Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-504/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğvi və əlilliyin bərpa olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğvi və əlilliyin bərpa olunması” tələbinə dair iddiası üzrə inzibati işə 10 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı DOST Mərkəzinin TSEK-nın xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və müddətsiz İİ qrup əlilliyinin bərpa olunması, ləğv olunduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən bugünə qədər verilməmiş pensiya məbləğinin tam şəkildə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və müddətsiz İİ dərəcəli əlilliyinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və müddətsiz İİ dərəcəli əlilliyinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 işə qəbul adı altında qeyri-qanuni olaraq müddətsiz əlilliyinin təkrar tibbi müayinəsi üçün sorğusu əsasında 4 saylı DOST Mərkəzinin Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən müddətsiz əlilliyi ləğv olunub. İddiaçının əlilliyi uşaq vaxtı aldığı travmadan sonra təyin olunub, yəni uşaqlıqdan bu pensiyanı alır. Uşaq vaxtından iki dəfə olmaqla hər il müalicə almışdır və bu müalicə ambulator formada bugün də davam edir. DMA tərəfindən işə qəbul prosesinin son mərhələsində bildirildi ki, İİ qrup əlilliyi (2009-cu ildən müddətsiz) var və mütləq 4 saylı DOST Mərkəzinin TSEK-də təkrar tibbi müayinədən keçməlidir. O isə bildirmişdir ki, müddətsiz əlilliyi olan şəxslərin təkrar tibbi müayinəyə cəlb olunması ilə bağlı qanunvericilikdə heç bir hal nəzərdə tutulmayıb. Ona bildirilmişdir ki, bu onların qurumunun daxili qaydasıdır və əməkdaşları mütləq bu əlilliklə bağlı tibbi müayinədən keçməlidir. Bu formada onu işə qəbul adı ilə aldadaraq qeyri-qanuni tibbi müayinəyə cəlb etdilər və 4 saylı DOST Mərkəzinin TSEK-i tərəfindən onun heç bir fərdi qaydada müayinə etmədən İİ qrup müddətsiz əlilliyi xx.xx.2022-ci il qərarı ilə ləğv olunmuşdur. Əsas kimi sağlamlığında reablitasiya dövrü ərzində ağırlıq dərəcəsi azalmış, yəni yüngülləşdirici hal müəyyən olunmuşdur. Qeyd etdiyi kimi uşaqlıqdan bu travma ilə bağlı müalicə alır və təbii ki, bu müalicələrin nəticəsində səhhətində ağırlaşma olmur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 19 saylı Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X2: XVİİİ Sinif - Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan kənara çıxma halları => R70-R79 - R70-R79; Diaqnozun mətni: Serebral araxnoidi hipertenzion sindrom; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Serebral araxnoidi hipertenzion sindrom” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. 35 saylı şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamuş başqa pozğunluğu; Diaqnozun mətni: Serebral araxnoidi hipertenzion sindrom;Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Xəstənin vəziyyətində olan yaxşılaşmanı nəzərə alaraq əlillik dərəcəsi dayandırılır” səbəbi ilə imtina verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Əlilliyinin bərpası barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, qərarından görünür ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2006-cı il tarixində qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yarandığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən vətəndaş əyani müayinəyə cəlb edilərək əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində yenidən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən qiymətləndirilmiş və əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyi üçün “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Müayinəyə gələrkən konkret şikayət ifadə edə bilməmiş, ümumi halsızlıq, baş ağrılarından şikayət etmişdir. Bir çox stasionar müalicə sənədləri təqdim etsə də, heç bir instrumental müayinə nəticələri təqdim etməmişdir. Obyektiv müayinə zamanı düzgün bədən quruluşuna malik olmuş, dəri və selikli qişalar təmiz, çəhrayı izlənmiş, kəllə beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verəcək mikroocaqlı simptomatika, nevroloji defisit aşkarlanmamışdır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən vətəndaşın vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na uyğun qiymətləndirilmiş və əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyi üçün xx.xx.2022-ci il tarixli “Tam reabilitasiya olunması”na dair qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 331/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X6” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Serebral araxnoidli hipertenzion sindrom” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulsa da TSEK-in ekspertləri tərəfindəm tam reablitasiya olunması müəyyən edilmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.1 Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. ... 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. ... Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin hallarından müəyyən olunur ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2006-cı il tarixində qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. (Diaqnoz: Serebral araxnoid hipertenzion sindrom.) Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının əyani müayinəsi aparılmadan və onun əlillik dərəcəsi dayandırılmışdır. İddiaçının əyani müayinəsinin həyata keçirilmədən əlilliyin dayandırılması barədə qərar qəbul edilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Daha sonra məhkəmə icraatı zamanı, məhkəmənin qərardadına əsasən iddiaçının əyani müayinə aparılmış, lakin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməməsi əsası ilə “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı barəsində müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə dair inzibati akt qanuni əlverişli inzibati aktdır. Belə ki, həmin inzibati aktın qanunsuz olmasına cavabdeh tərəfindən istinad edilməmişdir. Qanuni əlverişli inzibati aktın ləğv edilməsi isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 68.2-ci maddəsində nəzərdə tutulan hallarda mümkündür. Hazırkı iş üzrə qeyd edilən hallar müəyyən edilməmiş, cavabdeh tərəfindən də istinad edilməmişdir. . Məhkəmə icraatı zamanı iddiaçının əyani müayinəsi keçirilmişdir. Lakin onun əlilliyi müəyyən edilən zaman deyil, hazırda qüvvədə olan meyarlara əsasən tam reabilitasiya olması nəticəsinə gəlinməsi qanunsuz və əsassız olmuşdur. Cavabdehin iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi barədə qərarı qanunsuz, əliverişsiz inzibati aktdır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onların hüquqi nəticələri aradan qaldırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı ikinci dərəcə əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-504/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-504/2024
10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver