Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5037/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış sahəsi kimi istifadə olunan qurğunun yerinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “Məntəqə”nin mənzilin yeganə eyvanına bitişik olması qanunvericiliyin və qanuni maraqlarının pozduğunu, fövqəladə vəziyyətə şəraitin yaratdığını, “məntəqə”nin yerləşdirilməsinə yalnız müstəsna hal olaraq icazə verildiyini, həmçinin"məntəqə” sahibinin X1 rəhmətə getmiş olduğunu nəzərə alaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti üzərinə 10 gün ərzində sözügedən məntəqənin mənzilin yeganə eyvanından ən azı 15 metr ara məsafəsi olmaqla yerləşdirilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında 10 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən iddiaçının mülkiyyətində olan 103 nömrəli mənizilin qarşısında, evinin yeganə eyvanına tam bitişik halda yerləşdirilmiş metal konstruksiyadan ibarət qeyri-yaşayış sahəsi kimi istifadə olunan qurğunun Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1 və 69.5 maddələrinin eyni zamanda yanğından təhlükəsizlik normalarının tələblərini nəzərə alaraq ara məsafəsi olmaqla yerinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 13 sentyabr 2021-ci il tarixində Bakı şəhəri Xətai rayonu, ünvan 2 ünvanında, 10 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən 103 nömrəli 1 otaqlı mənzili satın almışdır (reyestr nömrəsi: **********87-05101- 093095, qeydiyyat nömrəsi: **********). Bu mənzilin yeganə eyvanına tam bitişik tərzdə ümumi sahəsi 10-15 m2 olan metal konstruksiyadan ibarət butka (məntəqə) yerləşdirilmişdir. Hazırda həmin məntəqədə bərbərxana kimi fəaliyyət göstərir. Bakı şəhəri Xətai rayon icra Hakimiyyətinin xx.xx.1998-ci ıl tarixli 379 nömrəli sərəncamının surəti əsasında ona məlum olmuşdur ki, həmin məntəqənin keçmişdə mənzilinin sahibi, lakin hazırda mərhum olan X2 əhaliyə ictimai iaşə göstərmək məqsədilə yaşadığı binanın yaxınlığında yalnız müstəsna hal olaraq və yalnız cizgidə göstərilən sahədə yerləşdirılməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Məcəllənin 69.5-ci maddəsinə əsasən ara məsafə, bina divarı hündürlüyünün 0.6 hissəsindən (60%-dən) az olmamalıdır. Nəzərə alınsa ki, tipik 9 mərtəbəli binaların hündürlüyü azı 27 metr təşkil edir, belə binalardan minimum ara məsafə 16.2 metr olmalıdır (27 vurulsun 0.6). Beləliklə, sözügedən Sərəncamın cizgisində göstərilən yerdən asılı olmayaraq məntəqənin mənzilinin eyvanına tam bitişik tərzdə yerləşdirilmiş olması, mövcud qanunvericiliyi pozur. Eyni zamanda bu hal, hüquqlarının pozulmasına səbəb olur. Belə ki, məntəqənin hazırkı yeri, mənzilimin bazar dəyərini aşağı salır, mənzilinin pəncərəsindən baxış imkanını təhrif edir, mənzilə günəş işığının sərbəst keçməsinə mane olur. xx.xx.2021-ci il tarixli 37/H-00166 nömrəli məktub ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin verdiyi cavabda bildirilir ki, mənzildə baş verə biləcək yanğın və ya hər hansı bir fövqəladə hal zamanı mənzil sakinlərinin eyvandan təxliyəsi mümkün olmayacaqdır. xx.xx.2021-ci il tarixli H-244/4-149/3 nömrəli məktub ilə Azərbaycan Respublikasının Bakı şəhəri Cavabdeh verdiyi cavabda bildirilir ki, sözügedən məntəqənin yer dəyişilməsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında mümkün olacaqdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, ərizədə qeyd edilən bərbərxananın yerinin dəyişidirilməsi rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricində olduğundan və iddia tələbinin əsassız olduğunu nəzərə alaraq təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 2, mənzil 103 İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan iddiaçıya ünvanlanmış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 3-cü ərazi X4 İdarəsinin 37/H-00166 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, araşdırma zamanı müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmışdır. Belə ki, müayinə zamanı ünvan 3 ünvanında 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 26 saylı mənzilin eyvanına bitişik Xətai rayon icra Hakimiyyətinin Baçısının xx.xx.1998-ci il tarixli 379 saylı sərəncamına əsasən dəmir materiallardan ibarət sahəsi 15 kvadrat metr olan məntəqə yerləşdirilərək bərbaxana kimi istifadə olunduğu müəyyən olunmuşdur. Bu hal gələcəkdə həmin mənzildə baş verə biləcək yanğın və ya hər hansı bir fövqəladə hal zamanı mənzil sakinlərinin həmin istiqamətdən təxliyəsini mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq müvafiq tədbirlərin görülməsi uçün Xətai rayon icra Hakimiyyətinin rəhbərliyinə xx.xx.2021-ci il tarixli xx/xx-04602 saylı məktub ünvanlanaraq icrası nəzarətdə saxlanılır. İşdə olan Xətai Rayon İcra Hakimiyyətinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, qeyd olunun ünvanda bərbərxana kimi fəaliyyət göstərən məntəqə Xətai Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında yerləşdirilmişdir və onun götürülməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilə bilər. İşdə olan Xətai Rayon İcra Hakimiyyətinin 379 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamının surətindən görünür ki, Babək prospekti 72 mənzil 103-də yaşayan vətəndaş X2 yaşadığı binanın yaxınlığında cizgidə göstərilən sahədə məntəqə yerləşdirilməsinə icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası “X3”nin 17 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu maddəsinin 5.1 bəndində göstərilənləri nəzərə alaraq, mübahisələndirilən Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında, 10 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən 103 nömrəli 1 otaqlı mənzilin yeganə eyvanının qarşısındakı mövcud mübahisəli tikili 9 mərtəbəli binanın ümumi hündürlüyünün təqribən 27m olduğunu nəzərə alaraq, 16,2m (27x0.6) məsafədə yerləşməlidir. Bununla yanaşı Şəhərsalma Məcəlləsinin 79.1.5 maddəsində nəzərədə tutulmuş tikintisinə icazə tələb olunmayan memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin) yerləşdirilməsi mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahələrində nəzərədə tutulur. Tədqiq olunan mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına aiddir. Mübahisəli tikiliyə dair təqdim edilmiş Bakı Şəhəri Xətai Rayon İcra Başçısının xx.xx.1992ci il tarixli sərəncamına tikilinin yerləşməsinə dair cizgi planı əlavə edilmədiyindən sözügedən tikilinin 103 saylı binanın hansı hissəsində hansı məsafədə yerləşdiyini müəyyən etmək olmadı. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 3-cü Ərazi X4 İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli xx/xx-02520 nömrəli məktubla Xətai Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 379 saylı sərəncamı və ünvan 3 ünvanında 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 26 saylı mənzilin eyvanına bitişik yerləşdirilmiş dəmir materiallardan ibarət sahəsi 15 kvadrat metr olan məntəqənin foto şəkillərini məhkəməyə göndərmişdir. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində olan mənzilinin qarşısında mövcud qanunverciliyin tələbləri gözlənilmədən məntəqə yerləşdirilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; https://eqanun.az/framework/46958 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Göstərilənlərə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında 10 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 103 nömrəli mənizilin qarşısında mövcud qanunverciliyin tələbləri gözlənilmədən, yəni binanın xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərə alınmadan, həmçinin yanğın və digər təhlükəsizlik qaydaları gözlənilmədən məntəqə quraşdırılması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında 10 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən iddiaçının mülkiyyətində olan 103 nömrəli mənizilin qarşısında, evinin yeganə eyvanına tam bitişik halda yerləşdirilmiş metal konstruksiyadan ibarət qeyriyaşayış sahəsi kimi istifadə olunan qurğunun Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1 və 69.5 maddələrinin eyni zamanda yanğından təhlükəsizlik normalarının tələblərini nəzərə alaraq ara məsafəsi olmaqla yerinin dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5037/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5037/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver