Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-504/2025 24.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı qarşı “sənədləşmənin aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı qarşı “sənədləşmənin aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə verərək cavabdehin 19 oktyabr 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsini və 2007-ci ildən ev tikmək məqsədi ilə ona ayrılmış 2 sot torpaq sahəsinin bələdiyyəyə aid olan sənədlərin hazırlanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə evinə dair sənədlərin hazırlanması ilə əlaqədar müraciət edilmiş, qanunsuz imtina verilmişdir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə Bələdiyyəsinin razılığı və təklifi ilə torpaq sahəsi olmadığından Baksol yaşayış massivi ərazisində 2 sot su sahəsini öz şəxsi vəsaiti hesabına xərclə qrunt sularını dolduraraq yararlı vəziyyətə gətirmişdir. Torpaq sahəsini almaq üçün bələdiyyə hesabına pul köçürmüşdür və ona qəbz verilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: İmtina məktubundan görünür ki, fərdi yaşayış evinin tikintisi üçün aidiyyəti dövlət qurumundan müsbət rəy alınmadığından və tələb olunan məbləğ tam ödənilmədiyindən bələdiyyə qərarı ilə torpaq sahəsinin adınıza rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Qəbzdən görünür ki, 1200 manat məbləğində ödəniş bələdiyyəyə ödənilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, iddiaçı ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxsdir. Bələdiyyənin məhkəməyə ünvanlanan 24 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, tələb olunan pul vəsaiti 4000 manat olduğu halda iddiaçı tərəfindən büdcəyə yalnız 1200 manat ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 232 kv.m təşkil edir. Ərazinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 232 kv.m təşkil edir. Ərazinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi cavabdehin iddiaya cavab verməli olan inzibati orqan olubolmaması iddianın mümkünlük şərtlərindən biridir ki, hazırkı iddia üzrə cavabdeh iddiaya cavab verməli olmayan inzibati orqan qismində çıxış edir. Hazırkı iş üzrə də məhz iddiaya cavab verməli olmama baxımından iddia mümkünlük şərtlərinə cavab verməməkdədir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: M a d d ə 1 3 . Mülkiyyət İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. M a d d ə 1 4 4 . Bələdiyyələrin səlahiyyətləri İ. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; Torpaq Məcəlləsinin: M a d d ə 5 . Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. M a d d ə 8 . Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; M a d d ə 4 7 . Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. M a d d ə 4 9 . Torpaq üzərində xüsusi mülkiyyət hüququ
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: M a d d ə 2 . Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qeyd olunan normativ hüquqi aktların tələblərindən də göründüyü kimi mülkiyyətin bir növü olan bələdiyyə mülkiyyət növü mövcuddur ki, həmin torpaq sahələrinə münasibətdə sərəncam verilməsi, onun satışı, istitadəyə və icarəyə verilməsi məhz bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə münasibətdə həmin bələdiyyə tərəfindən həyata keçirilə bilər. Yəni, bələdiyyə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair sərəncam vermək səlahiyyətinə malikdir ki, dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahəsinə dair bələdiyyənin sərəncam vermək səlahiyyətinin mövcudluğu istisna edilməlidir. İddia tələbi isə, mütəxəssis və ekspert rəyindən də göründüyü kimi bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsinə dair bələdiyyənin qərar qəbul edərək iddiaçının adına torpaq sahəsinin keçirilməsinə dair sənədləşmənin aparılması ilə əlaqədardır. Halbuki, dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına bələdiyyə tərəfindən sənədləşdirilməsi imkanının mövcudluğundan söhbət gedə bilməz. Bələdiyyə yalnız öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verilməsi, onun istifadə və icarəyə verilməsi səlahiyyətinə malikdir ki, iddia tələbi əsasında həmin səlahiyyətlərin icrasında hər hansı qanun pozuntusunun olub-olmaması, bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsini ayırmamasına dair dəlilləri mahiyyəti üzrə yoxlanıla bilsə də, torpaq sahəsinin mülkiyyətçisi olmayan bələdiyyədən həmin sənədləşmənin aparılmasına yönələn tələbin mahiyyəti üzrə qiymətləndirilməsi məhkəmə hesab edir ki, istisna edilir. Odur ki, mülkiyyətçisi dövlət olan torpaq sahəsinə dair bələdiyyənin hər hansı sənədləşmə aparılmasının tələb edilməsinə dair iddia mümkünlük şərtlərinə cavab verməməkdədir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ekspert rəyinə çəkilən 50 manat xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi iddiaçıya aid edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov