Məhkəmə qərarları › İş №2-1(112)-5037/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5037/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5037/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, polis əməkdaşı kimi 2018-ci ilin noyabr ayından əmək pensiyası təyin edilmişdir. O, 07 sentyabr 2023-cü il tarixli məktubla pensiya hüququna yenidən baxılmasına əsas olan faktiki hallarla nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün Filiala dəvət edilmiş, məktubda göstərilən hüquqi aktlardakı əsasın izah edilməsi tələb edilsə də, onun mülahizəsi nəzərə alınmamış, əmək pensiyasının yenidən hesablanması izah edilə bilməmişdir. Almış olduğu pensiya məbləği 8 dəfədən çox azaldılmışdır. O, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində böyük müstəntiq vəzifəsində çalışmaqdadır. Buna baxmayaraq onun pensiyasının 8 dəfədən çox azalması qanunsuzdur. Etiraz onunla əsaslandırılmışdır ki, 22 yanvar 2020-ci il tarixindən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində xidmətə cəlb edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1maddəsində nəzərdə tutulmuş şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. İddiaçının da 25 sentyabr 2023-cü il tarixindən əmək pensiyası yenidən hesablanmış, yalnız sığorta hissəsi ödənilmiş, qulluq stajına görə əlavə hissənin ödənilməməsi qərara alınmışdır. Keçmiş müddət üçün ona ümumilikdə 87389,08 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. İddiaçı mülahizələrinin dinləniməsi üçün dəvət edilmiş, bundan sonra əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı iddia tələbinə 11 mart 2023-cü il tarixli çap formasında dəqiqləşmə təqdim etmişdir. Məhkəmənin hüquqi yardımına uyğun olaraq iddia tələbinin yenidən dəqiqləşdirilməsi təklif edilmişdir Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə 11 mart 2023-cü il tarixli məhkəmə iclası gedişində əlyazma formasında həmin tarixli növbəti dəqiqləşmə verərək 25 sentyabr 2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, əmək pensiyasının indeksləşdirilməsi (Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2024-cü il tarixli 4291 nömrəli “Əmək pensiyalarının indeksləşdirilməsi” haqqında Sərəncama əsasən) nəzərə alınmaqla əmək pensiyasının hesablanması, artıq ödəmə ilə tələb edilən 87389,08 manat pul vəsaitinin tutulmasının qadağan edilməsi, tutulmuş pul məbləğinin geri qaytarılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Pensiya işinə daxil olan sənədlərdən görünür ki, iddiaçıya 28 noyabr 2018-ci il tarixdən Daxili İşlər Nazirliyinin məlumat vərəqəsi əsasında pensiya hesablanmışdır. Cavabdehin 07 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 28 noyabr 2018-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə dair sənədlərin araşdırılması zamanı Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsində işə başlaması və hazırda çalışması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1- 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Lakin, iddiaçıya hal-hazırda əmək pensiyası tam məbləğdə ödənilir. Əmək pensiyasının yenidən hesablanması barədə 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 2737,12 manat məbləğində olan pensiya 01 yanvar 2023-cü il tarixdən 369,84 manat olaraq müəyyən edilmişdir. Bu zaman qulluq stajına görə əlavə nəzərə alınmamışdır. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisənin mahiyyəti polis işçisi kimi əmək pensiyası təyin edilmiş şəxsin vergi orqanında yenidən işə qəbul edilməsi ilə əlaqədar ona təyin edilmiş pensiyada qulluq stajına görə əlavənin ödənilməli olub-olmaması ilə əlaqədardır. İddiaçı hesab edir ki, o, polis işçisi kimi pensiya təyinatından sonra yenidən işə başladığı iş yeri Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsidir, o hərbi qulluqçu statusunda olmadığından cavabdeh tərəfindən pensiya ödənişi zamanı qulluq stajına görə əlavənin ödənilməsi dayandırılmamalıdır. Məhkəmə isə, hesab edir ki, cavabdehin qulluq stajına görə əlavənin ödənişinin dayandırılmasına münasibətdə əmək pensiyasının yenidən hesablanması qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.7-1. Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan miqrasiya işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; 9.7-2. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.1. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla); 20.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sabiq deputatı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.3. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri; 20.1.3-1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); 20.1.5-2. prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.6. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman); 20.1.6-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri; 20.1.10. bu qanunun 20.1.9-cu maddəsində nəzərdə tutulmuş şəxslər və ya həmin şəxslər sırasından bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə, onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; 20.1.12. bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); 20.1.15. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri. 20.1.16. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikası Hesablama Palatasının sabiq üzvləri; 20.1.17. Azərbaycan Respublikası Hesablama Palatasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri. 20.1.18. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş miqrasiya orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla); 20.1.19. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya orqanının işçisi, yaxud miqrasiya orqanının işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.20. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla); 20.1.21. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan fövqəladə hallar orqanının işçisi, yaxud fövqəladə hallar orqanının işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri. Qanunvericiliyin adıçəkilən müddəalarının tələbindən də göründüyü kimi müəyyən qrup dövlət orqanlarında xüsusi rütbəli dövlət qulluqçularının spesifik hesablama qaydası müəyyən edilmişdir. Belə ki, hərbi qulluqçu kateqoriyasına malik şəxslərdən fərqli olaraq dövlət qulluğunun xüsusi növündə prokurorluq, miqrasiya, ədliyyə kimi orqanlarında pensiya təminatı fərqli qaydada tənzimlənmişdir. Lakin, hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya təminatlarından tam qaydada yararlanmayan adıçəkilən xüsusi növ dövlət orqanlarından fərqli olaraq dövlət dövlət qulluğunun xüsusi növü üzrə bir sıra dövlət orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər üçün pensiya təminatı məhz hərbi qulluqçularla bərabərləşdirilmişdir. Qeyd olunan səbəbdindir ki, polis, gömrük, vergi orqanları kimi dövlət qurumlarda xidmət edən xüsusi rütbəli şəxslər üçün pensiya təyinatı qaydası prokurorluq, miqrasiya, ədliyyə sistemi üzrə xüsusi rütbəli şəxslər üçün pensiya təyinatı qaydasından fərqləndirilmişdir. Belə ki, polis, gömrük və vergi orqanları əməkdaşlarına da Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş hərbi qulluqçu kimi (Misal 35 il yox, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət və s) pensiya təyinatı aparılmışdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıya polis orqanı əməkdaşı kimi yuxarıda adıçəkilən Qanunun 3.3-cü maddəsinə əsasən Bu qanunun 1.0.3-cü ( hərbi qulluqçular maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü (xüsusi rütbəli şəxslər) maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilməklə hərbi qulluqçu kimi pensiya təyinatı aparılmışdır. İddiaçının sonrakı iş yerindən görünür ki, o, polis orqanı kimi, hərbi qulluqçuya dair pensiya təminatı ilə bağlı müddəaların şamil edilməsi nəzərdə tutulan digər iş yeri üzrə, yəni vergi orqanında xüsusi rütbəli əməkdaş kimi xidmətə başlamışdır ki, məhkəmə hesab edir ki, pensiya təminatı məqsədləri baxımından bərabər pensiya təminatına aid vəzifəyə təyin edilməklə qulluq stajına əlavənin ödənilməsindən imtina üçün əsas yaranmışdır. Belə ki, adıçəkilən Qanunun 37.3.4-cü maddəsinin konkret tələbindən göründüyü kimi 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. 20.1.11-ci maddə isə bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçuları nəzərdə tutur. Məhkəmə hesab edir ki, adıçəkilən müddəaların, o cümlədən Qanunun 3.3-cü maddəsinin tələbləri baxımından, necə ki, polis və vergi orqanında xüsusi rütbəli əməkdaş 1.0.4-cü kateqoriyalı əməkdaş olmasına baxmayaraq onun əmək pensiya təminatı 1.0.3cü maddədə nəzərdə tutulmuş şəxs olan hərbi qulluqçularla bərabərdir, hər hansı hərbi qulluqçunun pensiya təyinatından sonra yenidən hərbi qulluğa qayıtması zamanı qulluq stajına görə əlavənin almasından məhrum edilməsinə dair qayda, həmin statusla eyni pensiya təminatına malik olan polis və vergi orqanı əməkdaşına da şamil edilməlidir. Əks halda hərbi qulluqçuya aid pensiya təminatına malik olmalı olan xüsusi rütbəli xüsusi kateqoriya əməkdaş üçün hərbi qulluqçudan da üstün pensiya təminatının mövcudluğu halı olacaqdır ki, məhkəmə hesab edir ki, göstərilən formada təminat əmək pensiya qanunvericiliyin tələblərinə uyğun olmamaqla qeyri-bərabər rəftar xarakteri daşıyar. Qeyd olunan səbəbdən də məhkəmə hesab edir ki, iddia əmək pensiyasının yenidən hesablanmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsi, əvvəlki qaydada qulluq stajına görə əlavənin indeksləşmə də nəzərə alınmaqla əmək pensiyasında nəzərə alınması hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə hesab edir ki, prosessual əsaslarla da əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğvi əsası mövcud deyildir. Belə ki, iddiaçının almalı olduğu pensiyadan dəfələrlə çox səhv aparılmış təyinatın yoxlanılmasına dair cavabdeh inzibati icraatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş öz təşəbbüsü icraatın aparılması səlahiyyətindən istifadə etmiş, iddiaçının dinlənilmə hüququnu da təmin etməklə əmək pensiyasını yenidən hesablanması barədə qərara gəlmiş və icraatın nəticəsində qanuni və əsaslı olaraq dəfələrlə artıq pensiya ödənişinin aparıldığını müəyyən etmişdir. Göstərilən hallar həmin qərarın qəbulunu qanuni və əsaslı edir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Lakin, məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanması qanuni və əsaslı olsa da, həmin hal artıq ödənilmiş məbləğin tutulmasına yönələn cavabdehin hərəkətlərin qanuni və əsaslı anlamına gəlməməkdədir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Qeyd olunan hal isə pensiya orqanına artıq ödənildiyi ehtimal edilən məbləğin məhkəmə qaydasında geri tələb edilməsinə dair iddia qaldırılmasına əsas verir. Lakin, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı hazırkı iddia tələbi ilə pul tutulmalarının aparılması ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirir və tələb bir hissədə pul məbləğinin tutulmasının qadağan edilməsi və məbləğin geri qaytarılması ilə bağlıdır, məhkəmə cavabdehin iddiaçıdan pul məbləğinin tutulması ilə bağlı hərəkətlərinin qanuni olub-olmamasına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsi ilə tələb olunan yeni məhkəmə mübahisəsinin yaranmaması, prosessual qənaət prinsipləri nəzərə alınmaqla qiymətləndirməsini zəruri sayır və ümumilikdə iddia tələbinin göstərilən qadağan etmənin tətbiq edilməsinin qanuni olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyası artıq ödənilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, əmək pensiyasının artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun tutulması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə və ya faktiki xarakterli hərəkət qanunsuz əlverişli hərəkət hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq pulun tutulması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi inzibati orqan tərəfindən səhv hesablama nəticəsində artıq pensiya ödənilsəydi belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Göründüyü kimi əmək pensiyasının artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələb göstərilən hissədə də təmin edilməlidir. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, artıq ödənilmiş pul məbləğinin tələb edilməsinin qadağan edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması hissəsində iddia qanuni və əsaslı, digər hissələrdə isə qanunsuz və əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Artıq ödəmə ilə tələb edilən 87389,08 manat pul vəsaitinin İddiaçı tutulması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilsin. Artıq ödəmə adı ilə tutulmuş pul vəsaitinin iddiaçıya geri qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia digər hissələrdə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar