmişdir ki, aparılan araşdırma zamanı İddiaçı qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 108 saylı sərəncamın 12.04.2013-cü il tarixdə verildiyi müəyyən edilmişdir. 2009-cu il oktyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2, iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 14 may 2012-ci il tarixli 6 nömrəli protokolundan çıxarışın təsdiq edilmiş surətinə əsasən, ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə ümumi əsaslarla mənzil uçotunda 1 nəfər ailə tərkibi ilə (özü) dayanan, İddiaçı 24.04.1986-cı ildə mənzil uçotuna götürülmüşdür. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 4 nömrəli evdən giriş 1, mərtəbə 1, mənzi 2, yaşayış sahəsi 13,7 kv.m olan 1 otaqlı mənzil İddiaçı verilmiş və mənzil uçotundan çıxarılmışdır; 1 saylı Bakı Ərazi İdarəsinin 03 mart 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubu ilə müraciət edənə bildirilmişdir ki, aparılan araşdırma zamanı İddiaçı qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 108 saylı sərəncamın 12.04.2013-cü il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. 2009-cu il oktyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 09 aprel 2021-ci il tarixli məktubu ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında Səbail RİH-in arxiv fond üzrə 12.04.2013-cü il tarixli, 108 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 108 nömrəli 12 aprel 2013-cü il tarixli sərəncamından çıxarışdan görünür ki, İddiaçı 1 nəfər ailə üzvü ilə (özü) ünvan 2, giriş 1, mərtəbə 1, yaşayış sahəsi 13.7 kv.m olan 1 otaqlı, 2 saylı mənzil ayrılmışdır və mənzil növbəsindən çıxarılmışdır; 1 saylı Bakı Ərazi İdarəsinin 21 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2, 2 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 24.04.1986-cı ildə mənzil uçotuna götürülmüş və Səbail Rayon İcra Hakimiyyətinin başçısının 12 aprel 2013cü il tarixli 108 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil iddiaçıya ayrılmışdır. İddiaçı qeyd edilən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı iddianı irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 2-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir; 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Məhkəmə qeyd edir ki, cavabdeh tərəf öz mövqeyini iddiaçının adına Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamının 1 oktyabr 2009-cu il tarixdən sonrakı vaxtda verilməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, iddiaçı 1986-cı ildən mənzil növbəsinə götürülmüş, lakin işin faktiki hallarına əsasən mənzil icra hakimiyyətinin sərəncamı ilə iddiaçının istifadəsinə 27 ildən sonra, yəni 2013-cü ildə verilmişdir. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması”, başqa sözlə eyni vaxtda mənzil növbəsinə götürülmüş şəxslərin, onların iradəsindən asılı olmayan hallardan irəli gələrək müxtəlif vaxtlarda mənzillə təmin edilmələri səbəbindən, sadəcə tarixə əsaslanmaqla ədalətli olmayan differensasiyanın aparılması eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Çünki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda verilmiş sərəncamlar predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 3 ünvanında, mərtəbə 1, giriş 1-də yerləşən, yaşayış sahəsi 13,7 kv.metr olan 1 otaqlı 2 saylı mənzilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 3 ünvanında, mərtəbə 1, giriş 1-də yerləşən, yaşayış sahəsi 13,7 kv.metr olan 1 otaqlı 2 saylı mənzilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar