Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-504/2022 26.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X3 (Ünvan: Bakı şəhəri, Sabunçu qəsəbəsi, Məmmədəliyev küçəsi 11; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri Cavabdeh Hüquq şöbəsinin məsləhətçisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 06.07.2020-ci il tarixli 147 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 26.01.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 02.05.2016cı il tarixli 169 saylı sərəncamı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən 12 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi məqsədi ilə Cavabdeh istifadəsinə verilmişdir. ünvan 2 ünvanında yaşayan İddiaçı ona torpaq sahəsi ayrılması ilə bağlı müraciət etmişdir. Cavabdeh başçısının 30.11.2016-cı il tarixli 410 saylı sərəncamı ilə yaradılmış mənzil məsələləri üzrə komissiyanın 08.08.2018-ci il tarixli iclasında İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğu nəzərə alınaraq Cavabdeh başçısı tərəfindən İddiaçı Suraxanı rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0,06 ha torpaq sahəsi ayrılması ilə bağlı 305 saylı 16.08.2018-ci il tarixli sərəncam verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28.10.2019-cu il qeydiyyat tarixli **********21 qeydiyyat nömrəli Çıxarış verilmişdir. Sonradan o, sözügedən torpaq sahəsinə istifadə hüququnu özgəninkiləşdirmək istədikdə DƏDRX tərəfindən verilən məlumat əsasında ona məlum olmuşdur ki, Cavabdeh başçısı 06.07.2020-ci il tarixli 147 saylı sərəncam ilə İddiaçı 0,06 ha torpaq sahəsi ayrılması ilə bağlı özünün 16.08.2018- ci il tarixli sərəncamını ləğv etmişdir. Bununla əlaqədar olaraq iddiaçı 28.09.2020-ci il tarixdə Cavabdehnə müraciət edərək məsələ barəsində məlumat verilməsini xahiş etmişdir. Cavabdeh isə 06.07.2020-ci il tarixli 147 saylı sərəncamın surətini 28.10.2020-ci il tarixdə iddiaçıya təqdim etmişdir. Hesab edir ki, Cavabdeh başçısı tərəfindən verilmiş 06.07.2020ci il tarixli 147 saylı sərəncam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İş materiallarından görünür ki, Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 1/1200 nömrəli 09.07.2021-ci il tarixli məktubla inzibati icraat materiallarını (mübahisələndirilən sərəncamın və həmin sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini) məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Cavabdeh başçısının “Fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması haqqında” 146 nömrəli 07.04.2017-ci il tarixli Sərəncamına əsasən İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.10.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış sahəsi, sahə 12 üzərində istifadə hüququ (müddətsiz) İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Cavabdeh başçısının “İddiaçı Kürdəxanı qəsəbəsində torpaq sahəsi verilməsinə dair Cavabdeh başçısının 305 saylı, 16 avqust 2018-ci il tarixli sərəncamının ləğv edilməsi barədə” 147 nömrəli 06.07.2020-ci il tarixli Sərəncamına əsasən İddiaçı Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0.06 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının 305 saylı 16 avqust 2018-ci il tarixli sərəncamı ləğv edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh 147 nömrəli 06.07.2020-ci il tarixli Sərəncamı onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə təqdim etdiyi sənədlər ona aid deyil və qeyd olunan torpaq sahəsi digər fiziki şəxsə məxsus torpaq sahəsidir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanan **********12 nömrəli, 12.09.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi digər fiziki şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Bakı Ərazi İdarəsinin və Cavabdeh 147 nömrəli 06.07.2020-ci il tarixli Sərəncamında göstərilən digər fiziki şəxsin kim olmasını araşdırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu göndərmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 08.12.2021-ci il tarixli məktubla bildirmişdir: “elektron kadastr baza məlumatlarına əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********12 nömrəli, 12.09.2018-ci il tarixli bildirişdə vətəndaş tərəfindən göstərilən ərazi **********71- 11301 reyestr nömrəsi ilə Ləhiş bağ sahəsi, 680 saylı bağ sahəsi kimi 31.08.2018-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Həmçinin bildiririk ki, 245 nömrəli BTK nəzdində Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 600 saylı bağ sahəsi 36 nömrəli order əsasında İddiaçı adına 29.06.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, 4Ə-281 reyestr nömrəli, 09.07.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 12.07.2021-ci il tarixdə özgəninkiləşdirilmişdir.” Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilən digər fiziki şəxsin X4 olduğu bildirilmişdir. Lakin, məktubdan da göründüyü kimi, İddiaçı müvafiq torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ayrıldığı halda, X2 müvafiq torpaq sahəsi Ləhiş bağ sahəsi ərazisində ayrılmışdır. Məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılarkən digər fiziki şəxsin kim olması, həmin fiziki şəxsə məxsus olan torpaq sahəsinin hansı ərazidə yerləşməsi araşdırılmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati aktın ləğv edilməsinə dair aparılan inzibati icraat zamanı İddiaçı maraqlı şəxs qismində inzibati icraata cəlb edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı inzibati icraata nəinki cəlb olunmadığı, hətta mübahisələndirilən sərəncamla bağlı inzibati icraatın tam aparılmadığı, sərəncamda inzibati orqanın gəldiyi nəticənin əsası kimi hər hansı maddi hüquq normasına istinad olunmadığı, buradan, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş sərəncamın qanunsuz olduğu və iddiaçının hüquqlarını pozduğu aşkardır (İPM-in 70.1-ci maddəsi). İİQ-nin 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İİQ-nin 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İİQ-nin 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İİQ-nin 67.1-ci maddəsinin məzmununa görə, inzibati aktın qanunsuz sayılması üçün inzibati orqan tərəfindən, istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının, - onlardan hər hansı birinin ayrılıqda pozulması yetərlidir. İnzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (İİQ-nin 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (İİQ-nin 21.2-ci maddəsi) borcludur. Həmin normaların tələbləri cavabdeh inzibati orqan tərəfindən təmin olunmayıb. Buradan, iddiaçının barəsində qəbul edilmiş sərəncam İİQ-nin 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati aktın ləğvinin mümkünlüyü ilə bağlı tələbə gəldikdə, nəzərə alınmalı idi ki, inzibati icraat qaydalarının yuxarıda qeyd olunan tərzdə pozulduğu, qanunla məcburi hesab olunan formal-hüquqi tələblərin inzibati orqan tərəfindən təmin olunmaması iddiaçını öz hüquqlarını müdafiə etmək imkanından qeyd-şərtsiz məhrum etmişdir. Digər tərəfdən, inzibati icraat zamanı araşdırılması ilə də fərqli qərarın qəbulu imkanı istisna deyildi. Başqa sözlə, inzibati icraat qaydalarının tələblərinin təmin olunduğu halda da mütləq hazırkı məzmunda sərəncamın qəbul olunacağı barədə qənaətlə qeydşərtsiz razılaşmaq mümkün deyil. Bundan başqa, hətta mübahisələndirilən 147 nömrəli 06.07.2020-ci il tarixli sərəncamla ləğv edilən 305 saylı, 16 avqust 2018-ci il tarixli sərəncamın qanunsuz olduğu qəbul edildikdə belə, cavabdeh inzibati orqan həmin sərəncamı (iddiaçı üçün əlverişli inzibati aktı) yalnız İİQ-nin 67-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv edə bilərdi (İİQ-nin 67.4-67.8-ci maddələri). İİQ-nin 67.5-ci maddəsinin tələbinə görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. İİQ-nin 67.6-cı maddəsinin tələbinə görə, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İİQ-nin 67.7-ci maddəsinə görə, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. 67.6-cı maddədə qeyd olunan və etimadın qorunması hüququna istinadı istisna edən hallardan hər hansı biri hazırkı işdə mövcud deyil. Əksinə, 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamın bilavasitə icra hakimiyyəti orqanının təklifinə əsasən bağlanmış barışıq sazişi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası qaydasında qəbul edildiyi nəzərə alındıqda, iddiaçı həmin sərəncamın məzmununun qanuniliyinə etimad göstərməkdə haqlı olmuşdur. Çünki bu etimadın əsasında hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq onun ən azından iki qolunun – icra və məhkəmə hakimiyyətinin iradəsi aşkar olaraq var idi. İİQ-nin 67.8-ci maddəsinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən sərəncam qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, mübahisələndirilən sərəncam qanunsuz sayılmalı və ləğv edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh başçısının 06.07.2020-ci il tarixli 147 saylı sərəncamı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh başçısının 06.07.2020-ci il tarixli 147 saylı sərəncamı ləğv edilsin. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-504/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-504/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver