Məhkəmə qərarları › İş №2-1(112)-5038/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5038/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5038/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (mütəxəssis, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunverciliyin tələbləri baxımından mümkün hesab edilməməsi barədə verilmiş qərarının ləğv edilməsi; iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2002-ci il tarixinədək "xxxx" Dövlət Şirkətinin nəzdində “Nur” Tikinti İdarəsində işlədiyi 6 il 10 aylıq əmək fəaliyyətinin tanınaraq, ümumi iş stajının hesablanması və tələb olunan 25 il sığorta stajı tamamlanmış olduğuna görə yaşa görə əmək pensiya hüququnun yarandığı gündən pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 62 yaşının tamam olduğu tarixdən (xx.xx.2021-ci il) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı İsmayıl qızı xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuşdur (62 yaş). xx.xx.1977-ci ildə tərtib edilmiş əmək kitabçasında göstərildiyi kimi əmək fəaliyyətimə 11.X.1976-cı ildə Bakı emal və təkrar emal fabrikində vəzifəsində başlamış və xx.xx.1996-cı ilədək həmin müəssisədə mühasib vəzifəsində davam etdirmişdir. xx.xx.1996-cı ildə köçürmə qaydasında "xxxx" Dövlət Şirkətinin nəzdində “Nur” Tikinti İdarəsinə mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2002-ci ildə öz xahişi ilə işdən ayrılmışdır. Ümumilikdə 1977-ci ildən başlayaraq, bütün əmək fəaliyyəti dövründə faktiki iki müəssisədə işləmişdir ki, onlardan birində əmək stajı 20 il 6 ay, digərində 6 il 10 ay olmaqla, tələb olunan 25 il sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verir. Hazırda işləmir və müavinət alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır və hazırda qadınlar üçün bu yaş həddi 2022-ci ilin iyulun 1dək 62 yaş 6 aydır. Qanunun tələblərinə uyğun olaraq, xx.xx.2021-ci il tarixində 62 yaşının tamam olduqda yaşa görə pensiya təyin olunması məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi barəbə Sərəncam verilməsi məqsədilə xx.xx.2021-ci il tarixində (xxxxxxx0001 №-li müraciət) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlamışam. Müraciətimə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfdən baxılmış, bununla əlaqədar olaraq, icraçı müraciətinin araşdırılması ilə bağlı onunla əlaqə saxlamış, idarənin yeri və əlaqəli məlumatları iddiaçı tərəfindən ona bildirilmişdir. Nəhayət, adı çəkilən müraciəti xx.xx.2021ci il tarixli **********5 №-li cavab məktubu ilə cavablandırılmış və yaşa görə əmək pensiyasının təyin edilməsində imtina edilmişdir. Həmçinin cavab məktubunda sözügedən məsələ ilə bağlı məhkəmə qaydasında şikayət etmək hüququm olduğu vurğulanmışdır. Eyni zamanda cavab məktubunda əmək kitabçasında sonuncu iş yeri üzrə əks olunan xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək dövrə dair sənədlərin mühafizə olunması məqsədilə “Nur” Tikinti İdarəsi tərəfindən Dövlət Arxinə təhvil verilməməsi səbəbindən sözügedən dövrün araşdırılaraq, sığorta stajına əlavə edilməsinin mümkün olmadığı bildirilmişdir. Müraciəti araşdıran əməkdaş ilə danışdıqdan sonra iddiaçı idarənin rəhbəri vəfat etdiyindən hüquqi varisi olan oğlu - X4 ilə əlaqə saxladı. Onun şifahi razılığı ilə xx.xx.2021-ci il tarixində idarəyə getmişdir (ünvan: Bakı şəhəri, Nobel prospekti, 56). Bu zaman dağıntı şəraitində həmin dövrləri əhatə edən mühasibatlığa və kadr təyinatına dair, ştat cədvəllərini pərakəndə əldə etmək mümkün olmuşdur. Həmçinin qeyd edir ki, əmək fəaliyyəti dövründə idarənin rəisi X2 olmuşdur. Hazırda vəfat etmişdir. İdarənin mühəndis texniki heyətində təmsil olunanlar Baş mühəndis Nəsib K.Mustafayev, Baş mühasib Mahirə H.Musayeva, mühəndis Manaf S.İsmayılov və hazırda həyatda olan digər əməkdaşlar bu faktın doğruluğunu təsdiq edə bilərlər. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1959-cu il təvəllüdlü İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş digər tələblər ödənildiyi halda yaşa görə əmək pensiyası hüququ 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaranacaqdı. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1)fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat); 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1996-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Azərenerjiquraşdırma” Dövlət şirkətinin “Nur” Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün onun həmin müəssisədə işləməsi faktının qarşılıqlı yoxlanılması qeyri-mümkündür. Bu səbəbdən həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilən müəssisədə işlədiyini iddia etdiyi dövrlər nəzərə alınmadıqda iddiaçının ümumi sosial sığorta stajı cəmi 20 il 6 ay təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının mövcud sosial sığorta stajı aşağıdakı cədvəldə təsvir olunmuşdur: - ümumi stajı -27 il 4 ay 6 gün; - mübahisələndirilməyən dövrlər – 20 il 6 ay; mübahisələndirilən dövrlər (“Azərenerjiquraşdırma” Dövlət şirkətinin “Nur” Tikinti İdarəsi) – 6 il 10 ay 6 gün. İddiaçının 1996-2002-ci illər ərzində işlədiyini iddia etdiyi dövrlər onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə iddiaçının subyektiv hüquqi marağı - pensiya hüququ yaranır. Lakin həmin dövrlərin iddiaçının ümumi iş stajına daxil edilməsi mümkün hesab edilmir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 25-ci maddəsinə əsasən, sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə iddiaçının təqdim etdiyi iş stajını təsdiq edən sənədlər (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı) mötəbər olmalıdır. Lakin İddiaçı xx.xx.1996-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Azərenerjiquraşdırma” Dövlət şirkətinin “Nur” Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus 05 may 1977-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixinədək Bakı Qeyri-Parça Emal və Təkrar Emal fabrikində dəzgahçı, mühasib, baş-iqtisadçı-maliyyəçi, baş mühasiv vəzifələrində işləmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixinədək "xxxx" Dövlət Şirkəti “Nur” Tikinti İdarəsində mühasib vəzifəsində işləmişdir. Beləliklə işdə olan sənədlərdən görünür ki, iddiaçı ona 62 yaşı tamam olduğu 25 may 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********5 saylı yaşa görə əmək pensiyasının təyinatından imtina haqqında məktub əsasında yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının pensiya təyin edilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 1 0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz xx.xx.1977-ci il tarixində tərtib edilmiş əmək kitabçanıza əsasən sığorta stajınız 20 il 6 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız 15196,86 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Eyni zamanda bildiririk ki, X1 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyiniz “Azərenerjiquraşdırma" Dövlət şirkətinin “Nur" Tikinti idarəsinin arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrün araşdırılıb sığorta stajınıza əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, ona əmək pensiyasının 62 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Cavabdehin mübahisə etdiyi hal iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Belə ki, cavabdeh birldirir ki, iddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi “Azərenerjiquraşdırma” Dövlət şirkətinin “Nur” Tikinti idarəsinin arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, mövcud qanunvericilik aktlarına əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə əsasən iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: -əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi “Azərenerjiquraşdırma” Dövlət şirkətinin “Nur” Tikinti idarəsində olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Həmçinin qeyd olunmalıdr ki, cavabdeh iddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyətini mübahisələndirsə də, bu barədə əmək kitbçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” qanunun tələbinə görə, təqdim edilmiş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli **********58 nömrəli məktubla bildirmişdir ki, sorğunuzda qeyd olunan keçmiş "xxxx" Dövlət Şirkətinin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 56 ünvanında yerləşmiş “Nur” Tikinti İdarəsi xx.xx.2001-ci il tarixində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq əmək kollektivi tərəfindən özəlləşdirilmişdir. İşdə olan “Nur” Tikinti İdarəsinin xx.xx.1996-cı il tarixli 09-K nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdən köçürmə yolu ilə idarənin mühasibatlıq şöbəsinə haqq-hesab üzrə mühasib vəzifəsinə təyin edilmişdir. İşdə olan "xxxx" Dövlət Şirkətinin və “Nur” Tikinti İdarəsinin əmrlərinin, ödəniş qəbzlərinin, həmçinin haqq-hesab vərəqələrinin surətlərindən, görünür ki, iddiaçıya “Nur” Tikinti İdarəsinin işçisi kimi hər ay maaş hesablanıb ödənilmişdir. Əlavə olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində qeyd edilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericilik yaşa görə pensiya hüququnun yaranması üçün alternativ mövqe tutmuşdur. Yəni, şəxsin yaşa görə pensiya hüququnun yaranması üçün ya 25 il sığorta stajı tamam olmalı, və ya onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud olmalıdır. Hazırki vəziyyətdə iddiaçının 25 ildən artıq sığorta stajı olduğundan onun xx.xx.2021-ci il tarixində (62 yaş) yaşa görə pensiya hüququ yaranmışdır və pensiya kapitalına dair şərtin ödənilməsi tələb edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 62 yaşının tamam olduğu 25 may 2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar