Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5039/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun hərbi xidmət vəzifəsini yerinə yetirərkən hərbi travma alıb 1-ci qrup əlil olmağını nəzərə alıb Qax Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə dəyişilməsi vəzifəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1984-cü il də Qax rayonu Qaxmuğal kəndində anadan olmuş, Qax rayon hərbi komissarlığı tərəfindən 2002-ci il tarixdə hərbi xidmətə çağrılmış, hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma almışdır. 1-ci qrup əlildir, Qax Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2014-cü il tarixli 201 saylı sərəncamına əsasən mənzil növbəsinə ğötürülmüşdür. 08 iyul 2022-ci ildən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Ailəsilə birlikdə kirayədə yaşayır. Bakı şəhər Cavabdeh başçısının Aparatına müraciət edərək Qax Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin Xətai Rayon İcra Hakimiyyətnə köçürülməsini xahiş etmiş, lakin onun Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda qeydiyyatda olmağı əsassız olaraq səbəb kimi göstərilərək yaşayış sahəsinə ehtiyaçı olan bir şəxs kimi uçota götürülməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibət təqdim etməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının mənzil növbəsinin köçürülməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. -AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -AA3118993 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx.xx.1985-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Qax rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 233785 №li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Ağayeva (Tahirli) Pərvanə Rasim qızı arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmışdır. -Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 08789 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Qax şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3 qızıdır. -6 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş AZ-İV 942856 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3 qızıdır. -Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş, xx.xx.2014-cü il tarixli, 51№-li Qərarında qeyd olunmuşdur ki, “Qax RHK tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Hacırəsul oğlunun hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2003-cü ildə aldığı və xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: «OD postravmatik hemoftalm» (Azərbaycan Respublikası SHXÇDX-nin Qax rayon bölməsinin xx.xx.2013-cii il tarixli 902 nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 302 nömrəli-arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2003-cii il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MPİHK-nın həkim mütəxəssisi-oftalmoloqun rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR». -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Hacırəsul oğlu xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır. -242 saylı körpələr evi tərəfindən verilmiş arayışdan görünür ki, X6 həqiqətən 2011- 2014-cü illər ərzində Bakı şəhəri, Xətai rayonu, 242 saylı körpələr evi-uşaq bağçasında tərbiyə almışdır. -Y.Yusifov adına 265 nömrəli orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 221 nömrəli arayışdan görünür ki, X6 həqiqətən 2015-2016-cı ildə Bakı şəhəri, Xətai rayonu Y.Yusifov adına 265 nömrəli tam orta məktəbin 2-ci sinfinə qəbul olunmuş və 2019- 2020-ci tədris ilində məktəbin 6 c sinfini bitirmişdir. -70 nömrəli Məktəb-lisey tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 35 nömrəli arayışdan görünür ki, X6 həqiqətən Bakı şəhəri, Nizami rayonundakı 70 nömrəli məktəbliseydə təhsil alıb. Hal-hazırda liseyin 11-ci sinif şagirdidir. -Qax Rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab məktubu əsasında təqdim edilmiş Qax Rayon İcra Hakimiyyəti başçısının Qax rayon İcra Hakimiyyəti yanında “rayonda imtiyazlı vətəndaşların mənzillə təmin olunması üzrə komissiya”nın xx.xx.2014cü il tarixli 01 №li iclasının qərarına əsasən müraciət edən imtiyazlı vətəndaşların mənzil növbəsinə götürülməsi haqqında” Qax Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2014cü il tarixli, 701 saylı Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, RİH yanında “Rayonda imtiyazlı vətəndaşların mənzillə təmin olunması üzrə komissiya”nın xx.xx.2014cü il tarixli 01 nömrəli iclasının tövsiyəsi nəzərə alınaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlil İddiaçı mənzil növbəsinə götürülməsi, sərəncamın icrasının mənzillə təmin olunması üzrə komissiyasına tapşırılması qərara alınmışdır. -Qeyd olunan sorğuya cavab məktubunda İddiaçı növbədə olduğu müddətdə rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsi ilə təmin olunmadığı bildirilmişdir. -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən 06 mart 2025-ci il tarixli sorğuya cavab məktubunda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz 1-ci dərəcəli əlillik statusuna malik olduğu bildirilmişdir. -AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 mart 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X2 xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ünvan 5də, xx.xx.2022-ci il tarixdən hazıradək Bakı şəhəri, Xətai rayonu, ünvan 4-də, xx.xx.2023cü il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdən hazıradək, xx.xx.2007-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdən hazıradək və xx.xx.1985-ci il təvəllüdlü X4 xx.xx.2007-ci il tarixdən hazıradək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. -Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı, ev sahibinin razılığı əsasında Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanına qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, iddiaçının və digərlərinin adına qeydiyyata alınmış fərdi yaşayış ev, mənzil və yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi aşkar edilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Qax Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2014-cü il tarixli 701 nömrəli sərəncamına əsasən iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Sonradan iddiaçı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və hazırda Bakı şəhəri Xətai rayonu ərazisində qeydiyyatda olmaqla faktiki yaşayır və övladları Bakı şəhərində yerləşən məktəblərdə təhsil alır. İddiaçı yaşayış və qeydiyyat yerini dəyişməsi ilə əlaqədar hazırkı tələbi ilə cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh imtinasını iddiaçının xx.xx.2022-ci il tarixdə Xətai rayonu, ünvan 8 ünvanına daimi qeydiyyata düşməklə mənzil şəraitini süni sürətdə pisləşdirdiyini və Qax rayon ərazisinin Bakı şəhərinin inzibati ərazi vahidi tərkibinə daxil olmadığından yeni yaşayış yerində qeydiyyata alınma tarixi saxlanılmaqla daxil edilməsinin hüquqi baxımdan mümkün olmaması ilə əsaslandırmışdır. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları bildirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -28.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə, əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtinanın əsasları Mənzil Məcəlləsinin 53.1-ci maddəsində konkret müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçıya münasibətdə həmin əsaslardan hər-hansı birinə istinad etməyərək formal əsaslarla müraciətin təmin edilməsindən imtina etmiş, sübutlar təqdim etməmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının hazırda Bakı şəhərinə ərazi bağlılığını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Nəzərə alınmalıdır ki, qanunun məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir, özünün və ailə üzvlərinin mülkiyyətində mənzil, fərdi yaşayış evi, eləcə də yaşayış təyinatlı torpaq sahəsi aşkar edilmir. Həmçinin Qax Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2014-cü il tarixli, 701 saylı Sərəncamına əsasən, mənzil növbəsinə götürülsə də, müvafiq yaşayış sahəsi ilə təmin edilməmişdir. Odur ki, bu hal iddiaçının faktiki yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsinə mane olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə bildirir ki, yeni Mənzil Məcəlləsi vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciəti əsasında həyata keçirildiyini bildirir və bunun üçün onların həmin ərazidə minimum yaşama həddini müəyyənləşdirmir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının qeydiyyatını dəyişdirməsinin onun mənzil şəraitini süni pisləşdirməsi kimi qəbul edilməsi şəxsin özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bu baxımdan, hazırkı mübahisə üzrə Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsirinə düşə biləcək hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi “İnzibati icraat haqqında” Qanunun 15 və 17-ci maddələrinin tələblərinə uyğun olmamış, iddiaçının qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göstərilənlərə əsasən, iddia təmin edilməli və Qax Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2014-cü il tarixli, 701 saylı Sərəncamına əsasən, İddiaçı hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla, 26 avqust 2014-cü il tarixdən etibarən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs lər üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. Qax Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2014-cü il tarixli, 701 saylı Sərəncamına əsasən, İddiaçı hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla, 26 avqust 2014-cü il tarixdən etibarən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5039/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5039/2025
17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver